Maddə 179. Səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında məlumatın bilərəkdən təqdim edilməməsi və ya dərc olunmaması
179.1. Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların, siyasi partiyaların bloklarının və namizədlərin vəkil edilmiş şəxslərinin, müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin tələbi ilə onların tanış olmaları üçün müvafiq seçki komissiyasının sədrləri tərəfindən səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən təqdim edilməməsinə görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
179.2. Səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə dərc edilməməsinə görə-
iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 180. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olma
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olmağa görə-
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: |