Azərbaycan torpaqlarının Rusiya və Osmanlı imperiyalarına qatılması. İstanbul müqaviləsindən sonra Osmanlı qoşunları Cənubi Qafqazı, o cümlədən Azərbaycan torpaqlarını tutmağa başladı. 1724-cü ilin yayında Osmanlı qoşunları Səlmas, Xoy, Mərəndi ələ keçirdi. Onlar həmin ilin avqustunda Təbrizi tutmağa cəhd etdilər, lakin Səfəvi qoşunları buna imkan vermədi. İrəvan, Naxçıvan, Ordubad, Qazax, Borçalı Osmanlı hakimiyyətini könüllü qəbul etdilər. 1725-ci ildə Osmanlı qoşunları əvvəlcə Təbrizi və Gəncəni, sonra isə Ərdəbili tutdular. 1726-cı ildə əfqanlarla bir neçə toqquşmadan sonra osmanlılar Həmədanı və Kirmanşahı ələ keçirdilər. Əfqanların başçısı Əşrəf xan osmanlıların tutduqları torpaqları təsdiq etməyə məcbur oldu.