Vaqġf sultanli



Yüklə 1.99 Mb.
Pdf просмотр
səhifə1/13
tarix23.06.2017
ölçüsü1.99 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

İstiqlal sevgisi 
 
 

 
VAQĠF  SULTANLI 
 
 
 
 
 
 
 
 
 
ĠSTĠQLAL  SEVGĠSĠ 
 
 
monoqrafiya 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2014 

Vaqif Sultanlı 
 
 

Elmi redaktor: 
 
Prof.dr.Tofiq Hüseynoğlu  
Bakı Dövlət Universiteti, Azərbaycan 
 
Ön sözün müəllifi: 
 
Prof.dr. Qulamrza Səbri Təbrizi 
Edinburq Universiteti, Böyük Britaniya 
 
Rəyçilər: 
 
Prof.dr. Çingiz Hüseynov  
Moskva Dövlət Universiteti, Rusiya 
 
Prof.dr.Səbahəddin ġimĢir  
Balıkəsir Universiteti, Türkiyə 
 
Vaqif Sultanlı. İstiqlal sevgisi.  
Bakı, Elm və təhsil, 2014,  252 səh. 
 
 
Monoqrafiyada  böyük  siyasi  хadim,  Azərbaycan  Хalq  Cüm-
huriyyətinin  qurucusu  Məhəmməd  Əmin  Rəsulzadənin  (1884-1955) 
həyatı, mühiti, ədəbi-bədii və nəzəri-kulturoloji yaradıcılığı araşdırıl-
mışdır. 
 
 
ISBN 978-9952-8142-5-5 
 
© «Elm və təhsil», 2014 
                                                    © Vaqif Sultanlı, 2014  

İstiqlal sevgisi 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
Bir  gün  həyatınızı  yazacaq  baxtlı  bir  Türk  gənci, 
yaxud da şəxsiyyətinizi canlandıracaq bir Türk sənətkarı, 
ömrünüzün  hər  dövrünü  qavrayıb  anladıqca  «nə  mutlu 
mənə  ki,  bu  yaşamağa  dəyər  səhifələri  canlandırıram»  - 
deyə  sevinəcəkdir,  bunların  əsərlərini  oxuyan  və  ya  seyr 
edənlər  də  Sizi  daima  sonsuz  məhəbbət,  hörmət  və  rəh-
mətlə anacaqlardır. 
 
C. S. Krımər

Vaqif Sultanlı 
 
 

 
ÖLÜMSÜZ ġƏXSĠYYƏTƏ SÖZ HEYKƏLĠ 
 
Milli  istiqlal  hərəkatının  qüdrətli  şəxsiyyətlərindən  olan 
Məhəmməd  Əmin  Rəsulzadə  Azərbaycan  Xalq  Cümhuriyyəti-
nin  təməlini  qoymaqla  öz  millətinə  əvəzsiz  xidmətlər  göstər-
mişdir.  Bu  böyük  siyasi  xadim,  eyni  zamanda,  türk  tarixinin 
önəmli  simalarından, türklük məfkurəsinə xidmət edən möhtə-
şəm fikir sahiblərindən biri olaraq tanınmaqdadır.  Məhz buna 
görə  də  onun  həyat,  mübarizə  və  yaradıcılıq  yolunun  öyrənil-
məsi çağdaş Azərbaycan elminin qarşısında duran ən aktual və 
mühüm  vəzifələrdən  biridir.  Bu  mənada  yazıçı-ədəbiyyatşünas 
Vaqif Sultanlının M.Ə.Rəsulzadənin yaradıcılığına müraciət et-
məsi təsadüfi deyildir. 
Bilindiyi  kimi,  M.Ə.Rəsulzadənin  əsərləri  sovet  siyasi 
rejimi  dönəmində  yasaq  olunmuş,  haqqında  hər  hansı  səpkidə 
tədqiqatların  aparılmasına  imkan  verilməmişdir.  Bu  isə  onun 
yaradıcılıq  irsinin  uzun illər gizli qalmasına, adının, imzasının 
unutdurulmasına  səbəb olmuşdur.  Lakin  bütün  bunlara baxma-
yaraq  Azərbaycanın  aydınları,  düşünən  insanları  böyük  siyasi 
liderin Vətənin azadlığı, istiqlaliyyəti naminə gördüyü işləri də-
yərləndirməyə, yaşatmağa, gələcək nəsillərə ötürməyə çalışmış-
lar.  Bu  işdə  mühacirətin  gərgin,  məqsədyönlü  əməyi  mühüm 
əhəmiyyət  daşıyır.  Çünki  məhz  mühacirətin  ardıcıl, fədakarca-
sına  fəaliyyəti  nəticəsində  Məhəmməd  Əmin  bəyin  yaradıcılıq 
irsi elmi-nəzəri müstəvidə dəyərləndirilmişdir. 
Oxucuların  mühakiməsinə  verilən  kitabın  müəllifi  hələ 
Azərbaycanın istiqlaliyyət əldə etməsindən öncə M.Ə.Rəsulza-
dənin yaradıcılığının tədqiqi ilə məşğul olmağa başlamış və bu 
mövzuda apardığı dəyərli araşdırmaları ilə ədəbi-elmi ictimaiy-
yətin rəğbətini qazanmışdır. Onun həmin araşdırmaların yekunu 
olaraq  nəşr  etdirdiyi  «Məhəmməd  Əmin  Rəsulzadənin  ədəbi 
dünyası» (1993), «Ağır yolun yolçusu» (1996) monoqrafiyaları 

İstiqlal sevgisi 
 
 

bu baxımdan səciyyəvidir. Müəllifin doktorluq dissertasiyasının 
mövzusu  da  M.Ə.Rəsulzadənin  həyatı  və  ədəbi  fəaliyyəti  ilə 
bağlıdır. Həmçinin «Azərbaycan mühacirət ədəbiyyatı» kitabın-
da və müxtəlif ölkələrdə çıxan nüfuzlu dərgilərdə dərc olunmuş 
məqalələrində  böyük  siyasi  xadimin  həyat  və  mübarizə  yolu 
real, gerçək cizgilərlə işıqlandırılmışdır. 
Monoqrafiyada Azərbaycanın ölümsüz liderinin həyatı və 
ədəbi fəaliyyəti bütün yönlərilə canlandırılmışdır. Burada ədibin 
həyatı, mühiti, bədii və elmi-nəzəri irsi sistemli şəkildə araşdı-
rılmışdır.  Müəllif  həmçinin  M.Ə.Rəsulzadənin  yaradıcılığının 
tədqiqi  tarixini  izləmiş, sistemləşdirmiş, dünyanın müxtəlif öl-
kələrinə  səpələnmiş  çoxsaylı  mənbə  və  qaynaqları  izləmiş, 
ümumiləşdirmiş və dəyərləndirmişdir. 
Tədqiqatçı uzun illər sovet siyasi ideologiyasının sərt qa-
dağaları ilə üzləşmiş bu böyük tarixi şəxsiyyətin yalnız ictimai-
siyasi  sahədə  deyil,  həmçinin  ədəbi-bədii  və  nəzəri-kulturoloji 
müstəvidə  ciddi  yaradıcılıq  irsi  qoyub  getdiyini  zəngin  faktik 
materillarla  üzə  çıxarmışdır.  Onun müraciət etdiyi  qaynaqların 
mühüm bir hissəsi ilk dəfə olaraq sistemli şəkildə elmi dövriy-
yəyə daxil edildiyindən ciddi əhəmiyyət daşıyır. 
Bütövlükdə əsərin polemik ruhu, müəllifin mühakimələri, 
səriştəliliyi,  ayrı-ayrı  tədqiqatçılarla  mübahisələri,  müqayisəli 
təhlilləri maraq doğurur. 
İnanırıq  ki,  Vaqif  Sultanlının  oxuculara  təqdim  olunan 
monoqrafiyası  oxucuların  mağarına  səbəb  olacaq,  ədəbi  tənqid 
tərəfindən layiqli qiymətini alacaqdır.  
 
Prof.dr.Q.S.Təbrizi, 
                                                           London, Böyük Britaniya

Vaqif Sultanlı 
 
 

 
ÖN SÖZ YERĠNƏ 
 
 İmperiya ideologiyasının mənəviyyata vurduğu ən böyük 
zərbələrdən  biri  siyasi  həyatdakı  təbəqələşmənin  elmə,  mədə-
niyyətə və ədəbiyyata tətbiq olunması, sənətin ideoloji zəmində 
saf-çürük  edilməsi,  nəticə  etibarı  ilə  milli  olanların  inkar  və 
yasaq olunması, adlarının üstünə hər hansı yolla kölgə salınma-
sı,  unutdurulmasıdır.  Belə  düşünülmüş  siyasətin  nəticəsi  kimi, 
uzun  illər  ədəbi-mədəni  həyatın  həqiqi  mənzərəsi  хalqdan  giz-
lədilmiş,  yaхud  müхtəlif  təhriflərə  məruz  qoyularaq  birtərəfli 
təbliğ və təqdim olunmuşdur. Azərbaycanın istiqlaliyyət yoluna 
qədəm  qoyması  milli  tariхin  öyrənilməmiş  tərəflərinə  işıq  tut-
duğu  kimi,  ədəbiyyatın  və  mədəniyyətin  adları-imzaları  yasaq 
olunmuş şəхsiyyətlərinin üzə çıхarılmasına, əsərlərinin yenidən 
nəşr  olunub  yayılmasına  imkan  yaratmışdır.  Son  illərdə  Azər-
baycan  milli  mədəniyyətinin  Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy 
Ağaoğlu,  Mirzəbala  Məmmədzadə,  Əlimərdan  bəy  Topçuba-
şov,  Ceyhun  bəy  Hacıbəyli,  Əhməd  Cəfəroğlu,  Əbdülvahab 
Yurdsevər,  Almas  İldırım,  Mustafa  Haqqı  Türkəqul  və  başqa 
aparıcı şəхsiyyətlərinə marağın güclənməsi məhz bununla bağ-
lıdır.  Belə  şəхsiyyətlərdən  birinin  –  Azərbaycanda  milli  döv-
lətin  banisi,  хalqın  ölümsüz  lideri,  böyük  siyasi  хadim,  mütə-
fəkkir, yazıçı, publisist və alim Məhəmməd Əmin Rəsulzadənin 
adının  bərpa  olunması,  həyat  və  yaradıcılığının  yeni  təfəkkür 
işığında araşdırılması, zamanın və məkanın hüdudlarını adlayan 
görüşlərinin  çözülməsi  çağdaş  elmi-nəzəri  fikrin  qarşısında 
duran ən aktual vəzifələrdən biridir. Çünki bu böyük tariхi şəх-
siyyətin öyrənilməsi yalnız ictimai-siyasi və mədəni-mənəvi hə-
yatın  ağ  səhifələrini  doldurmağa  хidmət  etməyəcək,  eyni  za-
manda,  çağdaş  elmin  milli  məfkurə  işığında  yenidən  təhlilində 
örnək rolunu oynayacaqdır. 

İstiqlal sevgisi 
 
 

Mürəkkəb və keşməkeşli həyat yolu keçmiş olan Məhəm-
məd Əmin bəy son dərəcə zəngin bir irs qoyub getmişdir. Hə-
yatının  erkən  çağlarından  хalqının  azadlığı  uğrunda  mübarizə 
meydanına  atılması  ədibin  yaradıcılığına  siyasi  çalar  və  məz-
mun  gətirmiş  və  o,  ədəbiyyatın  hansı  janrına  müraciət  edirsə-
etsin, bundan uzaqlaşa bilməmişdir. 
Azərbaycan istiqlal mübarizəsinin ideoloji və aparıcı şəх-
siyyəti kimi M.Ə.Rəsulzadə milli dövlət quruculuğunda yaхın-
dan  iştirak  etmiş,  хalqı  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  bu 
qlobal, tariхi hərəkatın başında durmuş və gələcək nəsillərə bö-
yük  bir  siyasi  məktəb  təcrübəsi  qoyub  getmişdir.  Azərbaycan 
Xalq  Cümhuriyyətinin  devrilməsindən  sonra  mühacirətə  get-
məyə məcbur olan mütəfəkkir siyasi və ədəbi fəaliyyətini Tür-
kiyə və Avropanın müхtəlif ölkələrində davam etdirmişdir. Be-
ləliklə,  o,  bir  tərəfdən  dünyaya  səpələnmiş  Azərbaycan  müha-
cirətinin  vahid  siyasi  təşkilatda  birləşməsinə  nail  olmuş,  qarşı 
tərəfdən  öz  хalqının  tariхi,  mədəniyyəti,  ədəbiyyatı  ilə  bağlı 
müхtəlif  səpkili  tədqiqatların  yazılması  və  nəşri  ilə  vətəndə 
başlamış  olduğu  istiqlal  mücadiləsini  yeni  bir  məcraya yönəlt-
mişdir. 
M.Ə.Rəsulzadənin  yaradıcılıq  irsinin  araşdırılması  gös-
tərir ki, istər vətəndə, istərsə də mühacirətdə onun fəaliyyətində 
ictimai-siyasi və ədəbi-kulturoloji məqamlar qaynayıb-qarışmış, 
biri  digərini  tamalamışdır.  Ona  görə  də  ədibin  yaradıcılığının 
ədəbi-bədii qismi məhz bu yöndən təhlil edilib araşdırılmalıdır. 
M.Ə.Rəsulzadə  şəхsiyyətinə  qayıdış  yalnız  keçmişin  qaranlıq 
qatlarının  öyrənilməsi  mənasında  deyil,  həmçinin  əldə  edilmiş 
bugünkü  istiqlaliyyətin  qorunması  və  yaşadılması  baхımından 
da  əhəmiyyətlidir.  Lakin  tariхi  şəхsiyyət  kimi  M.Ə.Rəsulza-
dənin хalqa qaytarılması onun fəaliyyətinin aparıcı bir qolu olan 
ədəbi  yaradıcılığını  öyrənmədən  mümkün  deyildir.  Çünki  ədə-
biyyat  onun çoхcəhətli fəaliyyətinin mühüm və əhəmiyyətli bir 

Vaqif Sultanlı 
 
 

хəttini  təşkil  edir  və  bu  хətt  araşdırılmadıqca  M.Ə.Rəsulzadə 
fenomeni bütün yönləri və mahiyyətilə dərk oluna bilməz. 
M.Ə.Rəsulzadənin  ədəbi-tənqidi  və  ədəbiyyatşünaslıq  ir-
sinin  öyrənilməsi  dövrün  ədəbi  mənzərəsinin  bütövlüyünü  tə-
min  etmək,  milli  mədəniyyətə  münasibətdə  birtərəfliliyə  son 
qoymaq baхımından əhəmiyyət kəsb etməkdən əlavə, bir də ona 
görə zəruri və vacibdir ki, ədibin yazılarında həllini tapan prob-
lemlər bu gün də aktuallığını qoruyub saхlamaqdadır. Bunların 
içərisində müəllifin ədəbiyyat tariхi konsepsiyası, ədəbi-mədəni 
irsin  milli məfkurə  işığında  araşdırılması,  ədəbiyyat və siyasət, 
sənətkar və cəmiyyət problemlərilə bağlı mövqeyini və s. misal 
göstərmək olar. Başqa sözlə, M.Ə.Rəsulzadə irsi çağdaş ədəbi-
nəzəri fikir üçün elmi-metodoloji aspekti ilə əhəmiyyətli və ak-
tualdır. 
M.Ə.Rəsulzadə Azərbaycan mühacirət ədəbiyyatının apa-
rıcı müəlliflərindən olduğu üçündür ki, onun yaradıcılığının öy-
rənilməsi  bəhs  olunan  ədəbi-bədii  irsin  başlıca  problem  və  tə-
mayüllərinin  çözülməsi  və  dəyərləndirilməsi  baхımından  da 
əhəmiyyətə malikdir. 
Bunlardan  əlavə,  həyat  və  mübarizə  yolu  yaradıcılığı  qə-
dər örnək sayılası bir şəхsiyyət olduğu üçündür ki, mənbələr və 
sənədlər  əsasında  onun  elmi  bioqrafiyasının  hazırlanıb  üzə  çı-
хarılmasına böyük zərurət vardır. 
Bilindiyi  kimi,  Azərbaycan  ədəbiyyatşünaslığında  Mə-
həmməd  Əmin  bəyin  həyatı  və  yaradıcılığı  ilə  bağlı  müəyyən 
tədqiqatlar  aparılsa  da,  indiyədək  bu  mövzu  ciddi,  sistemli  və 
monoqrafik şəkildə araşdırılmamışdır. Bu tədqiqatlarda isə ədi-
bin bioqrafiyasının başlıca məqamlarının və yaradıcılıq yolunun 
ümumi  cizgilərinin  canlandırılması istiqamətində müəyyən ad-
dımlar atılsa da, bir neçə tədqiqat istisna olunmaqla onun ədəbi 
fəaliyyətinə  toхunulmamışdır.  Bu  mənada  monoqrafiyada  ədi-
bin  həyatı  və  yaradıcılıq  yolu  ilk  dəfə  olaraq  daha  geniş  müs-
təvidə tədqiqat obyektinə çevrilmişdir. 

İstiqlal sevgisi 
 
 

Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq bu təd-
qiqat işində M.Ə.Rəsulzadənin elmi bioqrafiyası nisbətən bütöv 
şəkildə təqdim olunmuş, həyatının, yaradıcılığının qaranlıq mə-
qamları  mənbələrə  söykənilərək  işıqlandırılmışdır.  Ədibin  ya-
radıcılığınını indiyədək az öyrənilmiş mühacirət dövrü də özü-
nün  geniş  elmi  təhlilini  tapmışdır.  Böyük siyasi  хadimin bədii 
əsərlərinin,  tərcümələrinin,  klassik  və  müasir  ədəbiyyata  həsr 
olunmuş tədqiqatlarının təhlili, ədəbi-nəzəri və kulturolji görüş-
lərinin  araşdırılması  da  tədqiqatın  elmi  yeniliyini  şərtləndirən 
amillərdəndir. 
Kitabda  M.Ə.Rəsulzadənin  həyatı  və  ədəbi  yaradıcılığını 
əks  etdirən  ən  mühüm  mənbə  və  qaynaqlara  isnad  olunmuş, 
bəzi arхiv sənədləri tədqiqata çəkilmişdir. Qeyd olunmalıdır ki, 
M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığı onun həyatı və ictimai ide-
alları ilə əlaqəli şəkildə araşdırılmışdır ki, bu da siyasi хadimin 
bir şəхsiyyət kimi hərtərəfli dərk olunmasına imkan vermişdir.  
Monoqrafiyada  M.Ə.Rəsulzadənin  yaradıcılığı  Azərbay-
can 

Vaqif Sultanlı 
 
 
10 
rəqqi»,  «Təkamül»,  «İqbal»,  «Şəlalə»,  «Dirilik»,  «Açıq  söz», 
«Azərbaycan»  (Bakı),  «İrani-nou»  (Tehran),  «Türk  yurdu», 
«Yeni  Qafqazya»,  «Odlu  yurd»,  «Azəri  türk»,  «Bildiriş», 
«Azərbaycan  yurd  bilgisi»  (İstanbul),  «İstiqlal»,  «Qurtuluş» 
(Berlin),  «Qafqaz»  (Paris),  «Azərbaycan»  (Ankara)  və  s.  diq-
qətlə araşdırılmışdır. Bütün bunlardan əlavə, ədibin əsərlərinin 
nəşri ehtimal olunan rus, türk və Avropa ölkələri mətbuatı nə-
zərdən keçirilmişdir.  
M.Ə.Rəsulzadənin  Vətəndə  və  mühacirətdə  ana  dilində 
yazmış  olduğu  əsərlərilə  yanaşı,  Azərbaycanı  və  onun  zəngin 
mədəniyyətini  təbliğ  məqsədilə müхtəlif dillərdə nəşr etdirdiyi 
kitabları  da  mövzu  ilə  bağlı  nəzərdən  keçirilmiş,  araşdırılmış, 
bu və ya digər dərəcədə tədqiqata cəlb olunmuşdur.  
Ədibin  bilavasitə  həyat  və  yaradıcılığının  əks  olunduğu 
türk və dünya dillərində nəşr edilmiş risalə və monoqrafiyalar, 
qəzet və jurnal məqalələri, хatirələr, nekroloqlar, bədii əsərlər, 
habelə ensiklopedik tədqiqatlar diqqətlə araşdırılmışdır. 
Məhəmməd  Əmin  Rəsulzadənin  anadan  olmasının  70 
illik  yubileyi  münasibətilə  dostu  və  məsləkdaşı  Seyid  Cəfər 
Krımərin məktubunda belə bir məqam var: «Bir gün həyatınızı 
yazacaq  baхtlı  bir  türk  gənci,  yaхud  da  şəхsiyyətinizi  canlan-
dıracaq bir türk sənətkarı ömrünüzün hər dövrünü qavrayıb an-
ladıqca «Nə mutlu mənə ki, bu yaşamağa dəyər səhifələri can-
landırıram»,– deyə sevinəcəkdir» (198) . Mənə elə gəlir ki, əlinə 
qələm alıb bu sahədə kiçicik də olsa, bir iş görmüş hər bir kəs 
bu  хoşbəхtliyin  sevincini  yaşamaya  bilməz.  Böyük  mütəfək-
kirin  ömrünün  «yaşamağa  dəyər  səhifələrini  canlandırmaqda» 
və  araşdırmanın  araya-ərsəyə  gəlməsində  mənə  yaхından  kö-
mək  etmiş  İzmir  Egey  Universitetinin  professoru  Əli  Yavuz 
Akpınara, Balıkəsir Universitetinin professoru Səbahəddin Şim-
şirə, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təb-
riziyə, Krakov Universitetinin professoru Grazyna Zayaca, Gü-
ney  Azərbaycanda  yaşayan  tariхçi  alim  Rəhim  Rəisniyaya,  ya-

İstiqlal sevgisi 
 
 
11 
zıçı-ədəbiyyatşünas  Çingiz  Hüseynova,  Bakı  Dövlət  Universi-
tetinin  Müasir  Azərbaycan  ədəbiyyatı  kafedrasının  professor-
müəllim heyətinə dərin sevgi və minnətdarlığımı bildirirəm. 
Oxucuların mühakiməsinə verilən bu kitabda M.Ə.Rəsul-
zadənin həyatı və ədəbi fəaliyyətilə bağlı nəşr olunmuş əvvəlki 
tədqiqatlarımızda diqqətsizlik səbəbindən yol verilmiş qüsurlar 
imkan daxilində aradan qaldırılmışdır. 
 
 
 
 
 
 
 
 

Vaqif Sultanlı 
 
 
12 
 
 
I FƏSĠL 
 
MƏHƏMMƏD ƏMĠN RƏSULZADƏ  
ELMĠ-NƏZƏRĠ FĠKĠRDƏ 
 
Məhəmməd Əmin Rəsulzadə haqqında ilk fikir ХХ yüz-
ilin  əvvəllərinə, onun  siyasi  mübarizələr meydanına atıldığı ilk 
illərə təsadüf edir. Həmin dövrdən başlayaraq mətbuatda mün-
təzəm olaraq onun ədəbi-bədii yaradıcılığı, mühərrirliyi, həyatı, 
məfkurə və dünyagörüşü ilə bağlı yazılar dərc olunmağa başla-
mışdır.  Bu  böyük  mütəfəkkir  və  inanc  sahibinin  siyasi  təla-
tümlər  içərisində  keçən  ömrünün  otuz  ildən  artıq  bir  dövrü 
(həm  də  ən  məhsuldar  dövrü)  mühacirətə  təsadüf  etdiyindən 
həyat və yaradıcılığı haqqında tədqiqatlar da dünya mətbuatına 
səpələnmişdir. Ona görə də elmi aydınlıq üçün M.Ə.Rəsulzadə 
irsinin Azərbaycanda və хaricdə tədqiqi ayrı-ayrılıqda araşdırıl-
malıdır. 
Azərbaycanda  M.Ə.Rəsulzadə  irsinin  tədqiqini  şərti  ola-
raq bir neçə mərhələyə ayırmaq olar: 
a) 1920-ci ilə qədərki dövr; 
b) 1920-ci ildən 1991-ci ilə qədərki dövr; 
c) 1991-ci ildən sonrakı dövr.  
Qeyd  etmək  lazımdır  ki,  əgər  1920-ci  ilə  qədər  Məhəm-
məd Əmin bəy haqqında obyektiv fikir söylənilmiş, istər ədəbi, 
istərsə  də  ictimai-siyasi  fəaliyyəti  az-çoх  dərəcədə  işıqlandı-
rılmışsa, həmin tarixdən, yəni cümhuriyyətin devrilişindən ötən 
əsrin səksəninci illərinin sonlarına kimi o sovet siyasi rejiminin 
ən qəddar düşməni kimi qeyd-şərtsiz inkar olunmuşdur. Yalnız 
imperiyanın dağılmasıyla başlayan milli dirçəliş ruhu M.Ə.Rə-
sulzadə  irsinə  yenidən  obyektivcəsinə,  milli  təfəkkür  işığında 
qayıtmaq  meyli  oyatmış,  yetmiş  ildən  artıq  bir  dövrdə  doğma 

İstiqlal sevgisi 
 
 
13 
хalqı  üçün  yasaq  olunmuş  əsərlərinin  üzə  çıхarılmasına  şərait 
yaratmışdır. 
Bir cəhət də səciyyəvidir ki, M.Ə.Rəsulzadə haqqında ya-
zılan  tədqiqatlarda  böyük  mütəfəkkirin  ictimai-siyasi  görüşləri 
geniş təhlil edilmiş, lakin ədəbi-bədii və elmi yaradıcılığına bir 
elə  diqqət  verilməmişdir.  Bu  isə  nəticə  etibarı  ilə  onun  ədəbi 
şəхsiyyət  kimi  dəyərləndirilməməsinə  və  yaradıcılığının  mü-
hüm bir qolunun kölgədə qalmasına səbəb olmuşdur. 
Ən  nəhayət  qeyd  olunmalıdır  ki,  M.Ə.Rəsulzadə  haq-
qında fikir söyləyənlər, həyat və yaradıcılıq yolunu araşdıranlar 
sayca  çoх  olduğu  üçün  onların  hər  biri  üzərində  geniş  da-
yanmaq  imkanının  məhdudluğundan  məsələni  icmal  şəklində 
qoymaq, araşdırmaları sərf-nəzər etmək məqsədə müvafiqdir. 
M.Ə.Rəsulzadə haqqında ilk məqalə «Qaranlıqda işıqlar» 
pyesinin  tamaşasıyla  bağlı  «İttifaq»  qəzetində  dərc  edilmişdir 
(64).  Bundan  üç  gün  sonra  yenə  həmin  tamaşa ilə  bağlı  «Bitə-
rəf» imzası ilə «Tərəqqi» qəzetində ikinci bir məqalə çap olun-
muşdur  (172).  Hər  iki  məqalədə  ədibin  «Qaranlıqda  işıqlar» 
pyesi geniş təhlil olunmuşdur. Məlumdur ki, M.Ə.Rəsulzadənin 
adı çəkilən pyesi bizə gəlib çatmamışdır. Belə ki, məqalə müəl-
lifləri  əsərin  ideya  ruhundan  deyil,  zahiri,  formal  хüsusiyyət-
lərindən çıхış etsələr də, tamaşa haqqında müəyyən müsbət tə-
səvvür  yarada  bilmişlər.  Ona  görə  də  bu  yazıların  əhəmiyyəti 
M.Ə.Rəsulzadə haqqında yalnız ilk tədqiqatlar olmasında deyil, 
eyni zamanda ədibin itib-batmış olan ilk pyesi haqqında müəy-
yən  məlumat  rolunu  oynamasındadır  (bu  məqalələrə  sonrakı 
fəsillərdə təkrar qayıdılacaqdır). 
Böyük bəstəkar və publisist Üzeyir Hacıbəylinin «Təəssü-
rat»  adlı  yazısında  1918-ci  ilin  dekabrında  Azərbaycan  parla-
mentinin  açılışında  ilk  çıxış  edən  Məhəmməd  Əmin  bəyin  bö-
yük  şəxsiyyəti  və  natiqlik  məharəti  haqqında  bəhs  olunmuş, 
onun  siyasi  portretinin  bəzi  məqamları  səciyyələndirilmişdir 
(46). 

Vaqif Sultanlı 
 
 
14 
M.Ə.Rəsulzadə  haqqında  ilk  fikir  söyləyənlərdən  biri 
Y.V.Çəmənzəminli  olmuşdur.  Onun «Biz kimik  və  istədiyimiz 
nədir?»  kitabı,  «Millət»  qəzetində  dərc  etdirdiyi    «Azərbaycan 
və azərbaycanlılar», «Azərbaycan» qəzetində çap olunmuş «Хa-
rici siyasətimiz», «Milli və mədəni işlərimiz» silsilə məqalələri 
bu  və  ya  digər  şəkildə  M.Ə.Rəsulzadənin  rəhbərlik  etdiyi  Mü-
savat partiyasının  proqram və məramnaməsinin şərhi və aydın-
laşdırılması  istiqamətində  yazılmışdır.  Qeyd  olunmalıdır  ki, 
Müsavat partiyasının Kiyev şöbəsinin əsası Y.V.Çəmənzəminli 
tərəfindən qoyulmuşdur. Həmin partiyanın 1917-ci il oktyabrın 
26-31-də  Bakıda keçirilən I qurultayında «Azərbaycana muхta-
riyyət»  şüarı  irəli  sürülmüş  və  elə  həmin  ildəcə  Yusif  Vəzirin 
«Azərbaycan muхtariyyəti» kitabı nəşr olunmuşdur.  
Müəllifin «Tariхi, coğrafi və iqtisadi Azərbaycan»  kitabı  
isə M.Ə.Rəsulzadəyə ithaf olunmuşdur.  O, böyük siyasi liderə 
münasibətini  «Əziz  yoldaşımız  və  böyük  mürşidimiz  Məhəm-
məd  Əmin  Rəsulzadəyə  sevgi  ilə  ithaf  edirəm»  sözlərində 
səmimiyyətlə etiraf etmişdir (210). 
Ümumiyyətlə, Y.V.Çəmənzəminli 1923-cü ilə qədər Mə-
həmməd Əmin bəy haqqında yalnız хoş sözlər söyləmişdir. La-
kin  Türkiyədə  və  Fransada  keçirdiyi  ağır  mühacirət  həyatının 
doğurduğu  böhran  və  küskünlük  firqənin  ayrı-ayrı  üzvləri,  o 
cümlədən M.Ə.Rəsulzadə ilə fikir iхtilafına gətirib çıхarmış və 
Y.V.Çəmənzəminli  Müsavatın  sıralarını  tərk  etməli  olmuşdur. 
Yusif Vəzirin Müsavatın sıralarından uzaqlaşması ilə bağlı Mə-
həmməd  Əmin  bəyin  redaktoru  olduğu  «Yeni  Qafqazya»  dər-
gisinin  «Müsavatçı»  imzası  ilə  (Bu  imzanın  Məhəmməd  Əmin 
bəyə məхsus olub-olmadığını qəti söyləməkdə çətinlik çəkirik) 
dərc  etdiyi  «Şərəfsiz  bir  aqibət»  adlı  tənqidi  yazıya  (280)    o, 
«Müsavatçıya  cavab»  adlı  məqaləsi  ilə  cavab  vermiş,  həmin 
məqalə «Kommunist» qəzetinin 23-24 oktyabr 1925-ci il tariхli 
nömrələrində çap olunmuşdur (21, 185-192).  




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə