Qaçqın və məcburi köçkün problemi. XIX əsrin 30-cu illərindən Şimali Azərbaycan torpaqlarında kütləvi şəkildə yerləşdirilən erməni əhalisi XX əsrin əvvəllərinə yerini möhkəmlətmişdi və onların sayı bu dövrdə artıq 1 milyon 300 minə çatmışdı. “Ermənistan” yaratmaq planları cızan daşnaklar XX əsrin əvvəllərindən Azərbaycanın türk-müsəlman əhalisinə qarşı etnik təmizləmə siyasətinə başladılar. 1905-1907-ci illərdən başlayan qanlı aksiyalar 1917-ci ilin oktyabrında çar Rusiysı dağıldıqdan sonra daha geniş miqyas aldı. 1918-1920-ci illərdə mövcud olan Ararat respublikası dövründə Azərbaycan türk əhalisinə qarşı qətliamlar erməni dövlətinin siyasəti kimi planlı şəkildə törədilməyə başladı. Nəticədə, 1918-1920-ci illərdə İrəvan quberniyasının 575 min əhalisindən 345 mini öldürülmüş və 220 mini qaçqın salınmışdı. Bu rəqəmlər 1932-ci ildə çapdan çıxan Z.Korkodyanın “Sovet Ermənistanının əhalisi (1831-1931-ci illər)” kitabında öz əksini tapmışdır.Ermənistanda bu dövrdə cəmi 10 min azərbaycanlı qalmışdı. Ermənilərin qırğın törətdiyi Zəngəzurdan, Şuşadan, Şamaxıdan da köçkün düşən azərbaycanlıların sayı çox idi.
AXC hökuməti qaçqın və köçkün düşənlərə yardım göstərilməsi məqsədilə təkcə 1918-ci ildə 21 milyon manat pul ayırmışdı. Yerli əhali də qaçqın və köçkünlərə yardım edirdi. 1919-cu ildə Bakı şəhəri və ətraf kəndlərin əhalisi qaçqınlara yardım məqsədilə 308 min manat pul toplamışdı. 1920-ci ilin dekabrından azərbaycanlı qaçqınların Qərbi Azərbaycana, yəni Ermənistan SSR-ə qayıdışı başladı və bu proses 1930-cu illərdə də davam etmişdi.