AZƏRBAYCAN AVRASİYA MƏKANININ MƏRKƏZİ NƏQLİYYAT DƏHLİZİNƏ ÇEVRİLİR
Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir, biz bu vəziyyətlərdən səmərəli istifadə edirik. Coğrafi vəziyyət özlüyündə hələ o demək deyil ki, bundan mütləq istifadə olunacaqdır. Bir çox ölkələr vardır ki, onların coğrafi vəziyyəti bizimkindən pis deyil. Ancaq Azərbaycan bu vəziyyətdən çox məharətlə istifadə edir və biz artıq bölgənin mərkəzinə çevrilirik. Bunu biz özümüz öz fəaliyyətimizlə, öz siyasətimizlə edirik.
İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
6. 1. Böyük İpək Yolu – Şərq və Qərbin dialektik vəhdətinin
məntiqi nəticəsi kimi.
Yol hələ qədim dövrlərdən bəşəriyyətin diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, fəlsəfi və bədii söz xəzinəsinin nəhəngləri öz hikmətli fikirlərini çox vaxt cəmi üç hərfdən ibarət olan " yol " sözü ilə ifadə etmişlər. Bu həmin anlayışın bəşər tarixində oynadığı rol ilə əlaqədardır, onun ictimai fikirdə əksi, inikasıdır. Qədim Çin filosofu Konfutsi qeyd edirdi: " İnsan Yolu genişləndirməlidir, Yol insanı deyil. " Başqa bir yerdə isə o deyirdi: ağıllı insan kasıblıq haqqında deyil, yol haqqında düşünər[1, s. 59, 60]. Yol haqqında ayrıca bir əsər yazmış qədim Çin filosofu Lao-Tszin belə bir obrazlı ifadəsi var: "Böyük yol rəvan və düzdür, ancaq insanlar cığırlarla getməyi sevirlər. " Onun fikrinə görə böyük yolla getmək xeyirxah iş görmək, cığırlarla getmək isə şər iş görmək deməkdir[2, s. 115].
Şair və mütəfəkkirlərimiz həmişə vüsala, səadətə aparan yol axtarışında olmuşlar. Söz xəzinəsinin Nizami və S. Vurğun zirvəsində Fərhad Şirinin eşqi ilə Bisutun dağını yarıb yol açır. Səməd Vurğun üçün "könüldən könülə yollar görünür". Sağlığında klassikə çevrilmiş Məmməd Araz isə fəryad edir:
Ömür boyu dan yerində qol açdım,
Qarlı dağdan qarlı dağa yol açdım,
Bir ürəyin zülmətində yol azdım,
Nə yaxşı ki, ayrı yollar var imiş!
Bədii söz xəzinəsində və real həyatda vüsala, səadətə, azadlığa, tərəqqiyə aparan yollarla yanaşı, həsrətə, qürbətə, geriliyə, köləliyə, dünya ağalığına, müharibələrə və s. aparan yollar da mövcuddur. Bu isə dünyamızda milyonlarla insanın taleyi, müqəddəratı ilə bilavasitə əlaqədardır.
Bəşər tarixinin keşməkeşli yollarına diqqətlə nəzər saldıqda məlum olur ki, yol və nəqliyyat lap qədim dövrlərdən insanın həyat uğrunda mübarizəsinin və özü üçün əlverişli və təhlükəsiz həyat şəraitinin yaradılması uğrunda səylərinin nəticəsidir. Başqa ifadə ilə desək, yol tarixin bir növ cığırdaşı, yer üzünün əşrəfi olan insanın təbiətdə və cəmiyyətdə hökmranlıq vasitəsidir. Yol vasitəsi ilə insanlar yeni həyat məkanı təmin etmiş, maddi və mənəvi mübadilə prosesinin əsasını qoymuşlar.
Yol və nəqliyyat öz təkamülündə uzun və əzablı bir yol keçmişdir. Min illər boyu insan və heyvan izlərinin kortəbii olaraq həkk edildiyi daşlı-kəsəkli yollar və indiki gözlə baxdıqda primitiv görünən, lakin o zaman inqilabi yenilik olan nəqliyyat vasitələri, insanlar, yaşayış məntəqələri arasında əlaqə yaratmış, maddi və mənəvi alış-verişin bünövrəsini qoymuşdur. Sonralar isə sistemli şəkildə salınan yollar və nəqliyyat vasitələrində baş verən inqilabi yeniliklər şəhərləri, ölkələri, qitələri birləşdirərək insanlığın vəhdətini təmin etmiş, cəmiyyətin təkamülünə daha ciddi təkan vermişdir.
Çox vaxt hərbi məqsədlərlə çəkilən yollar dövlətlərin, nəhəng tarixi imperiyaların hərbi və iqtisadi gücünün mühüm göstəricisi olmuşdur və onların hegemonluğunu təmin etmişdir. Hələ qədim dövlətlərdə inkişaf etmiş yol sistemi mövcud olmuşdur. Roma imperiyası süqut etdiyi dövrdə 79 min km yola malik idi [127, s. 45]. Təsadüfi deyildir ki, o zamanlar belə bir atalar sözü də yaranmışdır: "Bütün yollar Romaya aparır. " Roma imperiyasının süqutu yol təsərrüfatının dağılmasına səbəb oldu. Nəticədə tarixçilərin göstərdiyinə görə Avropanın yolları XVIII əsrdə öz keyfiyyətinə görə 5-8 dəfə qədim Roma yollarından pis vəziyyətdə idi[127, s. 46] Cəmiyyət irəlilədikcə yollar daha böyük tarixi missiya yerinə yetirməyə başlamışlar. Vahid dünyanın iki böyük tərkib hissəsi olan Şərq və Qərb mədəniyyəti və iqtisadiyyatının bir-birinə yaxınlaşmasında, bir-birini qarşılıqlı olaraq tamamlamasında, " Böyük İpək Yolu " adı altında hələ eramızdan əvvəl fəaliyyət göstərməyə başlamış nəqliyyat arteriyası mühüm tarixi rol oynamışdır.
Dünyanın gündoğan və günbatan cəhətlərini ifadə edən «Şərq» və «Qərb» sözləri böyük hərflərlə yazıldıqda ictimai məna kəsb edir və gündoğan və günbatan səmtdə yerləşən ölkələri əks etdirir.
İctimai mənada işlənən Şərq və Qərb ifadələrində qədim və mürəkkəb bəşər tarixinin minlərlə açılmış və açılmamış sirrləri, dünyanın iki böyük hissəsinin bir-biri ilə əməkdaşlıq və bəzən də çoxtərəfli qovuşma prosesləri, bu proseslərin ictimai təkamülə verdiyi güclü təkanlar, cəmiyyətin inkişafını yüz illərlə geri atmış müdhiş müharibələrin qanlı izləri, müdrik filosofların minillik mübahisələri silinməz boyalarla həkk olunmuşdur.
2000-ci ildə Davosda Dünya İqtisadi Forumunun təşkil etdiyi konfransda H.Əliyev demişdir: «Böyük İpək Yolu bəşəriyyətin tarixində, xüsusən Avrasiya kontinentinin tarixində dərin iz buraxıb və vaxtilə Avropa ilə Asiya arasında yüklərin daşınmasında çox böyük rol oynamışdır» [52, s. 16].
Vahid dünyanın bu iki böyük tərkib hissələri arasında qədim dövrlərdən başlanan qarşılıqlı əlaqə və mübarizə tarixi inkişafın gedişində qarşılıqlı asılılıq və qarşılıqlı təsir prosesləri ilə müşayiət olunmuşdur.
Mübaliğəsiz demək mümkündür ki, müasir sivilizasiya Şərq və Qərbin min illərlə davam etmiş qırılmaz vəhdətinin möhtəşəm nailiyyətidir. Qədim Şərqdə riyaziyyat, astronomiya, tibb və elmin digər sahələri məlum səviyyədə inkişaf etmiş, öz dövründə bəşəriyyətin qabaqcıl mədəniyyətini formalaşdırmış və insan cəmiyyətinin intibah və islahatlar dövrünə daxil olması üçün zəruri şərtləri yetişdirmişdir. Bəşəriyyətin təkamülünə inqilabi təkan vermiş rəqəm, barıt, kompas, kitab nəşri və s. kəşfi üçün cəmiyyət ilk növbədə Şərqə borcludur. Qədim yunan elmi və fəlsəfəsinin Qərbdə geniş yayılmasında İslam elmi və mədəniyyəti böyük rol oynadı. Artıq tarixi bir faktdır ki, Qərb dünyası Aristotel və Əflatunu ilk əvvəl İslam bilikləri ilə tanımışdır. Müasir tibb elmi yaranana qədər İbn-Sinanın Allaha inamla yanaşı təbiət elmlərinə və ağlın gücünə əsaslanan əsərləri Qərbdə bu sahədə əsas kitab kimi istifadə edilmişdir [272, s. 6]. İngilis alimi T. Hedham göstərmişdir ki, mexaniki saat, dəmirin əridilməsi, at nalı və onun hazırlanma texnologiyası daxil olmaqla yüzlərlə texniki yeniliklərin vətəni də Şərqdir [166, s. 232]. Müasir elmin yaranma prosesi uzun əsrlər davam etmiş texniki tərəqqi və onun naliyyətlərinin qərbi Avropa iqtisadiyyatında tətbiq edilməsi nəticəsində hazırlanmışlar.
Şərq və Qərb mədəniyyəti və iqtisadiyyatının bir-birinə yaxınlaşmasında, bir-birini qarşılıqlı olaraq tamamlamasında, «Böyük İpək Yolu» adı altında hələ eramızdan əvvəl fəaliyyət göstərməyə başlamış beynəlxalq tranzit ticarət yolu mühüm tarixi rol oynamışdır.
Eramızın birinci minilliyində Şərq bəşəriyyətə iki fərqli və böyük dini - Xristianlığı və İslamı bəxş etdi. Biri Qərbdə, digəri isə Şərqdə kök salmış bu iki böyük din arasında oxşar cəhətlər (tək allahlılıq və s. ) olmasına baxmayaraq, kəskin mübarizə başladı. İnsan cəmiyyətini keyfiyyətcə yeni inkişaf mərhələsinə çatdırmış ikinci minillik tarixə müdhiş və uzun sürən xaç yürüşləri ilə qədəm qoydu.
Bəşəriyyət ümumi bəşəri dəyərlərlər əsasında irəlilədikcə, elmi və texniki kəşflər insanlara ram edildikcə, nəqliyyat və rabitə vasitələri kəşf edildikcə - Şərq və Qərbin bir-birini daha yaxından öyrənməsi və bir-birinə daha güclü təsir etməsi prosesi sürətlənmişdir. Şərqə doğru irəliləmə, Şərqə daha əlverişli yollar axtarışı dünyanın Böyük coğrafi kəşflərinə gətirib çıxartdı.
Məlum olduğu kimi XVI əsrə qədər dünyanın ayrı-ayrı mədəni regionları nisbi olaraq müstəqil inkişaf edirdi və onlar arasında qarşılıqlı əlaqə zəif idi. Müxtəlif sivilizasiyaların bir-biri haqqında bilikləri tam deyildi, ticarət və mədəni əlaqələr isə daimi xarakter daşımırdı. Böyük coğrafi kəşflər edildikdən sonra isə vəziyyət kəskin sürətdə dəyişdi, Yer kürəsinin sivilizasiyaları arasında daimi və sıx əlaqələr yaradıldı. Əvvəllər sızıntı şəklində özünü göstərən qarşılıqlı fikir, maddi və mədəni axınlar böyük kanallarla həyata keçirilməyə başladı. Şərq və Qərb arasında istər təmaslar, qarşılıqlı təsir və qarşılıqlı tamamlama, istərsə də fərq, ziddiyyət və mübarizə elmi, siyasi və iqtisadi sahələrdə yüksələn xətt üzrə genişlənirdi.
Elmi inqilabın baş verdiyi XVII əsrdən etibarən Qərb Şərqin elm sahəsindəki minillik nailiyyətlərini daha dərindən öyrənməyə başlamaqla, bu nailiyyətlərlə kifayətlənmir, təbiəti daha dəqiq dərk etməyə və elmi nailiyyətlərdən istifadə edərək onu daha intensiv dəyişdirməyə başlayır. Şərq donmuş, mühafizəkar düşüncə tərzini, sxolastika və mədrəsə təhsil sistemini qoruyub saxladığı halda, Qərb ağlın gücünə və təcrübəyə əsaslanan müasir elmin yaranması və sürətli inkişafı sahəsində qısa zamanda böyük uğurlar qazandı, elmi-texniki inqilabların qələbəsini təmin etdi.
Şərq və Qərbin arasında ziddiyyət və mübarizə siyasi və iqtisadi sahədə daha da kəskinləşirdi. Qərb tacirləri gündoğana tərəf irəlilədikcə Şərqin maddi və mədəni sərvətlərinə maraq getdikcə artırdı. Səlib müharibələri ilə başlanan Şərqin silah gücünə fəth olunma prosesi tədricən açıq- aşkar müstəmləkəçlik müharibələri ilə əvəz olunurdu. Qərbin Şərqdən üstünlüyü hərbi, siyasi və iqtisadi sahədə getdikcə daha aydın görünürdü. Şərqdə kəşf olunan barıt və kompas Qərbdə praktik tətbiqini tapdı, xəritə, gəmiqayırma və dəniz müharibəsi texnikası yüksək inkişaf etdirildi və Şərqin fəth olunmasında geniş istifadə edildi.
Böyük coğrafi kəşflər Qərbdə manufakturanın və ümumiyyətlə istehsalın inkişafına güclü təkan verdi, dünya bazarının yaranması üçün şərait yaratdı. Hələ XV-XVI əsrlərdə regional Avropa ticarəti üstünlük təşkil etdiyi halda, XVII- XVIII əsrlərdə artıq qitələrarası ticarət formalaşmışdı. Dünya bazarının ümumi görünüşü sistemi ticarət əlaqələrinin yaradılması və beynəlxalq əmək bölgüsü elementlərinin dünyanın bütün tərkib hissələri arasında formalaşması nəticəsində XVII əsrin ortalarında yarandı. [166, s. 127]
Teokratik dövlət quruluşunun dərin kök saldığı, dünyəvi və ruhani gücün tək əldə toplanmış olduğu Şərqdən fərqli olaraq Qərb Böyük Fransız inqilabından sonra dövlət quruculuğunda layiqlik prinsipini geniş tətbiq edir, siyasi və iqtisadi həyatda demokratiya və liberallaşmanı tətbiq edir, azadlıq və bərabərlik prinsiplərinə hüquqi status verməyə başlayır. Kilsənin təzyiqindən və dini təəssübdən qurtarmaq istəyən yaradıcı insanlar Qərbdə hökmdarlara sığınmaq imkanına malik olduğu halda, Şərqdə belə bir imkan yox idi.
Qərbi Avropada siyasi mərkəzləşmə prosesi başa çatdıqdan sonra Şərqin fəthi daha məqsədyönlü xarakter aldı. Səlib yürüşlərindən fərqli olaraq Qərbi Avropa tərəfindən yeridilən işğalçılıq siyasəti daha yüksək səviyyədə həyata keçirilirdi. Hərbi texnikada gəmilər, toplar, təkmilləşdirilmiş odlu və soyuq silahlar, qədim taktiki üsullardan üstün olan hərbi əməliyyatların rasional metodları geniş istifadə edilirdi. Metalın texniki emalı texnologiyasındakı yeniliklər, dəqiq maşınqayırmanın yaranması, dəniz və quru artilleriyasının geniş yayılması, gəmiqayırmanın təkmilləşdirilməsi, enerji bazasının su və külək dəyirmanları hesabına genişlənməsi məhsuldar qüvvələrin inkişafında sıçrayışı göstərir və Qərbin üstünlüyünü təmin edirdi.
Beləliklə, Qərbin üstünlüyü iqtisadi sahədəki nailiyyətlər ilə bilavasitə bağlı idi. Qabaqcıl Qərb ölkələrində istehsalın təşkili strukturunda özünü göstərən ciddi irəliləyişlər sənətkarlıqdan manufakturaya, manufakturadan iri maşınlı fabrik-zavod sənayesinə keçmək və azad bazar prinsiplərini əsas götürən iqtisadi sistemin meydana gəlib formalaşması üçün zəruri şərtləri yaratdı. İqtisadi təfəkkürdə özünü göstərən inqilab və iqtisadi liberalizm prinsiplərinin ardıcıl olaraq tətbiqi sənaye inqilabının qələbəsinə şərait yaratmaqla, Qərb dünyasının ictimai-iqtisadi həyatını kökündən dəyişdirməyə başladı. Sənaye inqilabı prosesində Qərbdə yeni və yüksək məhsuldar qüvvələr yaradıldı ki, bu da istehsalın miqyasını yüksəltməklə, istehsal xərclərini ciddi olaraq azaltmağa başladı. Sənaye məsuldar qüvvələrinin yaradılması beynəlxalq əmək bölgüsünün və müvafiq olaraq dünya bazarının formalaşmasını və inkişafını daha da sürətləndirdi. Bütün böyük sivilizasiyaların ictimai-mədəni, elmi-texniki və iqtisadi nailiyyətlərinin bir növ “sintezi” olan dünya bazarının bir sistem kimi formalaşması ilə bəşəriyyətin inkişafı ümumdünya xarakteri aldı. Şərq ölkələrində müxtəlif amillər kompleksinin təsiri altında ənənəvi ictimai-iqtisadi struktur qorunub saxlanılmış, kapitalizm quruluşunun formalaşması və inkişafını uzun müddət ləngitmişdir. Geniş əsaslara malik olan bu amillər kompleksinə torpaq üzərində dövlət-feodal mülkiyyətinin hökmranlığının mövcud olması, kənd təsərrüfatı və sahibkarlığı birləşdirən qapalı kənd icmalarının geniş yayılması daxil idi. Mövcud ictimai struktur əmtəə-pul münasibətlərinin inkişafını ləngidir, qapalı natural təsərrüfatın qorunub saxlanılmasına şərait yaradırdı. Şərqin geridə qalmasında dağıdıcı müharibələrin və bu müharibələr nəticəsində onların çoxunun müstəmləkə, yarımmüstəmləkə və asılı vəziyyətə düşməsinin mühüm rolu vardır. Şərq ölkələrinin əksəriyyətində istehsalın inkişafı dünya bazarının tələblərinin ödənilməsi istiqamətində həyata keçirdi. Bununla yanaşı Şərqin dünya bazarının cazibə qüvvəsinə daxil olması ictimai həyatın ənənəvi əsaslarının dağılmasını sürətləndirirdi. Digər tərəfdən isə, Şərq zəngin təbii və mədəni sərvətləri, ucuz işçi qüvvəsi ilə dünya bazarının inkişafına təkan verirdi.
İstər bəşəriyyətin ümumi təkamülünə, istərsə də Qərb və Şərqin çoxtərəfli münasibətlərinin transformasiyasına ikinci minilliyin sonuncu əsri - XX əsr tarixə misli görünməmiş yeniliklər gətirdi, insan cəmiyyətini keyfiyyətcə yeni inkişaf mərhələsinə çatdırdı və gələcək üçün tamamilə yeni nəhəng perspektivlər yaratdı. Təbiətin tükənməz sərvətlərini insan cəmiyyətinin sonsuz ehtiyaclarının ödənilməsi üçün daha çox “ram” etmiş XX əsr tarixə “böyük kəşflər”, “böyük inqilablar”, “elmi texniki tərəqqi” əsri kimi daxil olmaqla, əsrimizin əvvəllərindən dünya xalqları üçün əsl fəlakətə çevrilmiş, bəşəriyyətin min illərlə yaratdığı maddi və mənəvi sərvətləri yerlə yeksan etmiş, milyonlarla insanın məhvinə səbəb olmuş “dünya müharibələri” kimi müdhiş bir məfhumu da millətlərin leksikonuna daxil etdi. Lakin dünyanın yenidən bölüşdürülməsi uğrunda mübarizənin kəskinləşməsi təsir əks təsirə bərabərdir qanununun tələblərinə uyğun olaraq əks cərəyanı milli azadlıq hərəkatlarının coşqun dalğalarını da yaratdı. Bu hərəkatların yaranması, inkişafı və qələbəsi əsrimizin tarixə həmçinin “milli - azadlıq hərəkatları əsri” kimi daxil olmasını da təmin etdi. Uzun əsrlər boyu hökm sürmüş geriliyə və müstəmləkəçiliyə qarşı Şərqdə başlanmış ölüm-dirim mübarizəsi xalqların leksikonuna tarixin yaddaşına başqa bir ifadə - “Oyanmış Şərq” ifadəsini də daxil etdi.
İnsanların minillər boyu arzuladığı “ədalətli cəmiyyət”, “ictimai iqtisadi sistem” axtarışının əsrimizdə Rusiyada ifrat istiqamət alması bəşəriyyətə min bir fəlakət gətirdi. Dünyanın altıda bir hissəsini cəmiyyətin təbii qanunlarından ayırıb, qondarma qanunlarla idarə etməyə doğru yönəlmiş “Böyük Oktyabr Sosialist İnqilabı” milyonlarla insanın məhv edilməsinə gətirib çıxartdı. Bəşəriyyətdə mövcud olan saysız hesabsız mübarizələrin tərkibində yeni anlayışlar - “sistem qarşıdurması”, bu zəmində təşkil olunmuş hərbi bloklar, “soyuq müharibə” və s. kimi anlayışlar da meydana gəldi. Təbiətin insana bəxş etdiyi güclü ağlın, tükənməz milli sərvətlərin mühüm bir hissəsinin sürətlə silahlanma siyasətinə tabe edilməsi, Yer kürəsinin barıt anbarına çevrilməsi sivilizasiyanı açıq-aşkar kütləvi qırğın silahları ilə məhvə doğru sürükləyirdi. Çünki ən dahiyanə elmi-texniki kəşflər - atom enerjisinin ayrılması, lazer və neytron şüalarının dərk edilməsi, yaradılmış müxtəlif kosmik texnika və s. elmi nailiyyətlər silahlı güc tətbiq etmə vasitəsinə çevrilmişdir.
Lakin Şərq və Qərb arasında ziddiyyətlər və mübarizəni kəskinləşdirən XX əsr dünyanın, o cümlədən onun iki böyük tərkib hissəsinin vəhdətinin kristallaşması yolunda da nəhəng addımlar atdı. Elmi - texniki, siyasi - iqtisadi, mədəni - maarif istiqamətlərində gedən bu irimiqyaslı kristallaşdırma prosesi ölkələrarası, regional, dini, etnik və digər ziddiyyətlər və mübarizənin saxlanılması, kəskinləşməsi zəminində yüksələn xətt üzrə inkişaf edir.
Keçən əsrin sonu və indiki əsrin əvvəllərində baş vermiş nəhəng elmi və texniki kəşflər dünyanın dərk edilməsində və yenidən qurulmasında, istehsal və məişətin maddi bazasının köklü dəyişdirilməsi və təkmilləşdirilməsində tamamilə yeni mərhələyə keçilməsini zəruri etdi. Kimya və fizika, riyaziyyat və biologiya sahəsində böyük kəşflər, maye yanacaq, radio dalğaları və rentgen şüalarının alınması və istifadə olunması sahəsində əldə olunan texniki yeniliklər istehsalda ciddi elmi-texniki sıçrayışa yol açdı. Daxili yanma mühərrikləri və avtomobillərin, elektrik mühərrikləri və müxtəlif elektrik cihazların, süni və sintetik əmək əşyalarının, sürətli və ucuz nəqliyyat vasitələrinin kütləvi istehsalı başlandı. İkinci dünya müharibəsindən sonra bəşəriyyət elm, texnika və istehsalı intensiv sürətdə bir-birinə bağlayan elmi-texniki inqilab erasına qədəm qoydu. Bu era elmi-texniki yaradıcılığın, maddi istehsalın, tədavül və məişət sahəsinin elektron avtomatlaşdırılmasının və texnoloji inqilabın nailiyyətlərinin geniş tətbiqi sayəsində məhsuldar qüvvələrdə yeni inqilabi yenilənmə prosesini keyfiyyətcə yeni mərhələyə çatdırdı. Biologiya sahəsində elmi kəşflər və onların praktikada tətbiqi bəşəriyyət qarşısında yeni perspektivlər açdı. Kosmik fəzanın fəthi və atomun sülh məqsədləri ilə istifadə olunması dövrümüzün mühüm fərqləndirici cəhətlərindən biridir. Bir sözlə, elm və texnika bütün istiqamətlərdə ciddi irəliləyişlər edir. Bütün bunlar isə inkişafında onun təbiətlə və öz daxili tərkib hissələrinin bir-biri ilə qarşılıqlı əlaqəsində tamamilə yeni bir mərhələ açmışdır.
Dünyanın, o cümlədən Şərq və Qərbin vəhdətinin aparıcı mühərriki olan iqtisadi mexanizm dünya dövlətlərinin bir-birindən aslılığını daha da artırmış, beynəlxalq əmək bölgüsü daha da dərinləşmiş, dünya bazarı genişlənmiş və yeni yüksək mərhələyə çatmışdır. Qərbdə hələ keçən əsrlərdə baş vermiş elmi-texniki və iqtisadi sıçrayışlar Şərqin geridə qalmış ölkələrinin müstəmləkə və yarımmüstəmləkəyə çevrilməsinə şərait yaratmaqla yanaşı, obyektiv olaraq dünyanın vəhdətini daha da möhkəmləndirmiş, Şərq və Qərbin iqtisadi cəhətdən bir-birini daha geniş əsaslarla tamamlamasına gətirib çıxarmışdır. Bir tərəfdən, Qərbdə özünü göstərən ciddi irəliləyişlər Şərqə də yayılmış və həyatın bütün sahələrində öz təsirini göstərmiş. Digər tərəfdən isə metropoliyalarda universal emaledici sənayenin inkişafı yalnız müstəmləkə və asılı ölkələrdə sənayenin ərzaq-xammal bazasına çevrilməsi nəticəsində mümkün olmuşdur. “Sənaye məhsulları - xammal” modeli əsasında əmək bölgüsü uzun müddət dünya bazarının fəaliyyətinin əsasını təşkil etmişdir.
Müstəmləkə sisteminin parçalanıb dağılması Qərb və Şərq arasında əsrlər boyu formalaşmış iqtisadi əlaqələri zəiflətmədi, əksinə onu daha da genişləndirdi. XX əsrin əvvəlində bir tam kimi formalaşmış olan dünya bazarı mövcud olan bütün təsərrüfat əlaqələrinin inkişafında iqtisadi mənzərəni tamamilə dəyişdi. Müasir sənaye və hədsiz dərəcədə toplanmış kapital bütün ölkələrin istehsal və istehlakını kosmopolit etmişdir. Milli təsərrüfatlar artıq ümumdünya təsərrüfatı sisteminin tərkib hissələrinin qarşılıqlı asılılığının əsasını elmi-texniki inqilabın təsiri altında məhsuldar qüvvələrin getdikcə daha çox beynəlmiləlləşməsi təşkil edir. Buraxılan məhsulların çeşidinin və ayrı-ayrı istehsal proseslərində ixtisaslaşmanın hədsiz dərəcədə artdığı bir şəraitdə müasir texnika əmək bölgüsünün o qədər dərinləşməsini tələb edir ki, artıq hər hansı bir ölkə və region bütün ehtiyaclarını özü təmin etmək iqtidarında deyildir. Kütləvi və irimiqyaslı istehsalın iqtisadi cəhətdən sərfəli olması onun yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda ixtisaslaşmasını tələb edir. Məhsuldar qüvvələrin beynəlmiləl xarakterinin artması isə ümumdünya miqyasında ictimai - iqtisadi tərəqqi üçün onun imkanları olduqca genişləndirir.
Şərq və Qərbin iqtisadi əlaqələri və bir-birini qarşılıqlı tamamlamasının əsasını hələ qədim dövrlərdən başlayaraq mal mübadiləsi - xarici ticarət təşkil edir. İri maşınlı sənaye qalib gələnə qədər bu iki böyük region arasında beynəlxalq bölgü öz təbii köklərinə, yəni ölkələrin təbii - iqlim şəraitinin və ondan asılı olaraq ehtiyat və enerjinin müxtəlifliyinə əsaslanırdı. Ona görə də bu ölkələr arasında iqtisadi əlaqələr əsas etibarilə bu və ya digər ölkədə istehsal edilməyən məhsul mübadiləsindən ibarət idi. İri maşınlı sənayenin qalib gəlməsindən sonra, xüsusən elmi - texniki inqilab dövründə isə dünyanın iki böyük hissəsi arasında iqtisadi münasibətlər tədavül sferasından istehsal sferasına keçərək, onları bir-birinə getdikcə daha çox bağlayır. Bu təmayül əmtəə mübadiləsinə də ciddi təsirini göstərmişdir. Belə ki, əmtəə mübadiləsində sənaye məhsullarının, xüsusən maşın, avadanlıq və texnologiyanın payı ərzaq və yanacaq da daxil olmaqla xammala nisbətən daha sürətlə artır. Beləliklə, beynəlxalq əmək bölgüsü tədricən ictimai istehsalın bütün tərkib elementlərini əhatə edir.
İqtisadi əlaqələrin istehsal sahəsində getdikcə dərinləşməsi Şərq və Qərb arasında iqtisadi əlaqələrin mühüm bir formasının - ölkələr və regionlar arasında kapital hərəkətinin sürətlə genişlənməsinə səbəb oldu. İqtisadi inkişafın tarixi gedişi ilkin kapital yığımı dövründən başlayaraq Qərbdə izafi kapitalın toplanmasına səbəb olduğu halda, Şərq ölkələrinin əksəriyyətində kapital çatışmazlığı uzun əsrlər boyu kök salmış sosial-iqtisadi geriliyin aradan qaldırılması yolunda ciddi maneə olmuşdur. Beynəlxalq kapital hərəkəti müasir dövrdə öz artım sürətinə görə mal mübadiləsi həcmini xeyli qabaqlayaraq, ümumdünya təsərrüfatı sisteminin inkişaf imkanlarını xeyli genişləndirmişdir. Onun köməyi ilə ayrı-ayrı regionlarda mal və xidmətlərin geniş təkrar istehsalında özünü göstərən ziddiyyət və qeyri-tarazlıqlar qismən həll edilir, ölkələrin ixracatı qarşılıqlı olaraq artır, avadanlıq, texnika və texnologiyaya tələbatı artırır, onların idxalat imkanları çoxalır. Bu isə ümumdünya miqyasda iqtisadi tarazlığın təmin olunmasına yardım edir. Beynəlxalq kapital hərəkətinin həcmi haqqında yalnız onu göstərmək olar ki, 1977-1994-cü illərdə Asiyaya kapital axınının ümumi orta illik məbləği 4, 6 dəfə, birbaşa kapital qoyuluşlarının məbləği isə 13 dəfə artmışdır [284, s. 3].
Şərq və Qərb arasında beynəlxalq iqtisadi münasibətlər xarici ticarət, beynəlxalq kapital hərəkəti ilə yanaşı elm və texnika sahəsində mübadilə, işçi qüvvəsinin qarşılıqlı miqrasiyası və valyuta - kredit münasibətləri kimi irimiqyaslı kanallarla artan xətt üzrə inkişaf edir.
Ümumdünya iqtisadi əlaqələrin müasir mərhələsi inkişaf etmiş iqtisadi sistemlərdə istehsalın informasiya texnologiyasının üstünlük təşkil etdiyi yeni texnoloji bazaya çevrildiyi bir şəraitdə qarşılıqlı aslılığı daha da artırır. Məhsuldar qüvvələrin keyfiyyətcə yeni mərhələsi geniş təkrar istehsalın beynəlmiləlləşməsini iki istiqamətdə daha da dərinləşdirir: 1) milli təsərrüfatların yaxınlaşması və bir - birini tamamlaması prosesini əks etdirən - beynəlxalq inteqrasiya: və 2) özəl firmalar səviyyəsində millətlərarası istehsal komplekslərinin yaradılmasını əks etdirən - transmilliləşmə prosesi. Qərbdə başlayan iqtisadi inteqrasiya hərəkəti tezliklə Şərqə də geniş yayılaraq (ACEAN, EKO, OPEK və s. ) Şərq və Qərb arasında iqtisadi münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırdı. İqtisadi münasibətləri yalnız regional miqyasda deyil, ümumdünya miqyasda da tənzimləyən, qarşılıqlı ticarət sədləri, valyuta problemləri və digər maneləri zəiflətmək və tədricən aradan qaldırmaq məqsədilə də bir sıra təşkilatlar (Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu və s. ) yaradılmışdır. Özəl firmalar səviyyəsində transmilliləşmə prosesi XX əsrin ikinci yarısında meydana gəlmişdir və milli iqtisadiyyatları coğrafi əlamətlərə görə deyil, geniş təkrar istehsalı prosesində əlaqələri dərinləşdirməklə bir - birinə daha sıx bağlayır.
Şərq və Qərb dəyərlərinin bir vəhdət kimi birləşməsinin bəşəriyyətə verdiyi sonsuz faydalar XX əsrin II yarısında özünü göstərmiş «Yapon möcüzəsi», «Cənub - Şərqi Asiya möcüzəsi» ilə əyani şəkildə sübut olunmuşdur. Bu ölkələrdə ictimai-iqtisadi tərəqqi sahəsində əldə edilmiş güclü sıçrayışlar bəşəriyyət qarşısında geniş perspektivlər açıldığını göstərir.
XX əsr yol təsərrüfatının və ümumiyyətlə nəqliyyatın inkişafında da inqilabi dəyişikliklər gətirdi. Belə ki, 1830-cu ildə bütün dünyada cəmi 200 km Dəmiryolu olduğu halda 140 il sonra onların uzunluğu 1374 min km-ə çatdırıldı. XX-əsrin sonunda Dəmiryolu ilə daşımaların həcmi XIX-cu əsrin sonlarına nisbətən 8 dəfə, 1870-ci ilə nisbətən isə 22 dəfə artmışdır. Avtomobil yolları ilə yük daşımaları daha böyük sürətlə (XX-ci əsrin sonunda 1910-cu ilə nisbətən 1670 dəfə)artmışdır[326, 2001, №9, s 98]. Bütün bunlar isə elmi-texniki inqilabla yanaşı insan həyatını köklü sürətdə dəyişdirdi. Bu baxımdan yalnız onu göstərmək kifayətdir ki, 1900-2000-ci illər ərzində dünya əhalisi 4 dəfə artdığı halda, dünya üzrə ÜDM, yəni maddi nemətlər istehsalı 19 dəfə artmışdır. [326, 2001, №9, s. 98] Yol quruculuğu və nəqliyyat sisteminin inkişafında dünyanın inkişaf etmiş dövlətləri özlərinin iqtisadi güclərinə uyğun olaraq aparıcı rol oynayırlar. XX-ci əsrin sonlarında dəmir yollarının təxminən 75% -i Avropa, Amerika və keçmiş Sovet Ittifaqının ərazisinə düşürdü. Avtomobil daşımalarının da böyük əksəriyyəti ABŞ-ın və Avropanın payına düşür və onların dayanıqlı iqtisadi inkişafında mühüm rol oynayır.
Bütün bu proseslər nəticəsində XX-ci əsr dünya xalqlarının dil leksikonuna infrastruktura anlayışı da daxil edilmişdir. İnfrastruktura sənaye və kənd təsərrüfatı istehsalına xidmət edən sahələr kompleksinə deyilir. Bura avtomobil və dəmir yollarının, kanalların, su hövzələrinin, limanların, hava, təyyarə meydanlarının, anbarların, energetika təsərrüfatlarının, rabitə, su təchizatı, kanalizasiyaların inşası, ümumi və ixtisas təhsilli, elmə, səhiyyəyə və s. çəkilən xərclər daxildir . Başqa sözlə maddi istehsalın inkişafında mühüm rol oynayan infrastrukturlar iki hissəyə bölünür : istehsal və sosial infrastruktura. Onların sürətli və tarazlı inkişafı bəşəriyyətin tərəqqisinin əsasını təşkil edir.
Lakin yenidən bədii söz xəzinəsinə müraciət etsək görərik ki, Süleyman Rüstəmin təbirincə “Təbrizin yolları” kimi “Yaralı yollar” da vardır. Bu baxımdan nəzərdən keçirildikcə aydın olur ki, “ Kitabi Dədə Qorquddan” gələn “Dəli Domrul” hekayəsinin böyük-ictimai siyasi mənası vardır. Bu hekayəyə görə bir quru çayın üzərində körpü quran Dəli Domrul “keçənindən otuz üç aqça alırdı, keçmiyənindən döyə-döyə qırx aqça alırdı “. Bunu neçün böylə edirdi? Onun üçün ki, “ məndən dəli, məndən güclü ər varmıdır ki, çıxa mənimlə savaşa - deyirdi ; mənim ərliğim, bahadırlığım, cılasunligim, yigitliyim, Ruma, Şama gedə cavlana “ - deyərdi. . . .
Dərindən düşündükdə aydın olur ki, keçmişdə dünyanı əsarət zənciri ilə buxovlamış olan böyük metropoliyaların müstəmləkəçilik siyasətinin əsasında da məhz belə bir düşüncə tərzi kök salmışdır. İşğal altına alınmış xalqların min illərlə axarlı-baxarlı yolları bağlanmış, onların sərvətlərinin daşınması üçün metropoliyalara tərəf gedən yeni yollar çəkilmişdir. Bu yollarla Afrikadan yalnız təbii sərvətlər deyil, insanları da qula çevrilərək Amerika Latfundiyalarına daşınırdılar.
Dağıdıcı müharibələrin və bu müharibələr nəticəsində ölkələrin çoxunun müstəmləkə, yarımmüstəmləkə və asılı vəziyyətə düşməsi Şərqin geridə qalmasında mühüm rolu vardır. Şərq ölkələrinin əksəriyyətində istehsalın inkişafı dünya bazarlarının tələblərinin ödənilməsi istiqamətində həyata keçirdi. Bununla yanaşı Şərqin dünya bazarının cazibə qüvvəsinə daxil olması ictimai həyatın ənənəvi əsaslarının dağılmasını sürətləndirirdi. Digər tərəfədən isə, Şərq zəngin təbii və mədəni sərvətləri, ucuz işçi qüvvəsi ilə dünya bazarının inkişafına təkan verirdi.
Təbiətin tükənməz sərvətlərini insan cəmiyyətinin sonsuz ehtiyaclarının ödənilməsi üçün daha çox “ram” etmiş XX əsr tarixə “böyük kəşflər”, “böyük İnqilablar”, “elmi texniki tərəqqi” kimi daxil olmaqla yanaşı bu əsrdə baş vermiş müharibələr əsrimiz boyu dünya ölkələri üçün fəlakətə çevrilmişdir.
XIX əsrdə Orta Asiya və Qafqaz xalqları Çar Rusiyası tərəfindən əsarət altına alındıqdan sonra onların cənub qonşuları və digər dövlətləri ilə ənənəvi əlaqələri kəsildi . Bəşəriyyətə İbn Sina, Nəsrəddin Tusi və minlərlə dühalar bəxş etmiş bu ölkələr “Rusiyanın ucqarı” damğası ilə damğalandılar. Ənənəvi müstəmləkəçilik siyasətini davam etdirən Sovet İmperiyasında da bu ölkələri dünya ilə birləşdirən məhdud yollar yalnız Rusiya ərazisindən keçirdi. Bu yalnız görünən yollara aid deyildir, həmçinin görünməyən mədəni-mənəvi yollara da aid idi. Orta Asiya xalqları və Azərbaycan dünya mədəniyyətinə yalnız rus mədəniyyəti vasitəsilə qoşulurdu. Dünya klassikləri əsasən rus dilindən tərcümə olunurdu. Obrazlı ifadə ilə desək bu xalqların kainata baxmaq üçün yalnız bir pəncərəsi açıq idi: Rusiyanın yol verdiyi pəncərə. . .
Qərbin maddi və mədəni dəyərlərindən geniş istifadə etməyə çalışan həmin ölkələrin zəngin təbii ehtiyatları Qərbin ehtiyaclarının təmin edilməsi üçün mənimsənilməyə başlamış və dünya siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir. “Böyük İpək Yolu” probleminin yenidən aktuallaşması da Şərq və Qərb arasında enerji daşıyıcılarının Qərbə asan ötürülməsi üzərində gedən ciddi işlə, yeni kommunikasiya xətlərinin açılması ilə əlaqədardır.
Dostları ilə paylaş: |