III. Təbii din nəzəriyyəsi. J.J.Russo Allahın varlığını qəbul edirdi. O, tərbiyədə uşağın yaş xüsusiyyətlərini nəzərə almaq tələ- binə müvafiq olaraq insanın inkişaf dövrlərini müəyyənləşdirməyə nail olmuşdur.
O, “Emil və ya tərbiyə haqqında” adlı pedaqoji əsərində Emilin inkişafını dörd dövrə bölür. Əsər özü beş hissədən ibarətdir. Dörd hissəsi Emilin tərbiyəsinin dörd dövründən, beşinci hissə isə qadın tərbiyəsindən, yəni Sofiyanın tərbiyəsindən bəhs edir.
Beləliklə, J.J.Russonun fikrincə, kamil tərbiyə təbii öyrənmə ilə olmalı və tərbiyə olunanın təbiətinə tamamilə müvafiq olmalıdır. Tərbiyə zamanı heç bir zor, təzyiq işlədilməməlidir.
Russo uşağın nitq inkişafına xüsusi əhəmiyyət verirdi. O tələb edirdi ki, söz aydın deyilməli və əşya uşağa göstərilməlidir. Uşaq nitqinin inkişafında Russo hər cür tələskənliyin əleyhinədir. Sözlərin təhrif edilərək tələffüz olunması Russoya görə uşaqda pəltəklik yaradır.
Russoya görə iki yaşa qədər uşaqlar həqiqi əqli qabiliyyətlərə malik olmurlar. Onlarda təfəkkür, hətta yaddaş belə yoxdur. Onlar yalnız səsləri, obrazları, duyğuları, rabitələri yadda saxlaya bilirlər. Onların bilikləri yalnız duyğularda əks olunur, təfəkkürə keçmir. Bu dövr əqlin yuxu dövrüdür. Madam ki, belədir, onda uşaqlara əqli məsələlərlə məşğul olmağı təklif etməyin faydası yoxdur.
Russoya görə fiziki inkişaf, əqli inkişafla sıx bağlıdır. Fiziki inkişaf əqli inkişaf mərhələsinə zəruri hazırlığı yerinə yetirir.
Uşağın ağıllı və düşüncəli olması üçün onun möhkəm, sağlam olmasına çalışın. Qoyun o işləsin, hərəkət etsin, qaçsın, qışqırsın, həmişə fasiləsiz hərəkətdə olsun. Qoyun o, güclü və qüvvətli adam olsun. Onda onun əqli də inkişaf edəcəkdir. Bədəni fiziki möhkəmləndirməyə gəldikdə Russo burada uşağın həddən artıq əzizlənməsi və qəyyum edilməsinin əleyhinə çıxır. Uşağın ilk addımlarından müstəqilliyə öyrədilməsi vacibdir. Uşaq öz gücünə, qüvvəsinə inanmalıdır. Russo qeyd edirdi ki, Emil ayaq açıb yeriyəndə onun qoruyucu papağı, təkərlərə bərkidilmiş səbəti olmayacaqdır. O, özü yeriməyi öyrənəcək, yıxılacaq, duracaq, lakin, öyrənəcəkdir. Qoy uşaq müstəqil addım atarkən yıxılsın, dizi əzilsin, əti göyərsin – bütün bunlar bu yaşda təhlükəli deyil. Çünki, əzab çəkmək ilk şeydir ki, uşaq ona alışmalı, öyrənməlidir.
Russo əmək tərbiyəsinə xüsusi əhəmiyyət verir və deyirdi: “Əlini işsiz başını fikirsiz qoyma”! Oğlu Emilə məsləhət görərək deyirdi “Emil kəndli kimi çalışmalı, filosof kimi düşünməlidir”. Russo sənətkarlıq əməyinə xüsusi qiymət verərək deyirdi ki, “Sənətkar heç kimdən asılı deyildir”.
Uşağa hansı peşəni öyrətməli? Hər şeydən əvvəl daim faydalı olan peşəni öyrətmək lazımdır. Bu peşələr dəbdən, dövlətli adamlardan asılı olmayaraq mövcuddur. Buna görə də Emil özünə şərəfli, faydalı bir peşəni seçməlidir. Russoya görə peşələr içərisində ən şərəflisi əkinçilikdir. Daha sonra dülgərlikdir.
Fransız materalist filosoflarının görkəmli nümayəndələrindən biri Klod Adrian Helvetsidir (1715-1771). Helvetsi fitri ideyaları rədd edərək tərbiyənin rolunu yüksək qiymətləndirir və deyirdi: “Tərbiyə hər şeyə qadirdir!”. Onun fikrincə tərbiyə hər şeyi həll edir, tərbiyə vasitəsilə dahilər yetişdirmək mümkündür. Bu isə onun idealist – “dünyanı rəylər idarə edir” baxışından irəli gəlirdi. Helvetsi yazırdı ki, insan biliyi onun duyğularının məhsulu olduğundan, tərbiyənin əsas vəzifəsi hiss orqanlarını tərbiyə və inkişaf etdirməkdən ibarətdir. Həqiqətlər nə qədər yüksək olursa olsun hamı tərəfindən qavranıla bilər - deməklə insanlar arasında olan təbii fərqləri inkar edirdi. Helvetsinin fikrincə din xadimlərini məktəbdən qovmaq, köhnə sxolastik feodal məktəbini kökündən dəyişmək, məktəbləri dünyəvi etməklə dövlətin ixtiyarına vermək lazımdır. Helvetsi ictimai tərbiyəni ailə tərbiyəsindən üstün tutaraq məktəb tərbiyəsinə böyük əhəmiyyət verirdi. “Ağıl haqqında”, “İnsan, onun əqli qabiliyyətləri və tərbiyəsi haqqında” əsərlərni yazmışdır.
Dostları ilə paylaş: |