Terminologiya məSƏLƏLƏRİ №1



Yüklə 1.54 Mb.
səhifə1/15
tarix23.12.2016
ölçüsü1.54 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15


AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ YANINDA

TERMİNOLOGİYA KOMİSSİYASI




TERMİNOLOGİYA

MƏSƏLƏLƏRİ
1

Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Reyestr №3362

BAKI-ELM-2015

BAŞ REDAKTOR: akademik AKİF ƏLİZADƏ

REDAKTOR: professor SAYALI SADIQOVA

MƏSUL KATİB: dosent SİMA QULİYEVA


REDAKSİYA HEYƏTİ: akademik Arif Mehdiyev, akademik İbrahim Quliyev, akademik Kamal Abdullayev, akademik İsa Həbibbəyli, akademik Tofiq Nağıyev, akademik Rasim Əliquliyev, akademik Dilqəm Tağıyev, akademik Əhliman Əmiraslanov, akademik Teymur Kərimli, akademik Tofiq Hacıyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, akademik Ağamusa Axundov, akademik Vasim Məmmədəliyev, akademik Rəfael Hüseynov, akademik Nailə Vəlixanlı, akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Ərtəgin Salamzadə, AMEA-nın müxbir üzvü Muxtar İmanov, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu.


Terminologiya məsələləri. Bakı, Elm, 2015, 206 səh.
ISBN 5-8066-1711-4

460200000

655(07)-2015
Ünvan: Bakı şəh., H.Cavid prospekti 31, 5-ci mərtəbə, Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnsti­tu­tu,“Ter­mi­no­lo­gi­ya məsələləri”. əlaqə: 510-20-56; http://www.terminologiya.org, e-mail sayalisadıgova@ yahoo.com.




© «Elm» nəşriyyatı, 2015

ÖN SÖZ

Hər bir dildə, o cümlədən də Azərbaycan dilində ter­­­min­­lərin yaranması prosesi əsasən iki istiqamətdə gedir. Bun­­­lardan biri dilin lüğət tərkibindən istifadə etmək, ikin­cisi isə elmi terminlərin alınmasıdır. Onu da qeyd etmək lazımdır ki, terminlər dilin xüsusi funksiya daşıyan söz­ləridir. Bu sistemdə dilin ümumi leksikası, onun müəyyən bir hissəsini təşkil edən xüsusi leksika və bu leksik qatın müəyyən bir qismini özündə bir­ləşdirən ter­minoloji leksika bir-birini tamamlayır.

Qloballaşma dövründə terminologiya sürətli inkişaf dövrünü yaşayır. Bu hər şeydən əvvəl, onunla bağlıdır ki, indi elmi-texniki tərəqqi müasir cəmiy­yə­tin hərəkətverici qüvvələrindən biridir. Bir vaxtlar elmlərin differensiasiyası nəticəsində yeni sahələr yaranmışdırsa, hazırda elmlərin in­teq­­­­rasiyası müasir elmi istiqamətlərin açılmasına və hə­min istiqamətlərin sonradan müstəqil elm kimi inkişafına daha çox təkan verir. Məsələn, aviasiya hazırda yeni inkişaf etmiş sahədir. Eyni zamanda onun özünün də yeni-yeni sahələri yaranır. Belə sahələrdən biri də logistikanın müs­təqil bir sahə kimi formalaşmasıdır. Qeyd olunan cəhət, təbii ki, bir sahə terminlərinin digərinə keçməsinə səbəb olur. Məsələn, müasir dövrdə sürətlə inkişaf edən infor­matika və fövqəladə hallarla bağlı terminologiyada bir çox sahələrin - fizika, riya­ziyyat, geologiya terminləri də işlənir. Əlbəttə, belə sa­hə­lərin sayının artması elmi-texniki tərəqqi ilə bağlıdır. Çün­ki dil cəmiyyətlə bağlı olan ictimai hadi­sədir. Ona görə də cəmiy­yətdə, ictimai həyatda, elmi-texniki tərəqqidə baş ve­rən hər bir hadisə, elmi yeniliklər dildə öz əksini tapır. Beləliklə, cəmiyyət üzvləri arasında ünsiyyətin həyata keçi­rilməsində əsas vasitə kimi çıxış edən dil, bu cəmiyyətin müxtəlif sosial sferalarına məxsus kollektivlərin təsiri altında inkişaf edir. Bununla da dilin lüğət tərkibinin ən çevik his­səsi olan ter­minologiya daima inkişaf edib zənginləşir. Hər bir elm sa­həsi üç əsas anlayışlar sistemindən təşkil olunur: onun məz­mununu təşkil edən, özündə əks etdirən bir çox faktların top­lusundan, onun nəticəsində mey­dana çıxan təsəv­vür­lər­dən və bu təsəvvürlərin ifadə olun­duğu terminl­ər­dən. Hər bir elmi biliklər sahəsini bu üç atribut olmadan təsəvvür etmək müm­kün deyil. Bu baxım­dan elmi biliklərin, ayrı-ayrı elm sahələrinin inkişafında dil təsa­düfi funksiya daşımır, dil hər bir elmin struktur ele­mentlərindən biri kimi meydana çıxır. Deməli, elmi dil vahidləri məhz termino­logiya vasitəsilə elmə daxil olur.

Sosial quruluşun dillə əlaqəsi sosial təbəqələr və on­ları birləşdirən bütün elementlərlə vəhdət yaradır. Lakin bu amil­lər eyni dilin daşıyıcıları arasındakı ünsiyyət imkan­la­rını poz­mur, onların bir-birini anlamasına əsaslı şəkildə mane ol­mur. Bütün bunlar terminologiyanın inkişafının daima nəzarət altında olmasını tələb edir.



Ötən əsrin 90-cı illərindən baş­layaraq, elmlərin terminoloji sistemlərində zənginləşmə və inkişaf daha intensiv şəkil almışdır. Sahə mütəxəs­sis­lərinin və müxtəlif elmlərin qovşağında yaranan yeni sahə­lərə mü­ra­ciət edən tədqi­qatçıların bir-birinin işlərini başa düş­məsi üçün terminoloji səviyyədə heç bir çətinlik üzə çıxmır. Lakin hər bir elmi araşdırmada terminoloji bazaya müəllif mövqeyi özünü aydın göstərir. Bu da elm sahə­lərinin terminologiyası ilə bağlı problemlər yarat­maq­dadır. Bu problemlərin ümumi dairəsinə aşağıdakıları daxil etmək olar: 1) terminlərin ni­zama salınması və sistem­ləşdiril­mə­sinin zəif aparılması; 2) terminlərdə çoxmənalılıq və onların şərhində fərqlilik; 3) ter­min yaradıcılığında fərdi və ya müəl­lif meylinin güclənməsi; son dövrlərdə genişlənmiş “nominasiya partlayışı” və onunla bağlı olaraq elmi kon­tekstdə sözlərdən, terminlərdən istifadə zamanı dəqiqliyin, eləcə də normativliyin zəifləməsi; 4) elm sahələrinin inte­raqtivliyinin artması. Hazırkı informasiya mübadiləsi prosesinin if­rat sürətliliyi buna mane olur. Buna görə də, terminolo­gi­yada baş verən proseslərdən ən əsası yeni terminlərin ya­ran­ması və onların dün­ya dillərində yer almasıdır. Müasir dövr terminologi­yasında termin yaradıcılığı daha çox bey­nəl­xalq dil istiqamətində inkişaf etməsi ilə səciyyələnir. Yəni ter­minlərin yara­dıl­ma­sın­da ingilis dili aparıcı mövqeyə keç­mişdir. Dilin domi­nantlığını şərtləndirən cəhət elmi fikir­lərin, məlumat­­ların beynəlxalq dildə yazılması və yayıl­ma­sı­dır. İnternet xid­­­mətindən istifadə yeni anlayış adlarını bil­dirən termin­lərin internet vasitəsi ilə ingilis dilindən gö­türülməsinə şə­rait yaradır. Tədqiqatçılar yeni ter­minlərdən isti­fa­dəyə fərqli şəkildə yanaşırlar. Belə ki, bəziləri ter­minlərin öz dillərində qarşılığını axtarıb tapmağa səy edir, dilin öz va­si­tələrindən istifadə etməklə yeni termin ya­ratmağa çalı­şır ,digər qismi isə alınma terminlərə, baş­qa qismi kalka yo­lu ilə termin yaradıcılığına üstünlük verir. Bu problemlər ayrı-ayrı elm sahələri ilə bağlı termi­noloji mər­kəzlərin ya­ran­masını zəruri edir.
REDAKTORDAN

akademik İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının

vitse-prezidenti, Milli Məclisin deputatı,

Terminologiya Komissiyasının üzvü
AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ -İYYƏT ŞƏKİLÇİLİ SÖZLƏRİN YAZILIŞINA YENİDƏN BAXIŞ
Açar sözlər: əlifba, səsin gücü, tələffüz, şəkilçi, qeyri-məhsuldar şəkilçi.

Ключевые слова: алфавит, сила звука, артикуляция, суффикс, суффикс непродуктивный.

Key words: alphabet, intensity of sound, articulation, suffix, unproductive suffix.
Azərbaycan dilinin orfoqrafiya prinsiplərinin elmi şəkildə müəyyən olunması, ölkəmizdə bir neçə dəfə «Orfoqrafiya lüğəti»nin nəşr edilməsi mühüm mədəni-tarixi hadisə sayılmağa layiqdir. Orfoqrafiya elmi Azərbaycan dilçiliyinin böyük nailiyyətlə­rin­dən biridir. Azərbay­can orfoqrafiyası bir neçə nəslin yüksək yazılı təfəkkürünün formalaş­ma­sında, yazı mədəniyyətinin inkişafında xüsusi rol oynamışdır. Dilçi alimlərimizin böyük səyləri və zəhmətləri hesabı­na meydana çıxmış «Orfoqrafiya lüğəti» ölkəmizdə Azərbaycan dilinin nizamnaməsi səviy­yə­sində qəbul edilmişdir. Orfoqrafiya işi dilçilik mühi­ti­nin sədlərini aşa­raq, geniş mənada humanitar və ictimai düşüncənin mövzusuna çevril­miş, ümumxalq işi miqyasında qəbul edilmişdir.

Buna görə də, Azərbaycan dilində orfoqrafiya qaydalarında müəy­yən tarixi dövrlərdə dəyişikliklərin aparılmasını ölkəmizdə yazılı ədəbi dilin inkişafı, daha da təkmilləşdirilməsi istiqamətində mühüm addım­lar­dan hesab etmək olar. Orfoqrafiyada başlıca və mühüm yenilik Azərbay­can dilinin daxili inkişaf qanunlarının lazımınca müəyyənləş­diril­­mə­­mə­si nəticəsində əlifbaya daxil edilmiş э, я, ю hərflərinin sonra­lar əlifbamlzdan çıxarılması ilə bağlı dəyişikliklərin edilməsi zamanı nəzə­rə çarpmışdır. Eləcə də bir vaxtlar -stan şəkilçisinin yazılışı, apostro­fun əlifbadan çıxarılması ilə bağlı müəyyən sözlərin (feil, şeir) yazılışında da dəyişikliklər edilmişdir. Bu istiqamətdə orfoqrafiya qaydalarının əsasən sabitləşməsini tətbiqi dilçiliyimizin əsas uğur­ların­dan hesab etmək olar. Lakin illər keçdikcə orfoqrafiya qaydalarında düzəlişlər etmək daim zamanın sifarişi kimi meydana çıxır.



Məlum olduğu kimi, tarixi inkişaf prosesinin ayrı-ayrı dövrlərində digər dünya dilləri ilə birlikdə Azərbaycan ədəbi dilinin lüğət tərkibinə müxtəlif tarixi, ictimai-siyasi amillərlə əlaqədar olaraq xarici dillərin: ərəb və fars, rus və Avropa dillərinin təsirləri olmuşdur. Ərəb və fars dillərinin Azərbaycanda yayılmasının və dərin təsirə malik olmasının obyektiv səbəbləri hamıya məlumdur. VII əsrdən etibarən xila­fətin himayəsində olan ölkələrin vahid qanun-qaydaya tabe olmaları, hətta pul-sikkə vahidliyi, bütün işlərin əsasən bir dildə - ərəb dilində aparılması uzun zaman ərzində zərurətə çevrilmişdir. Xüsusən, XI əsrdən sonra ərəb və fars dillərinin təsiri ilə Azərbaycan dilinin lüğət tərkibinə çoxlu sayda sözlər keçmişdir. Ədəbi dilimizdə bu proses dərin izlər salmışdır. Azərbaycan ədəbi dilinin təşəkkülü və inkişafı dövründə mənşəcə dilin öz sözlərinin müxtəlif sahələrə aid anlayışları ifadə etməsi daha səciyyəvi olmuşdur. Ancaq orta əsrlərdə bu proses xarici dil amillərinin, o cümlədən də ərəb və fars dillərinin Azərbaycan dilinə təsiri ilə müşahidə olunmuşdur. Bədii və elmi əsərlərin ərəb və fars dillərində yazılması bir neçə əsr ərzində norma kimi qəbul olunmuşdur. Hətta bu meyil müəyyən mənada Azərbaycan dilini zənginləşdirmişdir. Lakin ana dilində yazan Azərbaycan ədəbiyyatı klassiklərinin, dövrün görkəmli ziyalılarının əsərlərində ərəb-fars alınmaları geniş yer tutmuşdur. Bu proses orta əsrlərin sədlərini aşaraq yeni dövr sayılan XIX əsrə qədər gəlib çatmış, XX əsr ərzində bir qədər zəifləsə və dəyişsə də əsasən öz mövqeyini qoruyub saxlamışdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan elmi də Şərq elmi məktəbi zəminində inkişaf etdiyinə görə Rusiya ilə əlaqələrin gücləndiyi dövrədək dilin lüğət tərkibində ərəb və fars alınmaları üstünlük təşkil etmişdir. XIX əsrdən etibarən Azərbaycan dilinə rus-slavyan sözləri daxil olmağa başlamışdır. Bununla belə, Azərbaycan ədəbi dilinin formalaşma və inkişafı prosesində ərəb-fars alınmaları uzun zaman iştirak etdiyi üçün onların əksəriyyəti dilin səs quruluşuna və qrammatik qanunlarına uyğunlaşmışdır. Hətta bir çox ərəb mənşəli alınma terminlər Azərbaycan dilində şəkilçi qəbul edərək yeni məzmunlu anlayışlar yaratmışdır. Məsələn, riyaziyyatçı, kəşfiyyatçı, istilaçı, zərflik və s. Bundan başqa, alınma sözlərin bir qismi dildə məhdud dairədə işlənmiş, dilin normalarına cavab vermədiyinə görə tədricən yeniləri ilə əvəzlənməyə məruz qalmışdır. Xüsusilə, izafət birləşmələri, mürəkkəb və çətin anlaşılan sözlər zaman-zaman sadələşmiş və hətta dildən çıxmış­dır. Məsələn, qanuni-qüvvə, ictimaiyyun-amiyyun (sosial-demokrat), idareyi-firqiyyə, dərəcəyi-izafi, elani-ümumi qəbilindən olan sözlər XX əsrin birinci yarısından sonra işlək mühitdən çıxmışdır. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq bəzən də Avropa mənşəli terminlər hesabına dildə əvəzlənmə prosesi baş vermiş, terminlər çox olsa da Azərbaycan dili ağır tələffüz edilən sözlərdən sadələşməyə doğru inkişaf etmişdir. Bədii ədəbiyyatda da eyni proses müşahidə olunur. Xüsusən, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Süleyman Sani Axundov və başqalarının əsərlərinin dili sadə xalq danışıq dilinə doğru inkişaf etmişdir. Vaxtilə Mirzə Fətəli Axundzadə yazırdı ki, qələm sahibləri adət edilməmiş qəliz kəlmələri işlətməkdən çəkinməlidirlər. Böyük mütəfəkkir bu fikirdə idi ki, “Yazını danışıq dilindən həddindən ziyadə fərqləndirməsinlər. Yəni bir neçə mətləbi bir cümlə dairəsində ardınca və qarışıq yazmasınlar, bəlkə də qədim zamanlarda olan katiblərin əksinə olaraq, hər bir mətləbi ayrıca ifadə etsinlər ki, danışıq dilinə yaxın olsun...” Cəlil Məmmədquluzadə Azərbaycan dilində alınma faktoruna meyli, o cümlədən “ərəb məxrəci”ni tənqid etmiş, ana dili amilini cəmiyyət həyatının ön xəttinə çəkmişdir. Cəlil Məmmədquluzadənin «Anamın kitabı» əsəri Azərbaycanla birlikdə həm də Ana dilinin kitabıdır. Cəlil Məmmədquluzadə Zəhrəbanu ananın simasında Azərbaycan dilinin və mənəviyyatının sadə, aydın, xəlqi ifadəsini əks etdirən obraz-abidə yaratmışdır. Əlibəy Hüseynzadənin “Açıq yazmağı da bacarmaq lazımdır” - etirafı dildə sadələşməyə doğru hərəkatın XX əsrin əvvəllə­ri­nin bütün qütblərinin ana dilinə münasibətdə üstünlük qazandığını nəzərə çarpdırır. Bütövlükdə isə bu, Cəlil Məmmədqu­lu­za­də­nin, Mirzə Ələkbər Sabirin, ümumiyyətlə «Molla Nəsrəddin» ədəbi məktəbinin böyük hünəri idi. XX əsrin əvvəllərində, 1926-cı ildə Birinci Türkoloji Qurultayda latın əlifbasına keçid təkcə əlifba dəyişikliyini deyil, geniş mənada dil islahatlarını meydana qoymuşdur. XIX əsrdən etibarən Mirzə Fətəli Axundzadənin, Məhəmmədağa Şahtaxtlının və başqa­la­rı­nın uğrunda mübarizə apardıqları yeni latın əlifbası probleminin həlli dildə xəlqiləşmənin, millilik amilinin qüvvətlənməsində inqilabi dərəcə­də böyük rol oynamışdır. «Təzə əsrin ibtidasında» fəaliyyət göstərmiş Yeni Əlifba Komitəsinin fəaliyyəti əslində Azərbaycan dilinin orfoq­ra­fi­yası, orfoepiyası, qrammatikası ilə əlaqədar, ana dili dərslikləri ilə bağlı nə varsa hamısını əhatə etmişdir. İlkin sistemli orfoqrafiya prinsiplərinin yaradılması, yazı qaydalarının müəyyənləşdirilməsi də XX əsrin əvvəlləri Azərbaycan ziyalılarının tarixi xidmətləridir.

Bütün bunlarla bərabər, fikrimizcə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi qazanmasından keçən dövrdə, qloballaşma şəraitində Azərbaycan dilində baş verən yeni proseslər orfoqrafiya qaydalarında da islahat­lar aparmaq zərurətini meydana qoymuşdur. Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyevin Qloballaşma şəraitində Azərbaycan dilindən istifadənin genişləndirilməsi haqqında Dövlət Proqra­mından irəli gələn vəzifələr dilçilik elminin digər sahələrində, o cümlə­­dən də orfoqrafiya istiqamət­lə­rin­də yeni islahatlara meydan aç­mış­­dır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında bu istiqa­mət­lər üzrə müəyyən dəyişikliklər həyata keçirilməkdədir. Azərbaycan dilçi­lik elmində orfoqrafiya qaydalarına yenidən baxıldığı indiki şərait­də alınma sözlərlə bağlı bir dil hadisəsi ilə əlaqədar mülahizələrimizi ictimaiy­yətin diqqətinə çatdırmağı faydalı hesab edirik.

Fikrimizcə, Azərbaycan orfoqrafiyasında qoşa y samiti ilə olan sözlərin yazılışına yenidən baxmağa, bu sahədə müəyyən islahatların aparılmasına ehtiyac yaranmışdır. Müşahidələr göstərir ki, Azərbaycan dilində qoşa y samiti ilə olan sözlərin mütləq əksəriyyəti -iyyat//-iyyət şəkilçisi ilə düzələn alınma sözlərdən ibarətdir. Bu şəkilçilərlə ifadə olunan sözlərin funksiyalarına ilk dəfə akademik Ağamusa Axundov elmi şəkildə münasibət bildirmiş, həmin sözlərin təsnifatını aparmışdır. Əvvəla, etiraf etmək lazımdır ki, ərəb dilinə məxsus -iyyat//-iyyət şəkilçisi ilə düzəlib ictimai-siyasi, habelə mədəni-məişət anlayışlarını ifadə edən bu sözlər dilimizi yeni ictimai məna çalar­ları ilə zənginləşdirmişdir. Məsələn, ictimaiyyət, hakimiyyət, cəmiy­yət, ümumiyyət, müvəffəqiyyət, mənəviyyat, bəşəriyyət, ədəbiy­yat və sair kimi sözlərin Azərbaycan dilində özünəməxsus xüsusi çəkisi mövcuddur. Bununla yanaşı, artıq bu qəbildən olan sözlərin müəyyən hissəsi başqa sinonim sözlərlə əvəz edildiyinə görə arxaikləşmişdir. Məsə­lən, sövtiyyat, vəhsaniyyət, qövmuyyət, məhcubiyyət, həqqa­niy­yət, məzuriyyat tipli sözlər dildə işləkliyini tamamilə itirmişdir. Qoşa y ilə yazılan belə sözlərin böyük bir hissəsi isə hazırda da ədəbi dildə öz işləkliyini qoruyub saxlamışdır. Bundan başqa, iki yanaşı y hərfi ilə yazılan sözlərdən ümumxalq danışıq dilinə daxil olanlar da az deyildir: qabiliyyət, qalibiyyət, ezamiyyət, vəsiyyət, qətiyyət, əziyyət, əhəmiyyət, ziddiyyət, mədəniyyət, xasiyyət, şəxsiyyət, nailiyyət və s.

Eyni zamanda, Azərbaycan dilinin qrammatik qayda-qanunlarına uyğun şəkildə işlənən -iyyət şəkilçili sözlərin bir qismi isə dilin öz şəkilçiləri olan -lıq, -lik şəkilçiləri ilə əvəzlənmişdir. Məsələn, əsəbiyyat-əsəbilik, azadiyyat-azadlıq, ruhaniyyət-ruhanilik, bərabəriy­yət-bərabərlik, bədiyyat-bədiilik, məğruriyyət-məğrurluq, məcburiyyət-məcburluq kimi sözlər, necə deyərlər, “milli şəkilçilər” hesabına Azərbaycan kəlmələrinə çevrilmişlər. Bundan başqa, -iyyət şəkilçisi ilə yazılan sözlərdən bir çoxu artıq Azərbaycan dilinin daxili imkanları hesabına tam yeni sözlərlə əvəz olunmuşdur. Akademik Ağamusa Axundov Azərbaycan dilində “istiqlaliyyət” yerinə müstəqillik, bəşəriy­yət əvəzinə insanlıq, qabiliyyət yerinə bacarıq, qalibiyyət-qələbə, əksə­riy­yət-çoxluq, əbədiyyət-ölümsüzlük... sözlərinin işlədildiyini diqqət mərkəzinə çəkmişdir. Dildə həmin proses genişlənməkdə, davam etməkdədir. Artıq neçə illərdir ki, cümhuriyyət əvəzinə respublika sözü dilimizdə vətəndaşlıq hüququ qazanmışdır. Deməli, qoşa y samiti ilə yazılan sözlər alınma olsalar da ən müxtəlif şəkildə Azərbaycan dilində əsasən sabitləşmiş, bundan sonra da yaşamaq haqqı qazanmışdır. Necə deyərlər, bu sözlər artıq bizim dil sərvətimizdir. Buna görə də qoşa y samiti ilə yazılan sözlərlə əlaqədar baş verən, müşahidə edilən prosesləri izləmək artıq alınma sözlərə yox, Azərbaycan dilinin fonetikası ilə bağlı məsələlərə diqqət yetirmək deməkdir.

Bu mənada bizim diqqət mərkəzinə çəkdiyimiz əsas məsələ qoşa y samiti ilə yazılan sözlərin artıq tək y səsi ilə tələffüz edilməsi faktından ibarətdir. Müşahidələr göstərir ki, Azərbaycan dilində - iyyət şəkilçisi ilə yazılan sözlərin mütləq əksəriyyətinin artıq bir y- ilə tələffüz oldunduğu nəzərə çarpmaqdadır. Belə ki, ədəbiyyat sözü “Orfoqrafiya lüğəti”ndə qoşa y ilə “ədəbiyyat” şəklində yazılsa da, tələffüz­də artıq bir y ilə “ədəbiyat” deyilir. Maliyə kimi bir y ilə tələffüz olunmasına baxmayaraq, hələ də bu qəbildən olan sözlər iki yanaşı y ilə yazılır. Fikrimizcə, bu prosesin baş verməsi yəni Y səslərindən birinin düşməsi Azərbaycan dilinin daxili enerjisinə uyğun olaraq aşa bildiyi mühüm bir məqamdır. Göründüyü kimi, dilimiz tələffüz etibarilə daha da asanlaşmağa doğru gedir, yazımız isə hələ də keçmiş qaydalara əsaslanır. Ona görə də indiki şəraitdə qoşa y ilə yazılan sözlərin orfoqrafiyasına yenidən baxmağa xüsusi ehtiyac vardır. Çünki yanaşı iki y ilə yazılan sözlərdən tələffüz prosesində eyni səsdən biri artıq düşmüş­dür. Ona görə də bu qəbildən olan sözlərin Azərbaycan dilinin qanun­la­rı­na uyğunlaşdırılması günümüzün aktual məsələlərindəndir. Xüsusilə, ümumxalq danışıq dilində daha çox işlənən ədəbiyyat, mədəniyyət, ziddiyyət, xasiyyət, əhəmiyyət, əziyyət, şəxsiyyət, milliyyət, xasiyyət­na­mə, hakimiyyət, muxtariyyət, kəşfiyyat, keyfiyyət, ünsiyyət, əməliyyat, riyaziyyat, nəşriyyat, mənsubiyyət, nailiyyət, əksəriyyət, ictimaiyyat tipli sözlərin yazılışında qoşa Y səsinin orfoepiyasında artıq y səslərin­dən birinin işlənməməsi, y-nın tək, ayrıca səslənməsi dilçilərimizi, orfoqrafiya qaydalarını yenidən hazırlayan alimlərimizi düşündür­mə­li­dir. İndiki mərhələdə qoşa samitlərin yanaşı işlənməsi, xüsusən iki y ilə yazılan sözlərin eyni adlı tək samitlə tələffüz edilməsi “Orfoqrafiya lüğəti”nə müəyyən düzəlişlərin edilməsi zərurətini meydana çıxarır. Bunu hazırda dilimizdə aktiv olan aşağıdakı sözlərin yazılışında və tələffüzündəki fərqlərlə daha aydın surətdə izləmək mümkündür: Mənəviyyat, eyniyyət, ezamiyyət, əməliyyat, ətriyyat, məm­nu­ni­y­yət, məzuniyyət, insaniyyət, ünsiyyət, bəşəriyyət, məcburiyyət, cahiliy­yət, ictimaiyyat, cümhuriyyət, cinsiyyət, davamiyyət, müdiriyyət, məh­du­diyyət, hakimiyyət, məhkumiyyət, məhrəmiyyət, hürriyyət, hissiyyat, həs­s­asi­yyat və s.

Hazırkı şəraitdə yuxarıda qeyd etdiyimiz tipli sözlərin yazılışında tələffüzlə eyniləşdirmək üçün iki y samitindən birini atmağın zamanı çatmışdır. Tələffüzdə qoşa y samitlərindən biri qaldığı üçün yazıda hər ikisini saxlamağa ehtiyac yoxdur. Qoşa yazılan iki y səsindən birinin atılması sözün mənasını dəyişmir, sadəcə olaraq, tələffüz normalarına uyğunlaşdırır. Yanaşı gələn y səslərindən birinin ixtisarı Azərbay­can dilində kiçik də olsa yazıda sadələşməyə doğru bir addımdır. Hesab edirəm ki, qoşa y səslərindən tək y samiti ilə deyilən və yazılan sözlərə keçid Azərbaycan dilinin özünün daxili enerjisi hesabına etdiyi islahatdır. Yazıda qoşa y-dan tək y səsinə keçid alınma sözlərin Azərbaycan dilinə uyğunlaşdırılmasının daha dərinləşməsi hadisəsi kimi də əhəmiyyətlidir. Dildə, danışıqda gedən islahat dilçilik elmindən kənarda qala bilməz. Və onu da düşünürəm ki, qoşa y səsi ilə yazılan sözlərdə həmin səslərdən birinin danışıq dilindən çıxması Azərbaycan dilinin müasir mənzərəsində baş verən yeganə hadisə deyildir. Belə oxşar elementləri digər qəbildən olan sözlərin tələffüzü ilə yazılışı arasında da görmək mümkündür.



Azərbaycan dilində qoşa y səsi ilə yazılan sözlərin mütləq əksəriyyəti alınma sözlərdən ibarətdir. Və məlum olduğu kimi, dilimiz­də qoşa y samiti ilə yaranan sözlərin heç də hamısı yox, böyük bir qismi, əslində çoxusu, -iyyət şəkilçisi ilə yazılır. Bir daha o qənaətdəyik ki, yanaşı iki y samiti ilə yazılan və -iyyət şəkilçisi ilə düzələn sözlərdə tələffüzün çıxardığı hökmü nəzərə alaraq tək y-ya keçmək zəruridir. Bununla belə, Azərbaycan dilində qoşa y samiti ilə yazılan sözlərin heç də hamısının -iyyət şəkilçisi ilə əmələ gələn sözlərdən ibarət olmadığını nəzərə alaraq, eyni fonetik tərkibə malik digər sözlərin də yazılış qaydalarına yenidən baxmağa ehtiyac vardır. Məlumdur ki, Azərbaycan dilində qoşa y samiti ilə yazılan maliyyə, ədliyyə, səhiyyə tipli sözlər də mövcuddur. Fikrimizcə, həmin qəbildən olan sözləri qoşa y samitinə münasibətdə aşağıdakı kimi 2 qrupa ayırmaq olar: 1.Qoşa y səslərindən birinin tələffüzdən çıxdığı sözlər. Məsələn: maliyyə (maliyə), ədliyyə (ədliyə), səhiyyə (səhiyə), təhliyyə (təhliyə), hədiyyə (hədiyə) və sair. Bu tip sözlərdə qoşa y – səslərindən biri artıq tələffüz edilmir. Bu sözlərdə tək y ilə tələffüz oturaqlıq qazandığı üçün ikinci y səsi artıq görünür və ya tələffüzü ağırlaşdırır. Ona görə də həmin sözlərin orfoqrafiyasına düzəliş etmək, sözləri tək y ilə yazmaq qaçılmazdır. 2.Hələ də qoşa y samitlərindən hər ikisinin tələffüzdə saxlanıldığı sözlər. Belə sözlərdə yanaşı gələn hər iki y səsi tələffüz zamanı eyni səviyyədə olmasa da işlədilir. Lakin həmin sözlərdə qoşa y səslərindən birincisinin daha dərin, ağırlıqlı, ikincisinin isə bir qədər yumşaq, daha tez bitən, nisbətən zəif şəkildə tələffüz edildiyi müşahidə olunur. Məsələn səviyyə, səciyyə, bələdiyyə, tədiyyə kimi sözlərdə dil sanki hələ tək y ilə düzələn sözlə mənanı ifadə etməyə tam alışma­mış­dır. Yanaşı, qoşa işlənmələrinə baxmayaraq onların arasında incə bir fərq vardır. «Səviyyə» sözündə birinci y səsi ilə müqayisədə ikinci y səsi çox zəif səslənir. Sanki əvvəlki y səsi sonrakı ekiz samiti sıxış­dır­ma­ğa başlamışdır. Lakin orfoqrafiya lüğətində «səviyyə» sözündə hələ ki, qoşa y -lardan hər ikisi mövcuddur. Hətta adama elə gəlir ki, bu sözlər tək y səsi ilə ifadə olunarkən qoşa y səsi ilə olduğu səviyyədə mənanı dolğun ifadə edə bilmir. Prosesin bundan sonrakı inkişafını da zaman və dilin özü diqtə edəcəkdir. Ya dil «səviyyə», “səciyyə” kimi sözləri tək y səsi ilə tələffüz etməyə alışacaq, ya da bu tip sözlər həmin mənanı ifadə edən başqa bir sözlə əvəz olunacaqdır. Artıq birinci halın baş verməsinə dair fonetik prosesin cizgiləri aşkar görünməkdədir. Məsələn, «səviyyə» sözü ilə eyni məxrəcdə tələffüz edilən «qəziyyə» sözündə ikinci y səsi funksionallığını itirmək üzrədir, yaxud da itirmiş­dir. Dilimiz qoşa y səsi ilə deyilən və yazılan «qəziyyə» sözünü tək y səsi ilə daha rahat tələffüz edir. Xüsusən, «hal-qəziyyə» ifadəsində ikinci y səsi tələffüz edilməyə­cək qədər nazilmişdir. Dəqiq müşahidə aparılarsa, müasir dövrdə birinci halın üstünlük təşkil etdiyini, yəni «səviyyə», “tədiyyə” kimi sözlərdə qoşa y samitlərindən ikincisinin zəiflədiyi, sıradan çıxmaqda olduğu qənaə­tinə gəlmək mümkündür. “Bələdiyyə” sözü də “bələdiyə” forma­tın­da işlədiləndə heç bir nata­mamlıq yaranmır. Ona görə hazırkı vəziy­yət­də bu halın, ikinci y səsinin zəifləməsinin, əriyib itməsinin dərin­ləş­mə­yə, genişlənməyə doğru bir proses olduğu müşahidə edilir. Hiss olunur ki, dil özü daxili enerjisi ilə ikinci y səsini aradan çıxarmaq üzrədir. Azərbaycan dilində ən müxtəlif sözlərdə bərabər hüquqlu qoşa y səslərindən təkhakimiyyətli y səsi uğrun­da mübarizə başlanmışdır. Gec-tez bu tip sözlərdə də birinci y səsi hər ikisinin yükünü daşımaq gücün­də olduğunu göstərə biləcəkdir. Və dilin daxilində gedən bu mübarizə nəticə etibarilə rahatlığa, sadələş­mə­yə, uyğunlaşmağa xidmət edir.

Eyni zamanda, «qəziyyə» sözünün artıq dövriyyədən çıxaraq baş­qa sözlə əvəz edilməkdə olduğunu da göstərmək olar. Diqqət yetirsək, indi «qəziyyə» sözünün mənasını «məsələ», «əhvalat», “əhval” sözləri də xeyli dərəcədə əvəz edə bilir. Düşünürük ki, tək y səsi ilə deyilən «qəziyyə» kəlməsi artıq arxaikləşmişdir. Azərbaycan dilindəki «təziy­yə» sözü də eynilə «qəziyyə» sözünün taleyini yaşayır. Yeri gəlmiş­­kən, deyək ki, yuxarıdakı “Eyni zamanda” sözləri ilə başlayan cüm­lə­də işlətdiyimiz «dövriyyə» sözündəki ikinci y səsi də aktiv funksio­nal deyildir. Xüsusən, «dövriyyə» sözü şəkilçi qəbul edilib işlədildikdə ikinci y səsi demək olar ki, tələffüz edilmir. Məsələn: dövriy­ədə, dövriyəsi və sair kimi sözlərdə indi bizim yazdığımız şəkildə ikinci y səsinə (hərfinə) ehtiyac duyulmur. Uzun zaman qoşa y samiti ilə yazılan təhkiyyə, tövsiyyə sözlərinin artıq «Orfoqrafiya lüğəti»ndə tək y ilə yazılması y səsdüşümü hadisəsinin nəticəsində baş vermişdir. Bütün bunlara görə, qoşa y səslərindən birinin tam şəkildə tələffüz­­dən çıxdığı maliyə, səhiyə, ədliyə, dövriyə kimi sözləri yeni «Orfoqrafiya lüğəti» ndə tərəddüd etmədən tək y samiti ilə yazmaq lazımdır. Bu isə öz növbəsində həmin sözlərlə ifadə olunan nazirlik və idarələrin adlarının yazılışında da uyğun dəyişikliklərin edilməsi zərurətini ortaya çıxarır.

Bundan başqa, ikinci tərəfi xeyli dərəcədə zəifləsə də bu gün dilimiz­­də qoşa y səsi ilə tələffüz edilən və buna görə də yanaşı iki y samiti ilə yazılan «səviyyə», «səciyyə», “bələdiyyə”, “təziyyə”, “döv­riy­yə” kimi sözləri də hər hansı bir şəkildə olur-olsun, bundan sonrakı növbə­ti orfoqrafiya lüğəti zamanına qədər indi olduğu kimi, yəni qoşa y səsi ilə saxlamaq mümkün olmayacaqdır. Artıq dil öz işini görməkdədir və geriyə qayıdışa ümid yoxdur. Düşünürəm ki, baş verməkdə olan, öz təbii axını ilə irəli gedən bu prosesin labüdlüyünü nəzərə alıb, bu dəfə dili qabaqlamaq, hazırlanmaqda olan «Orfoqrafiya lüğəti»ndə o sözlərdə də tək y ilə yazılışı təsbit etmək olar. Fikrimcə, belə bir addım tək y səsinə doğru gedən təbii prosesi bir qədər də sürətləndirə bilər.

Bu məqamda qoşa y səsi ilə yazılan ölkə adlarının ortoqrafiyası məsələ­sinə də toxunmaq istəyirəm. Məsələn: «Səudiyyə Ərəbistanı» adında “Səudiyyə” sözündəki qoşa y səsləri də Azərbaycan dilində bir y səsi ilə tələffüz olunur. Heç bir ölkənin, o cümlədən də Azərbaycanla da çox yaxın dost münasibəti olan Səudiyyə Ərəbistanının yazı və tələffüz qaydaları üzrə daxili işlərinə qarışıb, bu adın həmin ölkədə neçə yazılmalı olması barədə mülahizə yürütmək bizim işimiz deyildir. Bu, qədim və zəngin ərəb dilçilərinin vəzifəsidir. Lakin Azərbaycan dilində həmin sözün də orfoepik qaydalarla orfoqrafik prinsiplərin uzlaşması əsasında yazılmalı olduğunu demək, bu dost ölkəyə xalqımızın daha doğma münasibətinin ifadəsi olar. Beləliklə, “Səudiyyə” sözündəki qoşa y səsləri tək y səsi kimi tələffüz olunduğu üçün həmin sözün Azərbay­can dilində orfoepik qaydalara uyğun olaraq bir y samiti ilə yazılması məqsədəuyğundur. Həm də nəzərə almaq lazımdır ki, müasir ərəb dilində də «Səudiyyə» sözü tək y ilə yazılır. Bizdə isə bu söz son dövrlərə qədər maliyyə, səhiyyə qəbilindən olan sözlərlə oxşar, eyni məxrəcdə tələffüz olunduğu üçün, necə deyərlər, bi qədər ibarəli səslənsin deyə avtomatik olaraq qoşa y ilə yazılmışdır.

Bundan başqa, yazıçı və şairlərimizin əsərlərinin adlarında qoşa y səsi ilə ifadə olunan sözlərə də münasibəti aydınlaşdırmağa ehtiyac var­dır. Məsələn, XII əsrdə yaşayıb-yaratmış Əfzələddin Xaqaninin məş­hur «Həbsiyyə» əsərinin adındakı iki yanaşı y samitləri indi neçə yazılmalı­dır? Fikrimizcə, bədii əsərlərin adında istənilən məqamda tarixiliyi və müəllif hüququnu qorumaq lazımdır. Bədii əsərlərin adları qram­matik qaydalarla deyil, müəllifin təxəyyülü, baxışları, onun yaşa­yıb-yaratdığı dövrün, konkret ədəbi mühitin əsasında formalaşır. Ona görə də Əfzələddin Xaqaninin «Həbsiyyə» əsərinin adındakı hər iki y səsi toxunulmazdır. Ayrılıqda isə “həbsiyyə” sözü artıq canlı danışıq dili üçün və hətta ədəbi dil baxımından da arxaikləşmişdir, dilimizdə işlədil­mir. Həmçinin Mirzə Ələkbər Sabirin «Fəxriyyə» şeirinin adında da bö­yük satirik şairin yazdığı kimi qoşa y samitini saxlamağa borcluyuq. Bu məqamda «Fəxriyyə» şeirinin adı məsələsində Mirzə Ələkbər Sabirin başqa münasibətlə dediyi kimi “əvvəl nə idiksə, yenə biz şimdi həma­nız”.On bir bənddən ibarət olan şeirin yalnız adında işlədilməsinə baxmayaraq, həmin bircə kəlmə “Fəxriy­yə” sözünü ilk dəfə 26 avqust 1907-ci ildə “Molla Nəsrəddin” jurnalın­da çap olunan və sonralar “Hophop­namə”lərin hamısında eyni qaydada yazılan şəkildə, qoşa y ilə yazmağa əməl etməliyik. Dil faktı kimi isə “fəxriyyə” sözündə indi ikinci y səsi nəinki zəifləmişdir, hətta demək olar ki, sıradan çıxmışdır və tək y samiti ilə yazılmağa layiqli namizəd sayıla bilər.

Şəxs adlarındakı qoşa y səsi ilə ifadə olunan xüsusi isimlərə gəldikdə isə burada da yeni tövsiyə olunan adlarda Azərbaycan dilinin müasir inkişaf proseslərindən çıxış edərək, tək y səsi ilə ifadə edilən adla­ra müraciət olunmasını məqsədəuyğun sayırıq. Əvvəlcədən övlad­la­ra verilmiş adlarda isə istər-istəməz həmin adların rəsmi sənədlərdə, xüsu­sən də pasportda öz əksini tapmış qaydada adlandırmanı qəbul etməliyik. Əgər vətəndaşın adı pasportda qoşa y samiti ilə yazılmışdırsa (Əhmədiyyə, Fikriyyə, Şükriyyə sözlərində olduğu kimi), bu zaman tək y samiti ilə yazılışa keçidi yalnız o adı daşıyan şəxsin məsələni rəsmi qaydada həll etməsindən sonra yoluna qoymaq olar. Ümumiyyətlə, hər iki qəbildən olub (iqtisadiyyat, yaxud maliyyə), qoşa y samiti ilə yazılan və tələffüz edilən alınma sözlərin bir çoxu dilimizə terminlər kimi daxil olmuşdur. Bir vaxtlar həmin alınma sözlə­rə meylin qüvvətlənməsi yazıda, dövri mətbuatda “savadlı” görsənmək “azarından” da doğmuşdur. Bu mənada sözlərin qoşa y samiti ilə yazılması və deyilməsi “savadlı”, “ibarəli” görüntüsü yaratmağa da xidmət etmişdir. Böyük ədibimiz Cəlil Məmmədquluzadə hələ XX əsrin əvvəllərində “ibarəli yazmağa mayıl” olmağın mahiyyətini aşağıdakı kimi açıqlamış­dır: “Və lakin bizim nəzərimizə gələn bu idi ki, əhli-qələmləri­mi­zin əksə­ri, doğrudan da ibarəli yazmağa mayıl idi. Hərçənd belə bir yazıçı­la­rımız həqiqi yazıçı və yazı ustadları deyil idilər, amma xalqın gözündə alim görsənirdilər. Doğrudan da bir kəs, xüsusən, savadı az olan bir kəs, çə­tin və ibarəli və anlaşılmayan belə bir yazını oxuyub qanmayanda da yenə buna “pəh-pəh” deyirdi. Və hərçənd bu yazıdan feyziyab olmurdu da, genə bu yazının sahibini elmli zənn edirdi.”

Əksər alınma sözlər, o cümlədən də qoşa y samiti ilə yazılan söz­lər alınma olduğu üçün bədii dildən çox elmi və siyasi üslubda olan yazılar­da üstünlük təşkil etmişdir. Həmin sözlər daha çox “savadlı yazılar­dan”, dövri mətbuatdan bədii əsərlərin dilinə girmiş, bundan sonra kütləvilik qazanmışdır. Bu sözlər uzun müddət dəbdə olmuş və çox işlənmişdir. Lakin son yarım əsrdə zamanın ana dilinə tələbatının artması ilə tələffüzdə və yazıda sadələşmə prosesi başlanmış, ibarəli danışmaq da, yazmaq da nisbətən arxa plana keçmişdir. Bu proses yalnız dilimizin inkişafının göstəricisidir. İnanıram ki, dilçi alimlərimiz Azər­bay­can dilində gedən alınma sözlərin milli ədəbi dil normalarına uyğunlaşması prosesinin dərinliklərini və incəliklərini, o cümlədən qoşa y səsi ilə deyilən sözlərin yazılışını qrammatika elmi səviyyəsində daha geniş şəkildə tədqiq olunub öyrənilməsini təmin edəcək, «Orfoqrafiya lüğəti»ni yenidən hazırla­yan­lar isə dilimizin müasir dövrdəki özünəməxsusluqlarını nəzərə alacaqlar.

Var ol, Ana dilim!

Azərbaycançılıq düşüncəsinin işığında mühüm məsələ kimi baxan vətəndaş ədib Cəlil Məmmədquluzadənin aşağıdakı sözləri ilə tamam­lamaq istəyirik: «Dünya və aləm dəyişdi, mənalar özgə təbir əxz elədi. Yəni bizim dildə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı.. Amma hamı buna qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət. Dəxi bu dairədən kənar bəni-noi-bəşər üçün özgə nicat yolu yoxdur». Azərbaycan dilinin keşiyində dayanmaq Vətə­ni və milləti inkişaf edib möhkəmləndirməyin nəinki üzvi tərkib hissəsidir, hətta ən məsuliyyətli və şərəfli bir missiyasıdır.

Bütün bunlara görə dilimizdə müşahidə edilən bütün dil hadisələrinin tənzimlənməsinə imkan yaradan qrammatik qanuvericilik hazırlan­malıdır ki, qarşıya çıxan digər dəyişikliklərin də dəqiq yazılışı­nın müəyyən olunması həvəskar səviyyəsində yox, profess­io­nallıqla həll edilə bilsin. Fikrimizcə, müstəqillik dövrü Azərbaycan dilinin orfoq­ra­fi­ya qaydalarına bütövlükdə yenidən baxmağa ehtiyac vardır. Yeni orfoe­pi­ya qaydalarında keçmişdən mövcud olan qaydalarda yaxşı olan nə var­sa, hamısını saxlamaq, varisli­yi qorumaq, lakin dilimizin müasir inki­şaf səviyyəsi, hazırda dilin özün­də və dilçilik elmində gedən proses­lər­lə bağlı olan yeniləşmələr yeni qaydalarda öz əksini tapmalıdır. «Orfoqrafiya qaydaları» Azərbaycan yazılı dilinin nizamnaməsidir. Yeni­ləş­­miş orfoqrafiya nizamnaməsinin hazırlanmasına nail olmamaq tək-tək dilçilik hadisələrinə ayrı-ayrılıqda fərdi qaydada baxmağa istiqa­mət­ləndirə bilər. Lakin bu gün məsələyə yenidən qayıdılırsa, sistemli yanaş­ma həlli zəruri olan ən vacib məsələlərdən biridir. Eyni zamanda, «Orfoqra­fiya lüğəti»nin yeni prinsiplər nəzərə alınmaqla hazırlan­ma­sına, müzakirəyə çıxarılma­sı­na və nəşrinə çox həssas və məsuliyyətli münasi­bət tələb olunur. Orfoqrafiya qaydaları kimi ümumxalq işi olan bir məsuliyyətli və şərəfli vəzifənin həyata keçirilməsində, heç şübhəsiz, dilçi alimlərin üstünlük təşkil etməsi ilə bərabər, həmin prosesdə humanitar və ictimai elmlərin digər sahələrini təmsil edən ziyalıların, mətbuat nümayəndələrinin də iştirakı bu işə yalnız fayda gətirə bilər.

XX əsrin əvvəllərində tanınmış əlifba islahatçısı və ictimai xadim Məhəmmədağa Şahtaxtlı yazırdı: “Bir kəlmə ki, bir dildən ayrı dilə keçdi, bu son dilinki deyilişinə görə yazılıb oxunmalıdır”. Bu prin­sip bütün dövrlər üçün qüvvədə olan qızıl qaydadır. Bunu orfoqrafiya qaydalarının orfoepiya ilə tənzimlənməsi üzrə bir qanunçeri­ci­lik də adlandırmaq olar. Deməli, yeni orfoqrafiya qaydalarına doğru başlanan proses Azərbaycan dilinin orfoepiya normalarını da yenidən işləmək zərurətini meydana çıxarır. Ümumiyyətlə, yenidən hazırlanmasına zərurət yaranmış orfoqra­fi­ya və orfoepiya qaydaları dünya ilə sıx ünsiyyət və dialoq şəraitində Azərbaycan dilinin hərtərəfli inkişafına kömək etməli, ana dilimizin keşiyində dayanmağa yol açmalıdır.

  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə