Telman orucov


“525-ci qəzet”.1,2,3,4.04.2010



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   2   3   4   5   6   7   8   9   ...   28
“525-ci qəzet”.1,2,3,4.04.2010  
  
 
 
 
Sürətli urbanizasiyanın bəlaları və radikal addım  
atmaq zərurəti 

49 
 
 
Son vaxtlar paytaxtımız artıq çıxılmaz görünən elə problemlərlə üzləşmişdir 
ki,  onların  həllinə  laqeyd  münasibət  və  bunun  ləngidilməsi  təkcə  Bakını  deyil, 
hətta  ölkəni  daha  arzuolunmaz  şəraitə  gətirib  çıxara  bilər.  Bu  gün  mövcud 
çətinliklərdən  gileylənməyə,  şikayətlənməyə  sərf  etdiyimiz  vaxt  da  öz  qiymətinə 
malik olmaqla, bizim ziyanımıza işləyir. Təəssüf ki, böhran ərəfəsində olduğumuz 
bir  dövrdə  şəhər  rəhbərliyi  cərəyan  edən  prosesin  dərinliyinə  adekvat  qiymət 
verməyi bacarmadığından çıxış yolu kimi palliativ xarakterli tədbirlər təklifini irəli 
sürür,  düzgün  təhlil  və  nəticə  çıxarmaq  əvəzinə,  əslində  gözdən  pərdə  asmağa 
yönəldilmiş və Manilovçuluğu xatırladan projektləri ortaya atır. 
Bakının  ən  böyük  bəlası  şəhərin  mərkəzi  perimetri  daxilində  əhalinin  ifrat 
sıxlığı,  tikintilərin  şaquli  qaydada  böyüməsi  ilə  meydana  gəlmə  ehtimalı  artan 
texnogen  problemlər,  nəqliyyatın  bolluğu  hesabına  kommunikasiyaların  az  qala 
yararsızlıqla  üzləşməsi  və  küçələrdə  avtomobillərin  hərəkətinin  olduqca 
çətinləşməsidir. Bunlara şəhər ərazisində atmosferin daha sürətlə çirklənməsi kimi 
daimi faktorla yanaşı ara-sıra özünü büruzə verən yer sürüşməsi faktlarını da əlavə 
etmək olar. Son otuz beş ildə paytaxtın əhalisi real olaraq 3–3,5 dəfə çoxalmışdır. 
XX əsrin 60-70-ci illərində bura istiqamətlənən güclü miqrasiya ciddi demoqrafik 
dəyişikliklər  əmələ  gətirmişdi.  Son  iki  onillikdə  isə  bu  proses  daha  da 
intensivləşdi.  1988-ci  ilin  məlum  hadisələrindən  sonra,  xüsusən  ölkənin  iri 
ərazilərinin  hərbi  təcavüz  nəticəsində  itirilməsi  ilə  əlaqədar  olaraq  Bakıya  axın 
daha  kütləvi  xarakter  almağa  başladı.  Digər  tərəfdən  də  minik  avtomobillərinin 
sayının  sürətlə  çoxalması  baş  verdi.  Onların  artımını  ancaq  on  dəfələr  nisbətində 
ifadə  etmək  mümkündür.  Təəssüf  ki,  bu  ifrat  yükün  meydana  gəlməsi  şəhər 
infrastrukturunun əsaslı inkişafı ilə müşayiət olunmadığından, şəhər əvvəllər ona o 
qədər  tanış  olmayan  “böyümə  xəstəliyinin”  ağrılarını  dadmalı  oldu.  Bu  sürətli 
böyümə  -  akselerasiya  şəhərin  mövcud  problemlərini  daha  da  çoxaltdı  və 
dərinləşdirdi,  ağır  böhran  qapını  döyməyə  başladı.  İngilislərin  zərb-məsəlində 
deyildiyi kimi: “A little more than enough breaks the hourses back” - “Qədərindən 
bir az artığı yükün, qırır belini atın”. Şəhərin əzələləri də azacıqdan çox-çox artıq 
olan ağırlığa davam gətirə bilmir. 
Bəs  çıxış  yolu  nədədir?  Bu  sual  yəqin  ki,  çoxlarını  düşündürür,  axı  Bakı 
artıq az qala hər ikinci azərbaycanlının yaşayış məskəninə çevrilmişdir, onların bu 
günü  və  gələcəyi  üçün  heç  də  kiçik  əhəmiyyət  kəsb  etmir.  Şəhərin  yaşamaq  və 
işləmək  mühitinin  keyfiyyəti  insanların  həyat  məsələlərinə  birbaşa  təsir  göstərir. 
Ona görə də bu yurd öz təyinatını unudub hansısa səbəblər ucbatından həyat üçün 
təhlükəli tələ, əzab-əziyyətlər mənbəyi rolunu oynamamalıdır. Məskunlaşmaq üçün 
paytaxta axın tendensiyasının davam  etməsi şəhəri və onun bilavasitə sahibi olan 
əhalini  daha  iri  və  mürəkkəb  çətinliklərlə  üzləşmək  kimi  xoşagəlməz  perspektiv 
qarşısında qoyur. Sakinlər bunun əlamətlərini artıq təşvişə səbəb olan qaydada hiss 
edirlər.  Şəhərin  ayrı-ayrı  yaşayış  massivlərinin  içməli  və  məişət  suyu  ilə 
təchizatındakı  fasilələr  heç  də  sirr  deyil.  Ayrı-ayrı  hissələrdə  sakinlər  qazın  qıt 
şəkildə verilməsindən şikayətlənir, evlərə isti su verilməsi və qışda isitmə ilə təmin 
edilməsi  dövrlərini  isə  adamlar  şirin  xatirə  kimi  əzizləyirlər.  İri  neft  emalı 

50 
 
müəssisələrinin  mərkəzlə  yaşayış  massivi  arasında  yerləşməsi  təkcə  havanın 
çirklənməsini gücləndirmir, həm də hansısa texniki səbəbdən kiçik bir qəzanın baş 
verməsi ekoloji böhran ehtimalı qorxusunu yaradır. Yaşayış evlərinin yaxınlığında 
təkcə neft buruqlarının deyil, iri mədənlərin mövcudluğu, neft quyularından çıxan 
mazut  və  su  gölməçələrinin  iri  şəhər  üçün  güclü  radiasiya  mənbəyi  rolunu 
oynaması  ilə  yanaşı,  mühiti  zərərli  qazlarla  doldurması  əhalinin  birbaşa  həyatı 
üçün olmasa da, sağlamlığı üçün ciddi təhlükə yaratmaya bilməz. Əlbəttə, axırıncı 
sadalanan faktorlar heç də indi meydana gəlməmişdir. Lakin özlüyündə bu, ekoloji 
problemin ciddiliyini azaltmır. Sıx əhali cəmləşən yerlərdə onun neqativ təsir gücü 
daha  da  çoxalır.  Beləliklə,  özünə  daha  çox  sakin  cəlb  edən  paytaxt,  öz  ağuşuna 
almaqla onları əslində risqli bir mövcudluğa sövq edir. 
Belə  sürətli  urbanizasiya  –  bir  şəhərdə  ölkə  əhalisinin  az  qala  yarısının 
təmərküzləşməsi,  həm  də  arzuolunmayan  demoqrafik  situasiya  yaradır.  Ölkə 
ərazisinin  qalan  hissəsinin  əhalisi  seyrəkləşir,  həmin  bölgələrdə  fəal  məhsuldar 
qüvvələrin  azalması  iqtisadi  inkişafa  da  öz  mənfi  təsirini  göstərir,  öz  doğma 
yaşayış və fəaliyyət məhvərindən ayrılan insanlar yeni mühitdə istifadəsinə ehtiyac 
duyulmayan, gərəksiz fərdlərə çevrilirlər.  
Son  vaxtlar  regionların  inkişafı  sahəsində  aparılan  siyasət  yalnız  təqdir 
olunmalıdır.  Lakin  bu  siyasət  də  əsasən  rayon  mərkəzlərinin  abadlaşdırılması, 
sosial  infrastrukturunun  tərəqqisi  və  məhdud  sayda  iş  yerlərinin  açılması 
istiqamətində  getdiyindən  sanballı  iqtisadi  dirçəliş  üçün  təkan  rolunu  oynaya 
bilmir. Digər tərəfdən, paytaxtda əhali sıxlığının davam etməsi prosesinin qarşısını 
almağa  və  ya  zəiflətməyə  yönəldilmiş  iqtisadi  xarakterdə  olan  əlavə  tədbirlər  də 
görülmür. Məmur özbaşınalığına və digər neqativ hallara yol açan inzibati tədbirlər 
isə heç vəchlə məqbul sayıla bilməz və yaxşı haldır ki, belə tükənməz arsenala əl 
atılmır. 
Əslində,  paytaxtın  əhalisinin  sayının  böyüməsi  təbii  artımla  yanaşı  kənd 
regionlarından olan adamların miqrasiyası hesabına baş verdiyindən, bu obyektiv 
prosesin  qarşısını  bütünlüklə  almaq  da  mümkün  deyildir.  Hansısa  bir  “Berlin 
divarı”  burada  yenidən  öz  yararsızlığını  sübut  edəcəkdir.  Lakin  bu  axın  şəhərin 
müəyyən  həddlərdə  olan  qabiliyyətinə  təsir  göstərməmiş  qalmır,  axı  şəhərin  belə 
ifrat yükə ən uzaq perspektivdə də məruz qalacağını proqnozlaşdırmaq müşkül bir 
iş  idi.  Bu  isə  onunla  nəticələndi  ki,  ölkə  ərazisinin  kiçik  bir  hissəsində  nəhəng 
insan  kütləsinin  və  iqtisadi  fəaliyyətin  sıxlaşması  baş  verdi.  Məhz  buna  görə  də 
indi  həmin  problemi  əsaslı  qaydada  həll  etmək  vəzifəsi  ortaya  çıxmışdır.  Bakı 
ekoloji  və  ya  texnogen  fəlakətlə  üzləşməmişdən  əvvəl  bu  işi  görmək  lazımdır, 
gecikmiş və ya sonrakı tədbir yalnız artıq baş vermiş fəlakətin nəticələrini aradan 
qaldırmaq formasındakı bir iş xarakteri daşıyacaqdır. 
Bakı  artıq  sosial,  iqtisadi,  estetik  və  texnoloji  məqsədlərinə  nail  olmaq 
nöqteyi-nəzərindən  də  paytaxt  funksiyasını  yerinə  yetirməkdə  çətinlik  çəkir. 
Şəhərin  texniki  kommunikasiyaları  artan  əhali  və  nəqliyyat  sıxlığına  dözmür. 
Küçələr  dar  olduğundan  hərəkət  şəbəkəsi  rolunu  oynaya  bilmir.  İşıqlandırma, 
enerji  paylama  sistemi  ağır  yükə  tab  gətirə  bilmədiyindən  qəzaların  baş  verməsi 
çoxalır və ayrı-ayrı məskunlaşma massivləri saatlarla, günlərlə işıqsız qalır. Müasir 

51 
 
çoxmərtəbəli  şəhər  üçün  elektrik  enerjisinin  verilməsindəki  fasilə  az  qala  həyati 
proseslərin  özündə  də  arzuolunmaz  fasiləyə  çevrilir,  xüsusən  ahıllar  və  uşaqlar 
üçün ciddi məişət problemləri yaradır. Bu fasilə həyati əhəmiyyət kəsb edən bütün 
fəaliyyət  və  xidmət  növlərini  sıradan  çıxarır.  İri  şəhərin  sanitariya  vəziyyətində 
azacıq  çətinliyin  meydana  gəlməsi  sakinlərin  sağlamlığına  qorxu  yaratmaqla 
yanaşı, daha iri fəsadlara gətirib çıxara bilər. 
Problemin  həllini  sürətləndirməyi  tələb  edən  ən  vacib  amillərdən  biri 
şəhərdə  havanın  getdikcə  artan  dərəcədə  çirklənməsidir.  Sosialist  sənayeləşməsi 
obyektləri  beşilliklərin  zərbəçi  tikintiləri  hesab  edildiyindən,  sənaye  müəssisələri 
tikilərkən onların harada yerləşməsinə və ətraf mühitə necə təsir göstərəcəyinə elə 
bir  ciddi  əhəmiyyət  verilmirdi.  Bakıdakı  müəssisələrin  çoxu  ayrıca  sənaye 
zonasında deyil, yaşayış massivlərinin yaxınlığında yerləşdirilmişdi. İndi onlara az 
qala  Çernobıl  effekti  yaradan  nəhəng  avtomobil  kütləsi  əlavə  olunmuşdur.  Bu 
nəqliyyat isə yanacaq kimi karbohidrogenlərdən – benzindən, qazdan və digər neft 
məhsullarından  istifadə  edir.  Havanın  çirklənməsində  xüsusi  rol  oynayan  karbon 
dioksidin  miqdarının  çoxalması  birinci  növbədə  həmin  mineral  yanacaqlardan 
istifadə  ilə  əlaqədardır.  Bu  çirklənmə  həm  də  iqlimin  pisləşməsi  ilə  müşayiət 
olunur.  Əgər  ildə  təbii  yanacaqdan  istifadə  dörd  faiz  artırsa  və  havaya  buraxılan 
SO
2
-nin yarısı atmosferdə qalırsa, onun konsentrasiyası ildə beş dəfə artır. Bu isə 
havanın  temperaturunun  təqribən  yarım  faiz  yüksəlməsinə  gətirib  çıxarır. 
Paytaxtımızda  isə  yanacaqdan  istifadənin  artımı  kiçik  rəqəmlərlə  ifadə  oluna 
bilməz. 
Havanın çirklənməsi hesabına formalaşan yerli buludlardan yağış yağır, bu 
tüstü hesabına yağış yağdıqda onun qalıqları yer səthinə qayıdır. Uca binaları olan 
şəhərdə küləyin əsməsi də fərqli xarakter daşıyır və kənd yerlərinə nisbətən burada 
küləyin sürətinin illik səviyyəsi 20-30 faiz aşağı olur. Ona görə də şəhər ətrafdan 
isti olur, sıx və gur şəhərin havasının istiləşməsi isə getdikcə artır. 
Havanı 
çirkləndirən 
maddələr 
karbon, 
sulfat, 
azot 
oksidləri, 
hidrokarbonatlar,  avtomobillərdən  çıxan  işlənmiş  qazlar  olmaqla  insanın 
sağlamlığına  və  buna  xidmət  edən  bitkilərə  olduqca  mənfi  təsir  göstərir.  Şəhərin 
bitki  örtüyü  zəhərli  qazları  tutmaqda,  səs-küyü  azaltmaqda  sağlamlıqla  yanaşı, 
əsəblərin  sabitliyinə  də  böyük  köməklik  göstərmiş  olur.  Şəhərdəki  bitkilər 
fundamental  mənzərə  materiallarından  biri  olmaqla,  həm  də  mikroiqlim  yaradır. 
Özü də yaşıllıq canlı mənzərə olduğuna görə onların əmələ gəlməsi, böyüməsi və 
çürüməsi fazalarını nəzərə almaqla xüsusi qayğı və qulluq göstərilməsini tələb edir. 
Bakı  çox  az  yaşıllığı  olan  şəhərlər  sırasına  daxildir  və  burada  şair 
Mayakovski  vaxtilə  iki  cüt  bit  tək  yarpaq  gördüyünü  yazırdı.  Ötən  əsrin  70-ci 
illərində  şəhərin  su  təchizatı  yaxşılaşdırıldıqdan  sonra  paytaxtın  yaşıllaşdırılması 
sahəsində  böyük  işlər  görülməyə  başlandı  və  sakinlərin  də  yaşıllığa  münasibəti 
yaxşılığa doğru köklü surətdə dəyişdi. Təəssüf ki, son illərin tikinti “canlanması” 
şəhər  yaşıllığına  da  ağır  zərbə  vurmaqdan  yan  keçmədi.  Bir  neçə  il  əvvəl  əgər 
ağaclar  kəsilib  yerində  uca  mərtəbəli  evlər  tikilirdisə,  indi  bütöv  park  bütünlüklə 
məhv  edilib,  inşaat  meydançasına  çevrilir.  Beləliklə,  şəhər  havasının  təmizliyinin 
son  müdafiəçiləri  olan  ağaclar  qəddarlıqdan  xəbər  verən  qəsdlə  üzləşir,  bu 

52 
 
vəziyyətə  laqeydlik  isə,  Fuşenin  səhv  haqqında  dediyi  məşhur  sözlərdən  istifadə 
etsək,  “cinayətdən  də  betərdir”.  Ərəblər  qarşısına  çıxan  yaşıllığı  məhv  edən 
çəyirtkə sürüsünü  “boz  şeytan”  adlandırırlar. Şəhərin  yaşıllığını  məhv  edənlər də, 
yəqin ki, bu xislətdən xali deyillər. 
Şəhər  üçün  iqlim,  səs-küy,  çirklənmə,  görünmə  qabiliyyətinin  səviyyəsi 
vacib  amillər  hesab  olunur.  Bunların  qəbul  edilmə  dərəcəsi  vardır,  həmin 
rəqəmlərin həddi onlara dözmək astanasında dayanır. Havanın çirklənməsi ağ ciyər 
xəstəlikləri  əmələ  gətirdiyi  kimi,  səs-küy  də  adamların  iş  qabiliyyətinə  və  ya 
hamilə  qadınlara  öz  mənfi  təsirini  göstərir.  Bu  amillər  nəzərə  alınmaqla  çox  vaxt 
iqtisadi və sosial proseslər nəzərə çarpmaqdan gizlədilir. Axı mühitin özü fərdlərin 
əqli, emosional və fiziki cəhətdən böyüməsində az rol oynamır. Neqativ effektlər 
isə şəhəri artan dərəcədə taqətdən salır. 
Bir  vaxtlar  böyüməsinə,  qollarını  geniş  açmasına  sevindiyimiz  şəhər  indi 
sakinlərinin  sürətli  çoxalmasından  əziyyət  çəkir.  Bəzi  adamlar  giqantomaniyaya 
əsir düşərək, paytaxtın iri, nəhəng olması ilə iftixar hissi keçirir. Vaxtilə İran şahı 
Məhəmməd  Rza  Pəhləvi  paytaxt  Tehranın  3  milyonluq  şəhərə  çevrilməsinə  can 
atırdı. 1979-cu ildə o, taxt-tacdan qovulanda Tehran artıq onun arzu etdiyindən iki 
qat çox əhaliyə malik idi. İndi isə şəhər sakinlərinin sayı on milyonu keçmiş və bu 
çox  sayda  problemlər  yaratmışdır.  Ədalət  naminə  bizdə  belə  bir  arzu  ən  azı  açıq 
şəkildə ifadə olunmamışdı və paytaxtımızda sıxlığın artmasının tam fərqli səbəbləri 
var  idi.  Lakin  bu  da  hansısa  təskinlik  üçün  əsas  vermir.  Əgər  qonşu  ölkənin 
paytaxtında ölkə əhalisinin 8-də 1-i cəmləşmişdirsə, bizdə bu nisbət ən azı 5-də 2-
yə bərabərdir. On il də belə davam etsə, ölkə əhalisinin əksəriyyəti paytaxt adlanan 
kiçik bir adada (baxmayaraq ki, Abşeron əslində yarımadadır) təmərküzləşəcəkdir 
və  bu  ada  yaşayış  üçün  yararlılıq  xüsusiyyətlərini  daha  insafsızcasına  itirməyə 
başlayacaqdır. 
Sürətli  urbanizasiyanın  ən  çox  görünən nəticəsi  şəhər  mühitinin  pozulması, 
çürüməsidir.  Bu  proses  təkcə  qüsurlu  deyil,  həm  də  pisləşən  şəhər  mühiti  ilə 
müşayiət olunur. Əlbəttə, iqtisadi məkan kimi planlaşdırmada fəaliyyət yerləri və 
onlarla  bağlı  olan  məşğuliyyətlər  nəzərə  alınmalıdır.  Lakin  xaotik  inkişaf  yalnız 
problemlər  yaradır.  Adicə  bir  misal  kimi,  avtomobil  “canlanması”  prosesini 
götürək.  Şəhər  hərəkət  edən  və  dayanan  avtomobil  kütləsindən  çıxış  yolu  tapa 
bilmədiyindən, küçələr nəinki nəqliyyatın, hətta piyadaların hərəkəti üçün olduqca 
daralmışdır, bu isə nəqliyyatın sürətini xeyli azaltmış, bütün gün ərzində çox sayda 
tıxacların yaranmasına səbəb olmuşdur. Bütün bunlar şəhərin sadəcə məkan dəyəri 
olmasına olduqca mənfi təsir göstərir.  
Yenidən əvvəlki suala qayıtmaq ehtiyacı yaranır. Bakının problemlər kələfi 
adlanan “Qordi düyünü”nü açmaq cəhdləri heç bir nəticə vermədiyindən və ya ona 
ciddi  münasibət  bəslənilmədiyindən,  kiçik  ölçülər  və  tədbirlər  faydasız  olmaqla, 
şəraiti  əsaslı  qaydada  dəyişib  yaxşılaşdıra  bilməyəcəkdir.  Tarixdə  həmin  düyünü 
qeyri-adi  yolla,  özünəməxsus  cəsarətlə  açan  böyük  sərkərdənin  təcrübəsinə 
əsaslanaraq, xırda addımlarla deyil, inqilabi yolla hərəkət edib, bu məsələnin tam 
və qəti həllinə girişmək lazımdır. Bu cəsarətli iri addım uğur rəmzinə çevrilə bilər 
və  onun  mahiyyəti  paytaxtın  Bakıdan  başqa  yerə  köçürülməsidir.  Bu  ideya  ilk 

53 
 
baxışdan  nə  qədər  çətin,  mürəkkəb,  həm  də  kiçik  ölkə  üçün  ağır  maddi  xərclərə 
səbəb  olan  bir  iş  kimi  görünsə  də,  problemlərin  məhz  dərinliyi  onları  radikal 
qaydada  həll  etmək  zərurətini  də  meydana  çıxarmışdır.  Onlar  bizi  kabus  kimi 
izləməkdə davam edir və bundan xilas olmaq şansı istənilən xərcə (məlum həddlər 
çərçivəsində)  haqq  qazandırır  və  bu  addımı  hətta  cazibədar  və  iqtisadi  cəhətdən 
səmərəli  olan  bir  tədbirə  çevirir.  Problemlərin  miqyası  görüləcək  işin  miqyasının 
nəhəngliyindən  qorxmamaq  hissləri  yaradır.  Bu  barədə  yazıçı-jurnalist  Rəşad 
Məcidin  məqaləsində  bir  sıra  dəlillər  gətirilmişdir  və  yaxşı  ki,  bu  ideyanı  ortaya 
aranlardan  fərqli  olaraq  o,  psevdoromantik  hisslərdən  və  ideyaya  çələng 
geyindirməkdən uzağa qaçaraq, real mənzərəni və onun labüd etdiyi vəzifələri əsas 
götürmüşdür. 
İdeyanın  reallaşması  yollarına  yanaşmada  fərqli  münasibətlər  mövcuddur. 
Bəziləri  Gəncənin  1918-ci  ildə  qısa  müddətə  müstəqil  dövlətin  paytaxtı  rolunu 
oynadığını  əsas  götürərək  paytaxtın  Bakıdan  oraya  köçürülməsini  təklif  edirlər. 
Lakin  bu  şəhərin  də  yenidən  qurulmasının  yeni  paytaxt  tikməkdən  az  xərc  tələb 
etmədiyini və bir sıra həyati təchizat sahələrində çatışmazlıqlardan xali olmadığını 
nəzərə  alsaq,  bu  təklif  iqtisadi  və sosial  tələblər baxımından o qədər də cəzbedici 
təsir  bağışlamır.  Gəncəni  paytaxt  etmək,  əslində  yeni  bir  Bakı  yaratmaq  cəhdinə 
çevrilə  bilər  və  beləliklə  bu  dəfə  ölkə  əhalisinin  iki  nəhəng  şəhərdə  cəmlənməsi 
variantı  yaranar.  Bir  problemdən  yaxa  qurtarmaq  istədiyimiz  halda,  qeyri-iradi 
olaraq  ikincisini  yaratmış  olarıq.  Ən  vacib  məsələ  isə  Bakının  yükünü  azaltmaq, 
onun cəzbedici paytaxt “parıltısını” zəiflətməkdir. Həm də ölkəyə normal fəaliyyət 
göstərmək  imkanlarına  və  şəraitinə  malik  olan  mərkəzi  şəhər  lazımdır.  Məhz 
bunları  əsas  götürərək,  paytaxt  üçün  yeni  şəhər  salınması  düşüncəsi  ictimaiyyətə 
təklif  edilmişdir.  Bu  şəhər  yeni  ərazidə,  paytaxt  üçün  lazım  olan  xüsusiyyətləri 
nəzərə  almaqla  tikilsə  daha  yaxşı  olardı.  Şəhərin  yerləşəcəyi  coğrafi  ərazi, 
həmçinin gələcəkdə onun bütövləşməsi üçün qarşıdakı dövrü nəzərə almaq heç də 
az  əhəmiyyət  kəsb  etmir.  Yeni  paytaxt  milli  ənənələri  nəzərə  almaqla,  müasir 
texniki nailiyyətlərdən və şəhərsalma təcrübəsindən istifadə etməklə tikilməlidir ki, 
özünün, gələcək nəsillərin də tələblərinə uyğun gələn xarakterdə olduğunu büruzə 
verə bilsin. 
Bəziləri  yeni  paytaxtın  Şirvan  zonasında  salınmasını  təklif  edirlər.  Göyçay 
və  İsmayıllı  rayonlarının  sərhədlərindəki  yer  barədə  təkliflər  həm  coğrafi  mühit, 
həm  iqlimin  mülayimliyi  baxımından  məqbul  sayıla  bilər.  Dünyanın  ayrı-ayrı 
dövlətlərinin  paytaxt  köçürmə  təcrübələri  də  yeni  şəhər  salma  ideyasının  daha 
üstün  qaydada  qiymətləndirildiyini  təsdiq  edir.  Ona  görə  də  yeni  paytaxt  tikmək 
təklifi, mülahizəsi heç də xəyalpərəstlərin  “hava qəsrləri” tikmək arzusu olmayıb, 
orakulun daha çox reallıqdan irəli gələn sualına düzgün cavab vermək istəyindən, 
ölkənin  vəziyyəti  üçün  vətəndaşların  qayğı  hissləri  keçirmələrindən  xəbər  verir. 
Əlbəttə,  bu  təklifə  ağız  büzənlər  birinci  növbədə  ağır  xərclər  altına  girməyi  əsas 
əks  arqument  kimi  göstərəcəklər.  Heç  kəs  bu  xərclərin  çəkiləcəyini  inkar  etmir. 
Müftə pendirə qonaq olmaq yalnız kilsə siçanlarına müyəssər olur. Digər tərəfdən 
xəstəlik ağır olduqca onun müalicəsi daha böyük cəhdlər, müvafiq qaydada böyük 
məsarif  tələb  edir.  Sağlamlığın  bərpası  kimi  həyati  məsələdən  söhbət  gedirsə, 

54 
 
burada xəsislik əks-effekt verib, səhhəti daha da korlaya bilər. Axı iri problemdən 
xilas olmağın yolu hökmən əliaçıqlıqdan keçir və belə qanunauyğunluq heç kəsdən 
yan  ötmür.  Axı  Bakının  sıxlaşması  və  “modernləşdirilməsi”  bəlalarını  azacıq 
yüngülləşdirməyin  özü  də  xırda  məbləğlərə  başa  gəlməyəcəkdir.  Xəstəliyin 
dərinləşməsi isə xərcləri görünməmiş qaydada çoxalda bilər. 
Digər  kontr  arqument  kimi  xalqın  başqa,  daha  mühüm  problemləri  – 
Qarabağ  dərdi,  işsizlik,  ağır  sosial  çətinliklərin  mövcudluğu  göstərilə  bilər. 
Hamının ümumi bir istək və arzusuna uyğun olaraq həmin dərdlərə əncam çəkilsə 
belə, Bakını taqətdən salan problemlər öz neqativ və acı rolunu oynamaqda davam 
edəcəkdir. Ona görə də, münasibət bildirənlərin hər biri, xüsusən dövlət siyasətini 
hazırlayanlar  və  həyata  keçirənlər  bunun  taleyüklü  məsələ  olduğunu  nəzərə 
almaqla yanaşı, həm də uzaq perspektivi və inkişaf yolundakı çətinlikləri indidən 
görməyi  və  düzgün  qiymətləndirməyi  bacarmalıdırlar.  Dövlətin  aqibəti  üçün 
məsuliyyət  daşıyanlar  qarşıdakı  illərin  dumanla  örtülmüş  tutqunluğunda  optimal 
yolu  seçib,  ölkə  və  xalq  üçün  yaxşı  olanı  vəd  edən  qərarı  verməkdə  qətiyyətlilik 
nümayiş  etdirməlidirlər.  Cari  dövrün  çətinliyi  xoşbəxt  gələcək  perspektivini 
gerçəkləşdirmək  və  yaxınlaşdırmaq  iradəsinə  xələl  gətirməməlidir.  Siyasi  iradə 
olan  yerdə  böyük  layihə,  iri  miqyaslı  iş  həm  də  böyük  enerji  və  coşğun  ehtiras 
yaradar,  qüvvələri  səfərbərliyə  almaqda  və  vəzifəni  ümummilli  səviyyəyə 
qaldırmaqda hər cür maneələri dəf edə bilər. 
Digər  tərəfdən,  ümumilikdə  paytaxtın  köçürülməsi  ideyası  heç  də  elə  bir 
yenilik deyildir və müxtəlif dövlətlər özlərinin vacib saydığı siyasi, iqtisadi, sosial 
və  geopolitik  səbəbləri  əsas  götürərək  belə  bir  addım  atmaqda  tərəddüd 
göstərməmişlər.  Belə  bir  ideyanın  gerçəkləşməsi  üçün  ölkənin  iqtisadi  qüdrətinin 
möhkəmlənməsini  gözləməyin  özü,  problemə  iti  düşüncə  tərzi  ilə  yanaşmamağın 
əlaməti sayılmalıdır. Axı öz paytaxtlarını dəyişən dövlətlər hətta iqtisadi cəhətdən 
zəif  olanda  belə,  həmin  qərarı  verməkdən  və  onu  həyata  keçirməkdən 
çəkinməmişlər. Nümunələr göstərir ki, varlı və ya kasıblığından asılı olmayaraq bu 
işi ortaya atan dövlətlər yeni paytaxt yaratmaq istəyini onun real təsvirdə görməklə 
gerçəkləşdirmişlər.  
Avropada  şəhər  ənənəsi  qədim  olduğundan,  iri  və  kiçik  şəhərlər  şəbəkəsi 
ölkə  ərazisini  bürüdüyündən  və  onların  sıxlığı  üzündən  bu  qitənin  ölkələrindəki 
paytaxtlar Yer kürəsinin digər regionlarındakı kimi cəlbedicilik nöqteyi-nəzərindən 
elə  böyük  əhəmiyyət  daşımırlar,  adamlar  heç  də  onlarda  məskunlaşmağa  can 
atmırlar.  Həm  də  əhali  mərkəzi  şəhərlərə  bizdə  olduğu  kimi  “çörək  qazanmaq”, 
“bəxtini  sınamaq”  yeri  kimi  baxmır.  Dövlət  qulluğuna  keçmək  sahəsində  bizdə 
olan  aludəçilik  hissi  onlara  yaddır.  Dövlət  işi  də  adamların  özünü  reallaşdırması, 
təsdiq etməsi üçün ən ümdə və daha çox qəbul edilən imkan rolunu oynamır. Ona 
görə  də  Avropa  ölkələrində  paytaxta  yönələn  “mərkəzəqaçma”  qüvvəsi  olduqca 
zəifdir və ya bu, o qədər də ciddi hiss olunmur. 
Paytaxtın  köçürülməsinin  konkret  misallarına  gəldikdə,  müxtəlif  səbəblər 
məcmusu dövlətləri bu tədbirə əl atmağa sövq etmişdir. Müəyyən təsəvvürə malik 
olmaq  üçün  tarixə  müraciət  etmək  olar.  İspaniyada  XV  əsrin  ikinci  yarısında 
mərkəzləşmiş  dövlətin  özəyi  yaradıldıqdan  sonra  ilk  paytaxt  Toledo  şəhəri  oldu, 

55 
 
bir qədər sonra paytaxt Valyadolidə, oradan isə 1561-ci ildə Madridə köçürüldü və 
dörd  əsr  yarımdır  ki,  müxtəlif  faciələrlə  üzləşməsinə  baxmayaraq,  şəhər  paytaxt 
rolunu uğurla oynayır. 
Başqa bir misal. 1871-ci ildə birləşmiş Almaniya və ya II Reyx yaradıldıqda, 
Bismarkın  başçılığı  altında  Prussiya  aparıcı  alman  dövləti  kimi  Avstriyanı  əvəz 
etdi, onun paytaxtı Berlin isə yeni yaranan ümumalman dövlətinin paytaxtı oldu. II 
Dünya  müharibəsi  məğlub  olan  Almaniyanın  parçalanması  ilə  nəticələndi  və 
qərbdəki  işğal  zonaları  1949-cu  ildə  birləşdikdən  sonra  Almaniya  Federativ 
Respublikasının  paytaxtı  Bonn  şəhəri  oldu.  Müharibənin  başa  çatmasından  45  il 
sonra Qərbi və Şərqi Almaniya 1990-cı ildə yenidən birləşdikdə bu vaxtadək ADR-
in  paytaxtı  olan  Berlin  yenidən  vahid  Almaniyanın  paytaxtına  çevrildi.  Rus  çarı 
Böyük  Pyotr  Şimal  müharibəsində  isveçlərə qalib gəlib,  Baltikdə dənizçilik üçün 
imkan  əldə  etdikdə  Fin körfəzində  1703-cü  ildə  Sankt-Peterburq  şəhərini  saldı və 
bu  gənc  şəhər  doqquz  il  sonra  Moskvanı  əvəz  edərək  Rusiya  dövlətinin  paytaxtı 
oldu. Lakin 1918-ci ildə Leninin başçılıq etdiyi Xalq Komissarları Soveti vətəndaş 
müharibəsinin gedişində yaranan təhlükəni, həmçinin xarici müdaxilə üçün şəhərin 
müdafiəsinin  kövrək  olduğunu  əsas  götürərək  paytaxtı  yenidən  Petroqraddan 
(Sankt-Peterburq  1914-cü  ildən,  I  Dünya  müharibəsinin  başlanğıcından  bu  adı 
qəbul  etmişdi)  Moskvaya  köçürdü  və  II  Dünya  müharibəsinin  gedişi  bu  qərarın 
düzgün  olduğunu  bir  daha  sübut  etdi.  Napoleonun  1812-ci  ildə  Moskvanı  işğal 
etməsindən  fərqli  olaraq,  Hitler  ordusu  şəhəri  ələ  keçirə  bilmədi  və  burada  ilk 
məğlubiyyətə uğradı. 
Avropada  paytaxt  dəyişmə  praktikası  əsasən  belə  az  sayda  misallardan 
ibarətdir.  Amerika  Birləşmiş  Ştatlarında  ilk  prezident  seçilən  Corc  Vaşinqton 
özünün ilk inauqurasiyasını 1789-cu ildə cəmisi bir illiyə müvəqqəti paytaxt olan 
Nyu-Yorkda  keçirdi. Sonra paytaxt  istiqlaliyyətin beşiyi  olan  Filadelfiyaya  köçdü 
və on il müddətində bu şəhərdə qaldı. Lakin onun da paytaxt missiyası müvəqqəti 
idi.  Potomak  çayının  sahilində  salınan  yeni  şəhər  ölkənin  birinci  prezidentinin 
adını  daşımaqla  məhz  paytaxt  məskəni  olmaq  üçün tikilirdi, bu  məqsədlə də  ona 
Merilend  ştatının  torpaqlarının  bir  hissəsi  ayrılmışdı.  Çünki  bu  şəhər  heç  bir  ştat 
ərazisinə  daxil  olmadan  müstəqil  dairə  səlahiyyəti  daşıyacaqdı.  1801-ci  ildə 
prezident Tomas Cefferson ilk inauqurasiya nitqini bu şəhərdə etdi. Hökumət bura 
köçəndə yalnız prezidentin iqamətgahı olacaq Ağ ev tikilib qurtarmışdı, Konqress 
binası olan Kapitolinin isə yalnız bir qanadının inşası başa çatmışdı. Bura açıq çöl 
idi.  Şəhərdə  qalmaq  üçün  yer  olmadığından  konqressmenlər  gündə  bir  neçə  mil 
məsafə  qət  edirdilər.  Burada  Filadelfiyanın  sosial  rahatlığından  və  dəbdəbə 
parlaqlığından əsər-əlamət yox idi. Atmosferin belə kəskin qaydada dəyişməsi yeni 
paytaxta  daha  çox  uyğun  gəlirdi.  Vaşinqton  sonralar  gözəl  bir  şəhərə  çevrildi. 
Lakin  paytaxt  ciddiliyini  və  sadə  möhtəşəmliyini  qoruyub  saxlaya  bildi.  İşgüzar 
mərkəz  olan  Nyu-Yorkun dəbdəbəsinə  və hay-küyünə burada  indi də  rast  gəlmək 
mümkün deyildir. Bu şəhərdə məmur intizamı, səliqə-səhmanı və ciddiyyəti hökm 
sürür.  Şəhər  elə  bil  ki,  fövqəldövlətin  ali  idarələrinin  rahat  işləməsi  prinsiplərinə 
uyğun  olaraq  tikilmişdir.  Şəhərin  arxitekturasında  da  klassik  irsə  böyük  ehtiram 
bəslənildiyi hiss olunur. 

56 
 
Cənubi  Amerikada  isə  Braziliya  XX  əsrin  ortalarında  Kubiçekin 
prezidentliyi  dövründə  öz  paytaxtını  dəyişdirmək,  daha  doğrusu  yeni  paytaxt 
şəhərini  salmaq  qərarına  gəldi.  Gələcək  paytaxt  olacaq  Brazilia  şəhəri  ölkənin 
qərbinin  mərkəzində  tikilmişdi  və  1960-cı  ildə  ali  dövlət  orqanları  səs-küylü,  sıx 
liman  şəhəri  olan  Rio-de-Janeyrodan  buraya  köçürüldü.  Şəhər  dünya  şöhrətli 
memar  Oskar  Nimeyerin  layihəsi  əsasında  tikilmişdi,  buradakı  ictimai  binalar 
insanın  kosmosla  əlaqəsini  təcəssüm  etdirirdi.  Şəhərin  özü  də  dünya  irsinin  yeri 
kimi  nəzərdə  tutulmuşdu.  Qırx  ilə  yaxın  bir  müddətdə  şəhərin  əhalisi  artaraq  2 
milyona  çatmışdır,  lakin  ölkənin  ümumi  əhalisi  ilə  müqayisədə  (cəmi  1,3  faizini 
təşkil edir) bu elə də böyük rəqəm hesab edilməməlidir. 
Əgər  bəslənilən  arzular  və  az  qala  fantastik görünən  plan həyata  keçsəydi, 
biz bir  Avropa  dövlətinin paytaxtının  Afrikaya  köçməsinin  də şahidi ola  bilərdik. 
İqtisadi  cəhətdən  digər  Qərbi  Avropa  dövlətlərindən  xeyli  geri  qalan 
Portuqaliyanın  1968-1974-cü  illərdə  baş  naziri  olan  Marselo  Kaetanu  görkəmli 
iqtisadçı  kimi  öz  ölkəsini  bu  gerilikdən  qurtarmaq  naminə  Afrikadakı  iri 
müstəmləkəsinin  sərvətlərindən  daha  səmərəli  qaydada  istifadə  etmək  üçün 
paytaxtını  Lissabondan  Anqolanın  paytaxtı  olan  Luandaya  köçürmək  fikrinə 
düşmüşdü.  Anqolanın  iqtisadi  potensialı  tam  dolğunluğu  ilə  fayda  verəcəyi 
təqdirdə,  xüsusən  onun  təbii  sərvətləri  Portuqaliyanın  Avropanın  “kəndi”  olması 
“şərəfinə” birdəfəlik son qoyacaqdı. Ona görə də Luanda yenidən quruldu, okeanın 
sahilinə  yuxarıdan aşağı düşən bu  şəhərin  yerinin əlverişliliyinə  söz  ola bilməzdi. 
Ona  möhtəşəmlik  libası  və  Avropa  tipli  şəhər  dəbdəbəsi  vermək  üçün  küçələr 
Köhnə  Dünyanın  paytaxtlarının  ən  məşhur  küçələrini  andıran  üslubda  tikildi, 
nəticədə  onlardan  biri  Rivolini,  digəri  Pikadillini  xatırladırdı.  Lakin  Anqola 
xalqının müstəmləkə boyunduruğundan azad olmaq uğrunda apardığı mübarizə və 
nəhayət 1975-ci ildə dövlətin özünü müstəqil elan etməsi Kaetanunun bu cəsarətli 
planının  baş  tutmasına  imkan  vermədi  və  olduqca  qəribə  görünən  ideya  özünə 
bənzər  digərləri  kimi  ximeraya  çevrilərək,  dünyanın  ən  iri  qəbiristanlığında 
uyumalı oldu. 
Digər  canlı  və  daha  yaxından  görünən  nümunə  isə  Qazaxıstanın  öz 
paytaxtını  2000-ci  ildə  Alma-Atadan  Astana  adlanacaq  Akmola  şəhərinə 
köçürməsi  oldu.  Əslində  paytaxtın  Akmolada  yerləşməsi  nisbi  xarakter  daşıyır. 
Çünki  şəhər  qısa  müddətdə  yenidən  quruldu  və  daha  doğrusu  bu  ərazidə  yeni 
paytaxt  salındı,  kiçik  əyalət  şəhəri  yeni  təyinata  lazım  olan  gözəl  saraylarla,  iri 
meydanlarla, geniş küçələrlə zənginləşdi. 
Asiyanın  digər  dövlətlərində  də  paytaxt  şəhərlərinin  dəyişdirilməsi  nadir 
hadisə  hesab  olunmur.  Çin  də,  Yaponiya  da  öz  paytaxtlarını  bir  neçə  dəfə 
dəyişmişdir.  Yaxın  qonşularımız  olan  İran  və  Türkiyə  də  bu  tədbirə  ehtiyac 
duymuşdular. Qədim tarixə malik olan İranın (1935-ci ilə qədər bu dövlət Persiya 
adlanırdı)  ilk  paytaxtı  Ekbatana  (indiki  Həmədan)  şəhəri  olmuşdu.  Bu  ölkə  eyni 
vaxtda qış və yay paytaxtlarına, həmçinin bir neçə paytaxta malik olmuşdu. Persiya 
çarı  Kserks  (miladdan  əvvəl  V  əsr)  paytaxt  şəhərləri  olan  Suza,  Ekbatana  və 
Persepolisin  rahatlığından  həzz  almaqla,  dövlət  işlərindən  uzaqlaşırdı.  Dörd  əsr 
ərzində (224-651-ci illər) hökmranlıq etmiş Sasanidlərin qış paytaxtı Dəclə çayının 

57 
 
üstündəki, vaxtilə Babilistanın mərkəzi şəhəri olan Ktesifon idi. Xəqani bu şəhərin 
qalıqlarını  “Mədain  xərabələri”  kimi  xatırlayır.  XVI  əsrin  əvvəllərindən  Şah 
İsmayılın  iradəsi hesabına  Təbriz  Səfəvilər  dövlətinin paytaxtı oldu.  Lakin sülalə 
şəhərin  müdafiə  üçün  zəif  olduğunu  əsas  götürərək  paytaxtı  buradan  Qəzvinə 
köçürdü. Sonra isə paytaxt rolu İsfahan şəhərinə keçdi, 1788-ci ildə isə Tehran onu 
sıxışdırıb paytaxt funksiyasını öz əlinə keçirdi.  
Türkiyənin  paytaxtı  1453-cü  ildə  Mehmet  Fatehin  işğal  etdiyi  və  Sultan 
tərəfindən adı İstanbula dəyişdirilən məşhur Konstantinopol şəhəri oldu. Bu şəhər 
bir  minillikdən  artıq  müddətdə  (330-cü  ildən  başlayaraq)  Şərqi  Roma 
imperiyasının  (Bizansın),  sonra  isə  beş  əsrə  yaxın  bir  dövrdə  Osmanlı 
imperiyasının  paytaxtı  oldu.  Osmanlı  imperiyası  dağıdıldıqdan  və  Türkiyə 
Respublikası  yarandıqdan  sonra  ağır  müharibədən  çıxmış  gənc  dövlətin  paytaxtı 
1923-cü  ildə  əsasən  Avropanın  xirtdəyində  yerləşən  İstanbuldan,  ölkənin  Asiya 
hissəsinin  içərilərində  yerləşən  Ankaraya  köçürüldü.  Gənc  dövlət  öz  paytaxtına 
olan  təhlükə  ilə  bu  yolla  sovuşmaq  istəyirdi,  çünki  bundan  hələ  yarım  əsr  əvvəl, 
1878-ci ildə Rusiya ordusu İstanbulun az qala qapısına çatmışdı. 
Paytaxtlar  müxtəlif  səbəblər  üzündən  dəyişdirilmiş,  bir  yerdən  başqa  yerə 
köçürülmüşdü.  Bu  misallardan  bizə  daha  uyğun  gələni  Birləşmiş  Ştatların, 
Braziliyanın  və  Qazaxıstanın  nümunələridir.  Axırıncı  iki  dövlət  əsasən  daxili 
siyasət  məsələlərini  əsas  götürərək  bu  addımı  atmışdır.  Qazaxıstan  geopolitik 
çalarları da nəzərə almağa məcbur olmuşdu. Əvvəlki paytaxtların sıxlığı və ölkənin 
əsas  ərazilərindən  uzaqda  olması,  bir  növ  ayrılması  da  bu  səbəblər  içərisində 
müəyyən  yer  tutur.  Bizim  ölkəmizdə  isə  başlıca  səbəb  paytaxtın  sürətli 
urbanizasiyadan  məruz  qaldığı  və  həlli  xeyli  qaydada  çətinləşən  problemlərdir. 
Kiçik  ölkənin  böyük  şəhərinin  özündən  də  iri  görünən  problemləri  məhz  belə 
köçürülmənin labüdlüyünü fikir gündəliyinə gətirmişdir. Bakının bundan sonra da 
böyüməsinin,  sıxlaşmasının  davam  etməsi  onu  yaxınlaşan  fəlakətlə  üz-üzə  qoya 
bilər,  bu  isə  öz  növbəsində  ümummilli  bəlaya,  faciəyə  çevrilər.  Paytaxtın 
böyüməsinə,  ifrat  sıxlığına  can  atanlar  anlamalıdırlar  ki,  hansı  xoş  məramı 
güdmələrindən  asılı  olmayaraq,  belə  dəhşətli  gələcəyi  yaxınlaşdırmağa  xidmət 
etdiklərindən  məhz  ziyanlı  fəaliyyətlə  məşğul  olurlar  və  onların  əməli  quruculuq 
haləsinə bürünsə də, daha çox dağıdıcılıq xarakteri daşıyır. Vaxtilə Kahin Laokoon 
öz Allahının iradəsi əsasında hərəkət edərək həmvətənlərini – troyalıları yunanların 
(danaylıların) hədiyyəsindən imtina etməyə çağırırdı. Lakin ona qulaq asmadılar və 
yunanların  bağışladığı  “Troya  atını”  qəbul  edib,  onu  şəhərin  içərisinə  gətirdilər. 
Agacdan düzəldilmiş atın qarnından çıxan yunanlar şəhəri zəbt etdilər. Gözəl şəhər 
yunanlar  tərəfindən  darmadağın  edildi.  Bu  hədiyyə  də  tarixdə  məkr  və  faciə 
simvoluna  çevrildi.  Vergili  Laokoonun  troyalılara  xəbərdarlıq  harayını  “Timeo 
Danaos  et  dona  ferentes”  –  “Hətta  hədiyyə  gətirən  danaylılardan  qorxuram” 
sözlərində ifadə edir. İndi Bakıda böyük miqyasda quruculuqla məşğul olanları da 
belə harayla dayandırmaq vaxtı gəlib çatmışdır. 
Əlbəttə, yalnız siyasi iradə bu məsələni bütünlüklə və qəti şəkildə həll edə 
bilər. Əgər paytaxtın köçürülməsi və yeni baş şəhər salınması qərarı verilsə, onun 
həyata  keçirilməsi  ümumxalq  işinə  çevrilər  və  hər  kəs buna  öz  töhfəsini verməyə 

58 
 
ruhlanar.  Həmin  şəhər  millətin  yeni  qürur  rəmzinə  çevrilməlidir.  Belə  baxış  isə 
şəhərin  planlaşmasına  və  inşasına  daha  yüksək  tələblər  qoyulmasını  şərtləndirir. 
Yeni  şəhər  həm  gözəlliyi,  həm  də  öz  təyinatına  uyğun  gəlməsi  ilə  seçilməlidir. 
Onun  geniş  küçələrini,  Parisdəkinə  bənzər  bulvarlarını  yaraşıqlı  ictimai  binalar, 
ticarət 
mərkəzləri, 
əyləncə  yerləri  bəzəməlidir.  Şəhərsalmanın  ümumi 
qanunauyğunluqlarından  qaçmaq  mümkün  olmadığı  kimi,  XXI  əsrin  şəhərinə 
primitiv  düşüncə  tərzindən  yanaşmaq  da  ağılsızlıq  olardı.  Şəhərin  layihəsini 
işləyənlər  güman  ki,  həm  təbii  şəraiti,  şəhərin  funksional  fəaliyyətini,  həm  də 
gələcəkdə  müəyyən  çərçivədə  böyümə  perspektivini  nəzərə  alacaqlar.  Axı  burada 
yaradılacaq və qurulub saxlanacaq sosial və iqtisadi mühitdə şəhərin gözə çarpan 
forması  əks  olunacaqdır.  Layihənin  prinsipial  məqsədi  isə  insanın  yaşadığı  və 
işlədiyi məkan keyfiyyətini yaxşılaşdırmaqdan ibarət olmalıdır. Bunun reallaşması 
ilə  həm  də  insan  həyatının  keyfiyyəti  yaxşılaşır.  Bu  cəhəti  də  nəzərə  almaq 
lazımdır  ki,  sosial  həyat  mühiti  onların  bünövrəsində  olan  problemlərin  təsirinə 
məruz qalır və qarşılıqlı olaraq onlara da öz təsirini göstərir. 
Yeni  şəhərin  layihəsi  daha  ambisiyalı  olmaqla,  həm  də  daha  uğurlu 
görünməlidir.  Bəlkə  də  “təbiətə  qayıdış”  barədəki  köhnə  ideya  ilə  bağlı  olan 
ekoloji  tarazlıq  mövzusuna  yenidən  müraciət  etmək  faydasız  olmazdı.  Şəhər 
sakinlərinin  sağlamlığı  tələblərinə  riayət  edilməsi  məcburi  amillər  kimi  nəzərdə 
tutulmalıdır.  Doğma  şəhərimizin  acı  təcrübəsindən  bizə  məlum  olduğu  kimi 
torpağın,  havanın  güclü  çirklənməsi  uzun  müddətli  nəticələr  verən  ən  ağır 
problemlərdir. Onların qarşısını almaq üçün xüsusi tədbirlər həyata keçirilmirsə və 
ya  bu  tədbirlər  üçün  şərait  yoxdursa,  vəziyyət  daha  da  ağırlaşır.  Şəhər  mühiti 
psixiki  sağlamlığa  da  mənfi  təsir  göstərən  xüsusiyyətlərə  malikdir.  Ona  görə  də 
arzuolunan  mikroiqlim,  səs-küy  səviyyəsi,  mühitin  daşıdığı  digər  əlamətlər, 
sakinlərin  təchizatı  və  ictimai  küçələrdə  yaşayış  məkanı  və  hərəkətin  təşkili 
məsələləri kompleks şəkildə həll olunmalıdır. 
Şəhərdə yəqin ki, həm kommersiya mərkəzləri, mərkəzi dairələr, həm də iri 
xəstəxanalar  olacaqdır.  Universitet  şəhərciyi  şəhərin  cəlbedici  hissəsinə 
çevrilməlidir. Meksika paytaxtının kənarındakı Mexiko Muxtar Universitetinin iri, 
geniş, tələbələrin təhsili və məişət qayğıları üçün hər cür şərait bəxş edən şəhərciyi 
yaxşı  nümunə  rolunu  oynaya  bilər.  Yaxud,  Budapeştdə  Sorosun  tikdirdiyi  və 
maliyyələşdirdiyi  Mərkəzi  Avropa  Universitetinin  binası  da  gözəl  tədris  şəraitinə 
malik  olmaqla  yanaşı,  tələbələrin  çoxsaylı  tələbatlarının  hərtərəfli  ödənilməsinə 
imkan yaratması ilə belə şəhərciyi xatırladır.  
Yeni  şəhərdə  tikilən  binalar  həm  də  təbiətə  inteqrasiya  modellərinə 
uyğunluğu  ilə  seçilməlidir,  ərazinin  relyefi  arxitektura  seçimində  nəzərə 
alınmalıdır,  Bakıdakı  uğursuz  qarışıqlıq  burada  təkrar  olunmamalıdır.  Bu  gün 
xalqımız bu tipli zövqsüzlükdən xəbər verən göydələnlərə heç də arzuolunan ideal 
kimi baxmır, onları şəhərin gözəyatımlı panoramasını pozmaq vasitəsi hesab edir. 
Yeni şəhər yüksək zövqü nümayiş etdirən arxitektura nümunələrinin zənginliyi ilə 
seçilməlidir.  Əgər  məsələ  real  olaraq  gündəliyə  çıxsa,  layihəyə  yalnız  beynəlxalq 
tender  elan  etməklə  razılıq  vermək  olar.  Bu  sahədə  indi  Qaudi,  Korbyuze  və 
Nimeyer  kimi  memarlar  olmasa  da,  istedadda  və  yenilik  hissində  onların 

59 
 
ardıcıllarının  bu  şəhərin  baş  planının  hazırlanmasında  və  tikilməsində  iştirak 
etmələri  gözəl  səmərə  verərdi.  Bu  heç  də  o  demək  deyildir  ki,  Bakı  ümdə 
qayğılardan kənarda qalmalıdır. Bu şəhər xalqımızın tarixinə pozulmaz səhifələrlə 
nəqş  olunmuşdur.  Onun  taleyinə  biganəlik,  laqeydlik  göstərilməməlidir.  Bu  gün 
onu  sıxan  ekoloji  və  texniki  problemlər  zamanın  törəməsi  olmaqla  yanaşı,  elə 
həddə çatmışdır ki, oradan arzuolunmayan hadisələrin, kataklizmlərin üfüqləri göz 
önündə canlanır. Paytaxt funksiyası onun üzərindən götürülsə, ən azı problemlərin 
dərinləşməsinin  qarşısı  alınardı.  Doğma  şəhəri  qoruyub  saxlamaq  bu  gün  hamını 
düşündürməlidir. 
Biz faciələrlə üzləşmiş çox şəhərlərin acı talelərinə bələdik. Homerin dühası 
hesabına  Troyanın,  Polibinin,  Tit  Livinin  əsərləri  vasitəsilə  Romanın  dünya 
dövlətinə  çevrilməsi  iddiasının  nəticəsi  kimi  Karfagenin,  fransız  tədqiqatçılarının 
zəhməti  hesabına  qonşuların,  sonra  isə  təbiətin  vurduğu  zərbənin  bəhrəsi  kimi 
Anqkorun  fəlakətli  sonluqları  barədə  çox  eşitmişik.  Kiçik  Asiyada  varlı  ticarət 
şəhər-dövləti olan Troya yunanların qısqanclığını alovlandırmaya bilməzdi. Aralıq 
dənizi  ticarətində  az  qala  hakim  mövqeyə  yiyələnmiş  gözəl  Karfagen  şəhəri 
Romanın  rəqibi  kimi  məhv  olmasa,  axırıncı  öz  uzağa  gedən  planlarını  həyata 
keçirə  bilməzdi.  Kxmerlərin  paytaxtı  olan  Anqkor  gözəl  məbədləri  ilə  elə  bil  ki, 
qonşularını ona yiyələnməyə həvəsləndirdi. Şəhər yadelli taylar tərəfindən tutuldu, 
viran  qoyuldu,  sonra  isə  cəngəlliklər  lotos  qönçəsini  andıran  qüllələri  olan  bu 
məbədlər şəhərini öz əsarəti altına aldı. İnsan zəkasının və əməlinin gözəl abidəsi 
sayılan bu  şəhərlər  tarixdən  silindi,  yalnız  xatirələrdə və  müdhiş xarabalıqlarında 
yaşamağa  başladı.  İtaliyadakı  Pompeyi  və  Herkulanum  Vezuvi  vulkanının  ən 
dağıdıcı  püskürməsinin  qurbanları  oldu.  Konkistadorlar  Peruda  qızıl  və  gümüşə 
bəzədilmiş  sarayları  olan  Kuskonu  viran  qoydular,  XX  əsrdə  isə  faşistlər 
Gernikanı, Koventrini, Oraduru xarabalıqlara çevirdilər. Erməni qəsbkarları həmin 
əsrin sonunda çox sayda şəhərlərimizi və digər yaşayış məntəqələrimizi ağlasığmaz 
vandalizmə məruz qoydular. 
Xoşbəxtlikdən paytaxtımızın üzərinə düşmən qüvvələri və ya təbiət yerimir. 
Lakin  özünə  təskinlik  verməyə  də  elə  bir  əsas  yoxdur.  Çünki  Anqkordan  fərqli 
olaraq  Bakıya  şəhərin  “nəcib”  sakinlərinin  yaratdıqları  “cəngəlliklər”  hücum 
çəkmişdir.  Bu  qüvvələr  qocaman,  həm  də  gənc  şəhər  olan  Bakının  təkcə 
“baharına”  zərbə  vurmaqla  kifayətlənməyib,  onun  solğun  “payızına”  da  təcavüz 
etməkdən  əl  çəkmirlər.  Onlar  ram  edilməsə,  onların  dağıdıcı  “quruculuğuna”  son 
qoyulmasa daha ağır haqq ödəmək lazım gələcəkdir. 
Tarixin  ibrətamiz  dərsləri  bizə  çox  şeyi  öyrədir.  Hər  bir  xalq  malik  olduğu 
sərvətlərin  qədrini  bilməlidir,  onu  qorumağı,  pisləşməyə,  dağılmağa  qoymamağı 
bacarmalıdır. Bu ümumi prinsip məqbul sayılırsa, Bakı orta əsr rıtsarlarının zirehli 
geyimi  kimi,  onun  hərəkətini  çətinləşdirən  paytaxt  libasından  azad  olunmalıdır. 
Bunun  ikinci  tərəfi  yeni  baş  şəhərin  əsasının  qoyulması,  yeni  paytaxtın 
yaranmasıdır.  Münasibətlərin  diametral  fərqliliyindən  asılı  olmayaraq,  ideya  öz 
mahiyyətini  və  aktuallığını  itirmir.  Vaxt  keçdikcə  məsələ  öz  vacibliyini  daha 
kəskinliklə  xatırladacaqdır.  Məgər  həyəcan  zənginin  daha  gur  səslənməsini 
gözləməkmi lazımdır? Burada cavab sualın özündən doğur. 

60 
 
“525-ci qəzet”, 20.01.2006 
 
 
 
Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin