Anlayışlar arasındakı əlaqəni nəzərdən keçirərkən onları məzmuna görə iki qrupa (müqaisəedilən və müqaisəedilməyən) bölürlər. İkinci qrup anlayışlar arasında ümumi əlamət olmur. Lakin birinci qrup anlayışlarda müəyyən oxşar xassələr mövcud olur. Belə anlayışlar özü də 2 yerə: uyuşan və uyuşmayan anlayışlara bölünür. Uyuşan anlayışların həcmi tamamilə və ya qismən bir-birinə uyğun gəli. Uyuşmayan anlayışların həcmləri isə tamamilə bir-birinə uyğun gəlmir, müxtəlif həcmli olur. Uyuşan anlayışlar 3 cür olur: eynimənalı, kəsişən və tabeli anlayışlar. Eynimənalı anlayışlarda eyni bir predmet düşünülür. Yəni anlayışların məzmununda fərqlər olsa da onlar həcm etibarilə tamamilə eynidirlər. Məsələr: "tarixin atası" və "Herodot", "Yerin peyki" və "Ay" və s. Kəsişən anlayışlar arasındakı əlaqə elədir ki, onların məzmunu müxtəlif olsa da həcmləri qismən bir-birinə uyğun gəlir. Məsələn: "Azərbaycan parlamentinin üzvü" və "hüquqşünas" , "idmançı" və "azərbaycanlı" və s. Tabeli anlayışlar. Anlayışlardan birinin həcmi tamamilə digərinin həcminə daxil olur, onun bir hissəsini təşkil edir. Məsələn: "cinayət" və "quldurluq", "canlı" və "insan" və s. Uyuşmayan anlayışlar da üç yerə bölünür: Müştərək tabeli, zidd və əks münasibətlər. Müştərək tabeli münasibətlərdə bir geniş həcmli anlayışa 2 və daha çox çarpazlaşmayan anlayış tabe (daxil) olur. Məsələn "unitar dövlət konstitutsiyası" ilə "federativ dövlət konstitutsiyası" birlikdə "konstitutsiya" anlayışına daxildir və kəsişmirlər. Zidd münasibətdə iştirak edən anlayışların birində olan predmet və hadisələrin bəzi əlamətləri digərində istisna olunur və əvəz edilmir. Məsələn: "metallar" və "qeyrimetallar", "ağac" və "qeyri-ağac" və s. Əks münasibətdə isə anlayışlardan birində mövcud olan predmet və ya hadisələr digərində inkar edilir, başqa əlamətlərlə əvəz olunur. Məsələn: "soyuq" və "isti", "nəhəng" və "cırtdan" və s. Anlayışlar üzərində məntiqi əməliyyatlar aparmaq mümkündür. Bu əməliyyatlardan biri də anlayışları məhdudlaşdırmaq və ya ümumiləşdirməkdir. Bu iki əməliyyat təfəkkür prosesində çox işlədilir. Anlayışın ümumiləşdiriliməsi həcmcə kiçik, lakin məzmunca geniş anlayışdan həcmcə geniş, amma məzmunca kiçik anlayışa keçmək deməkdir. Ümumiləşdirilmənin son həddi fəlsəfi kateqoriyadır. Məsələn: "Cəfərin saat oğurluq işi" - "oğurluq işi" - "cinayət" - "hüquq pozuntusu" - "cəmiyyət üçün təhlükəli hadisə". Anlayışın məhdudlaşdırılmasında isə bir həcmcə böyük anlayışdan həcmcə kiçik anlayışa keçirik. Məhdudlaşdırmanın son həddi fərdi anlayış olur. Məsələn: "varlıq" - "canlı varlıq" - "insan" - "alim" - "yunan alimi" - "Analitika əsərinin müəllifi". Bu əməliyyatlar fikrin dəqiqləşməsinə, onun daha müəyyən və ardıcıl olmasına kömək edir.