Мещмед Емин Йурдакул
3.10 Türk milliyyətçi və milli şairimiz
Mehmed Emin Yurdakul
Türk millətinə öz müəzzəm dili ilə səslənən, gerçək türk ədəbiyyatına yeni yol açan, milli mənliyi, milli duyğunu dilə gətirən, böyük Atatürkün «Millətimizin Mübarək Ruh Babası» adlandırdığı «Milli şairimiz Mehmed Emin Yurdakul 13 may 1869-cu ildə İstanbulda anadan olmuşdur. Atası Salih Rəis, anası Əmina Xatun iliklarinə qədər tərtəmiz türkdürlər.
Cocuqluğunu ata-anasının qucağında ata-babalardan qalma xalq öyüdlari, laylalarla keçirən Mehmed Emin, ilk təhsilini «Saray məktəbi» adlı ibtidai məktəbdə, daha sonra Beşiktaş Hərbi Ruştiyyəsində alaraq, öncə «Mülkiye məktəbi»nə, 1889-cu ildə isə «Hüquq məktəbinə» yazılmışdı. Təhsilini tamamlamaq və ingiliscə öyrənmək məqsədilə Amerikaya getmək ümüdi ilə Hərbi məktəbdən ayrılan Mehmed Emin ona bu yolda yardım edəcək Madam Mutun qəflətən ölməsi ilə bu ümüdi puça çıxmış, o bir daha hüquq məktəbinə də dönməmiş və bütün təhsil və məktəblərlə əlaqəsini kəsərək özünü bütünlüklə ədəbiyyata və şeirə vermişdir.
Atası Salih Rəisin tövsiyyəsi ilə Namiq Kamalın çap olunmuş və çap olunmamış əsərlərini oxuyub onun duyğu, düşüncə və ruh baxımından demokratiya, qəhrəmanlıq, vətən və millət sevgisini mənimsəyən Mehmet Emine ən böyük təsir göstərən, Şərqdə və Qərbdə, xüsusilə İslam aləmində böyük ün salan, məşhur Azerbaycan Türkü Şeyx Cəmaləddin Əfqani (1838-1897) olmuşdur. 1892-ci ildə İstanbula gələrək Sultan II Əbdülhəmidin ona Nişantaşda verdiyi böyük bir evdə yaşayaraq həftənin cuma və bazar günlərində ziyarətçilərini qəbul edən Şeyx Cəmaleddin Əfqaninin atəşli heyranlarından biri də Mehmed Emin bəy olmuşdur. Yatmış İslam alemini oyandırıb hərəkətə gətirmək, müsəlman xalqlarına milli şüur aşılayaraq onlara həyat haqlannı anlatmaq üçün illərlə Şərq və Qərb ölkələrini dolaşan bu yenilik və inqilab tərəfdarı Şeyx Cəmaləddin Əfqanini Mehmed Emin bəy özünə həqiqi bir yol gösterici, istiqamətverici bilmiş, ölümünə qədər üstadını tez-tez ziyarət edərək onun düşüncələrindən yararlanmışdır. Milli şair özü də bunu etiraf edərək göstərmişdi ki: «Məni Şeyx Cəmaləddin Əfqani yoğurmuşdur. Əgər ruhların əbədiliyi və ölməzliyi varsa, mən (Mehmed Emin bəy özünü nəzərdə tutur - A.M) deyərdim ki, Şeyx Cəmaleddin ətlərini və sümüklərini «Maçqa Məzarlığının torpaqlarına buraxmışsa, ruhunu da mənə yadigar etmişdir. Şeyx Cəmaləddinin ruhu məndə yaşayır».
Şeyx Cəmaləddin Əfqaninin «fədakarlıq, ürəklilik, sözünə əməl etmək, ölümdən qorxmamaq, milləti yüksəltmək, milləti hüriyyətə, mədəniyyətə və hakimiyyətə ulaşdırmaq kimi ruhu, əxlaqı, ideoloji və siyasi öyütlərini türk millətinə aşılayan Mehmed Emin Bəy bütün bunları öz türkcə şeirləri ilə çatdırmış, Şeyxinin alqışını qazanmışdır. Mehmed Emin öncə yazmış olduğu «Cəngə gedərkən» adlı şeirini üstadı Şeyx Cəmaləddinə oxuyunca, Şeyx müridinə: «Sizin əsl ədəbiyyatınız məhz budur!» - demiş və ardınca da : «Mən bunun bir də inqilab ruhunu verəck tayını görmək istərim» deyərək şairin ideal üfüqünü daha da genişləndirməyə çalışmışdır. Mehmed Emin bu vəcdli və imanlı Şeyxinin tövsiyyələrini qəbul edərək mənliyindəki xalqçı və milliyyətçi duygularını daha da inkişaf etdirmiş, bu duygular sonda milli şairdə böyük bir iman və həyat ideali halına gəlmişdi.
Mehmed Emin ilk mənsur kitabcığı olan «Fəzilət və Əsalət»i çap etdirmədən öncə Rəcaizadə Mahmud Əkrəm, Said, Əbdülhəqq Həmid, və Müəllim Naci kimi məşhur bəylərə göndərərək əsəri haqqında nələr düşündüklərini bildirmələrini xahiş etmiş, Əkrəm və Səid bəylər mənsur, Əbdülhəqq Həmid və Müəllim Naci bəylər isə əsərə mənzum rəylər yazaraq müəllifin gerçək fəzilət və əsalətin (nəcabətin) nəsildən daha çox insanın mənəvi yetkinliyi ilə bağlı dünyagörüşünü bəyəndiklərini və gənc yazıçının ifadə qabiliyyətini təqdir etmişlər.
Tədqiqatçılar göstərirlər ki, Mehmed Emin Babi-ali Sadaret Dairesi Evrak Qeleminde maaşsız katib vezifesinde çalışdığı zaman bu kitabcığını Babi-ali Sedaret Dairesinin en böyük memuru olan Sadriazam Bhmad Cavad Paşaya sunmuş, bu kiçicik əşəri çox bayanan Cavad Paşa Mehmed Emin Bəyi Gömrük İdarəsində arxiv müdiri təyin etmiş, 14 il bu vəzifədə çalışan gənc şairin ün qazanması bu vəzifədə çalışdığı illərdə yazdığı «Cəngə doğru» şeiri ilə başlamışdır. Yunanlarla savaşa həsr edilən bu şeir 1897-ci ildə «Əsr» qezetində çap olunmuşdur.
Mehmed Emin bəzi şeirlərini İstanbul senzurasından yayındırmaq üçün İzmir və Selanikdəki «Muktəbəs» və «Çocuk bahçəsi» dərgilərində çap etdirmişdi. Müəllifin bu dərgilərdə çap etdirdiyi «Həyat qavqası», «Ölü kafası», «Zavallılar», «Zavallı qayıqçı», «Çiftçilik», «Ey gene Çiftçi», «Çekiç altında» kimi şeirləri dövrü mətbuatda mübahisələr yaratmışsa da milli şair bu mübahisələrə qoşulmamışdır.
İstanbuldan uzaqlaşdınlmaq məqsədilə 1907-ci ildə Ərzurum Rüsumat (Gömrük) İdarəsində məmur olaraq görəvləndirilən Mehmet Emin «Meşrutiyyet»in elanı ərəfəsində, 1908-ci ildə Trabzon Gömrük İdarəsinə göndərilmişdi. Trabzonda «İttihad və Tərəqqi» partiyasının mərkəzi heyətində fəaliyyət göstərən Emin bəy burada etdiyi nitqlərlə xalqı irticaya qarşı mübarizəyə səsləmiş, «İttihad və Tərəqqi» partiyasının Trabzondakı fəalları olan Ömər Naci, Yaqub Cəmil, Mustafa Nəsib bəydən ibarət heyətlə bu bölgədə yararlı xidmətlər göstərmişdir. (Bax: Dr.Fethi Tevetoğlu, Ömer Naci, İstanbul, 1973, seh.52)
Hüseyin Hilmi Paşa Sədrəzəm olunca 1909-cu ildə Mehmet Emin bəyi İstanbula dəvət edərək ona ümumi mətbuat müdirliyi vəzifəsini təklif etsə də o, bu vəzifəni qəbul etməmiş, ona göre də Arif Hikmet Paşanın nazir olduğu dövrdə onu zorla Bəhriyyə Müstəşarlığına göndərmişlər. Bu vəzifədə yalnız 26 gün çalışan Mehmet Emin bəy 1909-cu ilin oktyabr ayında Hicaz Valisinin müavini vəzifəsinə təyin edilmişdi. Vəzifəsi ilə əlaqədar olaraq Məkkəyə gələn Mehmet Emin buradaki qarışıqlıqları təşkil etdiyi heyətlə yoluna qoymuş, Həccə gələnlərin yağmalanmış mallarını tapdırıb sahibinə qaytartmışdı. Onun buradakı Vali müavinliyi Məkkə Əmiri Şərif Hüseyin Paşanın xoşuna gəlməmiş, aralarında ziddiyyət yaranmışdı. Əmirin özbaşınalığı, qabağına keçən hər kəsi tutduraraq zindana saldırması və ən başlıcası, Əmirin Səltənət davasına qalxmasını görən Mehmet Əmin bəy Daxili İşlər Nazirliyinə göndərdiyi bir teleqramda göstərmişdi ki: “Əgər bugünkü şərtlər daxilində Hicaz göz önündə tutulmasa və mənim qorxduğum təhlükə - Əmir Hüseyin Paşanın Səltənət davası meydana çıxarsa, Peyğəmbərimiz Məhəmməd Əlehissəlamla Yavuz Sultan Səlim məzarlarından bizə lənətlər yağdıracaq və bizi tarix gələcək nəsillər qarşısında ittiham edəcəkdir” (iqtibas Dr. Fethi Tevetoğlunun “Mehmet Emin Yurdakul”adlı əsərindən götürülmüşdür. Bax: Göstərilə əsər, Ankara 1988, səh. 23). Lakin Daxili İşlər İdarəsi Emin Bəyin bu teleqramına etinasöz yanaşmışdı.
1910-cu ilin mart ayına qədər Hicaz Valisinin müavini vəzifəsində altı ay çalışdıqdan sonra ərəblər arasında da böyük sevgi və sayğı qazanmasına baxmayaraq, Məkkə əmiri Şərif Hüseyin ilə aralarındaki anlaşılmazlıq üzündən Mehmet Emin bəy daxiliyyə nəzarətindən başqa bir yerə təyin olunmasını xahiş etmiş, onun bu istəyi yerinə yetirilərək Sivas valiliyinə təyin olunmuşdu. Sivasdakı idarəçiliyi qaydaya salmaq üçün bəzi iş görə biləcək idarə rəhbərlərinin seçilib köhnələrlə dəyişdirilməsini istəyən, doğruluqdan ayrılmayan, prinsiplərinə sadiq qalan, millət və vətənin haqqını hər şeydən üstün tutan Mehmet Emin bəy dövrün hökuməti ilə anlaşa bilməyincə, Valilikdən istefa etmiş və 1911-ci ilin may aymda İstanbula dönmüşdü.
İstanbula dönən Mehmet Emin bəy, Müftüoğlu Əhmət Hikmət, Əhməd bəy Ağaoğlu, Yusuf bəy Akçuraoğlu, Ə1i bəy Hüseyinzadə, doktor Aqil Muxtar Özdenlə birlikdə «Türk Yurdu» dərgisini geniş bir proqramla nəşr etməyə başlamışdı. Türk Yurdu Cəmiyyətinin orqanı olan «Türk Yurdu» dərgisinin imtiyazı Mehmet Emin bəyə aid olduğundan və «Türk Yurdu» dərgisini yaratmaq fikri ona məxsus olduğundan «İttihad və Tərəqqi» Cəmiyyəti bu təşəbbüsü qəbul etmiş, dərginin ilk sayısı 1911-ci ilin noyabr ayında nəşr edilmişdi. Dərginin imtiyazı Mehmet Emin bəye aid olsa da onun 1911-ci ilin avqust aymda Ərzurum valisi təyin olunduğundan məcmuənin imtiyazı və müdirliyi Yusuf Akçuraoğluna həvalə edilmişdi.
Ərzuruma Vali təyin edildiyini eşidən vilayət əhli Mehmet Emini hərarətlə qarşılamış, burada birillik valilik dövründə o, «Ərzurum vilayətinin ehtiyacları və tərəqqisinə dair layihələr» hazırlayıb həyata keçirməyə başlamış, «Albayraq» adlı ünü «İnqilab tarixi»nə düşmüş gündəlik bir yerli qəzetin yayımlanmasını təmin etmişdi. 1912-ci ildə «tərəfsizlik» adı altında qurulduğu elan edilən və «Böyük kabinə» - deyə adlandırılan Qazi Əhməd Muxtar Paşa kabinəsi iqtidara gəlincə Mehmet Emini tutduğu Ərzurum valisi vəzifəsindən azad etmiş, 1913-cü il seçkilərində «İttihad və Tərəqqi» Parttyası tərəfindən namizəd gösterilmiş və Mosuldan millət vəkili seçilmişdi.
Əzəmətli Osmanlı İmperatorluğunun daxili və xarici düşmənləri tərəfindən qurulan tələ və silahlarla sökülüb dağılmaqda olduğu, yunan, bolqar, serb, xorvat kimi xristian, alban və ərəb kimi türk olmayan müsəlmanlar qopardıqları Osmanlı torpaqları ilə ondan ayrılır, daxili və xarici fəlakətlər bir-birini təqib edirdi. Belə bir vəziyyətdə türkün qurtuluşuna çarə arayan Hərbi Tibb Məktəbinin tələbələri bir yay gecəsi gizlicə İstanbulun Qaraca Əhməd məzarlığında toplanaraq ata-babalarının məzar daşları önündə Türkiyənin qurtuluşu üçün son dərəcə gərəkli gördükləri bir Böyük Vətən Cəmiyyəti qurmağa and içmiş, bu məqsədlə ayn-ayrı məktəblərdə toplantı keçirmiş, dövrün milliyyətçi ziyalılarına məktublar göndərərək onların bu cəmiyyətdə iştirakinı arzu etmişlər. Tələbələrin bu istəyini yerinə yetirən Mehmet Emin, Əhməd Fərid, Yusuf Akçuraoğlu, Mehmet Əli, Tevrik şair Emin Bülend, Dr. Fuad Sabit və Əhməd bəy Ağaoğlu 231 nəfərlik hərbi Tibb Məktəbinin tələbələrindən (sonralar Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynayan) Mahmud, Refet, Ədhəm, Haşim, Behçet, Hüseyin Fikret, Hüseyin Raqib Baydur, Möhsin, Nəşət, Lütfi, Süleyman, Həbib əfəndilərlə Rəmzi Osman, Hüseyin Baki, Tofiq Fikrət və Osman Sənaibəylərlə bir araya gələrək ilk toplantılarını yapmış, bu toplantıda cəmiyyətin adı «Türk Ocağı» olaraq qəbul edilmişdi. Bu ilk toplantıdan sonra Ocağın nizamnaməsi hazılanmış, quruluş diləkçəsi ilə birlikdə 25 mart 1912-ci ildə əlaqəli instansiyalara təqdim edilmiş, bununla da «Türk Ocağı» rəsmən qurulmuş və fəaliyyətə başlamışdı. Ocağın rəsmi qurucuları olan gənçlər hərbiçi olduqlarından onlar Ocağın Nizamnaməsinə və ərizəyə imza atmamış, Əhməd Fərid Tək, Əhməd Ağaoğlu və Dr. Fuad Sabit tərəfindən imzalanaraq əlaqəli məqamlara təqdim edilmişdi.
«Türk Ocağı»nın ilk başqanı M. E. Yurdakul seçilmişdir. Sonrakı seçimlərdə Ocağın başçısı sırası ilə Əhməd Fərid Tək və Həmdullah Sübhi Tanrıövər olmuşdur. Qurulduğu gündən başlayaraq İstanbul, Anadolu, Rumeli və başqa ölkələrdəki Türklər arasında son dərəcə böyük nüfuz qazanan “Türk Ocağı”na minlərlə ziyalı qoşulmuş, atəşkəs dönəminə qədər Türkiyənin dörd bir tərəfində Ocağın 28 şöbəsi yaradılmış, təkcə İstanbuldakı Mərkəzi Ocağın 2743 üzvü olmuşdu. Milli ziyalıları öz ətrafında toplayan “Türk Ocağı” İzmir və İstanbulun düşmənlər tərəfindən işğalı dövründə də öz fəaliyyətini davam etdirmiş, İstanbulda təşkil edilən etraz mitinqlərinin hamısında çox önəmli rol oynamış, İngilislərin hədəfinə çevrilərək iki dəfə hücuma məruz qalmış, bir neçə dəfə yer dəyişdirməyə məcbur olmuşdu.
Milli mücadilə dövründə Ocaq üzvüləri gizlicə Anadoluya silah-sürsat keçirmiş, bir çoxları gizlicə Ankaraya gələrək Milli mücadilədə yaxından iştirak etmişlər. Çanakkala savaşı əsnasında Əhməd Bəy Ağaoğlu 25 nəfərlik ədəbi heyətlə Çanakkala sipərlərində əsgər və zabitləri ziyarət edən Mehmet Emin Bəy qəhrəmanlarımızın onsuz da çox yüksək olan mənəvi güclərinə yeni güc qatan nitqlər söyləmiş, Çanakkala ziyarətindən döndükdən sonra öncə “Çanakkala qaziləri” adını verdiyi, sonra isə 28 sentyabr 1915-ci idə tamamlayaraq “Ordunu dastanı” adı ilə Çanakkala qəhrəmanlarına ərməğan etdiyi böyük həcmli şeirini xalqa və gənclərə sunmuş, tarixə və gələcək nəsillərə hədiyyə etmişdir.
«Ittihad və Tərəqqi» hökumətinin istefasından sonra son qurultayını 4-5 noyabr 1918-ci ildə Ənvər, Tələt və Camal Paşalarsız keçirilən partiyanın qurultayına Mehmet Emin bəy sədirlik etmiş, sərt mübahisələrdən sonra partiyanın tarixə qovuşduğuna qərar verilmiş, nəticədən çox üzülən milli şair yeni yaradılan heç bir partiyaya üzv olmamış, daha sonra Milli Türk partiyasının quruculanndan biri olmuşdu.
İstanbulun ingilislər tərəfindən işğalından sonra aranan Mehmet Emin bəy 29 mart 1921-ci ildə İstanbuldan ayrılaraq öncə İneboluya, oradan da Ankaraya gələrək Milli Mücadiləyə qoşulmuş, cəbhədə-cəbhəyə, yurdun bir köşəsindən digərinə qoşaraq xalqa və əsgərlərə milli ruh aşılamış, vətəni və milli vəzifəsini şərəflə yerinə yetirmişdi. Türk İstiqlal savaşı zəfərlə bitdikdən sonra Anadolu və Rumeli Müdafiə Cəmiyyəti adına namizədliyini irəli sürərək 5 iyul 1923-cü ildə Şərqi Qarahisardan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilmişdi. Milli Eyitim və Anayasa Komissiyalarına üzv seçilən Mehmet Emin Yurdakul o gündən ömrünün sonuna qədər qanunvericilik həyatında da Türklüyə xidməti özünə tək vəzifə bilmişdir. 3,4,5,6 ve 7-ci dönem seçkilərində də Qarahisar 3 dəfə Urfa və son olaraq İstanbuldan millət vəkili seçilən Mehmet Emin bəy ömrünü doğulduğu îstanbulun təmsilçisi olaraq 15 yanvar 1944-cü ildə tamamlamış, Balmumcudakı Əsri mezarlığında dəfn edilmşdi.
Ruhu şad olsun! Amin.
"Mən bir Türküm, dinim, cinsim uludur,
Sinəm, özüm atəş ilə doludur,
însan olan Vətəninin quludur,
Türk övladı evdə durmaz, gedərim"
- deyərək, sevən, inanan və könül verdiyi Türklük üçün başını qoyan milli şairimiz Mehmed Emin Yurdakul Türklərin yaşadığı canlı həyatını, qəhrəmanlıq hisslərini tərənnüm edən əsərləri ilə bütün Türklərin ruhunda əbədi bir taxt qurmuşdur. Türk ədəbiyyatımn ona qədər vücuda gətirdiyi əsərlərə heç bənzəməyən bu milli məhsullar Balkan müharibəsindən əvvəl məmləkətdə baş qaldıran nifaq və etiraz dalğaları qarşısında Türkleri bəkləyən fəlakətləri hayqırmış, Rumelinin ürəksızladıcı qeybindən sonra bütün qəlblərə çökən bədbinlik buludlarını ümid günəşi ilə dağıtmışdı. Mehmed Emin bir rəsul kimi öncədən istiqbalı hiss etmiş, bütün o fəlakətlərə baxmayaraq İşkodra, Yanya və Ədirnədə tökülən Türk qanlarını sadə türkcə xalqa çatdırmış, millətin ruhunda türklük hisslərini qəti surətdə artırmış və Türk millətpərvərliyi qəti qələbə qazanmışdı. Bununla da tərəfdarlarını hər gün bir daha artıran Emin bəyin bu yeni məfkurəsi onu daha da ümid və hərarətlə çalışmağa sövq etmiş, bir-birinin ardınca "Türkcə şerlər", "Anadolu", "Öksüzler", "İrqimin türküsü", "Veten tehlükede", "Ey Türk oyan!" "Şehid", "Zavallılar" “Kəsildimi əllərin?”, “Gözyaşım”, “Ölüqafası”, “Fəlakətlər qarşısında”, “Zavallı qayıqçı” və s. kimi əsərlər yazaraq "şefqet qucağına yalnız Rumeli və Anadolu türklərini deyil, müstəmləkə zülmü altındaki bütün əsir qardaşlarım çağırmış və onlara qaranlıqlar içində yollarını göstermişdi".
Milli şairin gənc ruhlarda alovlandırdığı Türklük və Türkçülük eşqi yeni dinlərin meydana çıxdığı möcüzəli dövrlərdə olduğu kimi, şehirli bir ruh və ahənglə bütün Türk dünyasında dolaşmış və bütün ruhları doldurmuşdu. Türklərin qurtuluşuna çarə arayan Türk gəncliyi ölkənin və millətin qorunması üçün "Türk olaraq biz də varıq!" – deyə ölkədəki sayğı və sevgi duyduqları Türk aydınları ilə birgə milli bir cəmiyyət olan "Türk Ocaqları"nı qurmuşlar. İlk dəfə bir dərnəyin adı olaraq meydana çıxan "Türk Yurdu" Mehmed Emin bəyin təklifi ilə "Türk Yurdu" adlı dərginin də çıxanlması qərarlaşdınlmış, daha sonra isə bu dərgi yeni yaranan "Türk Ocağı"nın orqanı olmuşdu. Türk dünyasında "Türk Ocağı" ilə "Türk Yurdu" bir bütün olaraq tanınmış, 1911-ci ildən 1931-ci ilə qədər "Türkçülük", "Turançılıq" ideologiyasını yayaraq Türk dünyasında böyük sayğı görmüşdü ki, bu işdə dərginin sahibi və baş yazarları Mehmed Emin Yurdakulun və Yusif Akçuraoğlunun əvəzsiz xidmətləri olmuşdur.
Mehmed Emin Yurdakul, Əhməd Ağaoğlu, Əlibəy Hüseyinzadə, Dr. Aqil Muxtar, Yusif Akçuraoğlu və s. kimi türkçü kadrlara sahib olan, 32 səhifəlik 15 gündə bir yayınlanan "Türk Yurdu" dərgisində ideologiya, ictimaiyyət, iqtisadiyyat, ədəbiyyat, tarix, arxeologiya, fəlsəfə , mədəniyyət mövzularına aid ana başlıqlar öz əksini tapmışdı.
"Türk Yurdu" dərgisi başda "Türk Ocağı" ətrafında toplanan ziyalılar olmaqla nəşr olunduğu 20 il (1911-1931) müddətdə təbliğ etdiyi fikir və mülahizələrlə bir “Məktəb” özəlliyi qazanmış, çətin və ağır müharibə illərində, xüsusilə I Dünya müharibəsində, Türk millətinin ölüm-dirim mücadiləsi verdiyi ən böhranlı dönəmlərdə Türk millətində özünə inam duyğusu qazandırmış Türk Milli davalarına işıq tutmuşdur.
“Türk Yurdu”dərgisi “Osmanlıçılıq, İslamçılıq, Qərbçilik” kimi fikir və düşüncə adamlarının qızğın tərəfdarları bulunduğu dönəmlərdə məsələlərə “Türkçü, Turançı” bir anlayışla yanaşmışdır. Türkçülər bu dərgi vasitəsilə türklərin milli gələnəkləri ilə İslamiyyət və Müasirliyi bir arada birləşdirərək milli ruhu canlandırmış yeni ideoloji siyasi bir sistem yaramışdılar. Xüsusilə Türkçülük duygularını dilə gətirən, gəncliyi mübarizəyə səsləyən şeirlər dərginin əsas ana xəttini təşkil etmişdi ki, bu şeirlərin də əksəriyyəti Mehmed Emin Yurdakul tərəfindən qələmə alınmışdı.
"Ana vətən Çuvaşı, Azəri, Başqurdu,
Sakanı, Fini, Kalmıkı eyni qanla yoğurdu.
Bu saf qanı daşıyan
Her bir insan, aşirət
Türk diliylə konuşan
Hər bir şəhər, məmləkət
Sənin birər övladın, sənin birər oymağın,
Sənin birər öz yurdun, sənin birər bucağın!
Sən istərsən Turanın qaynağından Çinədək
Altay, Qıpçaq, Sibirya,
Azərbaycan, Xarəzm, Qəznə, Xivə, Buxara...
Hər yer yeni Turanın sınırına girəcək.
Osman ile Nadirin, İlxan ile Baburun
Qardaş olan milləti bir röyaya tapacaq.
Milyonlarca o əsil, o ateşli qelblerin
Hepsi türklük eşqiylə bir qəlb kimi çarpacaq.
O vəfalı Qırğızlar, alın tərli Tatarlar,
Sərt baxışlı Tonquzlar, gözel üzlü Macarlar.
Soyuq, sıcaq çöllərdən,
Uzaq, yaxın ellərdən,
Mavi, yaşıl göllərdən,
Təpələrdən, bellərdən...
Axın-axın gələrək taxtına baş əyəcək
Candan qopan səslərlə "Qutlu olsun!" – deyəcək"
- kimi öz həyəcanlı şeirləri, dilinin sadəliyi, milli mövzuları, bütün Türk dünyasını "Türkçülük və Turançılıq" məfkurəsi ətrafında birləşdirməyə çağırması Mehmed Emin Yurdakulu Milli Mücadiləyə qalxan Türk gəncliyinin qəlbində məşələ çevirmişdi.
Mehmed Emin bəy Türkiyədən Azərbaycana , Azərbaycandan Türküstana və İdil-Ural boylarına, Qazandan Uyğurustana qədər bütün türk qəlblərini birləşdiən, türkün dərdlərini, sevinçlərini, ehtyaclarını dilə gətirmiş, Türk gəncliyinə Türklük və Vətən eşqini ruhlara, bu eşqin gözəlliyini, həyəcanlarını aşılamışdır.
Artıq oyan! Nicat günü gəlmişdir,
Bu Türklüyü fəlakətdən qurtarmaq,
Onu yenə xoşbəxtliyə çıxarmaq
Sənin üçün ən mübarək bir işdir.
Sən Tanrının mehrabına get, əyil,
Turan üçün dua eylə, yəmin et.
Dəmirləri, atəşləri əziz bil,
Ürəyinə intiqamla kin öyrət.
O müqəddəs Altaylara çıx, hayqır:
“İnqilablar qansız çiçək açmaz!”-de.
Hər bir Türkdən iman, əzim, qan istə,
Ulusları bayrağına həp çağır.
Haydı yürü! Bu aləmdə hər zəfər
Yalnız arslan olanları salamlar.
Hürriyyətlər, səadətlər, sevinclər
Məşəqqətli alınlarda parıldar!
Artıq oyan! Bu həyatdan üz çevir,
Tarixinə, əcdadına sadiq qal.
O cahangir Türklüyünü ələ al
Yenə bu gün qurmaq üçün yıx, devir!
Bir əsgər ol, silahını tax, kuşan.
Bir şair ol, milliyyəti dalğalat.
Bir işçi ol ocağını yak, qisqan.
Bir alim ol, həqiqəti parıldat!
Bil ki, sənin məramını fəth edən
O Türk dühan yeni dünya quracaq.
Son əsrin də Turanını yaratmaq
İşdə sənin gənc nəslindən bəklənən!
Haydi yürü! Mədəniyyət, şərəf, şan
Gənc alnında milli röya görənin!
Əski, yeni, hür və məsud Türküstan,
Bütün Asya və İstiqbal hep sənin!"
İşğalçıların hələ îstanbulda olduqlan dövrdə "Türk Ocağı"nın İstanbul mərkəzində bir toplantı keçirmiş və bu toplantıda milli şair Mehmed Emin bir nitq söyləmiş və demişdi ki: "Ey gənc! Bax, sənin Ocağın bu gün də səni çağırır... Onun milli ruhu sənə bu gün də başqa bir mücadilə yolu göstərir. Yandırılmış, yıxılmış, xarab edilmiş yoxsul Vətənimizin həsrətini çəkirik. Burada gənçlər baş-başa vermişdir. Siyasi sərhədləri ilə, dağları ilə, dərələri ilə deyil, feyzi ilə, çiçəklənməsi ilə, qələmi ilə, sənəti ilə yeni bir Vətən yaradıb ortaya çıxaracağıq. Biz Ocağımızın mehrabı önündə bunun üçün toplandıq, bunun üçün and içdik. Ocağın içində gözlərin görə bilmədiyi, lâkin ruhların sezdiyi bir fikir mehrabı vardır". (iktibas: Dr. Fethi Tevetoğlunun “Mehmet Emin Yurdakul” adlı əsərindən götürülmüşdür – A. M. Bax: göstərilən əsər, səh. 35)
Türkiyənin acı işğal günlərində Türk milləti yurdun hər bucağında toplantı və mitinqlər təşkil edərək insan haqlannı heyasızcasına heçə sayan düşmənlərə etirazlarını bildirirdilər. İzmirin yunanlar tərəfindən işğal altına alınmasına etiraz əlaməti olaraq 23 may 1919-cu ildə Sultan Əhməd Meydanında tarixin ən səmimi və ən böyük etiraz mitinqlərindən biri keçirilmiş və bu mitinqdə ilk çıxış edən milli şair Mehmed Emin bəy söyləmişdi ki:
"Qardaşlar! Türkün Tanrıya səcdə üçün əyilən alnı heç bir vaxt əsarət önündə əyilə bilməz. Şərəfli bir tarix və mədəniyyətə , sağlam bir fəzilət və əxlaqa, zəngin bir ədəbiyyata, milli və dini gələnəklərə, irqi və vətəni xatirələrə sahib olan bir millətin məhv olduğunu tarix göstərmir. Öldükdən sonra dirilmə möcüzəsini yapan milli ruhdan Türklər də ilhamını almışdır. Türklər də ölümlərdən qüvvət alacaq, vətən məbədini, haqq və hüriyyətini, namusu ilə, qanı ilə, bugünkü çocuqları ilə qoruyacaq və acgözün gözləri (düşmənlər nəzərdə tutulur - A.M) onun məmləketində qanlara boyanmış və silahları əllərində ölmüş cəsədlərdən başqa bir şey görə bilməyəcəklər!
Qardaşlar! Mən bu iki müqəddəs məbədin qarşısında Qərbə doğru dönərək hayqırmaq və bunları söyləmək istəyirəm: "Ey Avropa, Ey Amerika! Bu faciənin məsuliyyəti sizin olacaqdır. Ey Şekspirlərin, Prudhomların, Dantelərin millətləri! Hanı, haradadır sizin o insaniyyət və ədalət röyalarınız? Siz buna qarşı nə deyəcəksiniz? Sizlərə soruyoruz, bu XX əsrdə Romalıların önündə alınlarına zəfər tacları geyərək qanları və göz yaşlarını çeynəyən Yuli Sezarların dövrümüdür? Deyilsə, Türkün haqqı, Türkün hürriyyəti nə üçün tanınmır? Türkün vətəni və Türkün məbədi nə üçün çeynənir?
Qardaşlar! Bununla bərabər biz bütün fəlakət və müsibətlərə, hər şeyə qarşı məmləkət və millətimizin həyat və qurtuluşundan ümidimizi kəsmiyəlim. Biləlim ki, göylər fırtınasız, baharlar xəzansız olmadığı kimi heç vaxt insanlar da dərdsiz qalmamışlar. İztirab insanlığın alın yazısıdır. Məğlubiyyət hər millətin həyatında müqəddəratın əlindən içdiyi bir zəhərdir. Lâkin fırtınalardan sonra parlaq günəşlər, xəzanlardan sonra gözəl çiçəklər göründüyü kimi, dərdlərdən sonra da səadət günləri gəlir. Əgər biz fəlakətdən, məölubiyyətdən dərs almağı bilərsək, şübhə yoxdur ki, bizim içdiyimiz zəhər bi ilac olacaqdır. Bunun üçün isə öncə aramıza girmiş olan bölücülüyü yox edək. Qardaşlığa doğru bir daha geriyə çəkilməyəcək olan əllərimizi uzadaq. Hamımızın başında Vətəni qurtarmaq məfkurəsi və qəlbimizdə milləti yaşatmaq eşqi hakim olsun. Yalnız iki qüvvətə- Cənabi-Haqqa və özümüzə inanalım".(Seçmələr Dr. Fetih Tevetoğlunun göstərilən əsərindən alınmışdır – A. M. Bax səh. 53-56)
Mehmed Emin Türk dünyasında, Türk üfüqində böyük bir şəxsiyyət olaraq tanındı və bu gün də tanınmaqdadır. O, bu əzəməti damarlarındaki təmiz Türk qanından almışdır. "Ümmət və Osmanlılıq” dövrünün hökm sürdüyü bir dönəmdə Mehmed Emin bəyin milləti "Müsəlman və Osmanlı" kimi qeyri-müəyyən, qarışıq adlarla anıla bilməzdi. Emin bəyin mənsub olduğu millətin gerçək adı Türkdür!"
"İnsan olan Vətəninin quludur" – deyən və özünə "Yurdakul" soyadı götürən Mehmed Emin bəy, ən ləyaqətli millətin Türk olduğunu, bizlərin yalnız və yalnız Türkü sevməmizi, onu yüksəltməyimizi 100 il bundan öncə bu misralarla söyləmişdir:
Ən gözəl üz bizə çirkin,
Biz sevəriz Türkün üzün.
Ən iyi öz bizə fəna,
Biz sevəriz Türkün özün.
Millətimiz alqışlarız,
Anıldıqca Türkün sözün.
Biz Türkləriz, biz bu qanla,
Biz bu adla yaşayarız!
Türkiyə xaricindəki Türklər arasmda Milli şairimiz Mehmed Emin Yurdaqulu ilk təqdir edən böyük şairin də çox sevdiyi məşhur Türk milliyyətçisi İsmayıl bay Qaspralı olmuşdur. Dövrün düşüncə tərzinə, hiss və duyğularma türkcə şerləri ilə tərcüman olan, müharibə illərinin hissiyyatını vətən və millət sevgisi illə çulğalaşdıran Mehmed Emin Yurdaqulun şeirlərini bütün Türk aləmi üçün böyük bir xidmət kimi dəyərləndirən İsmayıl bəy Qaspralı göstərir ki: "Sevimli qardaşım Mehmed Emin bey! Sizin şeirlərinizi Ədirnə, Bursa, Konya, Ankara, Ərzurum türkləri anlayıb ləzzətlə oxuduqları kimi, Tiflis, Bakı, Təbriz, Şirvan, Xorasan, Türküstan, Qaşğar, Dəşti-Qıpçaq, Sibir, Qazan və Kırım türkləri də anlayaraq ləzzətlə oxuyurlar ki, sizin ulaşdığınız bu şərəfə Füzuli və Nəbi belə nail ola bilmemişlər. Qırx, əlli milyonluq və otuz əsirlik bu aləmə ilk olaraq" bir qaşıq balı "yedirən siz oldunuz ki, bu da sizə şərəf, bize səadətdir". (Bax: Kırımlı Cəfər Seydahmed, Kaspıralı İsmayıl bay, İstanbul. 1934, sah.83-84).
Mehmed Emin bəyin şöhrəti qısa bir zamanda bütün Türkiyədə, diğər türk ellərində və Avropada surətlə yayılmış, bütün türklərin dərin-dərin sayğı və sevgi duyduqları bir milli şair, yerli, xarici bir çox elm, fikir adamlarının və türkoloqların yüksək dəyərləndirdikləri ədəbi bir şəxsiyyət olmuşdur. Şəmsəddin Sami, Əbdülhəqq Hamid Tarhan, Tofiq, Fikret, Ziya Çoyalp, Yusuf Akçuraoğlu, Əhməd Hikmət, Müftüoğlu, Fuad Köprülü, Rauf Necdət, Rza Tofiq, Ömər Naci, Əlibəy Hüseyinzadə, Əhməd Ağaoğlu və Həmdullah Sübhi Tanrıövərdən, Gibb, Minorski, Çarl Gies, Vamberi və Hartmana qədər yerli və xarici bir çox sənətkar, araşdırıcı və türkoloqun Mehmed Emin Yurdaqul haqqmda birləşdikləri fikir bundan ibarətdir ki: "Mehmed Emin bəy ilk dəfə olaraq türk millətinə öz dili ilə səslənən və həqiqi türk ədəbiyyatına yol açan, milli mənliyi, milli duyğunu dilə gətirən ilk Milli şairdir" (Bax: Hüseyin Namık Orkun, Türkçülüyün tarixi, İstanbul 1944, seh. 60).
Türk şeirinin inqilabçısı Mehmed Emin bəy bu şeirin yalnız dilini, vəznini və şəklini dəyişdirməklə qalmamış, türk şeirinə milliyyətçi, xalqçı, inqilabçı bir ruh qazandırmış, ədəbi və ideoloji türkçüyülüyün başlangıcı və özü olmuşdur. Bütün bunları yüksək dəyərləndirən böyük türkçü alim və siyasi xadim prof. Sədri Məqsudi Arsal göstərir ki: “Mehmet Emin Bəyin dəyəri seirlərinin hesablarında deyil, onun oynadığı tarixi roldadır. O, “Osmanlılıq fikri yerinə "Türklük" şüuru yaratdı. Bu baxımdan o, sınırlı bir zümrənin deyil, bütün turk irqinin şairidir. Türklər yaşadıqca, o da yaşayacaqdır. Türklər əbədiyyətə qədər yaşayacağı üçün o da əbədi yaşayacıqdır".
"Mehmed Emin Yurdaqulun səsində "İsrafilin suru”nu andıran bir qüvvət varmış. Bu qüvvət, bu səs o qədər odlu, o qədər gurdur ki, ipreratoluğun geniş sınırlarına da sığmayaraq daşdı, Təbriz türkləri onu oxuyur, Azərbaycan türkləri onu əzbərləyir, Kırım, Qafqaz, Qazan və bütün Türküstan, Ural ölkəsi onunla bəslənir. Milli şairin bu səsi türk dünyasında bir silkinmə, bir özünə qayıdış yaratdı və Türk dünyası "şahlanmış atı üstündə" göründü. Mehmed Emin bəy bütün varlığını "türklük, türkçülük, turançılıq" uğrunda sərf etdi. Yurdaqulun şöhrəti təkçə Şərqə məxsus deyildir. Onu bütün şərqşünaslar əsərlərində öydülər, Qərbin böyük simaları ilə müqayisə etdilər və türk şairinə şərəfli yerlər verdilər. Bütün qəlbini və təfəkkürünü türk millətinə verən, səsi qədər onun haqqı üçün hayqıran, yaşı qədər onun acısına ağlayan, hissi qədər onu duyan və fikri qədər onu düşünən Mehmed Emin bey məhz belə bir Türkdür”. (Seçmələr bizimdir – A. M. Bax Hakkı Süha Gezgin, Mehmed Emin Yurdakul için, “Vatan” qezetəsi 17 ocak 1944, səh. 2)
"İlk öncə yurdunun "Türk eli", millətinin “Türk” olduğunu duyan və bu qüruru bütün dünya türklərinə duyuran, şüurlu və planlı türkçülük cərəyanının ilk yaradıcısı, türk dili və türk vəzni ilə şeir yazan, Türk ədəbiyyatına milliyyətçi, xalqçı, inqilabçı bir ruhla Türkü gətirmək şərəfi və tarixi haqqı Milli şairimiz Mehmed Emin Yurdakula məxsusdur. Onun 76 illik həyatında tək bir sözü və tək bir misrası yoxdur ki. Türkün sevincini, Türkün kədərini duyurmamış olsun. Bütün varlığını Türklük yoluna xərcləmiş Yurdakul yurda qurban getmişdir”. ( Dr. Tevetoğlu Fethi, Milli Sairimize aid hatıralarım, “Kopuz” dergisi, Samsun 1944 səh. 237-240)
Milli şair bir-birinin ardınca “Ömür yolunda, yaxud yolçu”, “Sokak kapısı önünde”, “İmtahan”, “Günahkar”, “Yavrumuzu çoxaldalım” kimi şeirlərini çap etdirərək dövrün böyük filosofu Rza Tevfik bəyin, ünlü şair Tofiq Fikrətin, bötük Türkçü Yusif Akçuraoğlunun, Rauf Necdət Bəyin müsbət rəylərini qazanmışdı. Dövrün böyük filosofu Rza Tevfik Mehmet Emin Bəy haqqında yazdığı və “Çocuq baxçası” dərgisində çap etdirdiyi bir yazısında göstərirdi ki: “Siz (Mehmet Emin nəzərdə tutulur-A.M.) əməl qütbünün yolunu buldunuz. Türkcə şeirləriniz zehinləri təmizləməklə bərabər, Türklüyün fikir özəlliklərini, yüksək iç duyğularını, zövqünü, ehtiyacını və inancını özündə əks etdirir”
Ünlü şair Tofiq Fikrət Mehmed Eminə yazdığı məktubunuda göstərirdi ki: "Mən öz yazılarımdan indiyə qədər heç birini, bu qədər açıq, bu qədər qüvvəth bir başarıya uöramış görə bilmədiyim üçün sizə qibtə edirəm".
Böyük türkçü Yusif Akçuraoğlu Mehmed Emin bəy haqqında bir yazısında göstərirdi ki: "Emin bəy yeni bir ədəbi məslək qurur. Bu məsləyin ən parlaq görünən sifəti türk dilinin, türk qaydalarının, türk üslubunun, türk ahənginin, türk vəzninin, türk həyatının istiqlal və hakimiyyətini qorumağa çalışmasıdır. Mehmet Emin bəyin ilk şeirləri yaşadığı günlərdə Anadolu kəndlisinin həyatından alınma bir-birini izləyən tablolardan yaranan bir milli dastandır. Bu milli dastan tamamilə demikratikdir. Kasıbların, zavallıların, acı və iztirab çəkənlərin yaralarını açıb göstərir. Mehmed Emin bəy İstanbul və saray şairləri kimi kef və əyləncə şərqiləri yazmaq, söz oyunları ilə yetinərək zamanın heçə xərcləmək istəmir. Onun şeirləri mərhəmət və şəfqət dolu, xalqı və insanlığı sevən, zavvallı türklərin yaralarına məlhəm arayan, imdad çağrısıdır. Müəllifin “Türkcə şerlər”i zulm və acıları əks etdirən mənzərə və duyğularla dolu olmaqla bərabər, şair umutsuz və çarəsiz bir küskün deyildir. O, bütün bu ictimai və siyasi haqsızlıqların önünü ala bilcək bir qüvvətə iman edir ki. O qüvvət də elmdir. Emin bəy reformlardan, intibahdan və XVIII əsr fəlsəfəsindən aldığı sınırlı və gizli izlənimlərlə elmin və hürriyyətin bütün yaralara dərman və sarğı olacağına inanır".
Böyük tədqiqatçı, ensiklopedik alim Fuad Köprülü Mehmed Emin Yurdakuldan bəhs edərkən yazırdı ki: “Mehmet Eminin illər öncə açdığı bu feyzli yol üzərində irəliləyən, qəlbləri eyni eşq ilə çarpan şairlərimiz bu gün də vardır. Fəqət bu varlığın şərəfi insafla düşünüləcək olarsa, Mehmet Emin bəydən başqasına aid ola bolməz”. (Köprülüzadə Mehmet Fuad, Mehmet Emin Bey, İstanbul 1914, səh.9-10)
Çox qəribədir ki, türkçü Mehmed Emin Yurdaqulu tənqid edərək türk mətbuatında mübahisələrə səbəb olan o zamanlar Səlanikdə piyada zabiti "Sərvəti-Fünun" şairlərindən Ömer Naci bey Emin bəyə "Hüsnü mədfun" adlı şerini ithaf etmiş, Trablüsqərbdə Mustafa Kamal Atatürklə, Trabzon- Ərzurum bölgəsində isə Emin beylə birlikdə türklük uğurunda mübarizə aparmış, türklüyü və vətəni qorumaq üçün Qafqaz cəbhəsində döyüşərkən "tif" xəstəliyinə tutulmuş, 29 iyul 1916-cı ilde Kərkük şəhərində ölmüşdü. (Bax: Dr. Fethi Tevetoğlu, Mehmet Emin Yurdakul, Ankara 1988, səh.21-22)
Türk dünyasında milli ədəbiyyat dönəminin baş memarı olan Mehmed Emin özünəqədərki bütün türk şairleri kimi öz eşqini hisslərini deyil, mənsub olduğu böyük türk milletinin eşqini, tarixini, qəhrəmanlıqlarını, fəlakətlərini qələmə almışdır. O təkçə Anadolu və Rumeli türklerinin taleyindən deyil, imperalist dövletlerin təzyiqi altında yaşayan bütün əsir türklərin taleyindən bəhs etmiş, böyük türklyü, Turanı tərənnüm etmişdi. Böyük şair Türküstanda, Kırımda, Qazanda, Azərbaycanda yaşayan türkleri bir ideya ətrafında toplayıb onlardan müəzzəm bir türk milləti, möhtəşəm bir Turan yaratmağa çalışmışdır. Bütün bu xidmətlərini yüksək dəyərləndirən dövrünün böyük şəxsiyyətləri Mehmed Emin bəydən bəhs edərkən göstərirlər ki: "Emin bey şerlərində Amerika kimi yeni bir dünyanı mövcud bir aləmi kəşf etmədi. O yıxılmış bir aləmi yenidən yaratdı. Qaranlıq fəlakət vadilərində dolaşan zavallı türk millətini öz əzəmətli çağırışları ilə bir yerə topladı və ona qaranlıqlar içində yolunu göstərdi. Tarixdə bunu ancaq ən böyük peyğəmbərlər yapa bilmişdi" (Fuat Köprülü).
"Emin bəy Yeni Turanın en böyük şairi olmaq şərəfinə nail olmuşdur" (Əlibəy Hüseyinzadə).
"Mehmed Emin bəy bütün türklüyə ilk dil verən böyük türkdür. Emin bəy millidir, türkçüdür. Əsərləri türk dünyasına bir "türk milləti" fikri və hissi ilə yayılır. Bu dünyagörüş və hissləri ilə Mehmed Emin bey yeni bir yolun - Turan və Türkçülük yolunun ilk yolçusudur". (Yusuf Akçuraoğlu).
"Eqoist və özünə tapınan bütün türk filosof və şairləri sırf öz zövqlərinin yerinə yetirilməsi üçün yazdıqları, özləri üçün oxuduqları halda yüksəlməyə möhtac, zavallı türk millətinin varlığını düşünərək, onun qanayan yaralarını sarmağa çalışan yalnız və yalnız Mehmed Emin bəy oldu". (Fuad Köprülü)
"Milli kəlməsi, milli sərhəd, milli mücadilə, milli məhsul, milli sənaye, hətta milli takımdan əvvəl Mehmed Emin bey üçün işlədildi: "Milli şair". Kim verdi bu rütbəni ona, bilmirəm, bəlkə "İttihad və Tərəqqi"... Amma yayan, gəncliyimizin altun çağını həyəcanlarla dolduran Hemdullah Sübhi Tanrıövərdir. Mehmed Emin Yurdaqul bəxtiyar insandır. Böyük şair olduğuna inanaraq yaşadı, milli şair olduğuna inananraq öldü. Mehmed Emin Yurdaqulu ədəbiyyat unuda bilər, fəqət "Mən bir türkəm, dinim, cismim uludur" deyən insanı ədəbiyyat tarixi unuda bilmez". (Yusuf Ziya Ortaç, Portreler, İstanbul 1960, səh.115-118).
“Mehmet Emin bəy məmləkətdə qurulan ədəbi topluluklardan heç birinə girməmiş, əsərlərində nə Əhməd Paşadan bu yana gələn Şərq məktəbinin, nə də Şinasidən bəri başlayan Qərb məktəbinin izləri bulunmur. O, öz-özünə yetişmiş ərəbdən, farsdan, firəngdən heç kimdən istifadə etmədən əsər vücuda gətirmiş, tək başına mənsub olduğu millət üçün yazmışdır. Türk milləti bu böyük xidmətinə görə sonsuzadək onu unutmayacaqdır. Emin Bəyəfəndi bütün həyatında “ Sənət sənət üçündür” nəzəriyyəsini heç vaxt qəbul etməmiş, “Millət üçün sənət” yapmağa çalışmışdır” (Nüzhet Haşim, Milli edebiyyata doğru, I cild, İstanbul 1918, səh 21-23).
Strasburq Universitetinin o dövrdəki professorlarından P. Horn yazır: “Emin bəy ruhu ilə Türkdür. Hissləri yeni olmaqla bərabər millətindən əsla ayrılmaq istəmir. “Anadoludan bir səs” adlı seiri ilə gerçekden bir xalq ilahisi, “Himn” yaratmışdır. Emin bəyin şeirlərində daima təkrarlanan düşünc.: “Türkün hər şeyi gözəldir və Türk hər şeydən gözəldir” (Horn Paul, Geschichte der Türkischen modern, Leipzig 1909. səh. 58-59) – ideyasıdır.
Məşhur rus alimi Minoriski Mehmed Emin beyin doqquz şeirini 1903-cü ildə ruscaya tərcümə etmiş, onun tərcümeyi-halını, dilini, sənətini şeirləri ilə açdığı cığırın yeniliyini geniş şəkildə incələmiş və göstərmişdi ki: "Emin bəyin təmiz dil işlətmək, türkcə şeiri özünə uyğun olmayan əruz vəznindən qurtarmaq, xalqı sevmək, səmimi və insanları sevər mövzular seçmək kimi özünəməxsus və unudulmayacaq xidmətlərini xatırladaraq diləyirik ki, türk ədəbiyyatının bu sağlam və təzə şeir qönçəsi tamamən açılsın, sevimli şairin cəhd və çalışmaları uzun illər sürsün. (Minorski Vladimir Fedoroviç, Nasionalnaya stixotvereniya Eminbeya, Moskva 1903, səh 24)
Məşhur türkoloq Gibb Mehmed Emin bəyə yazdığı bir türkcə məktubunda göstərir ki: "Nəhayət, sizin mərifətinizlə Türk milləti sədasını buldu. Siz gəldiniz və nə Şərqə, nə Qərbə baxaraq öz vətəndaşlarınızın könlünü oxudunuz. Və onların heysiyyatını öz dilləri ilə ədəbi bir tərzdə ərz etdiniz. Türk şeirinin doğru məzmunu ilə doğru ifadə tərzini siz tapdınız. Türk milləti sizi altı əsr gözləmişdir, əfəndim.". (Mister Gibbin Mehmed Emin bəyə yazdığı London, 6 iyun 1899-cu il tarixli türkcə məktubu).
Mehmed Emin beyin fani vücudu artıq torpağa bürünsə də, mənəvi varlığı Türklüyün sönməz məfkurə çırağıdır". (A.Karauğuz, Son Hatıra. “Doğu” dergisi, 1944. səh. 4-6)
Ata-babalarımız, bizim nəslimiz, bugünkü gəncliyimiz və dünya durduqca gələcək Türk nəsillərimiz sonsuzadək böyük Atatürkün "Mübarək Ruh Atamız" adlandırdığı Mehmed Emin Yurdaqulun bizlərə ərmağan etdiyi bu misraları daim tekrarlayacaqdır:
Mən bir Türkəm, dinim, cinsim uludur
Sinəm, özüm atəş ilə doludur,
insan olan Vətəninin quludur.
(Ruhu şad olsun !)
Dostları ilə paylaş: |