Ümumtəhsil məktəblərində informatika fənni təliminin əsas məqsədi
şagirdlərdə məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli
üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini
formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün
tələb olunan zəruri informasiyaları kompyuter vasitəsilə ala bilmələri sahəsində
texniki bacarıq və vərdişlərin öyrədilməsidir.
İnformatika fənni təliminin əsas
vəzifəsi informasiyaların qəbulu, toplanması,
təhlili, ötürülməsi, emalı və onlardan istifadə qaydaları haqqında şagirdlərin tam və
dolğun biliklər qazanması, bu biliklər vasitəsilə dünyada baş verən informasiya
proseslərinin əhəmiyyətini, İKT-ni ümumbəşəri dəyərlərin tərkib hissəsi və
İnformasiya Cəmiyyəti inkişafının hərəkətverici qüvvəsi kimi qiymətləndirməyi,
praktik fəaliyyətdə və digər fənlərin də öyrənilməsində tətbiq məqsədilə zəruri
bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün real əsas yaratmaqdır.
Məktəblilərin praktiki fəaliyyətə, əməyə və öz təhsillərini davam
etdirmələrinə hazırlanması informatikanın, kompyuter savadlılığının və şagirdlərin
informasiya mədəniyyətinin aparıcı rol oynamasından, məktəblilərin İnformasiya
cəmiyyətinə nəzəri və praktiki hazırlığından,bilavasitə asılıdır. Şagirdlər
informasiya mədəniyyətinə, kompyuter savadına yiyələndikcə əmək bacarıqlarını
müəyyənləşdirir, gələcəkdə həyat şəraitini daha səmərəli qurmaq imkanı əldə
edirlər.