Nadir xanın Osmanlılar üzərində qələbəsi. Xorasandan qayıtdıqdan sonra, 1732-ci ilin avqustunda Nadir xan II Təhmasibi hakimiyyətdən saldı. Onun oğlu Abbas Mirzəni – III Şah Abbası şah elan etdi, özünü isə onun qəyyumu təyin etdi. Nadir xan öncə Osmanlılarla bağlanmış Girmanşah müqaviləsini ləğv etdi və Osmanlılardan Səfəvi torpaqlarını geri qaytarmağı tələb etdi. Rədd cavabı aldıqda yüz minlik qoçunla bir neçə istiqamətdə hücuma keçdi. 1733-cü ilin yanvarında Bağdad ətrafında Osmanlı qoşunlarına böyük zərbə vuruldu. Əhməd paşa sülh təklifi etdi. Bağdadda sülh bağlandı. Sülhə görə Osmanlılar 10 il müddətində tutmuş olduqları Səfəvi torpaqlarını geri qaytarmağa razılaşdılar və buna qismən əməl etdilər.Nadir xan hərbi əməliyyatları Azərbaycanın şimalına keçirdi. 1734-cü ildə Şamaxı tutuldu, müqavimət göstərdiyinə görə şəhər dağıdıldı, əhalisi indiki Ağsu ərazisinə - Yeni Şamaxıya köçürüldü. Bundan sonra Nadir xan Qazıqumuxda gizlənmiş Surxay xanın üzərinə hücum etdi, Surxay xan qaçdı, Qazıqumux qarət edildi. Daha sonra Nadir xan Osmanlıların ən çox cəmləşdiyi Gəncə üzərinə hərəkət etdi. Şəhər 4 ay mühasirədə saxlandı. Mühasirədə saxlanılan osmanlılara kömək etməyə gələn qüvvələr Üçmüədzin ətrafında Nadir xan tərəfindən darmadağın ediləndən sonra Gəncədəki Osmanlı qarnizonu təslim oldu. Beləliklə, Osmanlılar Səfəvi torpaqlarından tamamlilə çıxarıldı.
Köhnə Səfəvi sülaləsinin nümayəndələri və feodal əyanları artıq xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. 1730-1736-cı illərdə Səfəvi İmperiyasının ali baş komandanı, 1732-1736-cı illərdə isə Şah III Abbasın qəyyumu olan Nadirqulu xan Əfşar III Şah Abbasın qəflətən ölümündən sonra, qədim Türk qaydasına görə,1736-cı ilin martın 21-də Suqovuşanda (indiki Sabirabad rayonunda Kürlə Arazın qovuşduğu yer) toplanmış Muğan düzündə qurultay çağırdı. Bu qurultaya hərbi, mülki və dini əyanlardan, şəhər və kənd başçılarından ibarət 100 minə yaxın adam toplanmışdı. Muğan qurultayında Nadir özünü şah elan etdi. Beləliklə, Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Keçmiş Səfəvilər imperiyasının ərazilərini əhatə edən və türk mənşəli Əfşarlar sülaləsi tərəfindən idarə edilən Əfşarlar imperiyası meydana gəldi.
Dostları ilə paylaş: |