Empirik tədqiqat metodlarında olduğu kimi nəzəri tədqiqat metodlarını da təqdim etməzdən öncə elmi idrakın nəzəri səviyyəsinin mahiyyətini aşkarlamaq lazımdır. Bu, nəzəri tədqiqat metodları qrupuna daxil olan metodların hərtərəfli dərk olunmasına kömək edir. Elmi idrakın nəzəri səviyyəsində və ya nəzəri idrakda elmi bilik abstrakt təfəkkür vasitəsilə alınır. Elmi idrakın nəzəri metodları empirik metodlar vasitəsilə tədqiq olunan cism və hadisələr haqqında əldə edilən ilkin məlumata əsaslanaraq onların mahiyyəti, xüsusiyyətləri və qanunauyğunluqları haqqında elmi bilik təqdim edir. Elmi idrakın nəzəri səviyyəsində məfhum, qanun, nəzəriyyə kimi təfəkkür formaları əsas rol oynayır.
Elmi idrakın nəzəri səviyyəsində tədqiq olunan obyektin empirik tədqiqat metodları vasitəsilə aşkar oluna bilməyən cəhətləri (obyektin mahiyyəti, daxili əlamətlərii, yaranma və inkişaf səbəbləri, xüsusiyyətləri, qanunauyğunluqları və s.) dərk edilir. Bu məsələlər induksiya, deduksiya, analiz, sintez, abstraktlaşdırma, ümumiləşdirmə, abstraktdan konkretə keçid metodu, təsnifat, analogiya, modelləşdirmə kimi tədqiqat metodları vasitəsilə yerinə yetirilir.
İndi isə yuxarıda qeyd olunan metodların hər birini ayrılıqda təhlil edək.
İnduksiya
İnduksiya (latın dilindən tərcümədə- yönəltmək) - bir tədqiqat metodu kimi biliyin konkret faktlardan ümumi müddəalara doğru hərəkətini ifadə edir. İnduktiv metod vasitəsilə konkret faktlar toplanır və ümumiləşdirilir. Nəticədə ümumiləşdirilmiş yeni bilik alınır.
İnduksiya - məqsədi biliyin fərdi hökmdən ümumi hökmə doğru hərəkətini təhlil etməkdən ibarət olan tədqiqat metodu olmaqla yanaşı müəyyən məntiqi forma kimi də çıxış edir. O, düşünülən məzmunun elə bir sabit əlaqəsidir ki, orada fikir xüsusi məddəalardan ümumi müddəalara tərəf yönəlmişdir. Aristotel əqli nəticənin bir forması kimi induksiyanın böyük idraki əhəmiyyətini qeyd etmişdir. Aristotelin fikrincə, induksiyanın müşahidə və eksperimentlə sıx bağlı olması, induktiv ümumiləşdirmənin yoxlanılması onu deduktiv əqli nəticə ilə müqayisədə daha sadə və geniş istifadə olunan edir.
Ümumi biliyin əldə edilməsində bütün faktlar istifadə olunursa, induksiya tam olur. Əks halda o, natamam olur. Əksər hallarda induktiv metodun tətbiqi zamanı əsasən obyektiv səbəblərdən bütün faktları nəzərə almaq çətindir. Buna görə də natamam induksiyaya daha çox rast gəlinir. Lakin tam induksiyadan fərqli olaraq natamam induksiyada əldə edilən bilik ehtimali xarakter daşıyır.
Tam induksiyada müqəddimələr (ilkin verilən həqiqi müddəalar) ümumiləşdirilən obyektlərin bütün sinfini əhatə edir
Məsələn,
Latviya Avropa İttifaqının üzvüdür,
Litva Avropa İttifaqının üzvüdür,
Estoniya Avropa İttifaqının üzvüdür, Baltikyanı respublikalar Avropa İttifaqının üzvüdür.
Natamam induksiyada ümumi nəticə sinfin bütün elementlərinin deyil, yalnız bir qisminin tədqiqinə əsaslanır. Bu səbəbdən natamam induksiyada əldə olunan nəticə ehtimali xarakter daşıyır.
Məsələn,
Dəmir- bərk cismdir,
Gümüş- bərk cismdir,
Qızıl- bərk cismdir, Bütün metallar- bərk cismdir.
Natamam induksiya öz növbəsində populyar (və ya sadə sadalamağa əsaslanan induksiya) və elmi induksiyaya bölünür.
Populyar induksiya Populyar induksiyada müqəddimələr üçün faktlar xüsusi metodik seçimsiz toplanır. Müəyyən qrup hadisələrdə hər hansı bir əlamətin olmasına dair ümumi nəticə bəzi hadisələrdə bu əlamətin olmasının və ona əks olan əlamətin olmamasının müşahidəsi əsasında əldə edilir. Populyar induksiyanın müəyyən idraki əhəmiyyəti vardır. Onun vasitəsilə bir çox faydalı təcrübələr, fikirlər əldə olunur. Məsələn, atalar sözlərinin yaranmasında populyar induksiyanın rolu böyükdür (“Uşağa iş buyur, ardınca yuyur”, “Halva-halva deməklə ağız şirin olmaz”, “Geyimə görə qarşılayar, ağıla görə yola salarlar” və s..). Atalar sözləri uzun illər insanların müşahidə etdikləri hadisələrin ümümiləşdirilməsi nəticəsində formalaşmışdır. Lakin populyar induksiyanın vasitəsilə əldə olunan nəticələr bəzən az inandırıcı olur, çünki zaman və vaxt faktorlarının təsiri nəticəsində reallıqda konkret əlamətlə ziddiyyət təşkil edən əlamət tapıla bilər. Belə olan halda ümumi nəticə səhv olur. Məsələn, təxminən XX əsrin ortalarınadək hamı qu quşlarının ağ rəngli olduğunu bilirdi. Lakin Avstraliyada qara rəngli qu quşları tapıldıqdan sonra bu fikrin yanlışlığı aşkarlandı.
Bundan başqa populyar induksiya vasitəsilə əldə edilən nəticələr müşahidə olunan hadisələrin mahiyyətinin açıqlanmasına yönəlməmişdir. Məsələn, xalq həyatında müşahidə olunun bəzi hadisələr obyektlər arasında səbəb-nəticə əlaqələrinin tədqiqini qarşıda məqsəd kimi qoymur. İnsanlar uzun illər ərzində öz təcrübələrində müşahidə etmişlər ki, qaranquşların yerə yaxın məsafədə uçmasından sonra yağış yağır. Lakin bu iki hadisə (qaranquşların yerə yaxın məsafədə uçması və yağış) arasındakı əlaqə elmi səviyyədə öyrənilməmişdir. Bu cür müşahidələr hətta bəzi zərərli (fatalist məzmunlu) fikirlərin də yaranmasına müəyyən dərəcədə səbəb olmuşdur. Məsələn, tək səbir, qara pişiyin insanın qarşısından keçməsi və s.