Telman orucov


Ermənistandakı  seçkilər  nə  vəd  edir-sülh  və  ya  müharibənin  davam



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   2   3   4   5   6   7   8   9   ...   28
 
Ermənistandakı  seçkilər  nə  vəd  edir-sülh  və  ya  müharibənin  davam 
etdirilməsini? 
 
Ermənistanda prezident seçkisi kampaniyası öz həlledici mərhələsinə qədəm 
qoymuşdur.  Bu  dəfə  təkcə  prezidentin  seçilməsindən  söhbət  getmir,  daha  vacib 
məsələ  ölkənin  qarşıdakı  dövrdə  hansı  yolla  irəliləyəcəyini  müəyyən  etməkdən 
gedir.  Seçkiqabağı kampaniyanın gedişində ölkədə ümumi  mənzərəni  əks  etdirən 
iki güclü cəbhə - «müharibə» partiyası və «sülh» partiyası meydana gəlmişdir. Bu 
adların reallığa uyğun gəlməsi onsuz da nisbi xarakter daşıyır, çünki hətta xalqda 
sülh istəyi böyük olanda belə formalaşan ənənəyə müvafiq olaraq adamlar özlərini 
aldatmaqdan  da  qalmır,  rəylərini  açıq  ifadə  etməkdən  çəkinir  və  millətçilik 
dalğasının təsiri ilə «ağ qarğa» kimi görünmək istəmirlər. Onlar ümumi kütlədən 
ayrı  düşməyə  cəsarət  etmirlər,  kütlə  isə  ultraşovinist  qüvvələrin  təzyiqi  altında 
azmağa  aparan  vektorla  hərəkət  etməkdə  davam  edir.  Adamlara  təlqin  edilir  ki, 
tarixi keçmişə sədaqət özlərinə düşmən bildikləri qonşularla barışığa getməyə icazə 
vermir.  Bəla  burasındadır  ki,  bu  xəttə  mənsub  olan  liderlər  bütün  müharibələrin 
sülhlə yekunlaşdığını göstərən tarixdən öyrənmək istəmirlər. Düşmənçilik nə qədər 
barışmaz olsa da, əbədi və ya əsərlərlə davam edə bilməz. Tarixdə bu fikri təsdiq 
edən çox sayda misallar tapmaq olar.  
İngiltərə və Fransa arasındakı Yüzillik müharibə iki əsr ərzində davam etsə 
də,  1453-cü  ildə  sülhlə  başa  çatdı,  ingilislər  işğal  etdikləri  bütün  fransız 
torpaqlarından, yalnız sahildəki kiçik zolaq-Pa-de- Kale istisna olmaqla əl çəməli 
oldular, axırıncı ilə bir neçə müddətdən sonra vidalaşdılar. Yeni böyük müharibə 
XVIII əsrin başlanğıcında İspaniya irsi uğrunda baş verdi, bu vaxt ingilis ordusuna 
hersoq  Malboro  komandanlıq  edirdi,  orduya  prins  Savoylu  Yevgeninin  qoşunları 
köməklik göstərirdi.  

31 
 
Və yaxud Almaniya  və Fransa arasında heç də sadə olmayan münasibətləri 
yada  salaq.  Onlar  iki  dəfə  -1871-ci  və  1919-cu  illərdə  Versalda  sülh  müqaviləsi 
imzalamışdılar.  Birincisi  Fransa  üçün  biabırçı  olsa  da,  ikincisi  yenə  də  alman 
hərbiçilərinin  iştahını  söndürə  bilmədi,  ancaq  1945-ci  ildə  Almaniya  Müttəfiq 
qonşuları tərəfindən ağır məğlubiyyətə uğradıldıqdan sonra öz mimitarist planları 
ilə  birdəfəlik  vidalaşmalı  oldu.  Yeddi  il  sonra  isə  bu  iki  dövlət  elə  sıx  iqtisadi 
əməkdaşlığın bünövrəsini qoydu ki, bu sonralar əvvəllər heç vaxt görünməmiş və 
ən qanlı müharibələrin səhnəsi olmuş bütöv qitənin birləşməsi simvoluna çevrilən 
Avropa İttifaqının meydana gəlməsinə yol açdı. 
Kimsə  etiraz  edə  bilər  ki,  digər  xarakterli  faktlar  da  mövcuddur.  Belə  ki, 
Böyük  Britaniya  indiyədək  Cəbəllüttarqi və  ya  Folklend  adalarını  əlində  saxlayır. 
Birinci,  insanların  məskunlaşdığı  qayadır,  ərəb  dilindən  tərcümədə  «Tarik  dağı» 
deməkdir, 711-ci ildə həmin adadan keçməklə İspaniyanın işğalına başlayan Mavr 
sərkərdəsinin  adı  ilə  bağlıdır.  İkincisi  isə  Atlantik  okeanın  cənubunda  gözdən-
könüldən  uzaq  kiçik  adalardır.  Onlar  Britaniya  imperiyası  işğallarının  cılız 
qapılarıdır  və  çox  keçməz  ki,  onların  və  digərlərinin  timsallarındakı  rudimentlər, 
bu keçmiş avantürist işğalların gözü yağır edən abidələri başqalarının xoş taleyini 
yaşamalı olacaqlar.  
Maraqlı  cəhət  orasındadır  ki,  heç  də  iri  dövlətlər  deyil,  bir  qayda  olaraq, 
kiçik  və  öz  qüdrətinə  görə  elə  bir  əhəmiyyət  daşımayan  ölkələr  özlərini  «böyük» 
adlandırmaq eşqinə düşməkdən həzz alırlar, bu vaxt adətən qədim tarixdə mövcud 
olan  bu  fərqli  görünməkdən  ilham  alır  və  həmin  pərdə  altında  öz  ərazilərini 
genişləndirmək, əlavə məkana nail olmaq barədəki arzularından əl çəkmirlər. Belə 
qəribə  xüsusiyyəti  Ermənistan  və  Albaniyanın  istəklərində  görmək  mümkündür. 
Bununla  əlaqədar,  keçən  əsrin  70-ci  illərində  mövcud  olmuş  bir  hadisə  də  yada 
düşür. Həmin vaxt sözün həqiqi mənasında adam yeyən Bokassa özünü imperator 
kimi gözə soxmaq üçün prezident olduğu kiçik ekvator ölkəsi və vur-tut üç milyon 
əhalisi olan Mərkəzi Afrika respublikasını imperiya adlandırırdı.  
Belə gülünc istəkləri müdrik Ezop öz məşhur təmsilində yaxşıca ələ salırdı. 
Bir  dəfə  dolaşa  gördü  ki,  qartal  qoyun  sürüsünün  üstündən  uçarkən  şığıyıb 
caynaqları ilə quzunun birini götürüb, yenidən göyə qalxdı. Dolaşa çox istədi ki, 
qartalın  igidliyini  təkrar  etsin  və  bunu  etdikdə,  kiçik  quzunu  deyil,  iri  qoyun 
götürməyi  qərara  aldı.  O,  yuxarıdan  qoça  hücum  edəndə,  nəinki  onu  qaldıra 
bilmədi,  bunun  əvəzində  caynaqları  onun  sıx  yununa  ilişib  dolaşdı.  Quş  nə  qədər 
özünü bu «qandaldan» azad etmək istəsə də, heç nəyi bacarmadı və yarım ölü kimi 
qoyunun  böyründən  asılı  qaldı.  Çoban  bunu  görüb,  onun  köməyinə  tələsdi  və 
axşam quşu evinə gətirdi. Uşaqları bunun hansı quş olduğunu soruşduqda, dedi ki, 
o özünü qartal hesab edir, ancaq adına dolaşa deyirlər. 
Ağlasığmayan iri iştahı olan kiçik dövlətlər Ezop un dolaşasını yada salırlar, 
həmin quş qoça caynaqlarını ilişdirsədə, sonra ondan aralanıb, öz canını xilas edə 
bilməmişdi.  Bu  ölkələrin  də  öz  qonşularına  qarşı  apardıqları  müharibədəki  ilk 
uğurları  onlarda  aldadıcı  təsəvvür  yaratmamalıdır  ki,  artıq  qalibdirlər  və  öz 
iradələrini  başqalarına  diqtə  edə  bilərlər.  Belə  səhv  rəy  arzuolunmaz  nəticələrə 
səbəb  ola  bilər.  Qonşudan  yaxa  qurtarmaq  mümkün  deyildir,  tarix  sübut  edir  ki, 

32 
 
burada  müharibə  olduqca  yararsız  vasitədir,  düşmənçiliyi  dərinləşdirmək,  onun 
bəhrələrini  çoxaltmaqdan  başqa  bir  yaxşı  şey  vəd  etmir.  Əgər  belə  olmasaydı, 
imperiyalar əbədi olmasa da, minillər boyu yaşayardı. Qədimlərdən başqa ən yeni 
imperiyalar iki əsrdən çox yaşaya bilmirdi, bir çox hallarda ömürləri bundan da az 
olurdu.  Yeni  torpaqların  işğalı  əslində  adətən  hansısa  eyforiya  yaradır  və  onun 
dumanı altında bir çox mühüm milli problemlər unudulur, onlar öz əhəmiyyətlərini 
itirir,  və  diqqətdən  yayınırlar.  Nəticədə,  özünü  qalib  hesab  edən  millət  öz  «Pirr 
qələbələrinin» yalnız acı bəhrələrini dadmalı olur, əvvəllər görmədiyi çətinliklərlə 
və həqiqi böhranla üzləşir. 
Ermənistan bir tərəfdən ona gülümsənən, digər tərəfdən onunla bəlalı zarafat 
edən  şəraitlər  hesabına  Azərbaycana  qarşı  keçən  əsrin  90-cı  illərində  başladığı 
müharibənin  ilkin  mərhələsində  qalib  oldu,  bütöv  bir  vilayəti  və  həmin  Dağlıq 
Qarabağa qonşu olan əlavə yeddi rayonun ərazilərini tutdu. 15 ildir ki, bu torpaqlar 
ermənilərin  işğalı  altında  qalır  və  bu,  bir  milyona  yaxın  insanın  faciəsinə  səbəb 
oldu.  Həmin  adamlar  öz  doğma  ocaqlarını  və  normal  həyat  şəraitlərini  itirməklə 
qaçqınlara, məcburi köçkünlərə çevrildilər. Bu münaqişədən yalnız Azərbaycanın 
və  azərbaycanlıların ziyan  görmələri  barədəki  fikir  heç  cür düzgün sayıla  bilməz. 
Heç  kəs  bədbəxtliklərin  və  məhrumiyyətlərin  mövcudluğu  faktını  inkar  etmir. 
Lakin  ermənilər  də  heç  də  az  zərər  çəkməmişlər,  baxmayaraq  ki,  özlərini  qalib 
hesab edirlər. Azərbaycanlılar Ermənistandakı, Dağlıq Qarabağdakı və digər işğal 
edilmiş ərazilərdəki doğma yurdlarından qovulandan sonra, bu bədbəxtliyi Bakıda 
və  respublikanın  digər  guşələrində  məskunlaşan  ermənilər  də  yaşamalı  oldular. 
Əgər  dəhşət  və  əzablarla  üzləşmiş  azərbaycanlı  qaçqınlar  və  məcburi  köçkünlər 
vətənlərində özlərinə  sığınacaq  tapdıqları halda  ermənilər, çox  kiçik  sayda  istisna 
nəzərə  alınmasa,  özlərinə  Ermənistandan  imdad  tapmadılar,  ona  görə  də  başqa 
postsovet  dövlətlərinə,  xüsusən,  Rusiyaya  üz  tutdular.  Beləliklə,  onlar  daha  ağır 
sərgərdanlığa  düçar  oldular,  çünki  doğma  köklərindən  də  uzaq  düşməklə,  keçən 
əsrin  20-ci  illərində  acı  taleyin  hökmü  ilə  didərgin  düşmüş  ermənilərin  faciəli 
təcrübəsini  təkrar  etməli  oldular.  Görək  niyə  bəzi  adamlar  reallığın  acı  sifətini 
unudub, öz xalqının bədbəxtliyində ilham və qürur mənbəyi axtarır? 
Ermənilər də, azərbaycanlılar da ağıllı rəyə gəlməlidirlər ki, kompromisslərə 
getmək,  müharibə vəziyyətinə son  qoymaq  zərurəti  yaranmış  bunun  zamanı  gəlib 
çatmışdır.  İşğal  edilmiş  torpaqlar  azad  edilməli,  adamlar  öz  doğma  yurdlarına 
qayıtmalı,  sonra  isə  düşmənçilik  və  ədavət  hisslərinin  kökünün  kəsiləmisinə 
girişmək  lazımdır.  Əlbəttə,  xəstəlik  çox  uzağa  getmişdir,  yara  olduqca  dərindir, 
lakin bu heç də o demək deyildir ki, o sağalmayacaqdır, hər iki millət onu onillər 
boyu,  nəsillərdən  nəsillərə  keçirməklə  daşınmağa  məhkum  edilmişlər.  Qətiyyən 
yox,  hər  iki  xalq  sülhə,  dinc  həyata  möhtacdır,  onda  qüvvələr,  bütün  potensial 
dağıtmaq və qətllərə, qırğınlara deyil, yaradıcı fəaliyytə  yönəldiləcəkdir. Əgər bu 
gün  qəti  sülhün  əldə  olunduğu  elan  olunsa,  bütöv  illər  lazım  gələcək  ki, 
müharibənin bədbəxtliklərin kökü kəsilsin, dinc həyat üçün şərtlər yaradılsın. Ayrı-
ayrı  müharibə  qızışdıranlara  belə  diləklər  xoş  gəlməyəcəkdir,  çünki  onlar 
müharibəni  yaşayış  vasitəsinə,  təfəkkür  obrazına  çevirmişlər,  bu  özünə  məxsus 
Sodom və Qomorranı özlərinin müqəddəs yeri, sitayiş səcdəgahı hesab edirlər.  

33 
 
Ermənistan  indi  yol  ayrıcındadır,  onun  liderləri  müharibədən  və  sülhdən 
ibarət  olan  alternativi  seçmək  məsələsin  həll  etməlidirlər.  Axırıncı  əsl  milli 
mənafelərə  daha  çox  uyğun  gəlir.  Onlar  dönub  keçmişi  seyr  etsələr,  gələcəyə  də 
boylanıb  baxsalar  həqiqəti  dərk  etməklə  anlayacaqlar  ki,  normal  həyata  şərait 
yaradan sülh və tərəqqiyə heç bir ağıllı alternativ yoxdur. 
Yeni  prezidenti  nə  gözləyir,  o,  vəziyyəti  ayıq  qiymətləndirməyi 
bacaracaqmı, zamanın çağırışını, xalqın arzusunu rəhbər tutaraq onu dəyişdirməyə 
hazır  olacaqmı?  Yoxsa,  bədnam  varisliyə  riayət  edərək  status  quo-nu  saxlamağa 
çalışacaqdır, bu isə adi diplomatik hiyləgərliklə maskalanmamış dildə müharibəni 
davam  etdirmək  demək  olacaqdır.  Bax  budur  ən  başlıca  sual.  İşğalı  qoruyub 
saxlamaq,  konservasiya  etmək  istəyi  dalana  gətirib  çıxaracaqdır,  bu  isə  yeni 
müharibə  deməkdir.Çünki  heç  kəs  digər  tərəfin  öz  müstəqilliyini  və  ərazi 
bütövlüyünü müdafiə etmək hüququnu onun əlindən almamışdır.  
Prezident  yarışında  əsas  mübarizəni  öz  aralarında  indiki  baş  nazir  Serk 
Sərkisyan və keçmiş prezident Levon Ter - Petrosyan aparır. Seçkiqabağı çıxışların 
və bəyanatlarına görə birinci «quzğun», ikinci isə «göyərçin» kimi görünür. Ancaq, 
qeyd etmək lazımdır ki, bu yarlık özü də xüsusən axırıncı barədə tam nisbi xarakter 
daşıyır,  Serk  Sərkisyan  Azərbaycan  ərazilərində  vuruşmuş  faktiki  olaraq  erməni 
silahlı  qüvvələrinin  döyüş  əməliyyatlarına  başçılıq  etmişdir.  Ona  görə  də  onun 
işğalı  qoruyub  saxlamağa  istiqamətlənmiş  bəyanatları  elə  bir  şübhə  doğurmur. 
Müharibə  başlanandan  o,  ən  yırtıcı  quzğun  kimi  tanınmışdı  və  illər  keçdikcə  öz 
tükünü  dəyişmədi.  Levon  Ter-Petrosyana  gəldikdə,  o,  «göyərçin»  adlandırmaq 
üçün zahiri görünüş yaratmağa çalışsa da, bu ada o, böyük çətinliklə layiq ola bilər. 
Çünki  Azərbaycana  qarşı  təcavüz  və  torpaqların  işğalı  Ter-Petrosyan  dövründə 
başlamışdır.  Onun  məkrini  və  xəyanətini  də  azərbaycanlılar  unutmamışlar.  Hələ 
1992-ci  il  mayın  7-də  Tehranda  iki  vuruşan  ölkənin  prezidentləri  danışıqlar 
aparanda  qısa  atəşkəsdən  istifadə  edən  erməni  silahlı  qüvvələri  xəyanətkarcasına 
strateji  məntəqə  sayılan  Şuşanı  tutdular.  Azərbaycanın  mədəni  mərkəzəlrindən 
birinin  işğalı  böyük  mənəvi  zərbə  olmaqla,  ölkədə  siyasi  vəziyyətin 
mürəkkəbləşməsinə,  qıcqırmanın  böyüməsinə  səbəb  oldu.Bu  günki  «göyərçin» 
Ermənistan  dövlətinə  başçılıq  edəndə  erməni  ordusunun  işğalları  və 
ultramillətçilərin  məkan  zəbti planlarının geniş  reallaşması  baş  tutdu.  Həmin  vaxt 
Ter-Petrosyanı  vicdanı  heç  də  narahat  etmirdi,  o,  təcavüzün  birbaşa  icraçılarının 
qızğınlığını  yatırmaq  üçün  nəinki  heç  nə  etmirdi,  əksinə  faktiki  olaraq  onların 
hərəkətlərini təqdir edirdi.  
Dağlıq Qarabağ desantı müharibədən sonra artıq Yerevanın siyasi səhnəsinə 
düşdü,  bu  vaxt  Ter-Petrosyanın  hiyləgərliyi  Robert  Köçəryanın  və  onun 
hərbiləşmiş  klanın  gücünə  və  təzyiqinə  davam  gətirə  bilmədi.  Qarabağ 
müharibəsinə  görə  o  da  öz  «mükafatını»  aldı  və  özünün  bəslədiyi  və  rəqibinə 
çevrilən  Köçəryanın  xeyrinə  prezident  postundan  uzaqlaşdırıldı.  Yeni  dövlət 
rəhbəri isə köhnə dostlarını unutmadı və onun daş döşədiyi siyasət yolu ilə indiki 
iddiaçı Serk Sərkisyan da irəliləməyə başladı. 
Ter-Petrosyan  öz  prezidentliyinin  sonlarında  utancaq  qaydada  sülh 
müqaviləsi  imzalamaq  niyyətini  bəyan  etdi,  lakin  hərbi  dairənin  müqavimətinin 

34 
 
qarşısında acizliyini göstərdi. Ona yönələn həmlələri görüb geri çəkilməyə başladı 
və  bütünlüklə  öz  mövqeyini  itirdi.  O,  zəif  prezident  idi,  ona  görə  də  seçkiqabağı 
cəh-cəhləri  bizi,  çaşdırmamalıdır.  Onun  bəyanatlarının  hamısı  Sərkisyanla  zahiri 
qarşıdurmaya  hesablanmışdır,  mahiyyətcə  onların  mövqelərində  elə  bir  fərq 
yoxdur.  Digər  tərəfdən  vəd  başqa  şeydir,  prezident  postundakı  real  əməllər  tam 
başqa  xarakter  daşıyır.  Seçki  keçirilən  ölkədə  bu  vədlərin  məcmundan  cənnət 
düzəltmək  olar,  lakin  seçkidən  sonra  hər  şey  yaddan  çıxır,  əvvəlki  vəziyyətinə 
qayıdır, həmin öhdəliklər dağından bir qum dənəsi də qalmır. Onu da qeyd etmək 
lazım gəlir ki, indi o, başqalarının gözünü açmaq istəyir, özü isə daim kor-koranə 
hərəkət etməyə üstünlük verirdi. 
Ter-Petrosyan  obrazını  nə  qədər  bəzəsələr  də,  onun  keçən  prezidentliyində 
istifadə  etdiyi  caynaqlarını  gizlətmək  mümkün  deyildir. Məgər  çalağan  dönüb bir 
andaca  sərçə  olurmu,  belə  dəyişilməyə  heç  cür  inanmaq  mumkun  deyildir,  çünki 
onun prezident karması olduqca eyibli və ikrah oyadandır. O, Qarabağ müharibəsi 
hesabına  özünə  şöhrət  qazanmaq  istəyirdi,  ancaq  öz  ölkəsinin  və  vətəndaşlarının 
vacib  problemlərin  unudurdu,  onlara  məhəl  qoymurdu.  Ölkənin  iqtisadiyyatı  ən 
aşağı  nöqtəyə  düşmüşdü,  bütün  resurslar  müharibə  ehtiyaclarını  ödəməyə  sərf 
olunurdu.  O,  hətta  erməni  qaçqınlarının  bir  hissəsinə  öz  vətənlərində  sığınacaq 
verə bilmədi.  
Sosial  vəziyyətin  ağırlığından  adamlar  yad  ölkələrə  mühacirət  etməyə 
başladı, əhalinin sayı kəskin surətdə azaldı. Onun demoqrafik problemlərlə məşğul 
olmağa  nə  həvəsi,  nə  vaxtı  var  idi.  Ona  görə  də  Ermənistan  məskunlarının 
azalmasına görə olan siyahıda da aparıcı yeri tutur.  
Öz  opponentindən  fərqli  olaraq  Serj  Sarkisyan  öz  keçmişini  gizlətmir. 
Özünü  sülhsevər,  xoş  niyyətlərin  carçısı  kimi  göstərmir.  Köçəryan  Avropa 
Şurasının Parlament Assambleyasında vuruşması ilə öyündüyü kimi, o da öz hərbi 
xidmətləri ilə lovğalanmağı məqbul sayır.  
Azərbaycanlıların Robert Köçəryana, Serj Sarkisyana və onların əlaltılarına 
münasibəti  aydın  və  izah  ediləndir.  Onlar  Dağlıq  Qarabağın  taleyi  ilə  oyunun 
önündə  getmiş,  bu  siyasəti  sonralar  silahın  köməyi  ilə  Azərbaycana  və  onun 
xalqına  qarşı  total  müharibə  ilə  davam  etdirmişdilər.  Heç  cür  inanmaq  olmur  ki, 
Ter-Petrosyan  da  öz  əvvəlki  mövqeyindən  imtina  edib,  yenidən  prezident 
seçildikdən  sonra  o  saatca  Azərbaycanın  ərazi  bütövlüyünü  saxlamaq  şərtilə  sülh 
danışıqlarına başlayacaqdır.  O,  nə  qədər  şirin  səslə  oxusa  da, onun  bəyanatlarına 
heç cür inana bilmirsən. Digər tərəfdən, onun bu ölkədə güclü mövqeləri ilə seçilən 
hərbi  dairələrdən  asılılığını  nəzərə  aldıqda,  güman  etmək  olar  ki,  o,  heç  vaxt 
müstəqil addımlar atmağa cəsarət etməyəcəkdir. Onun prezidentliyə ilk gəlişi qanlı 
müharibə  ilə  yadda  qaldı,  ikinci  gəlişində  də  nəsə  yaxşı  bir  şey  gözləmək  lazım 
gəlmir.  O,  özünü  elə  aparır  ki,  elə  bil,  illərlə  davam  edən  silahlı  münaqişə  vaxtı 
letarqik  yuxuda  olmuşdur,  ona  görə  də  heç  nəyi  xatırlamır  və  bunu  əsas 
götürdükdə,  guya  baş  verənlərin  ona  dəxli  yoxdur.  Ona  görə  də  küləyi  qovmağa 
ehtiyac yoxdur, şirin vədlərə uyub həqiqətə gözü yummaq düzgün olmazdı. 
Azərbaycan  yalnız  öz  iqtisadi  və  siyasi  qüdrəti  ilə,  vətəndaşlarının 
vətənpərvər  ruhu  ilə  Qarabağ  probleminin  ədalətli  həllinə,  süveren  dövlətin  öz 

35 
 
torpaqlarının  qaytarılmasına  nail  ola  bilər.  Dağlıq  Qarabağa  muxtariyyət,  bu 
ərazidə  yaşayan  öz  vətəndaşlarına  isə  onların  milliyətindən  və  dini 
mənsubiyyətindən asılı olmayaraq bütün Konstitusiya hüquqları verilməlidir. Əgər 
çox  dərin  quyu  qazılmışdırsa,  buradan  qan  çayı  axmışdırsa,  bu  əbədi  davam  edə 
bilməz,  onu  silahın  və  müharibənin  köməyilə  adlamaq  mümkün  deyildir,  hər  iki 
tərəf onun üstündən körpü tikmək üçün bütün vasitə və imkanları tapmalıdır, onun 
bünövrəsində  isə  insanpərvərlik,  barış,  ədavət  və  düşmənçiliyin  istisna  edilməsi 
təbəqələri olmalıdır. 
Tarix  xeyli  dərəcədə  coğrafiya  ilə  müəyyən  olunur.  Coğrafiya  iki  xalqın  – 
azərbaycanlıların  və  ermənilərin  bir-birinin  yanında,  qonşuluğunda  yaşamasına 
qərar vermişdir. Psevdotarixçilər tarixin günc-bucağında ədavəti qızışdırmaq üçün 
nə  səbəb  tapmağa  çalışıb,  nə  desələr  də,  əslində,  uzun  müddət  bu  qonşuluq  qan 
rəngini  tanımamışdı.  Təkcə  XX  əsrin  əvvəlində  və  sonunda  iki  xalq  dostluq  və 
qonşuluğu  unudub,  dinc  yanaşı  yaşamaq  ənənələrindən  üz  döndərib,  müharibə 
cığırına  çıxmışdılar.  Qərəzsiz  və  obyektiv  tədqiqatlar  göstərir  ki,  hər  iki  dəfə  əsl 
müharibəyə  çevrilən  bu  toqquşmaların  təşəbbüsçüsü  və  baiskarı  ekstremizmi 
özlərinin  güclü  silahına  çenvirən  erməni  millətçiləri  olmuşlar.  Artıq  bu 
düşmənçilik və müharibə hər iki xalqı boğaza yığmışdır, bu əzabların yekunu kimi 
onlar sülh, rahat, dinc həyat arzulayırlar ki, bir də heç kəs başqa millətdən olanın 
yaşamaq hüququnu özünə hədəf seçməsin.  
Bizim  istəyimiz  zəyiflik  kompleksindən  irəli  gəlmir,  dövlətimiz  heç  vaxt 
belə  qüvvətli  olmamışdır.  Ancaq,  biz  gücümüzü  döyüş  səhnəsində,  müharibə 
meydanında  sınamaq  istəmirik,  daha  ləyaqətli  həyat  yaşamağa  çalışırıq,  belə 
mövcudluğa  tüfəng  səsi,  artilleriyanın  yayım  atəşi,  qan  tökülməsi  bütünlüklə 
yaddır. Qoy keçmiş qələbəni bizim gözümüzə soxmasınlar. Bəsdir, yeni müharibə 
konvulsiyaları. Gəlin birlikdə cəsarət tapıb, qanlı keçmişi unudaq, təmiz səhifədən 
münasibətlərə başlayaq. Bizi bu vaxt hərbi əməliyyatlar və qırğınlar ayırmayacaq, 
həyat  şəraiti  birləşdirəcəkdir.  Axı  müharibə  təkcə  indiki  nəslə  deyil,  həm  də 
gələcək  nəslə  tuşlanmışdır.  Bəlkə,  hətta  gələcək  nəsillərin  naminə  sülhə  və 
əməkdaşlığa keçək, ədavət və dəbə düşmüş qarşılıqlı nifrətdən əl çəkək. 
Qoy qızışmış adamların ifrat qəzəbi və korluğu xalqına deyil, onların özünə 
zərər  vursun.  Qatil  digər  xalqın  nümayəndəsini  öldürəndə  də  ən  qatı  cinayətlər, 
insanlara nifrət edən adam olmaqdan qalmır. Lovğa adamlar öz şəxsi məqsədlərinə 
nail olmaq üçün hər şeyə gedirlər, bəzən hətta vasitə naminə məqsədi də unudurlar, 
onun  əxlaqdan  kənar  olmasına  belə  əhəmiyyət  vermirlər.  Onlar  öz  insanlığa  yad 
hərəkətlərini və qəddarlıqlarını səfeh adətləri ilə izah edirlər, ona boyun əyərək öz 
xalqının  bədbəxtliklərini  şişirdirlər  və  saxta  təskinlik  üçün  başqa  xalqı  bunda 
günahlandırmaqdan da usanmırlar. 
Prezidentliyə digər namizəd olan Sarkisyanın şansı heç də az deyildir.Onun 
arxasında ordu durur, bütün inzibati resurslar ona işləyir. O, həmçinin vəzifəsi ilə 
vidalaşmaq  ərəfəsində  olan  indiki  prezidentin  köməyinə  arxalanır.  Çünki  o, 
idarəetmə sükanını vaxtilə vəzifədən kənara atdığı adama deyil, öz silahdaşı, dostu 
və  yerlisinə  –  bu  Qafqazda  heç  də  az  əhəmiyyət  kəsb  etmir,  verməyə  can  atar. 
Yəqin  ki,  indi  hakimiyyətdə  olanlar  hər  cür  hiyləgərliyə  əl  atacaqlar  ki,  bu 

36 
 
imkanlar  başqa  əllərə  düşməsin,  onların  öz  mülkiyyətlərində  qalmaqda  davam 
etsin. 
Sirr deyil ki, heç  bir azərbaycanlı Sarkisyana hüsn-rəğbətlə yanaşmır, onun 
keçmişi qanla ləkələnmişdir. Hətta o, bunun cəbhədə töküldüyünü and-aman etsə 
də. Lakin Ermənistan güclü iradəyə malik prezidentə möhtacdır. Bəlkə o, Qarabağ 
probleminin  Qordi  düyününü  kəsməyə  cəsarət  etdi.  Hansı  keçmişə  sahib 
olmasından  asılı  olmayaraq  çox  inanmaq  lazım  gəlir  ki,  Sarkisyan,  elə  prezident 
ola bilər ki, öz xalqını dinc həyatla sevindirsin, öz şərq qonşusu ilə az-çox normal 
münasibətlər  qursun.  O,  özünün  acı  tərcübəsinə  müraciət  edib,  öz  keçmişindəki 
qara  səhifələrdən  imtina  edə,  gerçəkliklə  üz-üzə  dayana  bilər,  çünki  bu  gerçəklik 
problemlər  toplusu  ilə  onu  hər  tərəfdən  sıxacaqdır.  Əgər  o,  dinc  dövrün 
məsələlərini araşdıra bilirsə, reallığın çağırışına cavab vermək istəyirsə, burada yol 
göstərən  mayak  yeganə  bir  istiqaməti  –  gecikmədən  sülh  müqaviləsinə  getməyi, 
işğal  edilmiş  torpaqlardan  və  ayıqlıqdan  uzaq  olan  iddialardan  əl  çəkməyi  nişan 
verir.  Ona  aydın  olmalıdır ki, hərbi gücü tətbiq  etməklə  olan vasitələr belə,  artıq 
keçmişdə  qalmışdır,  başqa  relslərə  keçmək  vaxtı  gəlib  çatmışdır,  hansılar  ki, 
mehriban  qonşuluq  münasibətlərinin  və  geniş  əməkdaşlığın  bərpasını  vəd  edir. 
Yalnız  yuxarıda  sadalanan  vasitələr  müharibənin  sağalmaz  yaralarını  sağalda, 
köhnə  inciklikləri  yaddan  çıxarmağa  kömək  edə  bilər.  Məhz  belə  prezident  öz 
xalqının  tarixinə  düşə  bilər.  Əgər  o,  tarixi  təjrübənin  diametral  əksi  olan  bu 
Rubikonu keçə bilsə, xalqını yeni müharibə qorxusudan və digər bədbəxtliklərdən 
xilas edən liderə çevrilə bilər. 
Tarixdə  buna  bənzər  nümunələr  olmuşdu.  Ərəblərlə  müharibənin  keçmiş 
qəhrəmanı  İsxak  Rabin  ölümündən  əvvəl  fələstinlilərlə  sülh  müqaviləsi 
imzalamağın,  onlara  öz  dövlətini  yaratmaq  hüququ  verilməsinin  qatı  tərəfdarına 
çevrilmişdi.  Əvvəllər  isə  o  tamam  başqa  cür  adam  idi.  4  iyun  1967-ci  ildə  İsrail 
qabaqlayıcı  müharibəyə  başladı, ilk  zərbələri Misir  aviasiyasına  vurdu.  Müharibə 
vur-tut  cəmi  6  gün  çəkdi  və  böyük  müvəffəqiyyət  bəxş  etdi.  Misir,İordaniya  və 
Suriya qoşunlarını darmadağın edirlər, misirinkilər isə sadəcə biabır oldular. İsrail 
Sinayı və Qərb sahilini işğal etdi. Suriyanın qalan yüksəklikləri, həmçinin 1948-ci 
ildən  ərəblərin  əlində  olan  Köhnə  İerusəlim,  Fəryad  divarı  və  müqəddəs  yerlərlə 
birlikdə  tutuldu.  Məlumatsızlığa  görə  çoxları  bu  qələbəni  İsrailin  müdafiə  naziri 
Moşe  Dayanın  adı  ilə  bağlayırdı.  Lakin  bu  təsəvvür  yalnış  idi,  general  həmin 
vəzifəyə  müharibə  başlanandan  bir  gün  əvvəl  təyin  olunmuşdu.  Bütün  əməliyyat 
isə  artıq  üç  il  ərzində  İsxak  Rabinin  başçılıq  etdiyi  Baş  Qərargah  tərəfindən 
hazırlanmış, strateji və taktiki plan israillilərə belə hay-küyü qələbə bəxş etmişdi. 
Həmin İsxak Rabin, 90-cı illərin əvvəllərində, dəqiq deyilsə 1992-ci ildə baş nazir 
olduqda  regionda  sülhün  bərpasının  təşəbbüsçüsü  oldu,  öz  iştirakı  və  səyləri  ilə 
qazanılan  çox  şeyin  itirilməsi  ilə  belə  razılaşdı.  Döyüş  generalı  əsl  sülh 
müdafiəçisinə  çevrildi,  bunu  isə  ona  qatı  millətçi  fanatiklər  bağışlamadılar  və 
onların əli ilə o, 1995-ci ildə qətlə yetirildi. Bu təkcə İsrail üçün deyil, bütün region 
üçün olduqca ağır itki idi, çünki onun köməyi ilə həmin dövrdə sülhün qələbəsinə 
ümid xeyli möhkəmlənmiş və xeyli irəli getmişdi.  
Bəlkə, Serj Sarkisyan da qorxmaz Rabinin izi ilə getmək istədi? Axı bəzən 

37 
 
illyuziya  da  həqiqətə  çevrilir,  həyata  keçir.  Bu  birinci  növbədə  onun  xalqına,  bir 
siyasi  xadim  kimi  isə  onun  özünə  lazımdır.  Böhrandan  çıxış  yolu  möhkəm 
iradədən  çox  asılıdır.  Sülhü  bərpa  edənin şücaəti insan  qanından  yoğrulmuş hərbi 
qələbələrdən  daha  yüksək  tutulacaqdır.  Bəlkə  də  bu  bir  qədər  xəyala  bənzəyir, 
gerçəklikdən çox uzaqdır, ona görə də ona ümid bəsləmək də asan məsələ deyildir. 
Ermənistandakı  seçkilər  həmin  xalqın  bilavasitə  daxili  işidir.  Lakin  bu 
hadisə region üçün də, bizim üçün də az əhəmiyyət kəsb etmir. Seçki seçkiliyində 
qalsın, əsas məsələ sülhün təntənəsidir, bunu hər iki xalq istəyir və anlayır ki, başa 
çatmamış  müharibədə  qalib  yoxdur.  Hər  şeyi  itirmiş  tərəflər  var.  Yaxşı  olar  ki, 
ermənilər bu həqiqətə inansınlar, onları düz yoldan yenidən yayındırma cəhdlərinə 
imkan  verməsinlər,  dərk  etsinlər  ki,  yalanda  yaşamaq  fayda  vermir,  kinsiz, 
nifrətsiz, başqalarına qarşı düşmənçilik hissi bəsləmədən yaşamaq daha yaxşıdır. 
Bütöv  ölkə  bir  qrup  adamın  marağı  və  biabırçı  şöhrəti  naminə  idarə  oluna 
bilməz,  onlar  öz  şəxsi  və  ya  korparativ  faydası  hesabına  hər  şeyi  qəsb  edə 
bilməzlər.  Bu  vaxt  xalq  onların  hiyləgərliklərindən  və  uzağı  görməyi 
bacarmamalarından  əziyyət  çəkir.  Xalqın  gözü  açıldıqda  özünü  layiqincə 
qiymətləndirərək, zəhləsini tökən bu yükü çiynindən atır, təbiətin və tarixin təlqin 
etdiyi  düzgün  yolu  seçir.  Bu  yol  onu  sakit  və  aramlı  həyata  aparır,  iri  miqyaslı 
faciəli hadisələri isə istisna edir.  
Arzu edərdik ki, seçki gələcək naminə belə dəyişikliklərin kandarı olsun, bu, 
regiona da çoxdan gözlənilən sülhü və əmin-amanlığı gətirə bilər. 
 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin