Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Dağda olan hər bir daş yaquti - rummani ola bilməz



Yüklə 3,59 Mb.
səhifə92/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   443
Dağda olan hər bir daş yaquti - rummani ola bilməz.

Sədəfə düşən hər damla nadir mirvari ola bilməz”.

Q.Təbrizi sanki bir təbiətşünas alim kimi müxtəlif misallarla hər fəslin özünə xas təbiətə, irsiyyətə malik olmasını da göstərir: Yaxşı fidan ancaq yaxşı ağacdan əmələ gələ bilər/Yaxşı ağac da ancaq yaxşı fidan yetirər”.

Bu beyt irsi xassələrin nəsildən-nəsilə keçməsi fikrini daha aydın ifadə edir. Q.Təbrizi şeirlərində açıq-aydın göstərir ki, əsil nəcabətlilər yüksək rütbələrə çatır və yüksək mənəvi keyfiyyətlərə sahib olurlar.

Qətran Təbrizi bənzətmələrində ədaləti Ənuşirəvan şaha, şan şöhrəti, şövkəti Sultan Süleymana, biliyi Sultan Süleymanın vəziri Asəfə, Buqrata, gözəlliyi Yusifə, pəhləvanlığı İsfəndiyara, Rüstəm Zala, səxavəti, bəxşiş verməyi Hatəmə, ağılda İskəndərə, mal verməkdə Bəhram gur şaha, əxlaqi kamilliyi Məhəmməd peyğəm­bərə(s), fəzilətdə Murtuzaya (birinci İmam Əlinin adlarından biri), şüurluluğu Əflatuna, ölkələri fəth etməkdə Sultan Mahmud Qəz­nə­viyə bənzədir. Qətran mədh etdiyi qəhrəmanları habelə camalda Leyli, məhəbbətdə Məcnun, rəssamlıqda Mani, uzun ömürlülüyü Nuh peyğəmbərin ömrü ilə müqayisə edir. Daha sonra qəhrəmanlar siyasətdə Sama, Calalda Cəmşidə, ibadət və itaətdə Cəfəri-Təyyara (Məhəmməd peyğəmbərin əshabələrindən biri), kişilikdə Heydər Kərrara (Məhəmməd Peyğəmlərin kürəkəni), ehsan verməkdə Nil və Hirmən çaylarına, fərasətdə Huşənğə, iğidlikdə Rüstəm Zala bənzədir.

Beləliklə deyə bilərik ki, Qətran Təbrizi böyük şair olmaqla bərabər, bir pedaqoq, metodist, tərbiyəçi olaraq XI əsr pedaqoji fikir tariximizdə mühüm yer tutmaqdadır.

Xətib Təbrizinin müəllimlik fəaliyyəti və tərbiyə haqqında fikirləri. Maarif, mədəniyyət və pedaqoji fikir tariximizin görkəmli nümayəndələrindən biri XI əsrdə yaşayıb yaratmış, ədəbiyyatşünas, dilçi, şərhçi, müəllim və pedaqoq Xətib Təbrizidir.

Dövrünün alimləri Xətib Təbrizini “Ədəbiyyat, qrammatika və leksioqrafiya elmlərinin başçısı”, “Ensiklopedik zəka”, “Fazil”, “Şeyx”, “Ərəb elmlərinin rəhbəri və ədəbiyyat­şünas­lığın bayraq­darı”, “Əxlaq və mənəviyyat şərhçisi” kimi adlan­dır­mışlar. Bu dahi Azərbaycan alimi Şərqin müsəlman xalqlarının elm, maarif və mədəniyyətinin inkişafında böyük xidmətləri olmuşdur. O, qırx ildən artıq “Nizamiyyə” mədrəsəsində ədəbiyyat elmləri bölməsinin rəhbəri, professoru və mədrəsənin zəngin kitabxanasının müdiri olmuşdur. Təbrizdə doğulan və böyüyən, 10 il Suriya və Misiri do­la­şan, böyük alimlərlə görüşən və ömrünün çox hissəsini Bağdadda keçirən Xətib Təbrizi öz dəyərli əsərləri ilə, öz şərhləri ilə mühüm əxlaqi, etik, pedaqoji problemlərə toxunmuş, şəxsiyyətin inkişafı və tərbiyəsi haqqında əhəmiyyətli fikirlər irəli sürmüş və uzun illər onun şərhləri məktəb və mədrəsələrdə Şərq ədəbiyyatının klassik nümunələri kimi tədris olunmuşdur.

Xətib Təbrizinin həyat və yaradıcılığı haqqında Azərbay­canda ilk məlumatı XV əsrdə yaşamış Hinduşah Naxçıvani vermişdir. Daha sonralar, M.S.Ordubadi, H.Araslı X.Təbrizi haq­qında mə­qa­lələr yazmış, X.Təbrizinin həyatı və yaradıcılığı haqqında professor Malik Mahmudov dəyərli monoqrafiya yazmışdır.

Xətib Təbrizi ilk təhsilini Təbrizdə almış, burada ərəb, fars dillərini öyrənmiş daha sonra Bəsrədə ərəb filologiyası sahəsində mükəmməl bilik əldə etmişdir.

X.Təbrizi Suriyanın müxtəlif şəhərlərini dolaşmış, elimini artır­mış, Dəməşqə gəlmiş, burada “Bağdad tarixi”nin müəllifi məş­hur tarixçi Xətib Bağdadi ilə tanış olmuşdur. On ildən artıq səyahət edərək görkəmli alimlərlə görüşən X.Təbrizi Misirdən Bağdada qayıtmış və Hinduşah Naxçivaninin verdiyi məlumata görə Bağdad Nizamiyyə mədrəsəsi açılan kimi-yəni 1067-ci ildə Nizam-əl-Mülk Xətib Təbrizini Nizamiyyə mədrəsəsinə dəvət etmişdir. Böyük şərq­şü­nas alim İ.Y.Kraçkovskinin də qeydinə görə Xətib həmçinin ədəbiyyat elmləri bölümünün dekanı və professoru kimi də fəaliy­yətə başlamışdır. 38 yaşlı Xətib Təbrizinin Şərqin bu böyük məd­rə­sə­sində ədəbiyyat bölümünün rəhbəri seçilməsi, zəngin kitab­xa­nanın midiri təyin edilməsi onun nə qədər bilikli, zəki, parlaq bir şəxsiyyət olmasından xəbər verir.

Xətib Təbrizi ömrünün sonuna qədər 40 il bu vəzifədə çalış­mış­dır ki, bu da Şərqin yalnız çox nadir simalarına nəsib ola bilərdi.

Xətib Təbrizinin elmi-pedaqoji irsi olduqca zəngin və rənga­rəngdir. O, ömrünün sonuna qədər elmi-pedaqoji fəaliyyətini dayan­dır­mamış və dəyərli əsərlər və şərhlər yazmışdır ki, bu əsərlərdə ədə­­biy­yat və dilçiliyin tədqiqi ilə bərabər Şərq xalqlarının adət və ənə­­nə­ləri, etnoqrafiyası, əxlaqi- mənəvi təfəkkürü öz əksini tapmış­dır.

Xətib Təbrizi islam qaydaları, şəriət qanunları ilə ciddi maraq­lanmış və hətta bu barədə iki böyük əsər yazmışdır. Onlardan bi­rin­cisi “Təfsir əl-Quran”dır (“Quranın açıqlaması”). İkincisi isə Qu­ra­nın elmi qrammatik cəhətdən təhlilinə-həsr edilmiş “İrab əl-Qu­ran”­dır (“Quranda hallanma”).

Xətib Təbrizi alim, tədqiqatçı, şərhçi olmaqla bərabər həm də böyük şair olmuşdur. X. Təbrizi Sultan Alparslanın vəziri Nizam əl-Mülkə böyük bir qəsidə həsr etmişdir. Xətib öz qəsidəsini Nizam əl-Mülkün müdrik fəaliyyətinə həsr edərək onun sayəsində xalqın vəziyyətinin yaxşılaşdığını, elmə, maarifə yüksək qiymət verdiyini, onun “zəkası ilə dünyanın işıqlandığını, arzuların həqiqətə çevril­diyini” söyləyir.

Xətib yazdığı şərhlərində məzmuna əsas fikir vermiş, formanı ikinci planda görmüşdür. O, bu dünyagörüşündən çıxış edərək deyir ki, insanın da dəyəri onun formasında deyil, məzmunundadır.

Xətib Təbrizi insanlarda gözəl estetik duyğuların tərbiyə olunmasını istəyir və şeirin tərbiyəvi rolunu yüksək qiymətləndirir. Bu cəhətdən o, öz şeirlərində şairlərin yüksək sənətkarılığa, incə zövqə, estetik duyğulara malik olmasını tələb edir və şeirlərində də belə hisslərin təbliğ olunmasını təqdir edir.

Xətib Təbrizi şeirlərin təhlilinə bir çox yönlərdən-pedaqoji, psixoloji, dilçilik, etnoqrafik, ədəbiyyatşünaslıq, tarix, folklor cəhət­lə­rindən yanaşmışdır. Bu onun dərin və hərtərəfli biliyə bələd ol­masından, pedaqoji işdə çalışmasından, müəllimlik fəaliyyətindən irəli gəlmişdir.

Xətib Təbrizinin əsərlərində meydana çıxan mühüm cəhətlər­dən biri onun özünün həyata, cəmiyyətə olan baxışlarını ifadə et­mə­si və əxlaqi-etik fikirlər irəli sürməsidir. Alimin pedaqoji ustalığı ondadır ki, o özünün fikirlərini təhlil etdiyi şeirlərin məz­mu­nu ilə əlaqələndirməyi bacarmışdır.

Xətib Təbrizi insanın formalaşmasında, tərbiyə olunub ərsəyə çatmasında ictimai mühitin roluna yüksək qiymət verir. Xətib Təbrizinin fikirlərindən aydın olur ki, cəmiyyətin əyrilikləri insan­ların tərbiyəsinə qüvvətli təsir göstərir. O, bu fikri ilə mühitin insan tərbiyəsində roluna yüksək qiymət verir. Pozulmalara müqavimət göstərməyi alim insanların elmi biliklərə yiyələnməsində görürdü. Yalnız elm, bilik vasitəsi ilə insanlar zamanın hadisələrini dərk edə bilərlər, mühitin onların qarşısına çıxardığı çətinliklərə sinə gərərək aciz və zəif qalmazlar.

Xətib Təbrizi aza qane olmağın, dünya malına uymamağm tə­rə­fində olmuşdur. O, “Sitq əz-Zənd”in şərhi”ndə Əbul-Əlanın bir bey­tini şərh etmişdir: “Torpaq sənə minnətdarlıq edir: çünki sən onun hədiyyəsini götürmürsən, (əksinə)ona bəxşişlər verirsən”. Xə­tib Təbrizi bu beyti əxlaqilik, könül toxluğu baxımından şərh edərək qeyd edir ki, “Bütün dünya malını verən torpaqdır”. Xətib Təbrizi insanın torpağa əyilməsini, əməklə, əməli işlə məşğul olmasını torpağın bütün nemətlərin anası olduğunu söyləyir.

Xətib insanları öz vətənində kortəbii surətdə deyil, ağılla sevməyə çağırırdı. Məhz buna görə də, alim vətənpərvərliyi insanın ağlının kamilliyində, insanın mərdliyində görürdü. Öz vətəninə, xalqına biganə olanları böyük mütəfəkkir şiddətlə tənqid edərək ya­zır­dı: “Öz qəbilənin, xalqının olduğu bir ölkədən şikayətlənmə, ya-xın adamlarının yaşadığı torpağa qarşı biganə olma”. Xətib Təbrizi vətənpərvərliyi insanın ən ali keyfiyyəti hesab edir və əsil insan dedikdə ilk öncə onun vətənə məhəbbətini nəzərdə tuturdu: “Vətənə məhəbbət insanın ən şərəfli və ən qüdrətli xüsusiyyətidi”. Alimin fik­rincə əgər insanlar bir-biri ilə sıx ünsiyyətdə olsalar, bu onlar üçün fayda gətirər: “Təfriqəçilik isə yalnız pislik gətirə bilər”. Bu­nunla da alim xalqı, millətləri, ölkələri parçalayan, xanlıqlar təşkil edib qanlı vuruşmalar aparan orta əsrlərin hakimlərini tənqid edirdi.

İnsanpərvərlik Xətibin fikrincə, vərənpərvərlik kimi müqəd­dəsdir. O, insanların bir-biri ilə mehriban, xoş ünsiyyətdə olmasını təbliğ edirdi: “İnsanlarla xoş ünsiyyətdə olanlar onların ən şərəf­li­sidir” - deyiridi.

Xətib Təbrizi öz əsərlərində insanları əməksevərliyə, əməli fəaliyyət göstərməyə səsləyirdi. O insanları əzmlə, iradə ilə fəa­liy­yət göstərməyə çağıraraq deyirdi ki, “İnsan öz fikrində, əqidəsində möhkəm olmalıdır”. Alim insanların səbrlə və təmkinli olmalarına bö­yük əhəmiyyət verir və qeyd edirdi ki, insan bir iş görmək istə­dikdə təmkinli və səbrli olmalı, heç vaxt tələsməməlidir. O de­yirdi: “İnsan öz işində ola bilsin ki, tələsməsə, öz ehtiyacını tələsik et­mə­sə, daha tez müvəffəqiyyət qazana bilər. Amma, işində tələsərsə (bu) tələskənlik onun istədiyini gecikdirər”.

Xətib Təbrizi qənaətcilliyi bir əxlaqi keyfiyyət hesab edir və bu­nu varlanmağın yeganə yolu hesab edir və “Qənaət ən böyük dövlətdir” - deyirdi. Bu gün pedaqogika elmimizdə qənaətcillik tərbiyəsi yeni pedaqoji təfəkkürdən irəli gəlmiş və insanın ən nəcib əxlaqi keyfiyyətlərindən biri sayılmaqdadır. X.Təbrizi əsərlərində qənaət və qənaətcillik tərbiyəsi haqqında dəyərli əxlaqi fikirlər söyləyir: “İnsan başqalarına əl uzatmaqdansa, özgənin malına göz dikməkdənsə az yeməyə və yararsız cod geyimə səbr etsə, heç kimin malına ehtiyacı olmaz. Bu isə insanın öz nəfsinə qarşı cihad etməsi kimidir”. Göründüyü kimi X.Təbrizi qənatəcilliyin yolunu da gös­tərərək bildirir ki, başqasına möhtac olmaqdansa aza qane olmaq daha yaxşıdır.

X.Təbrizinin tərbiyə haqqında fikirlərinə yekun vurarkən böyük alimin “Həmasə”nin şərhi”ndə əxlaqa verdiyi klassik tərifini göstərməmək mümkün deyildir. O deyirdi: “Ədəb elə bir şeydir ki, insan ona əməl etdikdə xalq içərisində şöhrətlənir, zinətlənir və şərəfi artır”.

Göründüyü kimi Azərbaycan pedaqoji fikir tarixinin inki­şa­fında Xətib Təbrizi öz pedaqoji fikirləri, pedaqoji fəaliyyəti və pe­da­­qoji yaradıcılığı ilə pedaqoji fikir tariximizdə görkəmli yer tut­maq­­dadır.




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin