VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari
VİTAMİNLƏR, TƏSNİFATI, FİZİKİ-KİMYƏVİ XASSƏLƏRİ. BİTKİ XAMMALINDAN ALINMASI. EYNİLİK VƏ MİQDARİ TƏYİNİ ÜSULLARI. TƏKİBİNDƏ VİTAMİNLƏR OLAN DƏRMAN BİTKİ VƏ XAMMALLARI Vitaminlər – həyati əhəmiyyətli, müxtəlif kimyəvi təbiətli bioloji fəal üzvi birləşmələr olub, əsasən, bitkilər tərəfindən sintez edilir. Onlar maddələr mübadiləsinə, qanın yaranmasına, metabolizmə və adaptasiyaya təsir göstərir, eləcə də oksidləşmə-reduksiya proseslərində iştirak edir.
Son illər vitaminlərin biokimyəvi xassələrinə, onların kofermentlərin funksiyaları ilə əlaqələrinə və maddələr mübadiləsində iştirakına daha çox diqqət edilir.
Vitaminlərin müxtəlif təsnifatları mövcuddur. Hazırda elmi cəhətdən dəqiq təsnifat vitaminlərin kimyəvi təbiətini əks etdirən və üzvi birləşmələr üçün qəbul olunmuş təsnifatdır. Bu təsnifata görə vitaminləri aşağıdakı qruplara bölmək olar: 1. Alfatik vitaminlər: askorbin turşusu (C vitamini, antiskorbut); panqam turşusu (B15 vitamini); pantoten turşusu (B3 vitamini, antidermatit); metilmetioninsulfonium-xlorid (U vitamini, yara əleyhinə). 2. Alitsiklik vitaminlər: retinollar (A vitamini, antikseroftalmiya); kalsiferollar (D vitamini, antiraxit). 3. Aromatik vitaminlər: filloxinon (K1 vitamini, antihemorragik). 4. Heterotsiklik vitaminlər: tokoferollar (E vitamini, törəmə vitamini); bioflavonoidlər (P vitamini, kapilyar möhkəmləndirici); nikotin turşusu (PP vitamini, nikotinamid, niasin, antipellaqriya); piridoksin (B6 vitamini, antidermatit); tiamin (B1 vitamini, antinevrit); riboflavin (B2 vitamini, boy vitamini); biotin (H vitamini, antiseborey); fol turşusu (Bc vitamini, folasin, antianemik); kobalaminlər (B12 vitamini, antianemik).
Praktik baxımdan vitaminləri həll olmasına görə 2 qrupa: suda və yağda həll olanlara bölmək daha münasibdir.
Yağda həll olan vitaminlərə A qrupu (retinol) vitaminlərinin provitaminləri - a-, b-, g-karotin; D qrupu vitaminləri (kalsiferol) və onların provitaminləri – erqosterol və digər fitosterollar; tokoferollar – E qrupu vitaminləri; K qrupu vitaminləri – filloxinon (K1) və menaxinon (K2); F kompleksi vitaminləri – yüksək doymamış yağ turşuları (linol, linolen və s.) və prostaqlandinlər aiddir.
Suda həll olan vitaminlərə askorbin turşusu (C vitamini); tiamin (B1 vitamini); riboflavin (B2 vitamini); biotin (B3 vitamini); xolin (B4 vitamini); pantoten turşusu (B5 vitamini); piridoksin (B6 vitamini); karnitin, betain quruluşlu γ-amino-β-hidroksikarbon turşusu, BT (B7 vitamini); inozit, mezoinozit, inozitol (B8 vitamini); fol turşusu, Bc (B9 vitamini); sianokobalamin (B12 vitamini); panqam turşusu (B15 vitamini); nikotin turşusu (PP vitamini); rutin və digər flavonoidlər (P vitamini), metilmetioninsulfonium-xlorid (U vitamini) və s. aiddir.
Vitaminlər canlı orqanizmin normal həyat fəaliyyəti üçün zəruri olan müxtəlif kimyəvi quruluşlu üzvi maddələrdir. Əksər vitaminlər insan orqanizminə qidaların tərkibində provitaminlər, kofermentlər və fermentlər şəklində daxil olur. Vitaminlər katalizatorlar və ya enzimlər kimi hüceyrələrin funksiyalarını, eləcə də və onlarda gedən biokimyəvi prosesləri tənzimləyir və qida maddələrinin düzgün istifadə olunmasını təmin edir. Hormonlar və enzimlərlə birlikdə onlar vahid fizioloji birlik olan biokatalizatorlar qrupunu əmələ gətirir və orqanizmdəki bütün maddələr mübadiləsi proseslərində son dərəcə böyük rol oynayır.
Hal-hazırda 30-a yaxın vitamin məlumdur ki, onlardan da təqribən iyirmisi insan orqanizminə bitki və heyvan mənşəli qidalarla daxil olur. Bitkilərdə vitaminlər digər bioloji maddələr və mikroelementlərlə müəyyən nisbətlərdə yerləşir. Bitki xammalı insan orqanizmi üçün çox qiymətli və faydalı olub, onun istifadəsi zamanı dozanın həddini aşması və əlavə təsirlərin meydana gəlməsi istisna təşkil edir, ayrı-ayrı sintetik vitaminli preparatların yüksək dozada tətbiqində bunların olması labüddür.
Vitaminlərin 3 cür təsnifatı mövcuddur. Əvvəlcə vitaminlərin həll olmalarına görə təs-nifatı təklif edilmişdir: 1. Suda həll olan vitaminlər; 2. Yağda həll olan vitaminlər. Lakin bu, çox primitiv təsnifat olub, vitaminlərin nə kimyəvi quruluşunu, nə də bioloji təsirlərini əks etdirir. Bundan başqa, vitaminlərin müxtəlif törəmələri yaradıldıqdan sonra bu təsnifat öz əhəmiyyətini itirdi, belə ki, vitaminlərin molekuluna lipofil və ya lipofob qrupların daxil edilməsi yolu ilə suda həll olan vitaminləri yağda həll olanlara və ya əksinə çevirmək mümkündür.
Vitaminlərin hərflərlə işarə edilən təsnifatı da mövcuddur. Bunun mahiyyəti ondan ibarətdir ki, hər yeni aşkar edilən vitamin latın əlifbasının müəyyən bir hərfi ilə işarə olunur. Vitaminlərə eyni zamanda orqanizmdəki bioloji roluna görə də müvafiq adlar verilmişdir. Məsələn, A vitamini kseroftalmiyanı (göz xəstəliyi) müalicə etdiyinə görə akseroftal, E vitamini öllənməni təmin etdiyindən tokoferol və s. adlandırılmışdır.
Sonralar eyni qrupdan olan yeni-yeni vitaminlərin aşkar edilməsi ilə əlaqədar qrupdakı vitaminlərin hərfi işarələrinə rəqəmlər əlavə etməklə onların sırasının genişləndirilməsi həyata keçirilmişdir. Məsələn, B1-dən B15-ə qədər işarə edilmiş B qrupu vitaminləri sırası meydana gəlmişdir. Təbii ki, bu, vitaminlərin hərfi təsnifatının istifadəsini əlverişsiz edirdi.
Vitaminlərin kimyəvi quruluşlarına görə təsnifatı əczaçılar üçün ən əlverişli təsnifat-dır. Bu təsnifat nəzəri və tətbiqi kimya üzrə Beynəlxalq İttifaqın biokimya bölməsi üzrə nomenklatura komissiyası tərəfindən qəbul edilmişdir.
Hal-hazırda mövcud olan vitaminləri kimyəvi təsnifata görə aşağıdakı qruplara bölmək olar:
1. Alifatik sıradan olan vitaminlər (askorbin turşusu, kalsium panqamat, pantoten turşusu, metilmetioninsulfonium xlorid);
2. Alitsiklik sıradan olan vitaminlər (retinollar, kalsiferol);
3. Aromatik sıradan olan vitaminlər (filloxinon, menaxinonlar- K qrupu vitaminləri);
4. Heterotsiklik sıradan olan vitaminlər (tokoferollar, kobalaminlər, riboflavin, fol turşusu və s.).
Əksər vitaminlər insan orqanizminə tam sintez olunmuş halda, bəzən isə kimyəvi tərkibinə görə müvafiq vitaminə oxşar olan provitaminlər formasında daxil olur. Ən vacib provitaminlərə A vitaminin provitamini olan karotinoidləri, D vitaminin provitamini olan sterinləri (erqosterin və s.) və s. misal göstərmək olar.
Orqanizmin fəaliyyətinə və maddələr mübadiləsinə müsbət təsir göstərən, lakin əvəzolunmazlığı təsdiq edilməmiş maddələr vitaminəbənzər maddələr hesab olunurlar. Bunlara bioflavonoidlər (vit. P), panqam turşusu (vit. B15), paraaminbenzoy turşusu (vit. H1), xolin (vit. B4), karnitin (vit. B5), inozit (vit. B8), orot turşusu (vit. B13) və s. aiddir.