IX Ədəbi dilin normaları. Orfoqrafik norma, qrammatik norma. Durğu işarələri, onların
işlənmə məqamları.
Ədəbi dilin normaları dildə (eləcə də nitqdə) nizamlayıcı funksiyanı yerinə yetirir. Nisbi
sabitliyi yaradır. Ədəbi dil dialektə qarşı durur, ondan fərqlənir. Ədəbi dilin normaları mütləq
deyil, dəyişkəndir. Müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya digər dərəcədə dəyişkənliyə
uğrayır. Bu hal dilin orfoqrafik və leksik normalarında daha çox özünü göstərir. Orfoqrafiya
qaydalarında dəfələrlə edilən dəyişikliklər, eləcə də dilin lüğət tərkibində bir sıra sözlərin
ünsiyyətdən çıxması, yeni sözlərin dilə gəlməsi halları bu dəyişikliyə sübutdur. Ədəbi dilin
normaları kütləvi xarakterdədir. Yəni hamı tərəfindən anlaşılan, hamının dil ünsiyyəti üçün
yararlıdır.
Ədəbi dilin iki forması var: şifahi və yazılı. Şifahi ədəbi dil ilkindir. Qədim dövrdə ədəbi
dilin şifahi forması xalq yaradıcılığının dili kimi işlənmişdir. Dövrümüzdə ədəbi dilin şifahi
forması radio, televiziya, nitq, çıxış, məruzə və mühazirələrin hesabına daha da genişlənmişdir.
Müasir Azərbaycanın ədəbi dili sabit normalara malikdir. Bu normalar aşağıdakılardır:
fonetik, leksik, orfoqrafik, qrammatik, orfoepik və s.
Danışan və yazan şəxs öz fikirlərinin ifadəsində dil vasitələrindən məqsədəuyğun ifadə
edirsə, onun nitqi aydın, dəqiq, məntiqi, zəngin olacaqdır.
Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir: fonetik normalar, leksik normalar,
orfoqrafik normalar, qrammatik normalar, üslub normaları və s.
Orfoqrafik norma. Nitq mədəniyyəti dedikdə, adətən, nitqin şifahi forması nəzərdə tutulur.
Əslində isə nitq mədəniyyəti dilin konkret ifadə vasitəsi olan yazı ilə də son dərəcə bağlıdır. Dil
sisteminin həm şifahi, həm də yazılı formalarında ədəbi dil normalarının gözlənilməsi dilin
hərtərəfli inkişafı üçün əsas şərtdir. Nümunəvi nitqdən, onun düzgünlüyündən, aydınlığından və
s. söhbət gedirsə, o zaman yazılı nitqdə orfoqrafiya və durğu işarələri qaydalarına əməl etmək
də normativlik sayılmalıdır.
Orfoqrafiya-yazılı dil vahidlərinin yazılışını təmin edən qaydalar sistemidir.
Ədəbi dildə sözün yazılış qaydası orfoqrafik norma adlanır. Orfoqrafik norma orfoqrafiya
lüğətində əks olunur.
Xüsusi isimlərin böyük, ümumi isimlərin kiçik hərflərlə yazılması, mürəkkəb sözlərdəki
defis işarəsinin qoyulması, durğu işarələrinin istifadəsi orfoqrafik norma ilə müəyyənləşir.
Milli dilimiz üçün cəmiyyət tərəfindən qəbul edilən orfoqrafik qaydalar xalqa xidmət edir.
Bu qaydalar dövlət tərəfindən təsdiq olunur, onun tələblərindən kənara çıxmağa heç kəsə yol
verilmir.
Dilimizin orfoqrafiyası dildə əmələ gələn ictimai-siyasi hadisələrlə bağlı dəfələrlə
yenilənmiş, yazı qaydaları təkmilləşdirilmişdir. Orfoqrafiya qaydaları tərtib olunarkən üç prinsip
əsas götürülür: fonetik, morfoloji və tarixi-mənəvi prinsip.
Qrammatik normalar-Dilin qrammatik quruluşunun nitq prosesində fəaliyyətini nizamlayır.
Bu normalara dilin qanunauyğunluğu, dildə axıcılıq, ardıcıllıq və s. tələblərin gözlənilməsi
baxımından məqbul sayılan əlaqə formaları-sözlərin sıralanması, qrammatik kateqoriyaların
işlənməsi və s. ilə bağlı qaydalar daxildir. Məs: söz kökündən sonra əvvəlcə sözdüzəldici, sonra
isə sözdəyişdirici şəkilçi işlənir: arı-çı-lıq-dan, sənət-çi-lər və s. Miqdar və qeyri-müəyyən
saylardan sonra işlənən isim cəm şəkilçisi qəbul etmir. Məs: beş qələm, xeyli adam və s.
Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına malik olur, mübtəda cümlənin
əvvəlində, xəbər sonunda, təyin isim və isimlə ifadə olunan üzvdən əvvəl, tamamlıq ismi və feli
xəbərin, zərflik xəbər, xəbər qrupunun əvvəlində işlənir.
Həm yazılı, həm də şifahi nitqdə qrammatik normalardan uzaqlaşma halları tez-tez
müşahidə olunur. Məs:
a)
Uzlaşma əlaqəsinin pozulması ilə bağlı qüsur: Bir neçə maşın torpaqları həyətə tökdülər.
Tökdülər- birinci şəxsin cəmində işlənməlidir.
b)
İdarə əlaqəsinin pozulması ilə bağlı qüsur: Ustalar 1400 oturacaq stullar təmir etdilər.
Stullar-müəyyən təsirlik halında işlənməlidir.
c)
Yanaşma əlaqəsinin pozluması ilə bağlı qüsur: Bizim daha da dostluğumuz artdı. ( daha da
artdı-olmalıdır).
d)
Eyni və ya yaxın mənalı sözlərin təkrar olunması ilə bağlı qüsur: Bu fəaliyyət XX əsrin
əvvəlində daha da fəallaşdı. (XX əsrin əvvələrində-olmalıdır).
Durğu işarələrindən səhv istifadə orfoqrafik normaların pozulmasıdır.
Durğu işarələri, onların işlənmə məqamları. Yazılı nitqdə bir sıra durğu işarələri işlənir ki,
onların bir qismi (nöqtə, defis, dırnaq kimi) orfoqrafik, digər qismi (vergül, nöqtəli vergül, sual,
nida kimi) sintaktik funksiya daşıyır. Bu işarələrin bəzisi nitq prosesində üslubi çaların
verilməsinə xidmət edir. Durğu işarələrinin işlənmə məqamları rəngarəngdir.
Bu məqamların bəzisi haqqında məlumat verək.
Nöqtə aşağıdakı hallarda qoyulur:
1.
Nəqli cümlənin sonunda.Məs: N.Xəzri lirik şairdir.
2.
Yarımçıq nəqli cümlələrdən sonra. Məs:
-Maşınınız harada qalıb?
-Kəndin kənarında.
3. Ad və ata adlarının qısaltma formalarından sonra. Məs: N.Abdullayev təcrübəli müəllimdir.
4. Və ilaxır, və sair sözləri ixtisarla yazıldıqda. Məs: M.F.Axundzadə, F.Köçərli, M.Arif və b.
görkəmli ədəbiyyatşünaslar olmuşdur.
Vergül-aşağıdakı hallarda qoyulur.
1.
Cümlənin həmcin üzvləri arasında. Məs: “Gecəyədək yedilər, içdilər, danışdırlar”. (S.
Qədirzadə).
2.
Tabeli və tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında. Məs: Yaz gəldi, hər tərəf
yaşıllığa büründü. (tabesiz mürəkkəb cümlə).
3.
O, bu əvəzlliklərindən sonra. Məs: “Bu, ilk və son ayrılıq oldu”. (M.Cəlal)
4.
Xitablar cümlənin əvvəlində gəldikdə ondan sonra. Ortasında gəldikdə ondan əvvəl və sonra.
Sonunda gəldikdə ondan əvvəl vergül qoyulur.
Defis- aşağdakı hallarda qoyulur.
1.
Mürəkkəb sözlərin tərəfləri arasında. Məs: Dadlı-duzlu, qohum-qardaş və s.
2.
Mürəkkəb qısaltmalarla şəkilçi arasında. Məs: ABŞ-nın, NATO-ya və s.
3.
Sıra sayları rəqəmlə yazıldıqda. Məs: 5-ci, 10-cu və s.
Sual işarəsi- cavab almaq məqsədilə verilən sual cümləsinin sonunda. Məs: Bu il hansı
nailiyyətləri əldə etmisiniz?
Nida işarəsi-nida cümlələrinin sonunda, xitablardan sonra, bəli, xeyr, yox kimi təsdiq və
inkar sözlərindən sonra qoyulur.
|