İflic xəstəliyini və əyilmiş ağzı sağaldan ocaqlar
El arasında üzün bir tərəfinin və ya ağzın əyilməsi kimi əlamətlərə iflic xəstəliyi deyilir. Əslində iflic əlamətləri olan bu xəstələrin də sıx-sıx ocaq və pirlərə müraciət etdiyi görülür. Sağalması zaman alan və bəzən də iflicin əlamətlərinin daimi olduğu bu tip xəstələrin tam yaxşılaşmasında müasir tibb də acizdir. Buna baxmayaraq müasir tibbin aciz olduğu bu cür xəstələrin də üç-dörd günlük qısa bir zamanda ocaqlarda qalmaqla və ya gedib-gəlməklə sağalmasına qəti şəkildə inanılmışdır. Məsələn, bir çox kəramətləri olan Hişkədərə kəndindəki İmamzadə adlı pirə ağzı əyri xəstələr də müraciət edirlər. Söyləyici bu barədə belə bir əhvalat danışdı:
“Bi də mən öz gözümnən görmüşəm bi kişi var idi, mağazinçiydi, yaşdı kişiydi. Nəsə olmuşdu bilmədim, bunun ağzı belə getmişdi. Yadımdadı, gələrdi burda yatardı, sonra ağzı düzəldi” (126).
Masallı bölgəsinin Banbaşı kəndindən olan Mir Heydər Ağanın bir çox xəstəliklərlə bərabər əyri ağzı düzəltdiyi də söylənilir. Onun oğlu Mir Yaqub Ağa şahidi olduğu bir əhvalat danışdı:
“Mənim yadıma gəlir ki, bi dənə qadın Biləsuvarın Əmənkəndinnəndi, onun ağzı əyilmlşdi. Orda da bizim bi yaxın adamlarımızzan var idi. Onu Bakıya aparıblar xəssəxaniyə. Dərdinə çarə olmuyub. Onda həmən o adam deeb ki, dayı, bizim orda bi dənə seyid var, Mir Heydər Ağa, aparginən onun ocağına. Biz onda uşağduğ hələ. Nəsə gördüy bı qadın gəldi. Dedüy yağın gəlib ziyarət eliyib gedəllər də. Dedi, yo, mən gedmiyəcəm, qalacam bırda, mənim ta bı ağzım gərək düzələ gedəm. Ərinin də adı Bəşir idi.
Dedi:
– Bəşir, mən qallam.
Əri də komunistin vaxtında işdiyirdi. Dedi:
– Mən qala bilmiyəcəm axı.
Arvad dedi:
– Sən get, mən qalıram.
Nəisə o qadın qaldı, olar getdilər. Üstünnən bi gün keşdi, o teşt olan evdə qalırdı qadın da. Teşt onun içində su var, camaat gəlir orda ziyarət eliyir, kimyəli sudu da, içir onnan. Hə, bı qadın bi gün qaldi, utanırdı də, yiyəndə su tökülürdü ağzınnan, yaşmağın çəkirdi yenə bi tikə daldalanırdı.
İkinci gündi. Rəhmətdik babam vardı, seyiddi, adı da Mir Yaqub idi. Özüdəki 41-ci ildə müharibədə iştirak eliyib. Ukraynalı bi palkovnik düz 35-40 ildən sora gəlib tapmışdı onu. Babam gəldi, ağam da otmışdı nahar yeyirdi. Atam dedi:
– Ağam, bilirsən nə var, mənə sən də dua elə, da bu qadın ümid bilib bı qapını gəlib, Allah bına şəfa versin. Özdə bının yoldaşı, dedi, ziyarət elədin gə gedəy, bı dedi yox e, mən qalacam. Bı belə bi əqidəynən gəlib ki, ta düzələnə kimi mən bı seyidin cətdinə əqidə bağlamışam ki, bırda mən nicat tapacam.
Ağam da dua etdi. Nəsə üçüncü günün axşamı idi, yatmışdı bı qadın. Gördüy ağlamağ səsi gəlir, qorxduğ, dedüy yağın bına bi şey olub. Durduğ ayağa gəldüy, anam gəldi soruşdu:
– Nədi, nə işdi, a bala?
Biz də gəldüy yığışduğ, dedi:
– Yatmışdım, gordüm yuxuda, göy aləmindən bi şey gəldi, içində də beş nəfər şəxs gəldi, oların arasında da bi dənə də qadın xeylağı var idi. İçinnən bi nurani şəxs düşdü, dedi o qadına ki, gəl bı qadına şafa ver, onun ağzına əlüyü çəkginən. Deer o mənim ağzıma vırannan sora mən yuxuda diksindim oyandım, əlimi belə ağzıma apardım, gördüm ağzım gəlıb yerinə.
Hə, onnan üç gün sora gəldilər bını aparmağa, dedi ki:
– Bəşir, mən getmirəm, get ordan bi dənə də cöngə gətir, bı qapıda kəsim ehsan verim, onnan sora gedim.
Təbii bı birincisi Allahın lutfüdı. Hər şey Allahın əlindədi” (25, 137-138).
Misallardan da göründüyü kimi, iflic olmuş xəstələrin imam övladları seyidlərin kəraməti nəticəsində sağaldığı bildirilir. Təbii ki, əyri ağzı düzəltməyin başqa yolları da var. Ocaqların, pirlərin funksiyalarından biri də əyri ağzı düzəltmək üçün başqa yollara baş vurmaları, başqasına bənzəmək istəməmələridir. Məsələn, Mahmudavar kəndində bu gün fəaliyyət göstərən iki ocaq var ki, bunların bənzər funksiyaları ilə bərabər, fərqli tərəfləri də vardır. Söyləyici özü seyid və ocaqlardan birinin sakini olsa da, bunu belə söylədi:
“O vaxtlar bizim kətdə bir şey olub, deyillər ki, iki dənə şey qeyibdən gəlib: bir çarığ, məşu deyillər bizdə, bir də lülə. Lülə - demək beşik zamanı, sidiyə gedəndə uşağı qoyullar eee o. İndi də o lülə qalır bizim kətdə. O ağacdan düzəldilir. Oğlançün ayrı, qızçün ayrı düzəldilirdi. Məşu bizim nəsildə olub, lülə isə o Seyid Mirigildə olub.
Ağız nə vaxt əyilir, adam ya sətəlcəm olanda ağız əyilir, ya da infakt vuranda fəsadı olur, ağız-göz əyilir, elə də qalır. Bəzilərinin ağzı əyri qalır, bəzilərinki də yavaş-yavaş düzəlir. Həmin o Seyid Mirigildə, o lülə orda var. O ağacdandı, kimin ağzı əyilirdi, aparırdılar ora, 3 gecə orda yatmalıydı, bu lüləni sürtürdülər o həmin əyilən yerə. Dördüncü günü adamın ağzı düzəlirdi, çıxıb gedirdi” (116). Əyilən ağzı düzəltməklə bağlı əhvalatlara Masallı rayonunun digər kəndlərində də rast gəldik. (129, 132, 133)
Bütün bu söylənənlərdən də göründüyü kimi, ocaq və pirlər əsasən, çeşidli dərdlərə çarə tapmaq məqsədi ilə ziyarət edilir. Ocaqlara ziyarətin XXI əsrdə, müstəqillikdən sonra da gün-gündən artması müsəlmanların inandıqları, mənəvi və fiziki ağrılarından qurtulduqları yerlər olması ilə bağlıdır. O baxımdan ocaqlar artan bir vüsətlə inanc dünyamızda özünə yer almaqdadır.
Dəri xəstəlikləri və digər problemlərlə bağlı ocaq və türbələr
Ocaqlara və pirlərə ağzının, gözünün yanında, burnunun üstündə, əlindən, əlin üstündən, üzündən artıq ət xalı çıxanlar, qotur xəstəliyinə tutulanların və digərlərinin də çox müraciət etdiyi müşahidə edilir. Bəzi pirlər, türbələr və seyidlərin evlərindəki ocaqlar xalq arasında daha çox 1970-90-cı illərdə heyvandan keçən və geniş yayılmış dəmirov xəstəliyinin müalicəsində təsirli olmuşdur. Maldarlıqla məşğul olan və bir çox gigiyenik qaydalara əməl etməyən kənd adamı dəmirov xəstəliyinə tutulur. Hətta dəmirov xəstəliyinin el arasında, sadəcə, seyidlərin ocaqlarından deyil, kənddə hər hansı mömin birinin, hacının, kərbəlayının ocağından götürülən küllə müalicə edildiyinə də inanılır. Sağalmaq üçün pirlərə aparılan bu cür xəstələrə pirdəki kimyədən sürtürlər və ya tüpürürlər. Bununla da xəstəlik sağalır. Cild xəstəliyi olan dəmirov hazırda çox azalmış vəziyyətdədir. Söyləyici də bu barədə danışdı:
“Sora dəmirov ocağları olur. Məsələn, bir də görürsən nal kimi düşür qola, qıça. Dəmirov əsasən heyvannan keçir, adamnan keçir, xəstəliydi o da. Dərinin üstü çığıl-çığıl olur. Deyillər ki, dəmirovdu. Ona kimin ocağında var, onun külünnən çəkir, o dəmirov sağalır. Üç gün ora ocağ külü vurulur, təndir külü vurulur. Onnan da ləğv olur, gedir. Keçmişdə çox olurdu, camaat heyvannan çox məşqul olurdu, saxlıyırdı, heyvannan təmasda olurdu. İndi dəmirov xəstəliyi az olur” (119).
El arasında bir problem də bədənin görünən yerlərindən artıq ət çıxması, ziyil törəməsidir ki, belə xəstələr də ocaq və pirlərə müraciət edirlər. Mürsəl ocağına hər dərdə şəfa arayanlar gəlirlər. Bu ocağın ayrıca bir dərdə və ya istəyə bağlı olmadığını, yalnız hər hansı bir xəstəliyi sağaltmadığını söyləyici də bildirdi. Ancaq buna baxmayaraq dəri xəstəliyi ilə bağlı belə bir əhvalat da danışdı:
“Eşitdiyimə görə, bi dənə bura zəvvar gəlmişdi, hələ gəlməmişdən qabağ o, zəvvarda dodağında artığ ət çıxmışdı. İrana da getmişdi, yəni həkimlər onu düzəldə bilməmişdilər. Həmən xəstənin anası demişdi ki, Sığdaşda Mursəl ocağı var. Bi də ora get, oranın torpağınnan vurarsan dodağıva. Bu gəlmişdi torpağdan götürüb vurmuşdu dodağlarına, iki günnən sora o, həmən ət yoxa çıxmışdı. Kim ki, gəlir məsəl üçün, burda şəfa tapırlar. Rasiyadan gəlirlər, hətta Türkiyədən gəlmişdilər bir dəfə. Kim o sudan içsə, onun başqa ləzəti var. İnsanlar var niyət tuturlar, onun niyəti olur, gəlib burda esan verirlər” (115).
Şıxlar kəndində ata-oğul Mir Əlican Ağa ilə Mir Rəsul Ağanın türbələri vardır ki, bu ocağın hər dərdə şəfa verdiyinə inanılır. Xüsusən də Mir Əlican Ağa “Boğaz ağrısı, qulağ ağrısı və s. olanda suyu götürərdi, nəsə deyərdi, oxuyardı, üflüyərdi verərdi ki, için. Amma inamnan, sən onu içirdinsə, onda səbəb olurdu. Bir şeyə qəzəbnən baxsaydı, o mütləq bəla çəkməliydi.” Xalq arasında əldə, üzdə, boyunda, burunda, gözün üstündə çıxan ət parçasına çox zaman ziyil deyilir. El arasında bu cür dəri xəstəliklərinin ocaqlı adamların tüpürcəyi ilə sağaldığına dair çoxlu əhvalatlar danışılır. Hətta sovet rejimi vaxtında da adamlar kəndbəkənd gəzən seyidlərə boğaz ağrısı, böyrək ağrısı, bel ağrısı kimi xəstəlikləri əl sürtdürməklə yaxşılaşdırdıqları kimi, ziyil çıxan yerlərə də tüpürtməklə sağaltmağa çalışırdılar. Məsələn, Mir Əlican Ağanın belə xəstəlikləri tüpürməklə sağaltdığı söylənilir.
“Bi də əllərdə xırda ziyil-filan olardı ha, elə bircə dəfə tüpürürdü üstünə, elə onnan da səhəri görürdün ki, yoxdu” (121). Əldə, üzdə, burunun üstündə yaranan ziyilin üstünə hətta Masallıda qapı-qapı gəzən seyidlərə də tüpürdürdülər. Ocaqlara gedənlərə də seyid və ya ocaq sahibi ziyilin üstünə tüpürcəyi ilə sürtürdü, ziyil çəkilib gedirdi. Bir növ dəri xəstəliyi olan çürüyən əti də ocaqlı adamların sağaltdığına dair məlumatlar vardır. Əslində müalicəsi çətin olan bu xəstəlikləri imam övladları adlanan seyidlərin çox asanlıqla sağaltdığına xalq inanır. Yenə də Mir Əlican Ağa haqqında söylənənlərdən onun bu tip xəstəlikləri sağaltdığını görürük.
Cild xəstəliyinə dərman olan yerlərdən biri də Masallının Fatmeyi-Zəhra ziyarətgah kompleksindəki İstisu adlanan müalicə yerində palçıq vannasıdır. Bu palçıq vannasının yel xəstəliyini, revmatizmi, bel ağrılarını sağaltdığını yuxarıda vurğulamışdıq. Palçıq vannalarının, eyni zamanda, qotur, ziyil, artıq ət kimi xəstəlik və narahatlığa yaxşı gəldiyini, palçıq vannasını qəbul edən ziyarətçilərin özlərindən öyrəndik.
Digər tərəfdən, bəzi ocaqların həyətində, pirlərin yanında bitən otların, çiçəklərin əzilib suyla qarışdırılması və xəstəyə içirilməsi və ya müxtəlif daşlarla əzilib düzəldilən məlhəmdən dərinin lazımi yerinə sürtməklə cild xəstəliklərinin sağaldıldığına inanılır. Bunu söyləyicilər də təsdiqlədilər və şahid olduqları bəzi hadisələri bizə danışdılar. Yaşları yetmişdən çox olan adamlar bu müalicə formasının bir vaxtlar mövcud olduğunu söyləsələr də, toplama zamanı buna bənzər bir praktikaya rast gəlmədik.
Dostları ilə paylaş: |