“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0.93 Mb.
Pdf просмотр
səhifə1/10
tarix19.07.2017
ölçüsü0.93 Mb.
  1   2   3   4   5   6   7   8   9   10

 
“Türküstan” kitabxanası 
 
 
Şirvani Ədilli 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN 
ŞEİRİNDƏ FORMA 
MƏSƏLƏLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
 Bakı – 2014 
 

 
2
                              
 
Ön sözün müəllifi 
və redaktor
 
Tacir Səmimi (Qurbanov) 
Fil. üzrə fəls. doktoru 
 
 
 
 
 
Ədilli Şirvani 
Azərbaycan şeirində forma məsələləri.  
Bakı, “Elm və Təhsil”-2014, 144 səh. 
 
 
Kitabda şeirin əsas forma elementlərindən olan qafiyə müasir yanaş-
ma ilə köklü şəkildə araşdırmaya cəlb edilmiş, heca vəzninin bölgü və ritm 
məsələsinə yeni baxış irəli sürülmüş, ilk dəfə  sərbəst  şeirin mahiyyəti və 
növləri geniş araşdırılmış, həmçinin əruz və onun xüsusiyyətləri, şeir forma-
larının yaranma tarixi, onların məhdudiyyətləri və funksiyaları, mahnılarda 
mətn problemi, sözlə musiqisinin biri-birinə ritmik və tonik uyğunluq 
məsələləri, Azərbaycan xalq musiqisində geniş yayılmış ritmik vahidlər və 
qəliblər haqqında danışılmışdır. 
Kitab  ədəbiyyatçılar, yazarlar, musiqiçilər və  şeir formaları ilə ma-
raqlanan digər şəxslər üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
2014
098
4603000000

N
 грифли няшр
  
 
                  
© 
«Елм вя тящсил», 2014 
 
 
 

 
3
Ön söz 
 
Şeir formalarının tədqiqi  ədəbiyyatşünaslığın  əsas 
sahələrindən biridir. Klassik və müasir poeziyamızda isti-
fadə olunan şeir formaları çox zəngin və rəngarəng olsa 
da, zaman-zaman bu sahənin tədqiqi ədəbiyyatşünaslığın 
digər sahələri ilə müqayisədə xeyli geri qalmışdır. Son 
yüz illik ədəbiyyatşünaslıq tariximizdə bu sahə üzrə 
ixtisaslaşmış  tədqiqatçılar demək olar ki, barmaqla sayı-
lacaq qədər azdır. Halbuki, qonşu xalqlar (ərəblər, farslar, 
ruslar və s.) şeir formalarının tədqiqi sahəsində daha irəli 
gediblər.  
Klassik poeziyamızın əsas vəzni olan əruz XX əsrdə 
görkəmli alimimiz Əkrəm Cəfər tərəfindən geniş  tədqiq 
edilmişdir. Lakin bu vəznin həm  şairlər, həm də  ədəbiy-
yatçılar tərəfindən mənimsənilməsi son bir əsrdə  aşağı 
səviyyədə olmuşdur. Bu dövrdə heca vəzni daha çox 
istifadə olunan populyar vəzn olsa da, bu vəznin də məhz 
tədqiqinə lazımı  qədər yer verilməmişdir. Milli poeziya-
mızda XX əsrin əvvəllərindən meydana çıxmış və sürətlə 
inkişaf edən sərbəst  şeir formasına gəldikdə, bu şeir 
formasının ümumiyyətlə tədqiq olunmadığının demək olar 
ki, hamı  tərəfindən etiraf edilməsi artıq bir adət halını 
almışdır.  Şeirşünaslığımızda nisbətən geniş  tədqiq olun-
muş sahə klassik poeziyada və  aşıq yaradıcılığında 
istifadə olunan şeir şəkilləri və janrları olmuşdur. 
Şirvani Ədillinin şeir formaları sahəsində araşdırma-
larını şeirşünaslığımızda qeyd etdiyimiz problemlərin həllli 
baxımından irəliyə atılmış mühüm addım kimi qiymət-
ləndirmək olar. Müəllif ixtisasca filoloq olmasa da, tədqiq 
etdiyi məsələlərə peşəkarcasına yanaşmış, mövcud təd-
qiqatlara və bədii yaradıcılıq nümunələrinə istinad etmiş, 
elmi idrakın müxtəlif metodlarından istifadə edərək öz 
filkir və mülahizələrini irəli sürmüş və onları nəzəri cəhət-
dən sistemləşdirə bilmişdir. Müəllifin bu sahədə ilk araş-

 
4
dırması 2011-ci ildə  nəşr olunmuş  “Əruz vəzninin sadə-
ləşdirilmiş  qəlibləri” adlı  əsəridir. Həmin  əsərdə  Ş.Ədilli 
əruzun türk dilinə  və folkloruna uyğunluq məsələlərini 
araşdırmış, bu vəznin öyrənilməsinin daha asan meto-
dunu müəyyən etmişdur. Həmin  əsər  ədəbi mühitdə bö-
yük maraq doğurmuş və öz məqsədini doğrultmaqdadır.  
Ş.Ədilli indi əlinizdə olan “Azərbaycan  şeirində 
forma məsələləri” adlı kitabında isə daha geniş  əhatəli 
məsələləri araşdırmaya cəlb etmişdir. Burada şeirimizdə 
qafiyənin səs  əsası  və  təsnifatı, həmçinin heca vəzninin 
bölgüsü haqqında yeni baxış irəli sürülmüş, sərbəst  şeir 
forması ilk dəfə köklü şəkildə tədqiqata cəlb edilmiş və bu 
şeir formasının 8 növü müəyyən edilmiş,  əruz vəzninə 
münasibətdə mövcud olan mübahisəli məsələlərə toxu-
nulmuş,  şeir formalarının yaranma tarixi mövcud mate-
riallar  əsasında nəzərdən keçirilmiş,  şeir formalarının 
məhdudiyyətləri və funksiyaları, mahnılarda mətn prop-
lemi, sözlə musiqisinin biri-birinə ritmik və tonik uyğunluq 
məsələləri, Azərbaycan xalq musiqisində geniş yayılmış 
ritmik vahidlər və qəliblər haqqında danışılmışdır.   
Hesab edirəm ki, Ş.Ədillinin bu dəyərli araşdırması 
şeirşünaslığımızın gələcək inkişafına böyük təkan verə 
biləcək bir əsərdir. Müəllifə gələcək tədqiqatlarında uğur-
lar arzulayıram. 
 
Tacir Səmimi (Qurbanov) 
AMEA-nın böyük elmi işçisi, 
filologiya üzrə fəlsəfə doktoru. 
 
 
  
 
 
 
 

 
5
Giriş 
 
Ədəbiyyat nəzəriyyəsində şeir formaları az araşdırıl-
mış sahələrdəndir. Bu sahənin tədqiqi ilə bağlı aşağıdakı 
problemləri qeyd etmək olar: 
-  Şeirin  əsas forma elementlərindən olan qafiyə 
anadilli  şeirimiz üçün müasir yanaşma ilə köklü şəkildə 
araşdırılmamışdır; 
- Heca vəzni ümumilikdə araşdırılsa da, onun bölgü 
məsələlərinə əsasən səthi yanaşılmış, bəzən yanlış, şab-
lon xarakterli müddəalar irəli sürülmüşdür. Heca vəzninin 
uzun və qısa hecalar baxımından ritmik xüsusiyyəti haq-
qında isə ümumiyyətlə danışılmamışdır; 
- Əruz vəzni, onun mənşəyi və heca vəzni ilə əlaqəsi 
haqqında yanlış baxışlar  ədəbiyyatşünaslığımızda qal-
maqdadır; 
- Sərbəst  şeir forması demək olar ki, ümumiyyətlə  
araşdırılmamışdır və ona görə  də  sərbəst  şeirə münasi-
bətdə fikir ayrılıqları, mübahisəli məqamlar var;  
-  Şeir formalarının məhdudiyyətləri və funksiyaları 
heç vaxt ayrıca tədqiqat predmetinə çevrilməmiş, bu mə-
sələlər haqqında yalnız sözarası danışılmışdır;  
- Mahnılar üçün mətn seçimi, mətnlə musiqinin rit-
mik və tonik uyğunluq məsələləri də ayrıca tədqiq edilmə-
miş, bu isə nəticədə bir çox bəstəkar mahnılarının bu ba-
xımdan qüsurlu olmasına gətirib çıxarmışdır. 
Kitabda bu problemlər araşdırmaya cəlb edilmişdir. 
Belə ki, burada şeirin  əsas forma elementlərindən olan 
qafiyə müasir yanaşma ilə köklü şəkildə araşdırmaya cəlb 
edilmiş, heca vəzninin bölgü və ritm məsələsinə yeni 
baxış irəli sürülmüş, sərbəst  şeirin mahiyyəti və növləri 
geniş araşdırılmış, əruz vəzni, şeir formalarının yaranma 
tarixi, onların məhdudiyyətləri və funksiyaları, mahnılarda 
mətn problemi, sözlə musiqisinin biri-birinə ritmik və tonik 
uyğunluq məsələləri, Azərbaycan xalq musiqisində geniş 
yayılmış ritmik vahidlər və s. haqqında danışılmışdır.  

 
6
Şeirin əsas forma elementləri:  
misra, bölgü və qafiyə. 
 
Şeir yaradıcılığında  əsas forma elementləri  misra, 
bölgü   qafiyədir. Başqa sözlə, bunlar şeiri nəsrdən 
fərqləndirən əsas forma elementləridir.  
Misra – şeirin bir sətridir. Bir şeirdə misraların uzun-
luqları – onlarda olan hecaların sayları şeirin formasından 
asılı olaraq biri-birinə bərabər və ya fərqli ola bilər.  
Bölgü (təqti, durğu)  – misranın real və ya ani (xə-
yali) durğularla (pauzalarla) biri-birindən ayrılan parçaları-
dır. Bölgülərarası durğular, yəni vəzn durğusu adi nitqdə-
ki real, sintaktik durğulardan fərqlənir. Belə ki, vəzn dur-
ğusu ani, xəyali də ola bilər. Hətta bir misrada sintaktik 
durğu, pauza vəzn durğusundan daha böyük ola bilər. 
Vəzn durğusu sintaksisdən yox, sözlərdəki və misradakı 
heca sayından, deyilişin ümumi ahəngindən asılıdır.  
Təəssüf ki, şeirşünaslığımızda indiyə  qədər vəzn 
durğusu ilə sintaktik durğu arasındakı fərqin nəzərə alın-
maması heca vəznində yanlış olaraq bölgülərin yalnız 
bütöv sözlərdən ibarət götürülməsinə və misraların yanlış 
bölgülənmə variantlarının müəyyən olunmasına gətirib 
çıxarmışdır. Bu məsələyə kitabın digər bölmələrində ge-
niş şəkildə və praktiki misallarla aydınlıq gətirəcəyik. 
Bölgülərin uzunluğu onlarda olan hecaların sayı ilə 
müəyyən olunur. Əruz vəznində sözlər bölgülərdə həmişə 
parçalana bildiyi halda, heca vəznində və sərbəst şeirdə 
bu parçalanma xüsusi hallarda – deyilişin normal ahəngə 
malik olduğu hallarda baş verir.  
Qafiyə  –  şeirdə ayrı-ayrı sözlərin sonluqlarında gə-
lən, eyni və ya biri-birinə yaxın tək səslər və ya səs birlik-
ləridir. 
Klassik
 
ərəb və fars qafiyəşünaslığı  ərəb qrafikası-
nın xüsusiyyətləri əsasında formalaşmışdır. Belə ki, bura-
da əsasən qafiyədə iştirak edən ərəb qrafikası hərflərinin 

 
7
(samitlərin və uzun saitlərin) və  hərəkələrin (qısa sait-
lərin) sayı, düzülüşü və tutduğu mövqeləri baxımından 
qafiyələrin təsnifatı aparılmış, bu hərf və  hərəkələrin 
məhz dəqiqliklə  təkrarlanması  xətasız (eyibsiz, nöqsan-
sız) qafiyələnmə hesab edilmiş, şeirdə praktiki olaraq rast 
gəlinən qafiyə  xətaları (eyibləri, nöqsanları) özləri də 
təsnif olunmuşdur  (ətraflı  məlumat üçün bax: 36, s. 88-
108; 34, s. 89-127; 49, s. 141-166 ).  
Qafiyənin müasir ana dilimiz və daha dəqiq, sadə 
əlifba olan latın qrafikalı müasir əlifbamız  əsasında 
öyrənilməsi isə  fərqli yanaşma tələb edir. Bu sahədə  ən 
köklü araşdırmalardan birini görkəmli  əruzşünasımız 
Əkrəm Cəfər aparmışdır. Klassik şərq poeziyasının dərin 
bilicisi və  tədqiqatçısı olan alimimiz anadilli şeirimizin 
qafiyəsi haqqında irəli sürdüyü mülahizələrdə (8, s. 8-20) 
qafiyənin dayağının bir səs (sait və ya samit) olduğunu 
qəbul etmiş  və  tərtib etdiyi qafiyə lüğətində (8) də bunu 
əsas götürmüşdür. Lakin bu yanaşma da bir növ ərəb 
qrafikası  hərfləri  əsasında formalaşdırılmış  ərəb və fars 
qafiyəşünüslığına uyğundur.  
Müasir “Ədəbiyyat Nəzəriyyəsi” və yaxın məzmunlu 
digər kitablarda isə yalnız qafiyənin ümumi tərifi və 
müxtəlif təsnifatları verilir. Burada zəngin (tam, uzun)  
yoxsul (natamam, qısa),  normal və qulaq, misrasonu və 
daxili, cinas    adi, rədifli və  rədifsiz  və s. qafiyə növləri 
fərqləndirilir. Lakin qafiyə anlayışı haqqında verilən bu 
məlumatları  qətiyyən qənaətbəxş hesab etmək olmaz. 
Çünki, burada qafiyənin formal mənada belə, mahiyyəti 
tam açılmamışdır. Yalnız cinas qafiyələr dəyərli folklorşü-
nas alimimiz Elxan Məmmədli tərəfindən geniş  tədqiq 
olunmuşdur (37).  
Fikrimizcə, qafiyənin səs  əsası – dayağı kimi bir 
səsin yox, səs cütlüyünün götürülməsi daha doğru-
dur. Qafiyənin dayağında bir səsin dayanması isə 
anadilli şeirimizdə xüsusi hal kimi və  yalnız sait səs 

 
8
üçün qəbul oluna bilər.  Belə ki, anadilli poeziyamızda 
klassik, ənənəvi qafiyənin səs əsasını – dayağını sait-
samit səs cütlüyü, az hallarda samit-sait səs cütlüyü, 
az və xüsusi hallarda isə  tək sait (uzanan və ya 
uzanmayan) təşkil edir. Dayaqdan sonra istənilən 
uzunluqlu eyni şəkilçi və ya rədif gələ bilər. Dayaq-
dan  əvvəl isə eyni səs və ya səslərin olması 
qafiyələnmə üçün vacib deyil. Lakin bu hal qafiyələn-
mənin daha da zənginləşməsinə səbəb olur.  
Eyni  şəkilçilərin müxtəlif sözlərə  ələvə edilməsi isə 
həmin sözlərin qafiyələnməsi demək deyil. Lakin burada 
bəzi sözdüzəldici (leksik) şəkilçilər istisnadır. Məsələn, 
yoldaş-sirdaş sözləri qafiyə kimi qəbul olunur, halbuki 
onlar eyni sözdüzəldici şəkilçinin müxtəlif sözlərə əlavəsi 
ilə yaranmışdır. 
Şair, tədqiqatçı Şamil Dəlidağ (Əsgərov) tərtib etdiyi 
qafiyə lüğətində (10) çox doğru olaraq məhz sait-samit və 
samit-sat  səs cütlüklərini  əsas götürmüşdür. O, bu səs 
cütlükləri  əsasında qafiyələnən söz köklərinin, həmçinin 
düzəltmə sözlərin böyük siyahısını tərtib etmişdir. Ş.Dəli-
dağ qafiyəşünaslığımız üçün çox dəyərli töhfə olan bu 
əsərində məhz yeni və daha sadə elmi-məntiqi yanaş-
ma ilə qafiyə lüğəti tərtib etmək  ənənəsinin  əsasını 
qoymuşdur. 
Aşağıdakı  təsnifat və praktiki misallarla qafiyə haq-
qında yuxarıda dediyimiz fikirlərin mahiyyətini daha aydın 
şəkildə açmağa çalışacağıq.  
Fikrimizcə, qafiyənin yox, qafiyələnmənin təsnifatın-
dan danışmaq daha doğru olar. Çünki, hər şey qafiyələn-
mədə  aşkara çıxır. Qafiyələnmə söz kökləri sonluqları, 
söz kökü sonluğu və  şəkilçi, kök-şəkilçi birləşmələri, 
müxtəlif şəkilçilər və s. arasında baş verə bilər.  
Bütün bunları nəzərə alaraq qafiyələnmənin təsnifa-
tını aşağıdakı kimi aparmaq olar. 

 
9
Dayağının xüsusiyyətinə görə  qafiyələnmənin 
aşağıdakı növlərini müəyyən edə bilərik: 
1. Sait-samit səs cütlüyü (qapalı heca) dayağı ilə 
qafiyələnmə (güclü qafiyələnmə). Belə qafiyələnmə üçün 
söz ehtiyatı kifayət qədər çoxdur və çox geniş yayılmış-
dır.  Şairlər, aşıqlar və meyxanaçılar qafiyələnmədə sait-
samit səs cütlüyünün nə  dərəcədə  əhəmiyyətli olduğunu 
gözəl bilirlər. Eyni səsli (an-qan-yaman-balaban  və s.), 
yaxın saitli (əl-el-gül-dil  və s.) və  hətta yaxın samitli 
(həyat-murad  və s.) variantlarını  fərqləndirmək olar. Mi-
sallara baxaq.  
Eyni səsli variant: 
 
Vətəni sevməyən insan olmaz, 
Olsa ol şəxsdə vicdan olmaz. 
                                   A.Səhhət 
 
Yaxın saitli variant: 
 
Mən sənin dilinə dəymirəm, cəllad, 
Gəl sən də bu ana dilimə dəymə! 
Sənin də bağın var, gülün var, çəkil, 
Bağımda əkdiyim gülümə dəymə! 
                                          S.Rüstəm 
 
Yaxın samitli variant: 
 
Bu dil şirinlikdə şərbət kimidir. 
Saflığı qorunun sərhəd kimidir... 
                                        T.Bayram 
 
2. Samit-sait səs cütlüyü (açıq heca) dayağı ilə 
qafiyələnmə (zəif qafiyələnmə).  Məsələn, dünya-dərya-
ya,  ayna-na,  köl-cərgə  və s. Samit-sait  səs  cüt-
lüyü oxşar tələffüz təəssüratını yüksək səviyyədə yarada 

 
10
bilmədiyindən belə qafiyələnmə xalis qafiyələnmə deyil 
və eyni zamanda bunun üçün söz ehtiyatı da azdır. Klas-
sik  əruzvəznli poeziyada demək olar ki, istifadə olunma-
mışdır. Misal: 
 
Bu necə dünyadır, bu necə dünya
Ölümü həqiqət, həyatı röya
                               B.Vahabzadə 
 
3. Tək sait dayağı ilə qafiyələnmə. Bu növün şəkilçi 
qəbul etmiş və etməmiş variantları var.  
Şəkilçi qəbul etməmiş variant (yarımçıq qafiyələn-
mə) az istifadə olunur. Daha çox əruzvəznli poeziyada, 
özü də uzanan saitlə olan variantına rast gəlinir. Məsələn, 
sevda-rəna, su-bvə s.  
Misallar: 
 
Demə məcnuna dəli, bəlkə də Leyla dəlidir, 
Eşq olan yerdə bütün aqili dandəlidir 
                                                     Ə.Vahid 
 
Gülü rüxsarına qarşu, gözümdən qanlı axar su, 
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? 
                                                                 M.Füzuli 
 
Yaxın səsli varianta misal: 
 
Cahanda yox elə bir qüvvə baş əyim ona mən
Fəqət nə güclü, zəif bir vücud var, yahu
Ki, hazıram yıxılıb xaki payinə hər gün  
Öpüm ayağını icz ilə. Kimdir o, nədir o
                                                 C.Cabbarlı 
 
Az da olsa hecavəznli şeirlərdə, özü də uzanmayan 
saitli variantına da rast gəlinir: 

 
11
Düşündülər, görəsən onun dərdi nə imiş. 
...Özü nəhəng olsa da, kökü lap üzdə imiş. 
                                                  T.Bayram 
 
Tək sait dayağı ilə qafiyələnmənin  şəkilçi qəbul 
etmiş variantından daha çox istifadə olunur. Çünki, tək 
saitlə qafiyələnən sözlərə  şəkilçi  əlavə olunduqda sait 
samitlə qapanır və sait-samit səs cütlüyü dayağında 
qafiyələnmə kimi səslənir,  bir növ sait-samit səs cüt-
lüyü dayağında qafiyələnməyə çevrilir. Ona görə də bu 
xüsusi haldan müasir poeziyada geniş istifadə olunur. 
Misallara baxaq. 
Qafiyələnən sözün isim olduğu hala misal: 
 
Bu yalan dünyanın tərs ayna+sı var, 
Sevincə bənzəyən çox bəla+sı var... 
     N.Kəsəmənli 
                                                        
Qafiyələnən sözlərin feil olduğu hala misal: 
 
Dağlara qar düşdü, qəribsə+yirəm, 
Qəlbimə bir həmdəm qəlb istə+yirəm 
                                                   M.Araz 
 
Qafiyələnən sözlərin quruluşuna görə qafiyələn-
mənin aşağıdakı növlərini müəyyən edə bilərik: 
1. Söz kökü sonluqlarının qafiyələnməsi.  Sözlərin 
hansı nitq hissəsinə aid olmasına görə müxtəlif variantları 
var. Məsələn,  d-b (isim-isim), ver-yer  (feil-isim), 
almaq-qalmaq  (feil-feil),  -s (sifət-sifət), qara-yara 
(sifət-isim) və s. 
Misallar: 
 
Anamız vətənçin vurmasa ürək (isim)
Haram olsun mənə yediyim çörək (isim).  
                                             S.Rüstəm 

 
12
Millət yoludur, haqq yoludur tutduğumuz yol (isim), 
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol (feil). 
                                                         T.Fikrət 
 
Öz şəxsi dərdinə qalanlar mənə
Hörümçəklər kimi tor hörməsinlər (feil)
Ürəyi qara daş olanlar mənə, 
Müqəddəs dərdimi çox görməsinlər (feil)... 
                                                        S.Rüstəm 
 
2. Söz kökü sonluğu ilə  şəkilçinin qafiyələnməsi. 
Daha çox müasir poeziyada istifadə olunur:  
 
Al qoynuna dostlarını, ey bağrı qan Arazım, 
Mənim qanlı göz yaşımdan yaran+mısan, Arazım! 
                                                             S.Rüstəm 
 
Bilsin ana torpaq, eşitsin vətən
Müsəlləh əsgərəm mən də bu gün
+
dən. 
                                              S.Vurğun 
 
Lakin klassik əruzvəznli poeziyada da buna kifayət 
qədər nümunələr tapmaq olar: 
 
Həqq bilir bir zərrə neştərdən damarlar ağrımaz 
...Gər bu gerçək aşiqi sərpa soy
+
arlar, ağrımaz 
                                                               İ.Nəsimi 
 
Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə, 
Onda min zövq artıran hər dürlü nemət düz+müşəm
Kim gəlir, gəlsin aparsın hər nə istər xatiri, 
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm.                     
                                                                    M.Füzuli 
 
Sahibsiz olan məmləkətin batması haqdır 
Sən sahib olarsan, bu vətən bat+mayacaqdır
                                                    M.A.Ərsoy 

 
13
3.  Söz kökü sonluğu ilə kök sonluğu-şəkilçi birləş-
məsinin qafiyələnməsi. Daha çox müasir poeziyada isti-
fadə olunur:  
                
Sən beləsənmiş bala+m, ay bərəkallah sənə. 
Fisq imiş əmrin tamam, ay bərəkallah sənə. 
                                                       M.Ə.Sabir 
 
Səni tanıdıqca sən mən+ə sirsən, 
Sirlər açıldıqca sən yenə sirsən! 
                                        N.Xəzri 
 
4.  Şəkilçi ilə kök sonluğu-şəkilçi birləşməsinin qafi-
yələnməsi. Bu növ də daha çox müasir poeziyada istifadə 
olunur:  
  
İl qaldı bir əsri yarı böl+məyə 
...İşığın qəfildən dönər kölgə+yə... 
                                                      M.Araz 
 
5. Kök sonluğu-şəkilçi birləşmələrinin qafiyələnməsi. 
Bu növə söz kökü sonluğu ilə kök sonluğu-şəkilçi birləş-
məsinin qafiyələnməsinin xüsusi halı kimi də baxmaq 
olarBelə ki, burada adətən saitlə bitən kökə iki və daha 
çox səsə malik şəkilçi əlavə edilir və həmin saitin samitlə 
qapanması bu sözün samitlə bitən digər  şəkilçili  köklə 
qafiyələnməsinə imkan yaradır. Yəni bu halda qafiyələn-
mənin alınması üçün mütləq hər iki söz şəkilçi qəbul 
etməlidir. Misallar: 
 
Guya zindan boğa bilər azadlığın haqq səs
+
ini, 
Ölüm-dirim savaşına bəstələnmiş nəğmə
+
sini 
                                                                             S.Rüstəm 
 
 

 
14
Mən vurğun deyiləm şöhrətə, ad
+
a, 
Sadə bir şairəm, qoca dünya
+
da. 
                                                            S.Rüstəm 
 
6. Eyni sonluqlu müxtəlif  şəkilçilərin qafiyələnməsi. 
Əsasən müasir dövr poeziyasında istifadə olunmağa 
başlamışdır. Məsələn, getsən-yerdən  (şərt  şəkilçisi və 
çıxışlıq hal şəkilçisi),  düşər-ləpələr  (qeyri-qəti gələcək 
zaman şəkilçisi və cəm şəkilçisi) və s. 
Misal: 
 
...Bülbüllər məskəni bir gülüstanı 
Deyirlər, ikiyə sən ayır+mısan. 
Götürün üstümdən quru böhtanı, 
Bilsin təqsirini adıma yaz+an!  
                                       S.Rüstəm 
 
Bəzən sözlər eyni yox, oxşar səslər vasitəsiylə qafi-
yələndikdə yanlış olaraq bunu “qulaq qafiyəsi”, “fonetik 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə