Mövzu 13.
Gömrük işində qeyri-tarif tənzimlənməsi üsulları
13.1. Qeyri-tarif məhdudiyyətlərinin təsnifatı
Dünya təcrübəsində qeyri-tarif məhdudiyyətlərinə münasibət kifayət qədər ziddiyyətlidir. Ümümdünya
Ticarət Təşkilatı rəsmi olaraq belə tədbirlərin ləğv edilməsi və müstəsna olaraq tarif üsullarından istifadə
edilməsi məsələsini qoyur. Həmin təşkilata üzvlük ərəfəsində olan Azərbaycan Respublikası üçün bu tələblərə
münasibət mühüm əhəmiyyət kəsb etməkdədir.
Bununla bərabər tələblərin birmənalı şəkildə qəbulu digər məsələlərdə arzuolunmaz nəticələrə də gətirib
çıxara bilər. Belə ki, Ümümdünya Ticarət Təşkilatının, Tarif və Ticarət üzrə Baş Sazişin (QATT) üzvü olan
ölkələr xarici ticarətdə qeyri-tarif tənzimləmə metodlarından həm əvvəl, həm də indi istifadə etməkdədirlər.
Bəzi qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması sadəcə olaraq qeyri-mümkündür. Belə ki, qeyri-tarif
məhdudiyyətləri daxili iqtisadi siyasətin digər ölkələrlə iqtisadi əlaqələrinə təsirinin təcəssümü kimi çıxış edir.
Bununla belə, beynəlxalq ticarət sistemi tərəfindən qanuniləşdirilmiş qeyri-tarif tənzimləmə tədbirləri, daha
doğrusu xarici malların idxalının kəskin artımı ilə milli iqtisadiyyata vurulan zərərin qarşısının alınması məqsədi
güdən müdafiə tədbirləri, həmçinin xarici ixracatçılar tərəfindən qeyri-sağlam rəqabətin qarşısının alınmasına
yönəlmiş digər tədbirlər mövcuddur.
İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlər (QTM) - xarici malların daxili bazara nüfuz etməsinin
qarşısını alan məhdudlaşdırma - qadağan xarakterli tədbirlər kompleksidir. Bu tədbirlərin məqsədi yalnız idxal
edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi deyil, həm də milli sənayenin müdafiəsi, əhalinin həyat və
sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunmasıdır. Bundan başqa QTM ixrac
əməliyyatlarında da istifadə edilir.
Birbaşa və dolayısı yolla xarici ticarəti tənzimləyən tədbirlər, adətən, səkkiz qrupa bölünür: tarif,
paratarif, qiymətlərə nəzarət, maliyyə, lisenziyalaşdırma, kəmiyyət nəzarəti, inhisarçı tədbirlər, texniki tədbirlər.
ÜTT/QATT tövsiyələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq hal-hazırda Azərbaycanda bu tədbirlərin
əksəriyyəti tətbiq edilmir. Lakin güman edilir ki, milli istehsalın inkişafı naminə və ölkənin iqtisadi
təhlükəsizliyinin təminatı ilə əlaqədar olaraq onların istifadə dairəsi genişləndiriləcəkdir. Qeyri-tarif
tənzimlənməsi sisteminin öyrənilməsi bu baxımdan məqsədə uyğundur.
Qeyri-tarif tədbirlərinin rəngarəng olmasına baxmayaraq onları iki böyük qrupa bölmək olar: iqtisadi və
inzibati tədbirlər.
İqtisadi QTM-ə aşağıdakılar aiddir:
- xüsusi növ rüsumlar;
- müxtəlif vergi və yığımlar;
- idxal depozitləri;
- valyuta tənzimlənməsi tədbirləri.
İnzibati QTM daha çoxcəhətlidir:
- embarqo (qadağa);
- lisenziyalaşdırma və kvotalaşdırma;
- ixracın məhdudlaşdırılması;
- (inhisarçı) tədbirlər;
- proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi;
- əlavə gömrük sənədləri və əməliyyatları.
İqtisadi məhdudiyyətlər bazar mexanizmi vasitəsi ilə təsir göstərərək idxal və ixrac mallarını
bahalaşdırır, inzibati məhdudiyyətlər isə bazar münasibətlərindən başqa idxal mallarının daxil olmasını və ixrac
mallarının xaricə çıxarılmasını məhdudlaşdırır.
İqtisadi QTM tətbiq edildikdə istehlakçı öz seçimini özü müəyyən edir və daha bahalı idxal, yaxud ucuz
milli mal alacağına qərar verir.
İnzibati QTM tətbiq edildikdə dövlət faktik olaraq daxili bazarın əmtəə strukturunu müəyyən edir, yəni
daxili bazarı həm idxalın təsirindən qoruyur, həm də çətin tapılan milli məhsulun çatışmazlığının qarşısını alır.
Bu halda istehlakçı sərbəst əmtəə seçimindən məhrum olur. QTM əsas qruplarına bir az geniş nəzər salaq.
A. Paratarif tədbirləri
Paratarif tədbirləri gömrük sərhədindən keçirilən mallara tətbiq edilən elə ödəniş və yığımlara deyilir ki,
gətirilən malın dəyərini gömrük rüsumundan əlavə olaraq artırır (ya müəyyən faiz, ya da mal vahidinə əmsal).
Gömrük rüsumlarının və onunla bağlı olaraq fiskal gömrük gəlirlərinin aşağı düşməsi ilə dövlətin büdcə
gəlirlərinin artırılmasında paratarif tədbirlərə meyl etməsi təbii olur. Ümumiyyətlə idxal olunan mallara sərhəd
vergiqoymaları müxtəlif vergi və yığımlar onların ödənilməsinin sadələşdirilməsi və idxalçı ölkənin maliyyə
124
qurumlarının maraqlarının təmin edilməsi məqsədilə bilavasitə gömrük orqanları tərəfindən tutulur. Bu vergi və
yığımları, adətən, idxalçı ödəyir, lakin alqı-satqı müqaviləsi tərtib edilərkən tərəfdaşlar tərəfindən nəzərə alınır.
Paratarif tədbirlərə aşağıdakılar daxildir:
1) gömrük əlavələri - ticarət-siyasi məqsədlərlə, büdcənin doldurulması, yaxud milli istehsalın
müdafiəsi üçün tətbiq edilən əlavə vergi və rüsumlar;
2) əlavə yığımlar - daxili analoqu olmayan, idxal mallarından gömrük rüsum və vergilərindən
artıq (əlavə) tutulan ödənişlər. Onlar xarici ticarətlə bağlı fəaliyyətin müəyyən növlərinin
maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Bunlara, adətən, xarici valyutanın köçürülməsinə qoyulan
vergi, idxal lisenziyası üçün yığım, liman yığımları, statistik vergi, nəqliyyat vasitələrinə vergi aid edilir;
3) daxili (bərabərləşdirici) vergi və yığımlar - milli mallardan idxal ölkəsində tutulan dolayı
verigələrə ekvivalent olan vergi və yığımlar. Onlara ƏDV, aksiz, emissiya yığımları, məhsula görə vergi,
sair inzibati yığımlar aid edilir. Bərabərləşdirici vergilərin və yığımların məqsədi xarici və milli eyni (və
ya analoji) mallara bərabər vergi rejimi yaratmaqdır;
4) diskretləşdirilmiş gömrük qiymətləndirilməsi - gömrük rüsum və yığımlarının hesablanması
üçün gömrük dəyərinin inzibati yolla müəyyən edilməsi praktikası.
B. Qiymətlər üzərində nəzarət tədbirləri
Qiymətlər üzərində nəzarət tədbirləri daxili qiymətlərin stabilləşdirilməsi və ya səviyyəsinin
saxlanılması məqsədi ilə, həmçinin xarici rəqiblərin əliəyri ticarət təcrübəsinin vura biləcəyi zərərin qarşısını
almaq üçün tətbiq edilir.
Belə tədbirlərə aşağıdakılar aiddir:
1) qiymətlərin inzibati qaydada müəyyən edilməsi - idxalçı ölkənin hakimiyyət dairələri istehsalçı
və istehlakçının daxili qiymətlərini nəzərə alaraq, qiymətlərin aşağı və yuxarı hüdudlarını müəyyən edir,
yaxud bu qiymətləri dünya bazar qiymətləri ilə bağlayırlar. Rəsmi qiymətlərin müəyyən edilməsi,
minimal idxal qiymətləri və ya idxalın baza qiymətləri üsulundan istifadə olunur.
2) ixrac qiymətlərinin “könüllü” məhdudlaşdırılması - ixracatçının öz mallarının qiymətlərini
müəyyən səviyyədən aşağı endirməməyi dəstəkləməyə razı olduğu məhdudlaşdırıcı bağlaşmalar;
3) sürüşkən yığımlar - idxal edilən kənd təsərrüfatı və ərzaq mallarının idxal qiymətlərinin daxili
qiymətlərlə eyni səviyyəyə gətirilməsi üçün nəzərdə tutulmuş əlavə ödənişlər.
4) antidempinq tədbirlər - ixracatçıdan milli istehsalçılara vurulan zərərə görə kompensasiyanın
tutulmasından ibarət olub, dempinq faktı və ondan irəli gələn ziyan aşkar edildikdə idxalatçı ölkənin
müvafiq orqanı tərəfindən ixracatçının ticarət təcrübəsinin təhqiqatının yekunlarına görə tətbiq edilir.
Antidempinq rüsumlar özünü doğrultmayan aşağı qiymətlərlə mal göndərişinin başlanğıcı anından
tutulur. Antidempinq ittihamlarının təşəbbüsçüləri kimi konkret məhsulun milli istehsalçıları çıxış edir.
5) Kompensasiya tədbirləri - əgər idxal olunan mallar subsidiyalaşdırılırsa və belə
subsidiyalaşdırılma milli istehsala zərər vurduğunu təhqiqat təsdiq edirsə, əlavə maliyyə ödənişləri tətbiq
edilir. Kompensasiya tədbirləri kompensasiya idxal rüsumları şəklində də ola bilər. Bundan başqa, çox
zaman onlar qadağanedici hədlərə də çata bilir və hətta ixrac qiymətlərini artırmaqla da aşmaq olmur.
C. Maliyyə tədbirləri
Maliyyə tədbirlərinə - idxalçıların xarici valyutaya onlar üçün valyutanın qiymətlərinə, həmçinin ödəniş
şərtlərinə müdaxiləsini tənzimləyən tədbirlər aid edilir. Bu tədbirlər idxalın dəyərini yüksəldə bilərlər. Bu
kateqoriya QTM-ə aşağıdakılar aid edilir:
1) idxalın dəyərinin, eləcə də idxal vergisinin qabaqcadan ödənilməsi.
Buraya idxal depozitivlərinin, əvəzi ödənilən depozitlərin açılması, nağd ödəniş və gömrük
rüsumlarının qabaqcadan ödənilməsi də daxildir;
2) valyuta məzənnələri çoxluğu.
Bu müxtəlif kateqoriyalı mallar üçün müxtəlif məzənnələrin müəyyən edildiyi dövlət
tənzimlənməsi mexanizmidir. Rəsmi məzənnə, adətən, daha zəruri mallar üçün saxlanılır, digər mallar
kommersiya məzənnəsi və ya xarici valyutanın hərraclar vasitəsi ilə alınması hesabına ödənilir.
3) xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər.
Ölkə daxilində valyuta əməliyyatları aparılmasına müxtəlif icazə, viza və s. (onların qadağan
edilməsi də daxil olmaqla) alınmasını nəzərdə tutur.
4) ödənişə müddətin müəyyən edilməsi, və ödənişinin növbəliliyi.
Bu tədbirlərlə dövlət malların göndərildiyi tarixdən idxal hesablamalarının bitməsinə qədər yol verilən
minimal müddətləri müəyyən edir. Bu müddətlər adətən istehlak malları və sənaye xammalı üçün 90, 180 və ya
360 gün, investisiya malları üçün 2-5 il müəyyən edilir.
Ç. Kəmiyyət nəzarəti tədbirləri
125
Kəmiyyət nəzarəti tədbirləri ilk növbədə idxal-ixrac əməliyyatlarının kvotalaşdırılması və
lisenziyalaşdırılması deməkdir. Kvotalaşdırma (fiziki həcm və dəyər üzrə) və lisenziyalaşdırma (müəyyən
malların göndərilməsi və ya gətirilməsinə, bəzən də müəyyən ölkələrə, yaxud onlardan ticarətinə xüsusi
icazənin alınması) idxal və ixracın ənənvi qeyri-tarif tənzimlənməsi üsullarıdır. Onların məqsədi hər hansı malın
idxal və ya ixracını ümumilikdə, yaxud hər hansı ölkəyə məhdudlaşdırmaqdan ibarətdir. Bu tədbirlər, adətən,
bir-biri ilə bağlıdır, çünki, lisenziyalaşdırma kvotanın fərdi idxalatçılara və ixracatçılara müəyyən həcm bitənə
qədər lisenziya vermək yolu ilə bölüşdürülməsi mexanizmi kimi çıxış edir.
Kəmiyyət nəzarəti tədbirləri vasitəsi ilə dövlət səviyyəsində iqtisadi, xarici ticarət və hətta siyasi
xarakterli məsələlər həll edilir: ölkə daxilində analoji rəqabət edən malların istehsalçı və istehlakçısının
müdafiəsi, daxili bazarın stabilliyinin dəstəklənməsi, valyuta ehtiyatlarına qənaət, digər ölkələrdən qarşılıqlı
güzəştlərin əldə edilməsi və s.
Bu qəbildən olan QTM daha geniş araşdırmağa çalışaq.
1) Lisenziyalaşdırma - idxal və ixraca müvafiq hakimiyyət orqanlarının öz mülahizəsinə, yaxud
hər hansı konkret meyarlara əsasən verdiyi xüsusi icazələrin (lisenziyaların) tətbiqidir. Beynəlxalq
ticarətdə lisenziyalaşdırma rəngarəngliyi ilə seçilir. Lisenziyada idxal və ya ixracın həyata keçirilməsi
qaydası da müəyyən edilə bilər. Lisenziyalaşdırma dünya təcrübəsində ticarətin arzuolunmaz həcmlərini
müəyyən müddət ərzində məhdudlşdırıldığı zaman həyata keçirilən müvəqqəti tədbir kimi təfsir edilir.
Xarici valyutadan səmərəli istifadə olunması zərurəti lisenziyalaşdırma üçün obyektiv əsas ola bilər. Bu
yolla xarici ticarət və tədiyyə balanslarının tarazlanmasına nail olunur.
Gömrük rüsumlarından istifadə edilmədikdə və ya onların təsiri səmərəsiz olduqda lisenziyalaşdırma
zərurəti meydana çıxır. Bu iş həm qarşılıqlı güzəşt əldə edilməsi, həm də diskriminasiya məqsədi ilə görülə
bilər. Onu da qeyd etmək lazımdır ki, lisenziyalaşdırma müvəqqəti tədbir hesab edildiyindən əvvəllər
bağlanılmış dövlətlərarası ticarət sazişlərinə yenidən baxılmasını nəzərdə tutmur.
2) Kvotalaşdırma - (“kvota” latınca “guot” sözündən götürülüb, mənası “nə qədər” deməkdir) fərdi,
tarif, mövsümi, qlobal və digər faiz məhdudiyyətləri vasitəsi ilə idxalına icazə verilmiş malların fiziki həcm və
ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir.
Fərdi kvotalar - idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr üzrə
paylaşdırılmasını nəzərdə tutur. Tərtibat formasına görə belə kvotaları iki növə ayırırlar:
Mütənasib kvotalar bütün kvotalar çərçivəsində keçən dövr (baza) ərzində idxalda hər ölkənin payına
görə təyin olunur, ikitərəfli kvotalar bir tərəfin əks tərəfə ticarət-siyasi öhdəliklərinin qarşılığı olaraq verilir
(bəzən ikitərəfli saziş bağlanır), seçmə kvotalar hər hansı bir ölkə və ya ölkələr qrupundan alınan malların digər
regionlardan alınanlara nisbətən məhdudlaşdırılması məqsədi ilə verilir.
Tarif kvotaları gömrük vergitutmasının daha əlverişli rejimində müəyyən həcmdə idxala icazə verir. Bu
həcmdən artıq idxal üçün daha az əlverişli rejim (idxalın faktiki qadağanına qədər) tətbiq edilir.
Mövsümü kvotalar ilin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə (ən çox
kənd təsərrüfatı məhsulları üçün) tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan
məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır.
Qlobal kvotalar hər hansı malın müəyyən müddət ərzində və malgöndərən ölkələr arasında
bölüşdürülmədən ümumi idxalının həcmini müəyyən edir. Belə yanaşma idxalçıya mal göndərən ölkəni seçmək
azadlığı verir.
Faiz kvotaları bəzi hallarda idxal kvotaları ixracın həcmindən faiz nisbətindən müəyyən edilir. Kvotalar,
həmçinin, milli istehsalı stimullaşdırmaq məqsədi ilə bir malın daxili bazarda tədarük həcmindən faizlə də
hesablana bilər.
İdxalı səhiyyə, təhlükəsizlik, ətraf mühitin qorunması mülahizələrinə görə idxalı nəzarətdə olan mallara
da belə kvotalar müəyyən edilə bilər.
3) müəyyən bir malın idxalınının qadağa edilməsi tamamilə və istisna olmadan da tətbiq edilə
bilər. Müvəqqəti və mövsümi qadağanlar qoyulması da mümkündür.
Lisenziya verilməsinə imtina edilməsi (adətən, tədiyyə balansı mülahizələrinə görə) idxala faktiki
qadağan kimi qiymətləndirilə bilər. Bəzi hallarda ölkənin ticarət balansında böyük kəsiri olduğu dövlətlərdən
idxala qadağa tətbiq edilə bilər.
Müəyyən bir ölkədən idxal və ixraca (ümumilikdə xarici ticarətə) qadağa qoyula bilər ki, buna da
embarqo deyilir. Bu hal məcburi tədbir olub beynəlxalq təcrübədə qəbul edilmişdir, prinsipial xüsusiyyətlərə
malik olub açıq və gizli (örtülü) formalarda edilə bilər. Belə qadağanın açıq forması adətən BMT-nin qərarlarına
əsaslanır və xarici ticarətin tamamilə kəsilməsini nəzərdə tutur. Məsələn, BMT tərəfindən İraqa qoyulan
embarqo.
Örtülü qadağanlara xarici gəmilərin daxili sulara buraxılmaması və ya ayrı-ayrı idxal mallarının ölkənin
pərakəndə satış şəbəkəsinə buraxılmasını aid etmək olar.
126
4) İxracın məhdudlaşdırılması barədə sazişlər qarşılıqlı razılığın (kompromis) nəticəsi olub,
ixracatçının ixrac həcmini “könüllü olaraq” idxalatçının məcburi tədbirlərini gözləmədən məhdudlaşdırmaq
barədə razılığıdır.
Belə sazişlər həm dövlətlər səviyyəsində, həm də ayrı-ayrı istehsal sahələri səviyyəsində bağlana bilər.
Bu tipli sazişlər həm ikitərəfli, həm də çoxtərəfli sazişlər ola bilər.
D. Monopolist (inhisarçı) tədbirlər
Monopolist tədbirlər dedikdə təsərrüfat subyektlərinin müəyyən qrupuna müstəsna hüquqlar verən
tədbirlər nəzərdə tutulur. Monopoliya, adətən, idxalın ixraca münasibətini nəzarətdə saxlamaq hesabına tədiyyə
balansının tarazlığa gətirilməsi problemini həll edir. Belə tədbirlərin başlıca növləri aşağıdakılardır:
1) müəyyən malların idxalına dövlət inhisarı;
2) milli müəssisələrin xidmətindən məcburi istifadə.
Dövlət inhisarının bariz nümunələrinə İkinci Dünya müharibəsindən əvvəlki Almaniyanı və keçmiş
Sovetlər İttifaqını göstərmək olar.
E) Texniki tədbirlər
Malın keyfiyyətinin, təhlükəsizliyinin, yaxud inzibati şərait, terminologiya, simvollar, sınaq və sınaq
üsulları, qablaşdırmaya olan tələblər, markalanma da daxil olmaqla xüsusiyyətlərinin nəzarətinə əsaslanan QTM
tədbirlərinə texniki tədbirlər deyilir.
Texniki tədbirlərin aşağıdakı növləri var:
1. Texniki tənzimləmə, yəni məhsula bilavasitə və ya dolayı yolla texniki tələblər müəyyən
edilməsi. Belə tədbirlər aşağıdakılardır: məqsədi insan və heyvanların həyat və sağlamlığının qorunması
olan sanitariya tənzimlənməsi; bitkilərin qorunmasına yönəlmiş fitosanitar tənzimlənməsi; ətraf mühitin
və təbiətin qorunması; insanların təhlükəsizliyi; milli təhlükəsizlik tədbirləri.
Bu tədbirlər müvafiq təlimatlar hazırlanmaqla həyata keçirilir. Təlimatlar gömrük orqanlarının nəzarət
fəaliyyətini reqlamentləşdirir.
Hazırkı şəraitdə texniki tənzimlənmənin bir neçə növü var:
a) ətraf mühiti çirkləndirən xammal və materialların idxalının qadağan edilməsi, yaxud
məhdudlaşdırılması;
b) hazır məhsullara - istismarı atmosferin və havanın çirklənməsinə gətirib çıxaran sənaye
avadanlıqlarına, nəqliyyat vasitələrinə və s. münasibətdə proteksionist tədbirlərdən istifadə edilməsi.
Məsələn, 1992-ci il ildən Qərbi Avropada təyyarə və yük nəqliyyatı üçün səs-küyün yol verilən səviyyəsi
və yanmış mühərrik qazlarının tərkibi üzrə sərt normalar müəyyən edilmişdir. Bundan başqa neftin
sızmasının qarşısının alınması məqsədilə neftdaşıyan tankerlərin ikiqat dib (döşəmə) və yükləmə
boşaltma qurğuları ilə təchiz edilməsi tələbi də bu qəbildəndir.
v) istehlakçının maraqlarını malın nöqsanından və istifadə zamanı mümkün olan ziyandan
qorumaqla malın keyfiyyətinə olan tələblər. Bunlar ilk növbədə məişət elektrotexnikası, tibb
preparatları, yeyinti məhsulları, uşaq malları və sairələrinə aiddir.
127
Mövzu 14.
Gömrük statistikası və Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası (XİF MN)
Statistika əhatə dairəsinə görə ümumi nəzəri, riyazi və xüsusi statistika kimi sahələri birləşdirir. Gömrük
işlərində əsasən sonuncudan istifadə olunur.
Ali dövlət hakimiyyət orqanlarını xarici iqtisadi fəaliyyət barədə məlumatlarla təmin etmək, valyuta
nəzarəti, gömrük ödənişlərinin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi, Azərbaycanın xarici ticarətinin
vəziyyəti və inkişafının təhlili məqsədi ilə gömrük orqanları malların gömrük sərhədindən keçirilməsi barədə
məlumatları toplayır, sistemləşdirir və gömrük statistikası aparır.
Göründüyü kimi, xarici iqtisadi fəaliyyətin statistikası deyiləndə mal və xidmətləri hesabatı (idxal və
ixrac üzrə), habelə onlarla bağlı əməliyyatlar nəzərdə tutulur.
Xarici ticarətin gömrük statistikası ölkənin xarici ticarət dövriyyəsini öyrənir, daha doğrusu, idxal və
ixrac olunan malların sayını, dəyərini, habelə onların coğrafi istiqamətinin (“ölkə-mal”, “mal-ölkə” kəsimində)
hesabatını aparır.
Xarici ticarətin gömrük statistikasında ixrac (eksport) dedikdə ölkədən çıxarılan bütün növ xammal,
yarımfabrikat və hazır məhsullar, idxal (import) dedikdə isə ölkəyə gətirilən bütün mallar başa düşülür.
Bunlardan başqa, xarici ticarətin gömrük statistikasında ödəniş vasitəsi kimi buraxılmayan qızıl, gümüş
və digər qiymətli metalların ixracı (idxalı), dövriyyədə olmayan qiymətli kağız, banknot və sikkələrin ixracı
(idxalı), BMT və digər təşkilatların birdəfəlik yardımların, xarici gəmi, təyyarə və avtomobillərinə satılmış
yanacaq, ərzaq və materialların, habelə bir il və daha uzun müddətə icarəyə verilmiş malların idxal (ixrac)
zamanı tam dəyərinin hesablanmasının hesabatını da aparır.
Azərbaycan Respublikasında idxal və ixrac əməliyyatlarının statistikası Yük Gömrük Bəyannaməsi
(YGB) əsasında aparılır.
Xüsusi gömrük statistikası aşağıdakı sahələr üzrə aparılır:
1) Bəyannamə statistikası-gömrük rejimi növləri üzrə malların idxal və ixracının hesabatı;
2) Gömrük ödənişlərinin statistikası-gömrük rəsmiləşdirilməsi yığımları, idxal gömrük rüsumları,
əlavə dəyər vergisi, aksizlər, gömrük yığımları;
3) Valyuta nəzarətinin statistikası-ixrac olunan malların miqdarı və dəyəri, valyuta qazanclarının
miqdarı və vaxtında daxil olması;
4) Ölkə mülkiyyətinə yönəldilmiş malların statistikası-qaçaqmalçılıq və xarici ticarət dövriyyəsi
qaydalarının pozulması nəticəsində müsadirə olunan malların dəyəri, qoyulmuş cərimələrin miqdarı;
5) Beynəlxalq poçt göndərişlərinin statistikası-Azərbaycan Respublikasına gətirilən və
Azərbaycan Respublikasından aparılan poçt göndərişləri;
6) Beynəlxalq daşımaların statistikası-Azərbaycan Respublikasından gedən və Azərbaycan
Respublikasına gələn nəqliyyat vasitələrinin hesabatı;
7) Sərnişin dövriyyəsinin statistikası-Azərbaycan Respublikasının sərhədini keçən fiziki şəxslərin
hesabatı.
Xarici iqtisadi fəaliyyət xidmətləri öz xüsusiyyətlərinə görə gömrük nəzarətindən keçməyən və gömrük
yük bəyannaməsində öz əksini tapa bilməyən, lakin xarici ticarət əməliyyatı sayılan xidmətlərdir.
Xidmət ticarəti material və qeyri-material kimi iki qrupa bölünür.
İdxal (ixrac) material xidmətləri özündə aşağıdakıları birləşdirir:
- nəqliyyat xidməti (gəmi qoşqusu, yük və sərnişin daşınması üçün ödənən xarici valyutanın
miqdarı);
- layihə-axtarış işləri;
- tikinti və quraşdırma işləri;
- saxlanc təsərrüfatı xidmətləri;
- rabitə xidmətləri;
- xarici nəqliyyat vasitələrinin, avadanlıqlarının, cihaz və s. təmiri (həm ölkə daxilində, həm də
xarici ölkələrdə)
- poliqrafiya işləri və s.
İdxal (ixrac) qeyri-material xidmətləri isə özündə:
- kommersiya xidmətlərini (maliyyə vasitəçiliyi, sığorta, maşın, avadanlıq, nəqliyyat və binaların
icarəsi, elmi-tədqiqat, reklam, hüquqi xidmət və s.);
- təhsil sahəsindəki;
- səhiyyə sahəsindəki;
- tullantıların kənarlaşdırılması və sanitariya xidmətlərini;
- istirahət, turizm, mədəniyyət və idman tədbirlərinin təşkili üzrə xidmətləri birləşdirir.
Gömrük statistikasının formalaşması üçün statistik informasiyanın əsas mənbələri aşağıdakılardır:
|