Vİlayət bağçası altıncı cİld


Müsəlman tələbəyə lazım olan xüsusiyyətlər6



Yüklə 271,22 Kb.
səhifə2/19
tarix03.02.2017
ölçüsü271,22 Kb.
#7377
1   2   3   4   5   6   7   8   9   ...   19

Müsəlman tələbəyə lazım olan xüsusiyyətlər6

Bismillahir-Rəhmanir-Rəhim.


Çox gözəl və həvəskar bir məclisdir. Bu məclisin təşkilatçıları alim və Bəsic üzvü olan gənclərdir. Tələbənin alimliyi və gənclik xüsusiyyəti Bəsic mədəniyyəti ilə qarışanda, yeni və çox gözəl bir sintez əmələ gəlir. Siz bu mədəniyyətin, bu təşkilata, bu insani simaya və bu örnəyə nümayəndəlik edirsiniz.
Bəsic sözü

Bəsic üzvü olan tələbə barədə ürəyimdə çox sözlər var. Əgər bunları Bəsic üzvü olan tələbələrin üstünlüyü kimi tərtib etsək, universitetlərdəki məntiqli insanların Bəsicə maraqlarının artmasına səbəb olar. Bəsic bir mədəniyyətdir. Bu mədəniyyəti bir cümlədə tərif etmək istəsək, deməliyik ki, həyatın bütün əsaslı sahələrində qabaqcıl olmaqdır. Doğrudur, bəziləri Bəsici pis tanıtdırmaqda israrlıdırlar, lakin xalqın düşmənlərinin sözlərini təkrarlayanlardan çox şey gözləmək olmaz. Əsas odur ki, bizim özümüz Bəsicin nə olduğunu anlayaq. Bəsic – yəni səhnəyə çıxmaq və meydana atılmaq. Hansı meydana? Həyatın əsas meydanlarına.


Bəsic və həyatın əsas meydanları

Həyatın əsas meydanları hansılardır? Təkcə ölkəyə hücum olunduğu zaman səhnəyə çıxıb sərhədlərini müdafiə etməlidir?! Əlbəttə ki, yox. Bu yalnız biridir. Bir xalqın milli və siyasi kimliyi hücuma məruz qaldıqda da səhnəyə çıxmaq lazımdır. Bir xalqın mədəniyyəti, etiqadı və köklü inamları aşağılananda, təhqir ediləndə də, seçilmiş nəsli elmdə geri qaldığını və buna əlac etməli olduğunu düşünəndə də, ölkədə gözəl və ədalətli həyat təməllərinin təmir və bərqərar olunması üçün fəaliyyətə ehtiyac duyulanda da, dünyanın fikir və mədəniyyət cəbhələri xalqları istismar etmək üçün postmodern üsullarla xalqı öz keçmişindən, mədəniyyətindən, kökündən ayırıb asanlıqla öz əllərinə keçirmək istədikləri zaman da səhnəyə çıxmaq zamanıdır. Bütün bunlar ehtiyacı hiss edən insanlar tələb edir. Çaş-baş, qafil və kiçik ehtiyaclara başı qarışmış insanlar ümumiyyətlə, bu ehtiyacları dərk etmirlər. Sərhədlərimizin minlərlə hərbçi tərəfindən təhdid olunduğu gün də bizdə elələri var idi ki, onlara "bizim torpağımızı, vətənimizi, xalqımızı, heysiyyətimizi və qeyrətimizi tapdayırlar, sən də gəl bir iş gör" - deyilsəydi, deyərdi: “get işinin dalınca”. O bu ehtiyacı dərk etmirdi, belə bir zərurətin olduğunu hiss etmirdi. Bu baxımdan, birinci məsələ ehtiyacı hiss etməkdir.


Bəsic sözünün şərti

Ehtiyacı hiss edəndən sonra hazırlıq lazımdır. Hamı hazır deyil ki, rahatlığından, qışda isti sobadan, yaxud yayda kondisionerdən imtina etsin. Hamı özünə düşmən qazanmağa, tər tökməyə, daş-qayalar keçməyə hazır deyil. İradəli bir insan lazımdır. Buna görə, iradəli çalışqanlıq və rahatlıqdan keçmək də bir şərtdir.


Bəsic - bütün şərəfli xalqların ehtiyacı

Növbəti şərt budur ki, bu hərəkətin və işin qarşısında heç kimdən muzd istəməsin. Muzd başqa birisinin bizdə maraq oyatdığı zamana aiddir: “Bu işi gör, bu pulu al”. Amma biz daxildən, qəlbimizin dərinliyindən və eşqlə hərəkət ediriksə, kimdən muzd gözləyirik?! Daxildən çağlayan bir insana muzd vermək təhqirdir. Bunlar Bəsic üzvünün xüsusiyyətləridir. Bəsic mədəniyyəti budur. Heç bir başıuca xalq Bəsicə ehtiyacsız deyil.


Bəsic gənclər təşkilatı kimi

Bəsicin bütün bunlardan əlavə, bacarığı da olmalıdır. Düzdür, müharibə dövründə və ondan sonra bizim Bəsicimizdə yetmiş yaşlı qocalar da vardı. Lakin bacarıq, həvəs və çətin yolları keçmək qüvvəsi adətən, gənclərə məxsusdur. Buna əsasən, Bəsic bir gənclər təşkilatıdır.

Bunlar fikir, bilik və elm istehsalı sahələri, elmi zəifliyi aradan qaldırmaq üçün müxtəlif problemlər meydanıdır. Bir nəfər gəlib bir fikri, bir şübhəni, bir düşüncə təklifini irəli sürür. Düzgün seçim üçün gərək onu öyrənək, anlayaq, təhlil edək, yanlış hissələrini ayıra bilək; düzgün hissəsi olsa, götürək, özümüzdəki düzgün hissələrlə qarışdıraq və öz məhsulumuzu təqdim edək; düzgün hissəsi olmasa, hamısını zibilxanaya tökək.
Universitetdə müsəlman tələbəyə lazım olan xüsusiyyətlər

İndilqabdan qabaq tələbə və mömin gənclərlə qarşılaşdıqda - o zaman onlar bizimlə əlaqədə idilər, məscidə, evimizə gəlir və məclislərimizdə iştirak edirdilər - görürdük ki, İslamın yeni və mütərəqqi aydınlığı hesabına universitetdə üstün sözü bunlar danışırlar. O zamanın solçu fəalları bunlara uduzurdular. Bilirsiniz ki, o zaman solçu və marksist təfəkkürlərin bir qədər mülayim forması bizim ölkəmiz kimi yerlərdə yeni söz kimi yayılırdı. Düzdür, yeni deyildi, amma yeni söz kimi yayılırdı. Universitetlərə gəlir, dialektik materializmi və digər marksist mövzuları uşaqlara izah edirdilər. Düşüncələrin kökü Quran və təfsir təməlləri üzərində möhkəmlənmiş dindar uşaqlar universitetlərdə onların qarşısında bir sədd kimi dayanır və onların qalasının içinə nüfuz edirdilər. Bu da bizim problemli sahələrimizdəndir. Deməli, bu problemlərdə elm və bilik sahəsi, düşüncə istehsalı sahəsi, quruculuq və xalqa xidmət sahəsi, siyasi müdafiə, siyasi hücum sahəsi, hərbi müdafiə sahəsi var.


İranlı ziyalılığın xəstəliyi

Mən bir neçə il öncə universitetlərin birində dedim ki, İranda ziyalılıq xəstə doğuldu. Əgər siz ziyalılığın tarixçəsinə baxsanız, bunu təsdiq edəcəksiniz. Ümumiyyətlə, ziyalılıq bizim ölkəmizdə əvvəldən xəstə və əcnəbilərə asılı şəkildə doğuldu. İndi də deyirəm ki, ölkəmizdə modernizm məfhumu xəstə, qüsurlu və şikəst doğuldu. Bu məsələ Qacar dövrünün sonlarına aiddir. Sonra Rza xan dövrü və Pəhləvinin qalan dövrü də bu hərəkətin zirvəsi idi. Bizim ölkə modernistlərinin leksikonunda modernizm Qərbə təqlid demək idi. Təqlid nə deməkdir? Yəni siz gedin kiminsə köhnə paltarını alın və bayram günü yeni paltar kimi əyninizə geyinin. Fransanın, İngiltərənin və digər Avropa bölgələrinin on doqquzuncu əsr təfəkkürləri İrana daxil edildi. Bu təfəkkürlərin meydana çıxmasından yüz il ötmüşdü. Ona çoxlu iradlar tutulmuş, sıradan çıxarılmış və əleyhinə çoxlu yazılar yazılmışdı. Lakin iranlı modernist cənablar hələ o zaman o təfəkkürlərin, üslubların və hətta zahiri görkəmlərin arxasınca getdilər; yəni paltar geyinmək, saqqal qoymaq, bığ saxlamaq və saç uzatmaq. Avropanın bir tərəfində Daqlas adlı birisi peyda olub bığını xüsusi formada düzəltmişdi. İranda bu bığ mod oldu. Bizim gənclik dövrümüzdə “The Beatles” qrupunun üzvləri əyri saqqal xətti qoyurdular, bizim gənclərimiz illər sonra onları yamsılayırdılar. Bu, modernizmdir?! Bu, geriyə qayıdışdır, modernizm deyil.


Modernizm və ona etirazlar

Bu modernizmə qarşı etirazlar da bəsit idi. Bunu da sizə deyim. Mən İranda - istər Qacarlar dövrünün sonlarında, istərsə də Pəhləvilər dövründə modernizmə və modernist dalğaya qarşı etiraz tərzini bəyənmirəm. Qədimdən belə reaksiyaları bəyənmirdim. Çünki bəsit rəftar edirdilər. Onlar qərbliləri təqlid etməkdə ifrat edirdilər, bunlar da qarşılığında haram sayırdılar. Bizim gənclik dövrümüzdə avam bir şeir məşhur idi. Deyirdilər:

Suyu bıçaq və çəngəllə içirlər,

Bütün hövzə tələbələrini məsxərə edirlər.

Düşünürdülər ki, o zaman ruhanilər bıçaq və çəngəllə xörək yeməyə qarşıdırlar. Bunlar da onların acığına suyu da bıçaq və çəngəllə içmək istəyirdilər. Nə o modernizm modernizm idi, nə də ona qarşı belə mübarizə düzgün, dəqiq və məntiqli idi.
Modernizmin mənası

Modernizm nədir? Modernizm öncül olmaqdır. Görün nəyiniz azdır, harada boşluq var və bu boşluğu ən gözəl şəkildə necə doldurmaq olar. Yaradıcı beyninizi işə salın və boşluğu doldurun. Bu olur inkişaf. Bu fikir geyimə də aiddir, zahiri rəftara da, düşüncəyə də, idarəetmə üslubuna da, müxtəlif ictimai və siyasi məsələlərə də. Bu söz hər bir şeyə, insan ağlının hökm etməyə, mühakimə yürütməyə qadir olduğu bütün yerlərə aiddir.


Ağıl və təslimçilik

Ağıl sahəsi olmayan, bəndəlik və şəriət sahəsi olan yerlərdə şəriətə təslim olmaq lazımdır. Təsadüfən, şəriətə sadiq və təslimçi olanlar, sonralar ağılları daha çox işlədikdə şəriətin uyğun hökmü nə üçün verdiyini anladılar. Bir zamanlar murdar-pak, məhrəm-naməhrəm, ibadət, namaz və təzim məsələləri şübhəli idi. Düşüncə inkişaf etdikcə anladılar ki, bunların da təbii fəlsəfəsi, hikməti, insani səbəbləri vardır.


Qərb adamının meşə mədəniyyəti

Allahla əlaqəsini kəsmiş mənəviyyatsız insan sizin bu gün Avropa və Amerikada müşahidə etdiyiniz mahiyyətsiz varlıq olur: ədalətdən, asayişdən, insaniyyətdən və insan hüququna hörmətdən savayı hər şey var; yəni meşə mədəniyyəti. Açıq şəkildə deyirlər ki, gücün varsa, etməlisən, tüfəng əlindədirsə, vurmalısan. Əxlaqın heç bir mənası yoxdur.


Qərbin sonu

Əlbəttə, bu hələ işin əvvəlidir. Süqutun iti eniş nöqtəsinə hələ çatmayıblar, amma çatacaqlar. Bunu mən sizə deyirəm. Siz Qərbin, Avropa və Amerikanın süqutun iti eniş nöqtəsinə çatdıqlarını və daha özlərini saxlaya bilmədiklərini görəcəksiniz. O zaman süqut edəcəklər.


Əsl yenilik

Əsl yenilik və modernizm İslamın istədiyidir. İslam ümumiyyətlə, insandan bunu istəmişdir. Bu, düşünmək, dərindən fikirləşmək, düzgün işləmək, düşüncə işi, praktik səy, zəhmət, heç bir sahədə riskdən qorxmamaq və məqsədləri uca tutmaq sayəsində əldə olunur.


Bəsic - həqiqi yeniliyin təzahürü

Bu işlər kimə aiddir? Bəsicə. Əgər Bəsici düzgün tərif etsək, belə olur. Bəsic həmçinin dini qeyrəti, biliyi, ehtiyaclara dair dərki, kreativliyi, zehni fəallığı, yaradıcılığı olan və səhnədən qaçmayan iradəli insandır.

Tələbə Bəsici mahiyyət etibarilə bu məfhumların tam təzahürüdür. Sizin məqsədiniz bu əsaslı sahəni təmin etmək olmalı və heç bir şeydən qorxmamalısınız. Demirəm ki, heç nəyi nəzərə almayın. Nəzərə almaq - ağıl işlətmək deməkdir və həmişə lazımdır. Lakin haqq bildiyinizi tələb etməlisiniz, həm də təkcə dillə və şüarla yox. Şüar bəzən lazımdır, bəzən isə lazım deyil, yalnız işləmək və çalışmaq lazımdır.
Formanı qorumaq, məzmunu istəmək

Mən siz əziz qardaş və bacılara təkidlə tövsiyə edirəm ki, dərinliklərə diqqət yetirin və onu istəyin, formanı da tərk etməyin. Kimsə məzmunun lazım və formanın əhəmiyyətsiz olduğunu xəyal etsə, yanlış düşünmüşdür.


Uğurun açarı

Dini forma, İslam forması, dini bəndəlik, dua məclisləri, imamlara təvəssül məclisləri lazımdır. Lakin bunların hamısını elmlə birgə edin. Bəsicin rövzə və mərsiyə məclislərində şeir oxunursa, mənalı, məzmunlu, məqsədli və ibrətli olmalıdır; çıxış olunursa, fikir və düşüncəni dərinləşdirmək istiqamətində olmalıdır; camaat namazı qılınırsa, sizin namazınız Allaha diqqətlə, Onun qarşısında qorxu ilə olmalıdır. Siz etikaf edirsinizsə, oruc tutursunuzsa, dini tədbirlər keçirirsinizsə, Allah-Taalaya diqqətlə və ixlasla olmalıdır. Uğurun açarı bunlardır. Bunlar olmasa, böyük problemlər yaranar.


Mötədillikdən bir xatirə

İnqilabın əvvəlində bəziləri çox sərt, qızğın və enerjili idilər, amma təəssüf ki, dini düşüncələri dərin deyildi, düşmən təbliğatının birinci soyuq küləyi ilə inqilabçı yarpaqları, meyvələri töküldü, enerjiləri bitdi. Bəzilər 180 dərəcə o tərəfə diyirləndilər. Mən bir dəfə bu cənabların birinə dedim ki, siz inqilabın əvvəllərində iqtisadi məsələlərdə qatı solçu idiniz və biz sizi bundan çəkindirirdik, indi isə gedib əks tərəfin lap axırında dayanıb qatı sağçı olmusunuz. Biz qabaqca durduğumuz yerdə dayanmışıq və indi də sizi kəskin sağçılıqdan çəkindiririk. Bu, dərinliyin, etiqad və düşüncə kökünün olmadığına görədir.


Dərin insan həmişə duruş gətirir!”

Etiqadi kökü olan şəxs etiqadı əsasında hərəkət edir və müxtəlif sahələrdə duruş gətirir. Əgər cəbhədirsə, gedib şəhid, yaxud əlil olur, bədəninin həmişəlik ağrısına və məzəmmətlərə dözür. Cəbhədən qayıdırsa da, müxtəlif fırtınalar arasında imanını qoruyur. Bu, dərin insandır. Bizdə dərinliyə söykənən belə adamlar da az deyil. Bəzi adamlar isə yox, dərinlikdən uzaqdırlar. Buna əsasən, İslam və Bəsic təfəkkürünü dərinləşdirmək lazımdır.


Ədalətsevərliyin şərti

Bəsic üzvü ədalətsevərdir. Ədalətsevərlik şüarçılıq deyil, bunu doğrudan da istəmək lazımdır. Ədalətsevərlik bu da deyil ki, insan kiminsə qarşısında dayanıb “sən ədalətsevər deyilsən” desin. Yox, bunun yolu var. Cəmiyyət elə mərhələyə çatmalıdır ki, onda ədalətsevər siyasətlər yürüdülsün. İcra sistemi elə olmalıdır ki, ədalətsevər siyasətlər icra olunub həyata keçə bilsin. Yoxsa ədalət istəyi ilə çoxlu siyasətlər ortaya qoyulur, amma iş, insanlar, fiqurlar, əlində qələm tutub imza edənlər ya bunu istəmirlər, ya buna inamları, ya iradələri, ya hövsələləri yoxdur, yaxud da "get işinlə məşğul ol, sən kefdəsən" tipindəndirlər. Nəticədə də işlər dayanır və ləngiyir. Bunları islah etmək lazımdır.


Ayıq və tələbə gənc və işlər

Hər bir böyük arzuya və uca məqsədə çatmaq üçün yol vardır. Tələbə, alim və ayıq gənc bu yolu tapmalıdır. Proqramlaşdırma hərəkatı, azadfikirlilik mövzusu, müxtəlif ictimai sahələrə aid müxtəlif mövzular bu qəbildəndir.


İnqilab təfəkkürünün güclü məntiqi

Bizim məntiqimiz güclüdür. Biz məntiq baxımından heç kəsə məğlub olmuruq, digərləri bizə məğlub olurlar. Cəmiyyətdə baş verənlər də bu məntiqin doğruluğunu göstərmişdir. Mütəmadi illər boyunca işlər korlansa, müharibə və xarici maneələr qarşıya çıxsa, qurumlara pis insanlar nüfuz etsə, bəziləri iradəsizlik, hövsələsizlik göstərsələr də, biz harada prinsipial inqilabçı qayda və təfəkkürlə işləmişiksə, doğrudan da uğur qazanmışıq. Nümunələri sənaye və elm nailiyyətləri və digər işlərdə irəliləyişlərdir. Harada yaxşı iş görülmüşdürsə, orada mühüm vəzifədə mömin qüvvə çalışmışdır. Bunu mən müxtəlif yerlərdə sınaqdan keçirib əmin olmuşam. Harada iş ləng getmişdirsə, orada şəxsi mənafeyə, fəsada, ayrıseçkiliyə, dostbazlığa və bu kimi amillərə bais olan imansızlıq olmuşdur. Yəni biz bu təfəkkürü praktikada da yoxlamışıq.


Sabahın idarəçisi olan gənc – düşüncə və əməl sahibi

Siz gəncsiniz, bu ölkənin gələcəyi sizə aid, icra işləri sizə məxsusdur. Heyətinizi elə seçməlisiniz ki, bu bolt-qayka bu böyük dəzgahda yeyilib dəyərdən düşməsin. O fikri gücləndirməlisiniz. Təkcə fikir kifayət deyil, əməl də vacibdir.


Qərb və səlahiyyət nəzarəti

Amerikalılar həmişəki əbəs danışıqları kimi yenə başlayıblar ki, filankəs gəlməlidir, filankəs gəlməməlidir. Axı sizə nə var, ay nadanlar?! Bilmirlər ki, nə desələr, xalq əksini edəcək. Deyirlər nə üçün nəzarət var, nə üçün filan qrup gələ bilmədi, nə üçün filankəs gələ bilmədi. Öz ölkələrində müxtəlif növlərdə və mürəkkəb formalarda sərt səlahiyyət nəzarəti mövcuddur. Qərb ölkələrində hər yerdə çoxlu maneələr mövcuddur. ABŞ-ın məşhur iki partiyasından xaric bir nəfər göstərsinlər ki, ötən 200 il ərzində hakimiyyətə gəlib və prezident seçilib.


Qərbdə həqiqi müxalifət yoxdur!”

Bizim xəbərimiz olan həddə Avropa ölkələrinin heç birində elə bir müxalifət təşkilatı yoxdur ki, quruluşa, konstitusiyaya, quruluşun ümumi hərəkət və siyasətlərinə müxalif olsun, eyni zamanda fəaliyyət hüququna sahib olsun. Mən kermanlı tələbələrin qarşısında dedim ki, onların ixtilafı filan vergini alıb-almamaqdadır; bu deyir alaq, o deyir almayaq; İraqla müharibəyə gedək, yaxud getməyək. Səhnədə olanların hamısı əsas prinsiplərdə ortaqdırlar. Halbuki şübhəsiz, bəziləri buna qarşıdırlar. Qarşı çıxana ümumiyyətlə, yer vermirlər və təbliğat da o birilərin əlindədir. Qəzetlər, televiziya və radio kanalları onların ixtiyarındadır. Ürəkləri istədiyini deyir və yazırlar. Özlərinin bu qədər maneələri, müxtəlif siyasi sahələrdə bu qədər bərabərsizlikləri var, amma deyirlər ki, sizdə nə üçün Nəzarət Şurası var.


Siyasət işlərinə nəzarət

Heç şübhəsiz, siyasət işlərinə girənlərə nəzarət olunmalıdır. Söhbət dövlətin idarəsindən gedir, məgər zarafatdır?! Bir ölkəni bir nəfərə tapşırmaq istəyirlər. Bu sahəyə girənlərə nəzarət olunmalı və gələn şəxsin kim olduğu bilinməlidir: onun bu işə ümumiyyətlə, bacarığı var, yoxsa yox; bu işə inamı var, yoxsa yox; ümumiyyətlə, ölkədə nə etmək lazım olduğunu bilir, yoxsa yox.


Məmurların seçim meyarları

Bəzi meyarlar mövcuddur. Gərək kimsə bu meyarlara baxıb ölçsün. Bu, konstitusiyada nəzərdə tutulmuşdur. Siz meyarları bilirsiniz. Xoşbəxtlikdən, bizim ölkəmiz gənc ölkədir. Ölkənin gənc siması tələb edir ki, bütün icraçı qurumlarda yaxşı, güclü və gəncliyə yaraşan bir aktivlik olsun. Baxın, görün kim inqilabın, dinin, ədalətin, yoxsul və varlı arasında bərabərliyin tərəfdarıdır, kimdə lazımi bacarıq, qüvvə və həvəs var. Axtarıb belə bir şəxsi tapın.


Şübhə və seçkilər

Mən srağagün də dedim ki, şübhəyə düşmək lazım deyil. Bəziləri çox vasvasılıq edirlər: bu, yoxsa o, bu, yoxsa o? Axırda da ya tək-cüt edir, ya istixarə edir, ya da ümumiyyətlə, səsvermənin xeyrindən keçməyə məcbur olurlar. Xeyr, insan düşünür, bir kəsi tapır və deyir ki, İlahi, mənim araşdırmamın nəticəsi budur. Mən ağıl və təfəkkürdən ibarət daxili höccətimə və digərlərilə məsləhətləşmələrə əsasən, səs verirəm. Bu zaman hətta seçim düzgün olmasa da, Allah-Taala qəbul edər. Vasvasılıq lazım deyil, meyarlar aydındır. Süni ajiotaj, yalançı təbliğat, saxta, işıltılı və rəngarəng təbliğat insanı həqiqəti tanımaqdan çəkindirməməlidir.


Düşmənlərin istəyinin əksi

Meyarların biri də xalqın düşmənlərinin istəyidir. Bunun əksini etmək lazımdır. Onlar xalqın xeyrini istəmirlər, öz maraqlarını güdürlər. Yeddinci çağırış parlamentə etiraz edən hegemon dövlətlər şah dövrünün tam sifarişli parlamentlərini qəbul edənlərdir. İndi də əsla düzgün seçki keçirməyən quruluşları qəbul edirlər, amma bu parlamentə etirazçıdırlar. Nə üçün? Çünki o, maraqlarını təmin edir, amma bu, təmin etmir. Onlar öz maraqlarını güdürlər. Əgər bir ünvan göstərib ona meyl etsələr, bəllidir ki, maraqları bundadır, bu seçim xalqın və İslam Respublikası quruluşunun maraqlarının tam əksinədir, ona qarşı çıxmaq lazımdır. Bu, imamın bizə göstərdiyi meyardır.

İnşallah, hamınız müvəffəq və salamat olasınız!

Allah sizin hamınızı qorusun, ata-analarınıza bağışlasın! Aqibətiniz xeyirli olsun! Bu ölkə və onun gələcəyi üçün görkəmli şəxsiyyətlər olasınız!

Allahın salamı və rəhməti olsun sizə!
İnqilab, özünəinam və inkişaf7
Bismillahir-Rəhmanir-Rəhim.
Özünəinam

Əvvəla, bizim hər il belə bir məclis keçirməyimizin səbəbi budur ki, bu məclis "Biz bacarırıq!" şüarının simvoludur. Diqqət yetirin ki, onillər boyunca bu ölkədə düşünülmüş şəkildə işləmiş, iranlının bacarmadığını sübuta yetirmək üçün iş görmüşlər. Biz göstərmək istəyirik ki, iranlı bacarır. İnqilabın böyük məqsədlərindən biri həm dünyaya, həm də İran xalqının özünə "Biz bacarırıq!" demək idi. Və mən sizə deyirəm ki, inqilab bu sahədə uğur qazanmışdır. Bizim ölkəmizdə özünəinam yaranmışdır.


İnkişaf

Siz əzizlərin bizim elmi nailiyyətlərimizdən danışdığınız nümunələr ölkəmizdə elm, tədqiqat və texnologiya nailiyyətlərimizin kiçik bir hissəsidir. Daha geniş dairələrdə çoxlu məsələlər tədricən aşkar olunacaq və indi də mövcuddur. Bu məclis "Biz bacarırıq!" şüarının simvoludur.


Elmi nümunələr və dünya elminin zirvələri

Ölkənin elmi nümunələri təkcə sizlər deyilsiniz, siz bu dəyərli təbəqədən seçmələrsiniz. Bu hamıya göstərir ki, bizim gənclərimiz arasında beynəlxalq yarışlarda və ölkə daxilindəki geniş müsabiqələrdə yüksək yerlər tutan şəxslər var. Bunlar parlaq istedadlardır. Ölkədə belə parlaq istedadlarımız çoxdur. Bunlara arxalanmaqla xalq və ölkəmiz özünü quracaq, inkişaf edəcək və bizimlə dünya elminin zirvəsi arasında yaradılan dərin uçurumu tədricən ortadan götürəcək.


Vitrin işlərinin zərəri

Mən nümayişkaranə, sizin dilinizlə desək, vitrin işləri ilə əsla müvafiq deyiləm. Düzdür, nümayiş də lazım olur, amma bununla kifayətlənmək dünya və axirətin zərərinə səbəb olur.


Elm və tədqiqatın əhəmiyyəti

Biz iş istəyirik. Bu gün sizin dilinizə gətirdiyiniz sözlər – elmə, tədqiqata, texnologiyaya əhəmiyyət vermək, elmi nümunələrlə məşğul olmaq - biz bir elmi nümunənin könlünü alsaq, dünyanın harasına getsə, ölkəyə məxsus olacaq - və sizin dediyiniz, mənim də qısaca qeyd etdiyim çoxlu məsələlər həm də mənim sözlərimdir. Bunlar mənim 10-12 il öncədən dediyim sözlərdir. Mən görürəm ki, bu gün siz bir gün quruluşun məsul şəxsləri tərəfindən deyildiyini bilmədən, yaxud xatırlamadan özünüz bu sözləri deyirsiniz və bunlar sizin ürək sözünüzdür. Bu, inkişafdır, bizim istədiyimizdir, bunu istəməyən düşmənlərin acığına, baş tutmuşdur.


Gənclərdə rəhbərin arzusu ilə tədqiqata meyl

Bu gün gənclərimizin tədqiqata meyli var. Bir gənc olaraq sizin gileyiniz budur, buraya gəlib deyirsiniz ki, bizim tədqiqat büdcəmiz 0,7 faizdir. Əlbəttə, deyəsən çoxdur, qardaşımızın dediyi statistika bu qədər deyil. O dedi ki, təxminən 1,5 faizdir. İndi dəqiq yadımda deyil, amma deyilən miqdardan çoxdur. Yaxud siz mənim yanıma gəlib şikayət edirsiniz ki, tədqiqat büdcəsi vermirlər və ya tədqiqatı gözləmirlər. Bizim son arzumuz bu idi ki, sizdə bu hiss yaransın və siz bunlarla maraqlanasınız.


Layihələrin icra tezliyi

Əlbəttə, biz növbəti addımı atmağa borcluyuq. Növbəti addım budur ki, bu işlər bir-bir icra olunsun. Bu, zaman baxımından növbəti addım deyil, dərəcə baxımından növbəti addımdır. Yəni bu fikir ortaya qoyulduqdan sonra dərhal icra olunmalıdır.

Mən bunları qeyd etdim. Ofisimizdən gələn və burada iştirak edən dostlardan istəyirəm ki, sizin dediklərinizi siyahıya alsınlar. Cənab nazir və digər məmurlar da buradadırlar. Bu işlə məşğul olan digər şəxslərə də çatdırılacaq və inşallah, bunlarla maraqlanacaqlar.
İcraçı məmurların iradəsi

Üçüncü məsələ Elmi Nümunələr Fondu barədədir. Mən ötən il bu məclisdə bunu dedim. Dedim ki, sizin dediyiniz problemlərin araşdırılması və həlli üçün bir fond yaradaq. Fondun əsasnaməsi qəbul olundu və onu bizim yanımıza gətirdilər. Bizim fikrimizcə, əsasnamənin bəzi nöqsanları var. Onlar aradan qaldırılmalıdır və inşallah, qaldırılacaq. Xoşbəxtlikdən, mən görürəm ki, bu gün dövlət məmurları, prezidentin özündən tutmuş digər məmurlara qədər hamısı layihə və proqramların icrasına çalışırlar. Bu məsələ məndə belə bir ümid yaradır ki, inşallah, elmi nümunələrin işinin irəliyə aparılması sahəsində mənim zehnimdə olan nigaranlıqların hamısı aradan qaldırılacaq.


Mənzərə sənədi icra olunasıdır!”

Mən dəfələrlə demişəm, indi də siz əziz gənclərə deyirəm ki, mənzərə sənədi kiminsə oturub yazdığı bir məktəb inşası deyil, xam xəyal da deyil. Məsələlərin bütün cəhətləri hesablandıqdan sonra kağız üzərinə köçürülmüş sənəddir. Mənası budur ki, bu iş mümkündür. Biz iyirmi il ərzində regionda elmi və iqtisadi baxımdan yüksək yerdə durmağımızı dediksə, bu, məsələnin bütün tərəflərini nəzərə almaqla yazılmış və tənzim olunmuşdur. Bu, mümkündür.

Əlbəttə, bütün mümkün işlər üçün getmək, maraqlanmaq, məşğul olmaq və yerinə yetirmək lazımdır. Şübhə yoxdur ki, oturub tamaşa etsək, heç bir iş baş tutmaz. İşi görmək lazımdır və inşallah, Allahın yardımı ilə görüləcək. Əlbəttə, prinsipcə, biz o günləri görməyəcəyik, amma sizlər görəcəksiniz. O günlər sizə məxsusdur və sizin gələcəyinizdir.
Möhtəşəm inkişaf

Mən tələbə məclislərinin birində də bunu dedim: Çalışın ölkəniz əlli ildən sonra elə bir səviyyəyə çatsın ki, elmi inkişafa ehtiyacı olan hər kəs sizin dilinizi öyrənməyə məcbur olsun. Yəni ölkəniz o qədər elm və tədqiqat əsəri istehsal etsin ki, bu gün əsasən, ABŞ-ın və bəzi ölkələrin texnoloji inkişafı səbəbindən ingilis dilinin dünyada yayıldığı kimi, siz də elmi inkişafınızın ardınca öz dilinizi yayasınız. Siz zirvədə durmağı bacarmalısınız. Bu, mümkün və əgər iradə ilə çalışsaq, qaçılmazdır.


İman, əməl, inkişaf

Mənim əzizlərim! Mənim oğullarım, qızlarım! Bilin ki, saleh əməllə yanaşı olan iman bu sahədə inkişafa ən mühüm dayaqdır. Pak, aydın, şəffaf, əsaslı və məntiqli iman əməllə yanaşı olduqda sizə kömək edə bilər. Təkcə iman bir iş görə bilməz, arxasınca əməl, sadiqlik, dindarlıq gələn, laqeydliyin və tüfeyliliyin uzaq olduğu iman həm sizin dünyanıza kömək edə bilər, həm ölkənizin gələcəyinə. Bununla məşğul olun. Mən bunu sizin sözlərinizdə də gördüm.


Özünəinam

Çox yaxşı məclis idi. Sizin çıxış etdiyiniz bu iki saat çox səmərəli keçdi. Mən sizin sözlərinizi eşitməyə sevindim. Əlbəttə, sizin danışmağınızın başqa faydaları da var. Bu həm də milli tribunadır. Sizin sözlərinizi bütün İran xalqı eşidəcək. İranlı bir gəncin iradə göstərib belə bir milli tribunada öz nailiyyətlərini bəyan etməsi və özünə belə inanması ölkəmiz üçün böyük və vacib amillərdən biridir. Mənim bu özünəinamdan çox xoşum gəlir.

Dostumuz dedi ki, bu sözlər burada danışılmamalıdır. Xeyr, heç bir eybi yoxdur. Əsas odur ki, siz gəlib burada dayanasınız və düşündüyünüzü deyəsiniz. Bu mənim üçün əhəmiyyətlidir. Ola bilsin, sözünüz çox da püxtə, təklifiniz çox da yeni olmasın, eybi yoxdur, bizim üçün mühüm olan budur ki, siz özünüzə güvənərək burada dayanırsınız. Siz qız və oğlanlar sözünüzü qüdrətlə və özünüzə arxalanmaqla danışırsınız və bu söz ölkə səviyyəsində yayımlanır. Bu bizim üçün dəyərlidir. İnşallah, müvəffəq olasınız.


Yüklə 271,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin