Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi



Yüklə 109,56 Kb.
səhifə10/36
tarix06.07.2022
ölçüsü109,56 Kb.
#62670
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   36
01.AZ RES - İNZİBATİ PROSESSUAL MƏCƏLLƏSİ

49.1.1-1. işin hallarını nəzərə alaraq, öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif etmək;
49.1.2. hazırlıq sənədlərini (ərizələrini, vəsatətlərini, izahatlarını, etirazlarını) tamamlamağı və ya aydınlaşdırmağı, iş üzrə materiallarda saxlanılması mümkün olan sənədlərin və predmetlərin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif etmək, dəqiqləşdirmə tələb edən müəyyən halların izah olunması üçün müddət təyin etmək;
49.1.3. zəruri sənədləri (arayışları, məlumatları) toplamaq;
49.1.4. tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək;
49.1.5. proses iştirakçılarının şəxsən məhkəməyə gəlmələrinə dair sərəncam vermək;
49.1.6. şahidləri və ekspertləri dəvət etmək.
49.2. Məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir.
Maddə 50. Hazırlıq icraatında məhkəmə tərəfindən qəbul edilən qərardadlar
50.0. Sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında aşağıdakı məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir: 50.0.1. iş üzrə məhkəmə icraatının dayandırılması və ya təxirə salınması barədə;
50.0.2. iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə;
50.0.3. hüquqi mübahisənin barışıq yolu ilə nizama salınması (tərəflərin barışıq sazişi bağladığı və ya hüquqi mübahisənin nizama salınması barədə müştərək bəyanatla çıxış etdiyi hallarda, fors-major və ya başqa hallarda) barədə;
50.0.4. iddianın məbləği barədə;
50.0.5. prosessual xərclər barədə; 50.0.6. məhkəmə icraatına cəlbetmə barədə.
Maddə 51. Məhkəmə tərəfindən müddətin təyin edilməsi
51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər.
51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər.
Maddə 52. Məhkəmə baxışının hədləri
Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Maddə 53. Qarşılıqlı iddia
53.1. İlkin iddia üzrə icraat zamanı qarşılıqlı iddia qaldırıla bilər, lakin bu halda qarşılıqlı tələb ilkin iddiada irəli sürülən tələblə və ya cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə vasitələri ilə əlaqəli olmalıdır. Aidiyyət qaydalarına görə iddianın başqa məhkəməyə aid olduğu hallarda qarşılıqlı iddiaya yol verilmir.
53.2 Qarşılıqlı iddia bu Məcəllə ilə müəyyən edilmiş qaydada qaldırılır.
53.3. Mübahisələndirmə haqqında, qanunauyğunluq haqqında və ya məcburetmə haqqında iddialara münasibətdə qarşılıqlı iddia qaldırıla bilməz.
Maddə 54. İddianın dəyişdirilməsi
54.1. İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.
54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir.
54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz.
Maddə 55. İddiadan imtina edilməsi
55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır.
55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir.
55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.
55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
Maddə 56. Müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması
56.1. Məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır.
56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır.
56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir.
Maddə 57. Məhkəməyə gəlmək vəzifəsi
57.1. Məhkəmə proses iştirakçısından məhkəmə iclasına şəxsən gəlməyi tələb edə bilər. Məhkəmə bu tələbə əməl etməyən proses iştirakçısına 50 manatdan 100 manatadək məbləğdə cərimə olunacağı barədə xəbərdarlıq edir.
57.2. Üzrsüz səbəbdən gəlmədiyi hallarda, məhkəmə proses iştirakçısını cərimə edə bilər.
57.3. Proses iştirakçısının şəxsən gəlməsi, gəlmədiyi hallarda cərimə edilməsi və cərimənin məbləğinin müəyyən olunması barədə məhkəmə qərardad qəbul edir.
57.4. Cərimə barədə xəbərdarlıq və ya cərimə təkrar tətbiq edilə bilər.
57.5. Proses iştirakçısı qismində hüquqi şəxsin çıxış etdiyi hallarda, cərimə barədə xəbərdarlıq və ya cərimə, qanuna və ya hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi olan şəxsə münasibətdə tətbiq edilir.
57.6. İnzibati orqanın nümayəndəsi üzrsüz səbəbdən məhkəməyə gəlmədiyi hallarda, cərimə barədə xəbərdarlıq və ya cərimə inzibati orqana münasibətdə tətbiq edilir.
57.7. Məhkəmə, prosesin iştirakçısı olan inzibati orqandan və ya ümumi hüququn subyektindən, mübahisə ilə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə kifayət qədər məlumatlı olan, səlahiyyətləri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş müvafiq vəzifəli şəxsin nümayəndə qismində məhkəməyə göndərilməsini tələb edə bilər.
Maddə 58. Sübutların araşdırılması qaydası
58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər.
58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər.
58.4. Zəruri hallarda sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayanadək, sübutların araşdırılmasını səlahiyyətli hakim qismində məhkəmə tərkibinin üzvlərindən birinə həvalə edə bilər.
58.5. Zəruri hallarda məhkəmə, aydınlaşdırılması zəruri olan konkret halları göstərməklə, sübutların araşdırılması və ya toplanılması üçün başqa məhkəməyə müraciət edə bilər.
58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər.
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. [29]
Maddə 59. Sübutların araşdırılması ilə bağlı proses iştirakçılarının hüquqları
59.1. Proses iştirakçıları sübutların araşdırılmasında iştirak edə bilərlər. Sübutların araşdırılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə proses iştirakçılarına bu Məcəllə ilə müəyyən edilmiş qaydada ən azı 3 gün əvvəl məlumat verilir.
59.2. Proses iştirakçıları şahidlərə, ekspertlərə və inzibati orqanların nümayəndələrinə işə aid suallar verə bilərlər. Suala etiraz olunduğu hallarda sualın mümkünlüyü haqqında məsələ hakim və ya işə baxan məhkəmə kollegiyası tərəfindən həll edilir.
Maddə 60. İnzibati orqanların tələb olunan sənədləri və məlumatları təqdim etmək vəzifəsi
İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir.
Maddə 61. İş üzrə icraat materialları ilə tanış olmaq hüququ
61.1. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən vaxt iş üzrə icraat materialları ilə, habelə həmin icraatla bağlı məhkəməyə təqdim olunmuş sənədlərlə tanış ola bilərlər.
61.2. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz hesablarına iş üzrə icraat materiallarında olan sənədlərin təsdiqlənmiş surətlərinin və (və ya) belə sənədlərdən çıxarışların verilməsi xahişi ilə müvafiq məhkəmənin dəftərxanasına müraciət edə bilərlər. Sədrlik edən hakim bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz təşəbbüsü ilə məhkəmə aktlarını həmin aktlarla işləmək üçün müvafiq prosessual nümayəndəyə verə bilər. [30]
Maddə 62. Məhkəmə bildirişləri
62.1. Məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur.
62.2. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər.
62.3. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır.
Maddə 63. Məhkəmə iclası
63.1. Sədrlik edən hakim şifahi məhkəmə baxışı ilə bağlı iclası açır və ona rəhbərlik edir.
63.2. Məhkəmə iclası açıq elan olunduqdan və proses iştirakçılarının tərkibi müəyyən edildikdən sonra, sədrlik edən və ya məruzəçi hakim mübahisənin mahiyyətini ümumi şəkildə izah (şərh) edir.
63.3. Mübahisənin mahiyyəti izah olunduqdan sonra, sədrlik edən hakim vəsatət vermək, öz tələblərini və ya vəsatətlərini əsaslandırmaq üçün proses iştirakçılarına söz verir.
Maddə 64. Hakimin mübahisə ilə bağlı işi müzakirə etmək vəzifəsi
64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur.
64.2. Sədrlik edən hakim məhkəmə tərkibinin hər bir üzvü üçün, onların tələbi üzrə sual vermək imkanı yaratmalıdır.
64.3. Mübahisə ilə bağlı işin müzakirəsi başa çatdıqdan sonra, sədrlik edən hakim şifahi məhkəmə baxışını bağlı elan edir.
64.4. Qərar qəbul edilənədək məhkəmə öz təşəbbüsü ilə şifahi məhkəmə baxışının təzələnməsi barədə qərardad qəbul edə bilər.
Maddə 65. Şifahi məhkəmə baxışının protokolu
İnzibati məhkəmə icraatında protokollaşdırma ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22-ci fəslində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur.
Maddə 66. Barışıq sazişinin mümkünlüyü
66.1. Mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir.
66.2. Barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər. [31]
66.3. Məhkəmə, sədrlik edən və ya məruzəçi hakim barışıq sazişinin bağlanması barədə tərəflərə məhkəmə qərardadı formasında təklif verməyə haqlıdır. Bu halda barışıq sazişi tərəflərin məhkəmənin təklifinə yazılı formada razılığı əsasında bağlana bilər.
66.4. Protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir.
Maddə 67. İddiaçının tələblərinin təmin olunması
67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər.
67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
67.4. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır.

Yüklə 109,56 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin