TƏMİz və NİKBİN İnsan



Yüklə 16.04 Kb.
PDF просмотр
tarix29.05.2017
ölçüsü16.04 Kb.

TƏMİZ VƏ NİKBİN İNSAN

 

 

Neçə il bundan qabaq bir gün Mehdi Hüseyngildə qıvrımsaçlı 



bir oğlan gördüm. Mehdi 

ONU MƏNƏ 

təqdim edib dedi:

 

- Bu cavan həkim Əli Ağabəyli ilə tanış ol. Tibb institutunda Fatma xanımla bir yerdə oxuyublar. 



Mehdinin xanımı Fatma xanım da onun haqqında dedi ki, çox mədəni, ləyaqətli oğlandır, sizin 

ədəbiyyət aləmindən də yaxşı xəbərdardır! 

Sonra doktor Əli bəy bizə də gəldi və biz də o vaxtdan dost olduq. Məlum oldu ki, doktor həm də 

ədəbiyyat həvəskarıdır, hətta kiçik hekayələr də yazır. 

Əli bəy həkimliyə başladığı vaxtdan Sabirabadda, özü tikdirdiyi altı otaqdan ibarət kürsülü 

evində yaşayır. Balaca həyətində cürbəcür ağaclar, güllər əkir. Mən ilk dəfə Sabirabadda Əli 

bəyə qonaq gedəndə ən çox maraqlandığım onun kitabxanası oldu. Doğrusu, birinci dəfə idi ki, 

Sabirabad kimi balaca qəsəbədə o cür zəngin və son dərəcə səliqəli şəxsi kitabxana görürdüm - 

Avropa, Amerika yazıçılarından tutmuş, dünya klassiklərinin məşhur əsərlərinəcən. Mənim üçün 

o da çox maraqlı idi ki, bu zəngin, səliqəli kitabxananın sahibi Əli bəy müasir dünya və o 

zamankı sovet ədəbiyyatı haqqında aydın təsəvvürə malik bir ziyalı idi. Bu barədə onunla xeyli 

söhbətimiz olurdu. Mənim üçün o da çox maraqlı idi ki, doktor Əli bəy sovet ədəbiyyatının necə 

cansıxıcı, yanlış bir yolda olduğunu aydın hiss edirdi. Sosializm realizrmi ideyasından zəhləsi 

gedirdi. 

- Bu açıq-aşkar həyati həqiqətləri saxtalaşdırmaq deməkdir! - deyirdi. 

Bir dəfə mən bizim respublikada, Moskvada çıxmış, kolxoz quruluşunu, «partiya rəhbərliyini» 

tərifləyən qalın cildli romanların adını çəkərək soruşdum: 

- Əli, ağlın nə kəsir? Milyon tonlarla kağız sərf edilən bu «abidar» əsərlərin axırı necə olacaq? 

Doktor da eyni xoş əhvalla: 

-  Yaxşı olar, indi makulaturadan yaxşı istifadə edirlər! - deyə bərkdən güldü. 

Mən dedim: 

- Əli, sən ki, stalinizm modelində yazılmış əsərlərdən bu qədər dilxorsan, niyə onları oxuyursan? 

- Ona görə ki, - dedi, - istəyirəm görüm o müəlliflərdən, heç olmasa, birinin vicdanı hərəkətə 

gəlib həqiqəti deyəcək?! Ancaq baxıb görürsən ki, Kommunist partiyasını Leninin ağzından 

qapıb, «xalqın vicdanı, böyük dayağı» kimi qələmə verərək, Stalin mükafatı aldıqca, daha da 

bərk razqon götürürlər. Simonov asqıranda da mükafat alır... Doktor bunu deyəndə bərkdən 

güldü. 

Mən o keçmiş günlərdə doktorla olan məxfi, yəni, «enkevedenin» qulaqlarından uzaq 



söhbətlərimizi xatırlayıb fikirləşirəm ki, sovet hakimiyyətinin o yetmişillik cəhənnəmində 

yaşayan, Allahın bəxş etdiyi vicdana malik namuslu adamların hamısı (hər halda böyük 

əksəriyyəti) zahirdə bir cür, ürəklərində isə, tamam başqa cür yaşayırdılar... 

Və mən bunu insan əxlaqına zidd bir ikiüzlülük hesab etmirəm. Çünki əvvəla, hamı, yəni, bütün 

namuslu insanlar bu ikiüzlülüyə dözməyib intihar etsəydi, böyük bir ölkə xaraba qalardı, bəlkə 

də, millətlər Yer üzündən silinib gedərdi. Allah insanı səbr etməyə çağırmışdır! Yadımdadır ki, 

doktor Əli bəy həmişə qəribə bir inamla deyirdi ki: 

- Dözmək, səbr etmək lazımdır. Belə getməz, bu imperiya dağılmalıdır! Bu imperiya «acyalavac, 

məzlum dünyanı» aldadan Kommunist partiyasının Allahsız, vicdansız, mərhəmətsiz, buz kimi 

soyuq ideyası əsasında qurulmuşdur. Bu ideyanın qorxulu kabus kimi daxil olduğu ölkələrin 

hamısında sənət, gözəllik, ülviyyət sarsılır. 

Əli bəyin söhbətlərində olduğu kimi, hekayələrində də həmişə yumorlu bir istehza olur. O, bir 

yazıçı olaraq, öz müasirlərini, aralarında yaşadığı insanları yaxşı duyur. Onların zəif damarını 

sərrast tutur və bunu aydın, təmiz bir dillə ifadə edir. Yazıçı Əli bəy çap olunmağa tələsmir. Hal-

hazırda yüzə qədər nəşrə vermədiyi hekayəsi var. Povest və hekayələrdən ibarət beş kitabı çap 

edilmişdir və mənim üçün çox xoşdur ki, ilk dəfə unudulmaz Mehdinin evində gördüyüm o 

cavan ədəbiyyat həvəskarı indi püxtə bir yazıçıdır. 

Əli bəy ədəbiyyat dünyasına bələd bir yazıçı olduğu kimi, müasir tibb aləminə də yaxşı bələd 

olan kamil həkimdir. Qırx doqquz ildir ki, vətənimizin çox qədim diyarlarından biri olan 


Sabirabadda yaşayıb, xalqına xidmət edir. Bütün Sabirabad camaatı da Əli bəyə yaxşı, şəfalı bir 

həkim kimi hörmət edir. Əli bəy ömrünün yetmiş ilini təmiz vicdanla xalqı üçün xeyirli iş görən 

bir insan kimi bitirib, gələcəyə yenə də yaşayıb-yaratmaq həvəsi ilə daxil olan adamdır. Hər 

şeyin yaxşılığa doğru getdiyinə, o yaxşılığın qalib gələcəyinə inanır, o xalqının da gələcəyinə 

inanır və həmin gələcəyin daha da işıqlı olması üçün bir qələm sahibi, bir vətəndaş kimi, əlindən 

gələni edir. Azərbaycanda imperiya zülmündən qurtarmaq üçün böyük xalq hərəkatı başlayan 

gündən Əli bəy o hərəkatın Sabirabaddakı öncüllərindən biridir. Əli bəy inanır ki, həyat hələ 

yeni başlayır!.. Mən də yazıçı-həkim dostumun bu nikbin ruhundan ilham alıb, onu təbrik 

edirəm. 

 

 



«Ədəbiyyat qəzeti», 12 mart 1993-cü il 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə