Vəfa Allahyarova, Fidan Allahyarova Novruz bayramı və onun Səttar Bəhlulzadənin yaradıcılığında əksi


Açar sözlər: Novruz, bayram, bahar bayramı, Azərbaycan ənənələri, Səttar Bəhlulzadə, rəngkarlıq, boyakarlıq



Yüklə 0,71 Mb.
səhifə2/3
tarix22.04.2022
ölçüsü0,71 Mb.
#56050
1   2   3
Novruz

Açar sözlər: Novruz, bayram, bahar bayramı, Azərbaycan ənənələri, Səttar Bəhlulzadə, rəngkarlıq, boyakarlıq.

Azərbaycanın tarixi zərdüştilik, xristianlıq, iudaizm, islam kimi bir çox dinlərlə bağlıdır, lakin yalnız Novruz, "Yeni gün", bayramında təcəssüm olunan dəyərlər və ənənələr onların mövcudluğu yolunda bütün çətinlikləri və maneələri dəf edə bildi. Bu, doğrudan da, qəlbləri fəth edən, öz dəyərləri qorunub yaşadılan, bütün maneələri, hətta vaxtı üstələyən bayramdır. Novruz bayramı əxlaq, ailə və bəşəri dəyərlərlə bərabər eləcə də elmlə bağlıdır. Belə ki, o yaz günlərinin bərabərləşdiyi bir gündə keçirilir.

Novruz bizim eradan əvvəl VII əsrdə rəsmi status almış ən qədim bayramdır. Hələ bütpərəstlik dövründə azərbaycanlılar əcdadlara, təbiət qüvvələrinə və xüsusilə təmizliyin, palçıqdan və alçaqlıqdan təmizləyən gücün rəmzi olan odlara sitayiş edirdilər. Belə ki, qədim od məbədləri, yəni atəşgahlar, Atropatenanın dini mərkəzində Qazaxda, həmçinin Bakı, Şamaxı, Salyan və Lənkəranda yerləşirdi.

Atəşpərəstliyin ideya dəyərlərində zərdüştilik formalaşmışdır. Orta əsr tarixçiləri Biruni, Qəzvini, Balazuri, Yaqut əl - Həməvi və b. zərdüştiliyin banisi Zərdüştün vətəni kimi İran Azərbaycanının ərazisini qeyd edirlər1. Hamılıqla qəbul olunmuş faktdır ki, bu dinin müqəddəs kitabı – Avestanın yaranması və yayılmasının mərkəzi Odlar Yurdu kimi tanınan məhz Azərbaycandır.

Bu dinin əsasında iki zidd başlanğıcının, xeyir və şərin, mübarizəsi və xeyirin mütləq qələbəsi haqqında müddəa durur. Pislik özünü yalan, məhv, deqradasiya, zorakılıq və soyğunçuluqda təcəssüm edirdi. Ahəngin isə mümkünlüyü xeyirlə, həqiqətlə, müvafiq olaraq, qarşılıqlı dəstək, həm də ehtiyacı olanlara yardımla bilavasitə bağlı idi. İnama görə məhz birlik və qarşılıqlı dəstək sayəsində insanlar bütün pislikləri birdəfəlik aradan qaldıra biləcəklər. Həmçinin, təbii fəlakətlərin və canlı təbiətin müqəddəsliyinə və onlara qayğı göstərilməsinin zəruriliyinə inam da dində xüsusi yer tuturdu.

Beləliklə, bayramlar zamanı insanlar şirniyyatla paylaşmalı, bir – birlərinə kömək etməlidirlər, mübahisədə olanlar isə mütləq barışmalıdırlar. Novruz mahnı, rəqs, idman, tamaşa və digər elementlərlə dolu zəngin və nikbin bayramdır. Novruzun bir çox ənənəvi elementləri, məsələn, tonqaldan tullanma, yallı rəqsi və s. e. ə. III—II minilliklərə aid Qobustanın qayaüstü rəsmlərində öz əksini tapmışdır.

Azərbaycan xalqının xüsusi olaraq bu bayram üçün yaratdığı mətbəx də rəmzi məna daşıyır. Belə ki, şəkərbura Ayı, qoğal – Günəşi, paxlava - ulduzu, onun 9 və ya 12 layı – yerin və atmosferin qatlarınının simvollarını daşıyır. Bu dövrdə insanlar gül toplayır, saçlarını bəzəyir, ağac əkirlər və heç bir halda onları kəsməməli, heyvanları öldürməməlidirlər. Bayramın ikinci günündə ata-babalarının qəbirlərini ziyarət etmək adətdir.

Beləliklə, Novruz xeyirxah insanın həyat tərzinin tərənnümüdür. Bu bayramın tarixi azərbaycan xalqının öz dəyərlərinə sadiqliyi, təbiətinə hörmət, onunla birlik şüuru, əcdadlara ehtiram və insansevərlik tarixidir. Azərbaycan xalqının hansı dinə etiqad etməsindən asılı olmayaraq, mənəvi və bəşəri dəyərləri ən qiymətli şey kimi qorunmuş və gələcək nəsillərə, bütün dünyaya çatdırılmışdır. Novruz insan qəlbinin böyüklüyü və sərvəti, onun gücü və saflığı, təbiətin və onunla birliyin bayramıdır.

Sovet hakimiyyəti dövrü Novruz bayramı dəfələrlə qadağan olunub: 1925 ildə bolşeviklər bayramın keçirilməsini məhdudlaşdırıb, 5 dekabr 1936 il tarixli Sovet İttifaqının Konstitusiyasının qəbulu ilə isə bayram qadağan edildi. Lakin Novruzun keçirilməsi xalq arasında gizlicə davam edirdi. 50- ci illərdə bayrama qarşı siyasətin bir qədər yumşaldığı müşahidə edilir, bundan yararlanaraq Azərbaycan ziyalıları 1962-ci ildə Novruz bayramına həsr olunmuş uşaq tamaşaları və bayram tədbirləri keçirdirlər. 60- cı illərdə Novruz bayramını Rusiyanın bayramı Maslenitsa bayramı ilə birləşdirilməsi adı altında Leningradda Maslenitsa bayramı təşkil edilir, Novruz isə ləğv olunur. Bu durum 1967 ilə qədər davam edir.

Bahar bayramı ilə bağlı qadağalar, təbii ki, təsviri incəsənətdə də öz əksini tapır, lakin Novruz ənənələri ictimai həyatda, tarixdə özünəməxsus və xüsusi yer tutduğu kimi təsviri incəsənətdə də öz yerini tapıb. Tarix boyu bahar fəsli, Novruz adət və ənənələri bir sıra görkəmli azərbaycan rəssamlarının əsərlərində öz əksini tapıb, lakin Səttar Bəhlulzadənin yaradıcılığı xüsusi yer tutur. Onun incəsənətə marağını sövq edən həlledici amillərdən biri xalq bayramları, adət- ənənələri, milli geyim və tədbiqi qrafika nümunələri (xalça, əlvan rəngli, bəzədilmiş taxta qab- qacaq, sandıq, və s.) olub.

Rəssam özü də bunu vurğulayır:


  • “Mənim bir rəssam kimi yetişməyimdə üç müdrik sənəti- qədim xalça və miniatür sənətimizin, bir də ki, Füzulinin odlu- alovlu poeziyasının böyük rolu olub”.2

Sənətşünaslıq doktoru, prof. Ilham Rəhimli rəssamın yaradıcılığını bir neçə mərhələyə bölür:

  1. Ilkin (1960 ilə gədər) mərhələ klassik mənzərə janrının qanunlarına uyğun əsərlərin yaradılma dövrür.

  2. Birinci mərhələ (1960- 1963 illər ) rəng, çalarlar və duyğululuğu ilə fərqlənir.

  3. Ikinci mərhələ (1964-1969 illər) təzadlı rənglərin ahəngi ilə seçilir.

  4. Üçüncü mərhələ (1970-1974 illər) rəng və forma azadlığın, uçuşun zirvəsi ilə səciyyələnir.

Bəhlulzadənin Azərbaycana, onun sənətinə sevgisi böyük idi. Rəssamın emalatxanası da bu sevgini əks edir və milli atributlarla doludur: parçalar, saxsı qablar, şüşə güldanlar və s. 3

Səttar Bəhlulzadənin yaradıcılığında təbiət, bahar fəsli əsas ilham mənbəyi və mövzusunu təşkil edir, bu da rəssamın janr seçimində öz əksini tapıb- o, əsasən mənzərə janrına tərcih edib. Ali təhsilini Bəhlulzadə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunun qrafika şöbəsində başlayıb rəngkarlıq fakültəsində bitirib və ömrünün sonuna qədər təsviri incəsənətin bu iki növündə yaradıb.

Boyakarlıq əsərlərində o sanki miniatür sənətinə sərbəstlik bəhş edib, ona yeni bir forma və həyat verib. O, qrafikanın təsviri üsullarını, yəni xətt, ştrix, ləkə və nöqtələri yeni formada boyakarlığa gətirir. Onun əsərləri Azərbaycan təbiətini təsvir edərkən özündə sanki cəvahirat parıltısı, işığını əks edir, bu işlər incə ştrixlərlə ifa edildiyinə baxmayaraq yaxılı və möhtəşəmdir.

Baharın, Novruzun gəlişinin rəmzi olan ilk güllər, nərgizləri, də rəssamın əsərlərində tez- tez rast gəlmək olar. “Bahar nəğməsi” (realistik üslub), “Muğanın söyüdləri”, Çiçəklənən badam ağacı” (realistik üslub, etüd), “Muğanda yaz” əsərləri bahara həsr olunub. “Mənim anam” əsərində də anasını baharla əlaqələndirilir. Rəssamın “Azərbaycan nağılı” (1973 il), “Xalqımızın yazı” (1969 il), “Xonça” (1962 il) əsərləri bayram ovqatını, təntənəsi, şənliyini və ənənələrini tamamilə əks edir.

“Xalqımızın yazı” əsərində Səttar B. döndərilən fiqurlar və ya ikili təsvirdən istifadə edib: çiçəkli budaqlar suya buraxılmış bayram xonçalarına, xonçalar – çəmənliyə, dağın ətəyindəki ağaclar xonçaları əllərində aparan qadın fiqurlarına dönür. Həmin üsulu onun “Azərbaycan nağılı” adlı kətanında da müşahidə etmək olar: burada xalça xonçaya, çiçəkli ağac budaqları suya buraxılmış çiçək çələnglərinə, su ota, arxa plandakı xonçalar tədricən onları daşıyan çalıb, rəqs edən milli libaslı, yaylıqlı xanımlara və güllü ağaclara, yaylıqlar buludlara, səmaya, səma kəlağayıya dönür.

Səttar Bəhlulzadənin əsərləri mürəkkəbdir, onlar realizm və miniatürü, boyakarlıq və qrafikanı özündə birləşdirir, onları peşəkarlıqla vəhdətə gətirir. Bundan əlavə ikili təsvir kimi müxtəlif üsullar istifadə etməklə və mədəniyyətimizin ən yaxşı ənənələrini yaşadaraq, dolğun bədii formalı, orijinal, dünyada ona bənzəri olmayan əsərlər yaradıb.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin