Şikayətin hüquqi əsasları:
Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.
Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahuzələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır.
Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.
Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
Həmin Qərarda nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasın müəyyən etməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər.Bu isə öz növbəsində CM- in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.
Cinayət Məcəlləsinin 41.2-cü maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Azərbaycan Respublikası CPM-nin 398.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır.
Həmin Məcəllənin 399.1.1-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.
Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsininm hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.
Həmin Məcəllənin 403.0.1 və 403.0.2-ci maddəsinə əsasən,tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, eləcə də tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab olunur.
Yuxarıda qeyd olunan işin hallarına və qanunvericiliyin tələblərinə əsasən,
X A H İ Ş E D İ R Ə M
Apelyasiya şikayətini təmin edəsiniz.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.06.2022-ci il tarixli 1(101)-1137/2022 saylı hökmünü ləğv edib, Məmmədov Nicat Astan oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilərək Məmmədov Nicat Astan oğluna həmin maddənin sanlsiyası həddində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə dair qərar qəbul edəsiniz.
Qoşma: apelyasiya şikayətin surəti-3 nüsxədə
Orderin əsli
Təqsirləndirilən şəxs Məmmədov Nicat Astan oğlunun
müdafiəçisi, vəkil Rövşən Rəşidov
Dostları ilə paylaş: |