14.6.4. Əyaniliklə sözün vəhdəti.
Təlimin əyaniliyi xüsusi vasitələrdən müəllimin sözü ilə uzlaşdırılmış şəkildə
istifadə edilməsi nəticəsində həyata keçirilir. Hələ XIX əsrin ortalarında uşaqların
əqli fəaliyyətlərinin aktivləşdirilməsi vasitəsi kimi əyaniliyin tətbiqi ideyası irəli
sürülmüşdür. Uzun müddət həmin vasitələrin köməkçi rol oynaması nəzərdə
tutulmuşdur: Onlardan biliklərin mənimsənilməsini asanlaşdıran və şagirdlərdə öy-
rənilən materiala maraq oyadan illüstrativ vasitə kimi istifadə olunmuşdur.
Didaktikada əyani vasitələrə, əsasən, həyatla əlaqəsi istiqamətində baxılmış, onun
rolunu hərtərəfli tədqiq etmək, bunu problem kimi araşdırmaq diqqətdən
yayınmışdır. Məhz bu səbəbdən də bəzi tədqiqatçılar (məsələn, İ.İ.Pidkasisti,
L.V.Zankov, M.İ.Maxmutov, M.A. Danilov, N.A.Mençinskaya, E.Q.Minqazov və
başqaları) əyaniliyin təlimdə roluna belə klassik baxışı heç də kifayətləndirici
hesab etməmiş, bu statusda istifadə olunan əyaniliyi şagirdlərin idrakının
fəallaşması üçün hərtərəfli effektli vasitə saymamışlar. Təbii ki, əyaniliyin
funksiyalarının məhdud şəkildə anlaşılması zərərli hal kimi qəbul olunmalıdır.
Q.İ.Şukinanın təlim prosesində əyaniliyin idrak yükünün “çoxmənalılığı”
haqqında mülahizəsi, L.V.Zankovun və N.A.Mençinskayanın əyaniliyin üç
funskiyası (əyanilik biliyin mənbəyidir, əyanilik deduktiv nəticələrin, hissi
qavrayışın əsası və idrakın dayağıdır) haqqında fikirləri, sonuncuların qeyd etdiyi
funskiyalara M.İ.Maxmutovun əlavə etdiyi əyaniliyin dördüncü funskiyası- təlim
probleminin qoyuluşu, problemli vəziyyətin yaradılması vasitəsi olması barədə
mühakimə diqqətəlayiqdir. E.Q.Minqarovun tədqiqatları şagirdlərin tədris-idrak
fəaliyyətinin aktivləşdirilməsində əyaniliyin rolunu aydınlaşdırmaq imkanı yaradır.
Onun fikrincə, şagirdlərin aktivləşməsi əyani vasitələrin tətbiqinin konkretdən
abstrakta, ümumidən fərdiyə, hərəkət etməyəndən hərəkət edənə və s. keçid xətti
və ya əks-keçid xətti üzrə gedir. Əks-keçid halı idrak məsələlərinin həllinin
araşdırılması və induktiv nəticələrin tədqiqi prosesi üçün xarakterikdir.
Əyaniliyin aşağıdakı funskiyalarından istifadə etməklə təlim prosesinin
idarəolunmasını yaxşılaşdırmaq mümkündür: 1) əyanilikdən empirik məlumatları
əldə etmək vasitəsi kimi; 2) əyanilikdən deduktiv nəticələrin təsdiqi vasitəsi kimi;
3) əyanilikdən induktiv nəticəyə gəlmək, ümumiləşdirmənin, sistemləşdirmənin
əsaslandırılması vasitəsi kimi; 4) əyanilikdən, bərpaedici fəaliyyətdən evristik fəa-
liyyətə keçid şəraitinin yaradılması vasitəsi kimi; 6) evristik fəaliyyətin illüstrasiya
təminatını yaxşılaşdırmaq vasitəsi kimi.
Təlim sistemində əyani vasitələrin tətbiqi zamanı aşağıdakı tələblər
gözlənilməlidir.
1.Təlim prosesi əyani vasitələrlə həddindən artıq yüklənməməlidir, əks halda
tədris materiallarının başa düşülüb mənimsənilməsində şagirdlərin müstəqilliyini
və fəallığını aşağı salır. Əyani vasitələrin çoxluğu biliklərin mənimsənilməsinə
maneçilik törədir, axtarış prosesinə mənfi təsir göstərir.
2. Əyani vasitələrdən istifadə edilməsinin aydın məqsədi olmalıdır. O, əqli
fəaliyyətin növlərinin idarə olunmasını şərtləndirməlidir.
3. Şagirdlərdə kənar assosiasiyalar yaratmaq üçün əyani vasitədə lüzumsuz
heç bir şey olmamalıdır.
4. Əyani vasitə tətbiq edərkən şagirdlərin imkanları nəzərə alınmalıdır. Belə bir
fikir yanlışdır ki, aşağı siniflərdə yalnız şəkilli əyani vasitələrdən istifadə
olunmalıdır. Uşaqları şərti təsvirlərdən istifadə etməklə əlaqələri, asılılıqları başa
düşməyə alışdırmaq zəruridir.
14.7.1. Müstəqillik və müstəqil iş
Bir qədər haşiyə çıxaraq qeyd edək ki, böyuk sistemlərlə ehtiva etdikləri
kiçik sistemlər arasında dialektik əlaqələrin mövcudluğu barəsində elmi
mənbələrdə maraq doğuran məlumatlar az deyildir.Sözügedən mənbələrdə
vurğulanır ki, hər hansı sistemin komponentinə,elementinə onun özünə nəzərən
kiçik sistem(alt sistem) kimi baxmaq olar.” Müstəqil iş”anlayışına bu rakursdan
yanaşaraq aydınlıq gətirməyə çalışaq.
Təlimdə “müstəqillik” və “müstəqil iş” anlayışları şəxsiyyətin fəaliyyəti ilə
bilavasitə bağlı olan anlayışlardır. Şəxsiyyətin fəaliyyətində dörd istiqamət özünü
daha çox biruzə verir: özünü və onu əhatə edən aləmi dəyərləri ilə dərketmə
fəaliyyəti; bəşərin əldə etdiklərini özünəməxsusluqla mühafizəetmə fəaliyyəti;
bəşəriyyəti, aləmi və özünü bioloji varlıqdan sosial varlığına yüksəlmə dərəcəsinə
müvafiq dəyişdirmə fəaliyyəti; bəşəri dəyərlərlə normallaşdırılan münasibətə
daxilolma fəaliyyəti ).
Fəaliyyətlə onun alt sistemi olan iş arasında dialektik bağlılıq mövcuddur (iş
– bu və ya digər istiqamət üzrə fəaliyyətin sadə, bir cari məsələni həll etməyə
yönəlmiş, nisbətən bitmiş elementi kimi dərk oluna bilər).Şəxsiyyətin fəaliyyət
sisteminin alt sistemi olan iş subyekti tərəfindən müstəqil və yaxud da qeyri-
müstəqil yollarla icra oluna bilər.
Söylədiklərimiz təlim fəaliyyəti və onun ehtiva etdiyi alt sistemlərə də
tamamilə aiddir. Təlim prosesində şagird cari məsələni həm müəllimin müdaxiləsi
ilə yerinə yetirə bilər, həm də bilavasitə kömək olmadan, əqli və əməli fəaliyyət
göstərərək sərbəst yerinə yetirə bilər. İkinci hal “müstəqil iş” anlayışında öz
mahiyyətini saxlayır.
“Müstəqil iş” anlayışının dərki və mahiyyətinin açılması şagirdlərin idrak
fəallığının və fəaliyyətinin psixoloji əsasını təşkil edən “təfəkkürün müstəqilliyi”
anlayışı ilə sıx bağlıdır. Təfəkkürün müstəqilliyinin mahiyyətinin dərki müstəqil
işin mahiyyətini dərk etməyə imkan verməklə yanaşı, şagirdlərin müxtəlif yaş
qruplarında müstəqilliyinin dərəcəsini müəyyənləşdirməyə imkan verir, bunsuz
praktikada şagirdlərin müstəqil işini uğurlu təşkil etmək olmaz.
Unutmaq olmaz ki, tədris – idrak fəaliyyətinin ən səmərəli formalarından
biri məhz məktəblilərin sərbəst, müstəqil işidir. Bu ondan irəli gəlir ki,
ümumtəhsil məktəblərində təlimin ümdə vəzifələrindən biri kreativ düşüncə sahibi
olan, müstəqil bilik əldə etməyə qabil, yeni nəticələr almaq bacarığına
malik,yaradicı şəxsiyyətlər yetişdirməkdir.
Məşhur pedaqoqlardan T.T.Şamova təlimdə şagirdlərin müstəqil işinin əsas
əlamətlərini aşağıdakı amillərin varlığında görür:
a) müstəqil işdə məqsəd aydınlığı olmalı;
b) konkret tapşırıqlar olmalı;
c) müstəqil işin nəticəsinin səlis ifadəsi olmalı;
ç) tapşırıq alan şagirdlərin hər birinin bu tapşırığı hökmən yerinə yetirməsi
vacib sayılmalıdır.
Təlim fəaliyyətinin təşkilində bu əlamətlərin hamısının birlikdə olması
şagirdlərin müstəqil işi üçün əsas şərt kimi qəbul edilə bilər. Əlbəttə, müstəqil işlər
müxtəlif səviyyəli sərbəstliklə təşkil oluna bilər. Burada müstəqil iş üçün verilən
tapşırığın asan və çətinliyi tədris materialı və şagirdlərin tədris imkanları ilə
şərtlənməlidir. Bir səviyyədən digərinə keçid tədricən olmalı, həm də hər bir
keçmiş səviyyə sonrakı üçün hazırlıq kimi səciyyələnməlidir.
Vacibi isə budur ki, müstəqil iş, onun məzmunu, forması, onun yerinə
yetirilmə vaxtı təlimin bu və ya digər pilləsinə adekvat olmalıdır. Bu şərt
gözlənilməzsə, onda sərbəstlik, müstəqil iş cəhdi xeyirdən çox ziyan gətirər.
Tədris fənninin xüsusiyyəti də nəzərə alınmalıdır. Məsələn, riyaziyyatın
tədrisində müstəqil iş dərsdə və dərsdənkənar məşğələlərdə müxtəlif yollarla
aparıla bilər ki, bunların ən səmərəlisi təbii ki, təmrinlər, məsələlər həllinin yerinə
yetirilməsidir. Məsələ həlli, təmrinlər, tapşırıqların digər növlərinin təlimdə
müstəsna əhəmiyyəti barədə biz yuxarıda bəhs etmişdik(bax:IVfəsil,4.2və4.3yarım
başlıqları).Burada onu əlavə etməyi zəruri hesab edirik ki, bu iş riyaziyyatın
tədrisində
reproduktiv,produktiv-rekonstruktiv və
variativ kimi müxtəlif
növ,sistem halına gətirilmiş tapşırıqlarla daha səmərəli şəkildə həyata keçirilə bilər.
Reproduktiv növ tapşırıqlarda şagirdlərin müstəqil fəaliyyətində alqoritmik
cəhət üstünlük təşkil etdiyi halda,yaradıcı- variativ növ tapşırıqlarda şagirdlər
qeyri-standart situasiya ilə rastlaşır və bundan çıxış yolu axtarır, intuitsiyanın
gücünə arxalanır ki, bu da evristik fəaliyyət üçün səciyyəvi əlamətdir.
Şagirdlərdə müstəqillik aşılamaq və bu yolla onların riyazi təfəkkürünün
inkişafını təmin etmək üçün müəllimin müxtəlif növ tapşırıqlardan istifadə etməsi
vacibdir.
Müstəqil işə verilən əsas tələblər.
Müstəqil işə verilən əsas tələblər bilavasitə müstəqil işin öz mahiyyəti ilə
bağlıdır. Doğrudur, müstəqil işin təlim prosesində əhəmiyyətini inkar edən yoxdur,
amma buna baxmayaraq müstəqil iş məfhumunun mahiyyəti haqqında, onun hansı
didaktik kateqoriya üzrə şərhi barədə müvafiq pedaqoji əhəbiyyatda fikir ayrılığı
mövcuddur. Bunların bəziləri ilə tanış olaq.
Pedaqoji ədəniyyatda şagirdlərin müstəqil işi məfhumu üzrə çox müxtəlif
rəylər olduğunu etiraf edən A.M.İsmixanov göstərir ki, bunları 3 qrupa ayırmaq
olar.
Birinci qrup pedaqoqlar (R.M.Mikelson, N.D.Leviton, A.V.Nerovnıx,
R.A.Vasilyeva və b.) müstəqil işin mahiyyətini müəyyənləşdirərkən bu işin
zahiri cəhətlərini ön plana çəkmişlər: şagirdin sərbəst, müəllimin köməyi və
ya müdaxiləsi olmadan işləməsi, icaraya müəyyən vaxt ayrılması, şagirdin
fiziki fəaliyyət göstərməsi və s.
İkinci qrup pedaqoqlar (R.B.Sroda, Q.S.Panfilova və b.) müstəqil işin daxili
cəhətini ön plana çəkmişlər: şagirdin əqli fəallıq, müstəqillik, yaradıcılıq,
təşəbbüskarlıq göstərməsi və s.
Pedaqoq və metodistlərin üçüncü qrupu (B.S.Yesipov, E.Y.Qolant,
N.Q.Dayri, N.Kazımov, P.İ.Pidkasisli, V.P.Strezikozin, A.V.Usova,
O.A.Nilson və b.) müstəqil işin həm daxili, həm də xarici cəhətlərini
vəhdətdə götürmüşlər.
Müstəqil işin mahiyyətini açmaqda professor N.Kazımovun irəli sürdüyü
belə bir tərif maraq doğurur: “Müəllimin tapşırığını bilavasitə kömək olmadan, əqli
və əməli fəaliyyət göstərərək, şagirdin sərbəst yerinə yetirməsi müstəqil işdir”.
N.Kazımov göstərir ki, dərsdə şagirdin müstəqil işini səciyyələndirən, onu başqa
xarakterli tapşırıqların yerinə yetirilməsindən fərqləndirən bir sıra xüsusiyyətlər
vardır.
Bu xüsusiyyətlərin başlıcaları bunlardır:
1) yerinə yetirilən tapşırığın müəllim tərəfindən verilməsi;
2) müəllimin verdiyi tapşırığın kömək olmadan şagird tərəfindən müstəqil
icrası;
3) mənimsəmiş olduğu biliklərdən müstəqil iş zamanı şagirdin yaradıcılıqla
istifadə etməsi;
4) müstəqil iş zamanı şagirdin səy göstərərək fikirləşməsi və sərbəst yol
seçməsi;
5) şagirddə əmələ gələn fikrin fəaliyyətlə(əqli və əməli) üzvü şəkildə
birləşməsi.
Bunlardan başqa N.Kazımov həm də şagirdlərin müstəqil işinə verilən bəzi
tələblərə də toxunaraq göstərir ki, hər şeydən əvvəl, dərsdə şagirdlərin müstəqil
işinin fərdi, iki-iki, yoxsa qrup halında təşkil ediləcəyini müəyyənləşdirmək
müstəqil işin təşkilinə verilən tələblərdən biridir. Çünki, mövzu üzrə müstəqil iş
zamanı sinfin müvafiq avadanlıqla, cihazla nə dərəcədə təmin ediləcəyi məktəbin
imkanlarından çox asılıdır.
Digər tərəfdən dərsdə şagirdlərin müstəqil işlərinin yerini və vaxtını
əvvəlcədən müəyyən etmək də tələb olunur. Şagirdlərdən müstəqil işləməyi tələb
edən tapşırıqları müəllim hərtərəfli fikirləşir, onların tədris məqsədlərini
qabaqcadan müəyyənləşdirir. Çünki müstəqil işin məqsədi aydın olduqda,
məzmunu müəllim tərəfindən düzgün seçildikdə, onun müvəffəqiyyətlə
nəticələnməsi üçün şərait yaranır.
Nəhayət, müstəqil işləmək məqsədilə müəllimin şagirdlərə veridiyi
tapşırıqlar mümkün qədər qısa və aydın olmalıdır, şagirdlərin işinin məzmunu və
xarakteri onlara yaxşı başa salınmalıdır. Başqa sözlə, şagirdlər müstəqil işə hazır
olmalıdır. Müstəqil işin icrasının pedaqoji ustalıqla təşkil olunması
müvəffəqiyyətin mühüm şərtlərindən biridir. Müstəqil işi təsadüfdən-təsadüfə
deyil, müntəzəm olaraq təşkil etmək lazımdır. Şagirdlərin müstəqil işi onların
öncədən mənimsəmiş olduqları biliklərə, əldə etdikləri bacarıq və vərdişlərə, həyat
təcrübələrinə əsaslanır. Keçmiş materiallara əsaslanan müstəqil iş şagirdlərə yeni
bilik ünsürləri verir.
Şagirdlərin müstəqil işinin növlərini bilmək və onları həm məzmununa, həm
də formasına görə tədriclə müxtəlifləşdirmək lazımdır. Şagirdlərin müstəqil işində
müəllimin rolu artır. Çünki tapşırığın yerinə yetirilməsi üçün müəllim bütün sinfin
işini təşkil edir, ayrı-ayrı şagirdlərin işini müşahidə edir, ehtiyacı olanlara əlavə
istiqamət verir. Müstəqil işi təşkil etmək, onu məqsədəuyğun reallaşdırmaq
müəllimin gərgin əqli fəaliyyətidir.
Müstəqil iş alt sistem olmaqla nizamlanır və sual, çalışma, məsələlərdən
vasitə kimi istifadə olunur. Müstəqil iş təlim prosesində nisbi müstəqilliyə malik
funksiyaları yerinə yetirməyə istiqamətlənməklə yanaşı, bu funksiyalar prosesin
(təlim prosesinin) ümumi məqsədlərindən irəli gəlir. Müsqətil işin təlim prosesində
yeri bu prosesin komponentlərinin uzlaşması, təlimin idarəolunma məntiqi ilə
müəyyənləşir.
Müstəqil işin təşkili məqsədilə tapşırıq müəllim tərəfindən didaktik
məqsədlərlə və eyni zamanda şagirdin müstəqillik dərəcəsi qiymətləndirilərək
müəyyənləşdirilir. Müəllim təşkiletmə-tənzimləmə funksiyalarını müəyyən məntiqi
formaya malik tapşırığı ilə həyata keçirir. Burada başlıca əlamət şagirdin tapşırığı
icraetmə prosesinə müdaxilə olunmaması, onun müstəqil fəaliyyət şəraitinin təmin
olunmasıdır.
Müstəqil iş təlim prosesinin altsistemi olmaqla vaxt məhdudiyyəti xassəsinə
malikdir. O təlim prosesinin müxtəlif mərhələlərində tətbiq oluna bilir. Müstəqil iş
şagirdin inkişafını sürətləndirmək istiqamətinə yönəlməklə konkret tədris-idrak və
tədris-təşkilati funksiyaların yerinə yetirilməsi imkanlarını genişləndirir, təlim
prosesinin yaxşı idarə olunmasını şərtləndirir.
Müstəqil işə qoyulan psixo-didaktik tələblər aşağıdakılardır:
I. Müstəqil iş əvvəlcədən qarşıda duran didaktik vəzifələr əsasında
layihələndirilməlidir.
Hər bir müstəqil işin didaktik vəzifəsi iki mühüm istiqaməti özündə
saxlamalıdır: 1)
t
əlim prosesinin ümumi məqsədini:
a) bəşərin öz tarixi inkişafı
prosesində əldə etmiş olduğu(ümumiləşdirdiyi) gerçəyi mənimsəmə təcrübəsini;
b) onun qorunması təcrübəsini; c) insanın və onun mənsub olduğu cəmiyyətin
sivilizasiyası və azadlığı üçün zəruri olan yaradıcılıq təcrübəsinin əldə olunması
hazırlığına istiqamətlənmək; ç) əvvəlki üç məqsədlə üzvü şəkildə bağlı olan
insanların birgə yaşaması, dünya pəncərəsinin onun üçün açıq olmasını
şərtləndirən keyfiyyətlərin əldə olunmasını hədəfləmək; 2)
t
əlim prosesinin yaxşı
idar
əolunan prosesə çevrilməsini.
II. Müstəqil işin təşkil olunması və idarə olunması üçün onun yerini və
şagirdləri əhatəetmə formasını müəyyənləşdirmək lazımdır.
Müstəqil işlər yerinə görə təlim prosesinin bütün mərhələlərinə aid edilə
bilər:
a) öyrənmənin əsaslandırılması və keçmiş təcrübənin aktuallaşdırılması
zamanı;
b) biliyin əldə olunması zamanı;
c) biliklərin tətbiqi, sistemə salınması zamanı;
d) proses və nəticələrin müəllim və şagirdin özü tərəfindən qiymətləndirilməsi
zamanı.
Şagirdləri əhatəetmə formasına görə; a) fərdi; b) qoşa(cütlərdə); c) qrupda;
ç) frontal(bütün sinfin əhatə olunması ilə) olaraq müəyyənləşdirilir.
III. Müstəqil işin davametmə müddəti, keçmiş bilikləri əhatə etməsi,
yeninin çətinlik dərəcəsi, şagirdin potensial imkanlarına uyğunluğu
müəyyənləşdirilməlidir. Odur ki, müstəqil işlərin nomenklaturasına daxil edilən
hansı növün tətbiq ediləcəyi dəqiqləşdirilməlidir.
IV. Tapşırığın növü əvvəlcədən seçilməli və tapşırığın formüləsi haqqında
müəllim hərtərəfli fikirləşməlidir. Məktəbin imkanları, müəllimin özünün
hazırlığı, təlim materialının məzmunu və şagirdin (və ya şagirdlərin) imkanlarını
da ciddi şəkildə nəzərə almaq vacibdir.
V. Tapşırığın şərti və tələbi şagirdə aydın olmalıdır. Ola bilər ki, aparılmış
işin məntiqi davamı kimi şagirdlə birgə müstəqil iş üçün tapşırıq formalaşdırılsın
və bu halda əlavə izahat və göstərişə heç bir ehtiyac olmasın. Əgər varsa, onda
mütləq şagirdə zəruri və aydınlıq gətirə bilən təlimat verilməlidir.
VI.
Müstəqil işin tətbiqində ardıcıllıq, sistematiklik, inkişaf
gözlənilməlidir. Şagirdi müstəqil və sərbəst təhsilə, həyata hazırlamaq üçün bu işin
əhəmiyyəti diqqət mərkəzində saxlanılmalıdır.
VII. Şagirdlərin müstəqil işində ümumiləşdirmə, sistemləşdirmə,
dəyişdirilmiş situasiyalarda biliyin tətbiqi və yeni ünsürlərin olması vacibdir.
Müstəqil işin icrası şagird tərəfindən əldə olunmuş biliklərə, vərdiş və bacarıqlara,
onun həyat təcrübəsinə, müşahidələrinə əsaslanmaq tələbini özündə saxlamaqla,
daha ümumi bilik, bacarıq və vərdişlərin, təcrübənin əldə olunmasına şagirdi
istiqamətləndirməlidir.
Müstəqil iş öz məzmunu, əyləncəliliyi, məntiqiliyi ilə şagirdin öyrənməyə
maraq və meyllərinin yaxşılaşdırılmasına səbəb olmalıdır. Müstəqil iş şagirdin ən
mühüm şəxsi keyfiyyətlərindən hesab olunan qiymətləndirmə (düzgün və ədalətli)
qabiliyyətinin formalaşmasına təkan verməlidir.
VIII. Müstəqil iş sistemi özündə zehni və əməli fəaliyyətin vəhdətini
saxlamalıdır. Müstəqil iş zamanı şagirdin əqli fəaliyyətinin alqoritmik və evristik
cəhətlərinin vəhdətdə inkişafı, oz fəaliyyətini idarəetmə subyekti kimi
formalaşması üçün iş şəraiti müəllimin düzgün rəhbərliyi ilə yaxşılaşdırılmalıdır.
Müəllim rəhbərlik işini konkret şəraitə uyğun olaraq daim tənzimləməlidir.
14.7.2. Müstəqil işlərin təlimin məntiqinə uyğun təsniflənməsi və tətbiqi
Təlim prosesinin cərəyanetmə məntiqinə müvafiq olan, praktik cəhətdən
əlverişli hesab etdiyimiz müstəqil iş sistemi və onun nomenklaturası aşağıdakı
kimidir:
1. Təlim prosesi qarşısında qoyulan məqsədin şagirdin (və ya şagirdlərin)
tələbatının təminolunma obyektinə çevrilməsinə istiqamətlənən müstəqil işlər:
materialın tədris, inkişaf, sonrakı fəaliyyət üçün faydalılığının dərk
olunmasına aid müstəqil işlər;
əyləncəli, cəlbedici cəhətləri ilə materialın öyrənilməsinə şagirdləri
istiqamətləndirən müstəqil işlər;
problemli vəziyyət yaratmağa xidmət edən müstəqil işlər.
2. İzah-illüstrativ öyrənməyə üstünlük verilən zaman tətbiq olunan
reproduktiv xarakterli müstəqil işlər.
2.1.Bərpaedici fikri fəaliyyətə aid müstəqil işlər:
əvvəllər öyrənilmişləri aktuallaşdırmağı və xatırlamağı tələb edən müstəqil
işlər;
məşqetdirici, mühüm qaydanı və ya qanunu oxşar hallara tətbiq etməyi
tələb edən müstəqil işlər;
şərhedici və izahlı müstəqil işlər;
əsaslandırmağı tələb edən müstəqil işlər;
alqoritmləşdirməyə aid müstəqil işlər;
2.2. Əsasən praktik fəaliyyətə aid müstəqil işlər:
tədris-praktik xarakterli müstəqil işlər;
ictimai-praktik xarakterli müstəqil işlər.
3. Problemli öyrənmə zamanı tətbiq olunan idrak-axtarış (evristik)
müstəqil işlər:
problemli şərhlə bağlı tətbiq olunan müstəqil işlər( ziddiyyətlərin aradan
götürülməsi, açılmamış (müəllimin şərhində) materialın şagirdin müstəqil
öyrənməsi, ümumiləşdirməni yerinə yetirməsi);
qismən axtarışla bağlı müstəqil işlər;
problemli məsələ, sual, çalışmaların tətbiqi vasitəsilə idarə olunan müstəqil
işlər:
- təhrikedici müstəqil işlər;
- konstruksiyaedici, müəyyənləşdirici müstəqil işlər;
- eksperimental-axtarış üzrə müstəqil işlər;
məntiqi-axtarış üzrə müstəqil işlər ;
dəyişdirilmiş situasiyalarda biliyin tətbiqinə aid müstəqil işlər;
diskussiya ilə bağlı müstəqil işlər və s.
-
Yaradıcı xarakterli müstəqil işlər:
- elmi-yaradıcı;
- konstruktiv-texniki;
- təcrübi- yaradıcı.
4. Fəal (interaktiv) təlimin mərhələlərinə müvafiq tətbiq olunan müstəqil
işlər.
- motivasiyanın uğurlu alınması, problemin qoyulması üçün tətbiq olunan
müstəqil işlər;
- tədqiqatın aparılması məqsədilə tətbiq olunan müstəqil işlər;
- yaradıcı tətbiq üzrə müstəqil işlər;
- yoxlayıcı, qiymətləndirici məqsədlə tətbiq olunan müstəqil işlər və s.
Nümunələr üzrə mülahizələrimizə aydınlıq gətirək. Ümumtəhsil məktəblərində
riyaziyyat kursu qarşısında qoyulmuş vəzifələrin böyük bir hissəsi müstəqil işlərin
sistemli tətbiqi vasitəsilə yerinə yetirilir. Qabaqcıl təcrübədə bu məqsədlə tapşırıq
növlərindən olan suallardan, məsələlərdən, çalışmalardan geniş istifadə edilir.
Burada nümunə və tip üzrə standartlardan qeyri-standarta, asandan-çətinə,sadədən-
mürəkkəbə doğru yönəlişlik, təlimin məntiqi diqqət mərkəzində saxlanılır. Belə ki,
qeyri-standart, nisbətən çətin tapşırıqlar tətbiq olunanadək nisbətən asan
tapşırıqların müxtəlif üsullarla həllinə şagirdlər təhrik olunur
Suallar və tapşırıqlar
1. Təlim materialının seçilib sistemləşdirilməsi zaman hansı amillər əsas
götürülür?
2. Sizə yadda saxlamanın hansı priyomları məlumdur? Onlar barədə danışın.
3. Müqayisənin hansı növləri var? Onları səciyyələndirin.
4. Fikri iş priyomları barədə nə deyə bilərsiniz?
5. “Təlim metodu” anlayışını şərh edin.
6. Təlim metodlarının nomeklaturası və təsnifatı barədə danışın.
7. “Problemli şərh” metodunun əsas xüsusiyyətləri haqqında nə deyə
bilərsiniz?
8. Evristik və ya qismən axtarış metodunu səciyyələndirin.
9. Sizə təlimin vasitələr sisteminin hansı elementləri məlumdur? Onların
əhəmiyyəti barədə fikirlərinizi açıqlayın.
10.
Təlimdə suallardan istifadə olunması barədə danışın.
11.
“Problemli dərs” anlayışının şərhini verin.
12.
Dərsə verilən tələblər hansılardır?
13.
Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması ilə bağlı nə
deyə bilərsiniz?
14.
Sizə qiymətləndirmənin hansı prinsipləri məlumdur?
15. “ Müstəqil iş” anlayışını ”sistem-struktur” rakursdan interpretasiya edin.
Ədəbiyyat
1. Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə konspektləri. Bakı:
Maarif, 1983. səh.35-36; 117;132;144;153-154; 194-198.
2. Əhmədov A., Şərifov T., Abbasov Ə. Şagird nailiyyətlərinin
qiymətləndirilməsi. //”Kurikulum” jurnalı, 2008, N 1, səh.86-87.
3. Əlizadə Ə.Yeni pedaqoji texnologiyalar: bəzi pedaqoji və psixoloji
məsələlər. //”Kurikulum” jurnalı. Bakı, 2008, N 1, səh.76.
4. İbrahimov F.N. Ümumi pedaqogikadan mühazirələr. Bakı: Mütərcim,
2010. səh.200-311.
5. Kərimov Y.Ş. Təlim metodları. Bakı: RS Poliqraf, 2007. səh.1996; 206;
210-211.
6. Qasımova L.N., Mahmudova R.M.Pedaqogika. Bakı, 2003. səh.267.
7. Mehdizadə M., Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin
təkmilləşdirilməsi yolları. Bakı: Maarif, 1982.
8. Mirzəcanzadə A.X. İxtisasa giriş. Bakı: BDU, 1991, səh.208-210.
9. Nəsirov V.H., Məmmədov Ə.B. Elmi idrakın metod və formaları. Bakı:
Maarif, 1980, səh.8; 36.
10.
Ümumi psixologiya (Prof. A.V. Petrovskinin redaktorluğu ilə). Bakı:
Maarif, 1982, səh.288-291.
11.
Бабанский Ю.К. Оптимизация учебно-воспитательного процесса.
-М., 1982, стр.6-13.
12.
Махмутов М.И.. Теория и практика проблемного обучения.
Казань, 1972. стр.42,123,178,427-431.
13.
Подласый И.Й. Педагогика начальной школы. М.: Гуманитарный
центр. ВЛАДОС, 2000. стр.41-43.
14.
Якиманская И.Я. Развивающее обучение. М., 1979. стр.69-84.
Dostları ilə paylaş: |