2. Kəbə həyatın dayağıdır
Qurani-kərim Kəbəni və Allah evini dayaq adlandırmaqla belə tərif edir:
“Allah Beytül-Həram (müqəddəs ev) olan Kəbəni dayaq və haram ayı (zilhəccəni) qərar verdi. (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib səhmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilməsini siz də biləsiniz!”2
Başqa bir yerdə “qiyam” (dayaq) sözü haqqında belə buyurur:
“Allahın sizin həyatınız üçün dayaq olaraq bəxş etdiyi malları səfehlərə (ağılsızların əlinə) verməyin...”3
Yəni ayənin mənası budur ki, (Maidə surəsi, 97) Allah-taala həcc mərasimində Kəbə evini ziyarət etməyi İslam cəmiyyətinin həyatı üçün dünya və axirət dayağı qərar veribdir.
Həcc mərasiminə toplaşmaq təkcə müsəlmanların mənəvi həyatının deyil, hətta bizim fərdi və ictimai həyata aid olan bütün ehtiyaclarımızı ödəyir. Həyat və dinin dayağı müsəlmanların məsləhəti və xeyri sayılır. Bu xeyirli mənfəət və məsləhətlər də yalnız və yalnız həcc mərasimində təmin olunur. Belə olan halda bu mənfəəti ibadətdə necə cəmləşdirə bilərik?
Müsəlmanların zülmkarlar qarşısında bir olub onlara qarşı mübarizə etməkdən başqa nə kimi xeyirli mənfəətləri ola bilər?
Quran ağıldan az olanların rəhbərlik etmələri haqqında belə göstəriş verir:
“Alahın sizin həyatınız üçün bəxş etdiyi malları səfehlərə verməyin...”
Bu ayənin məzmununa diqqət yetirməklə həcc ziyarətini müsəlmanların taleyindən qafil olanlara necə tapşırmaq olar?
Əziz oxucunun “Kəbə evi müsəlmanların dayağıdır” ayəsi haqda təfsir alimlərinin eyni fikirləri olduğunu bilməsi üçün bəzilərinin yazılarını burada qeyd edirik:
Təbəri deyir:
“Allah-taala Kəbəni və Beytül-Həramı insanlar üçün həyatın dirəyi və dayağı qərar verib. Kəbə evini dinin nişanı və müsəlmanların mənfəət yeri seçib.”4
Əl-Mənar təfsirinin müəllifi deyir:
Allah-taala Kəbəni müsəlmanların dini işlərinin dayağı qərar verib. Onların əxlaqlarını və nəfslərini paklaşdırır. Dinimizin əsası sayılan həcc elə bir mənəvi ibadətdir ki, bizlərə həm iqtisadi, həm də ictimai cəhətdən xeyiri vardır. Yəni insanların bütün dini və dünyəvi ehtiyaclarını ödəyir.”5
Dostları ilə paylaş: |