İlahi ziyafət


Bağışlanmaq istəyindən ibarət olan mühüm məsələni xatırlamaq



Yüklə 1,36 Mb.
səhifə10/23
tarix22.04.2017
ölçüsü1,36 Mb.
#15235
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

Bağışlanmaq istəyindən ibarət olan mühüm məsələni xatırlamaq

Mən ötən il mübarək ramazan ayının bu günlərində bu mübarək ayda tövbə etmək və bağışlanma istəmək barədə geniş söhbət etdim. Bu gün yenidən bu barədə bir elmi məsələ, yaxud Quran və hədis mövzusu kimi söhbət etmək niyyətim yoxdur. Sadəcə, çox mühüm və əziz olan mübarək qədr gecələrinin yaxınlaşması münasibəti ilə bu məsələni yada salmaq istəyirəm.

Mənim əzizlərim! Qardaş və bacılar! Birinci addım Allah-Taaladan bağışlanmaq istəmək və Allaha qayıtmaqdır. Tövbə odur ki, biz Allaha sarı qayıdaq. Siz harada olsanız, kamilliyin hansı həddində olsanız, hətta Əmirəlmöminin (ə) həddində olsanız da, bağışlanma diləməyə ehtiyacınız var. Allah-Taala Peyğəmbərinə (s) buyurur: "Günahının bağışlanmasını dilə"1; "Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə"2. Allah-Taala Quranda dəfələrlə Peyğəmbərinə (s) "bağışlanmaq dilə" deyə buyurmuşdur. Peyğəmbər (s) məsum olsa da, günah etməsə də və Allahın əmrindən çıxmasa da, ona bağışlanmasını diləməyi əmr edir.

Əlbəttə, ölvliyaların və böyük insanların bağışlanma diləməsinin növü başqa bir mövzudur. Onlar bizim kimilərin etdiyi günahlara görə bağışlanmaq istəmirlər. Onlar belə günahları etmirlər, onların məqamları ucadır. Onlar Allaha çox yaxın olduqlarından, bizə halal və bəlkə də müstəhəb olan bəzi işlər onlar üçün maneədir. Onlar bu məqama uyğun şəkildə bağışlanmaq istəyirlər; həm də bu, ciddi istəkdir, formal deyil.

Kumeyl duasına baxın. Rəvayətlərə görə bu dua Əmirəlmöminindən (ə) nəql olunmuşdur. O həzrət Kumeyl duasında əvvəldə əfv diləməyə başlayır. Əvvəlcə Allahı adına, qüdrətinə, əzəmətinə, calal və camal sifətlərinə and verir və sonra bağışlanmaq istəməyə başlayır: "İlahi! Mənim həya pərdələrini yırtan günahlarımı bağışla"3. Əbu Həmzə Sumali duası və bu böyük insanların etdiyi digər dualar da belədir. Mənim və sizin əfv diləməyə ehtiyacımız var. Ey əziz möminlər! Ey pak və təmiz qəlbli insanlar! Məbada məğrur olub deyəsiniz ki, biz günah etməmişik. Xeyr! Biz bilmədən və bilərəkdən çoxlu günahlara qərq olmuşuq. Bizim gördüyümüz yaxşı işlər Allahın nemətləri və ilahi şükrün haqqı qarşısında heç nədir. Biz layiqincə şükür edə bilmərik, bunu bacarmarıq. Məgər insan ilahi lütf və mərhəmətə bir an da ehtiyacsız ola bilərmi?! Həmişə möhtacıq, həmişə də Allah bizə lütf edir: "Sənin xeyrin bizə nazil olur".1 Biz isə layiqli şükür etməyə acizik və hər halda əfv diləmək lazımdır.
Qədr gecəsi - bağışlanma və üzr istəmək fürsəti

Qədr gecəsi bağışlanma və üzr istəmək üçün bir fürsətdir. Allah-Taaladan üzr istəyin. Allah-Taala mənə və sizə Ona sarı qayıtmaq, əfv diləmək və üzr istəmək şansı vermişsə, bundan istifadə edək. Əks təqdirdə, Allah-Taalanın "Üzr istəmələri üçün onlara izin verilməz"2 deyə buyurduğu bir gün gəlib çatar. Allah eləməmiş, qiyamətdə bizə üzr istəmək icazəsi verilməyəcək. Günahkarlara icazə verilməyəcək ki, ağızlarını açıb üzr istəsinlər. Ora üzr istəmək yeri deyil, burada isə imkan var, icazə var. Burada üzr istəmək sizi bir pillə yüksəldir, günahlarınızı yuyur, sizi təmizləyir, nurlu edir. Odur ki, Allah-Taaladan üzr istəyin, burada imkan varkən Allahın diqqətini özünüzə yönəldin, Allahın lütf və məhəbbətini özünüzə şamil edin. "Məni yada salın ki, Mən də sizi yada salım"3.

Qəlbinizi Allah-Taalaya yönəltdiyiniz və Allahı xatırladığınız anda Allah-Taalanın lütf, mərhəmət və şəfqət gözü sizə baxır, əfv və bəxşiş əli sizə sarı uzanır. Özünüzü Allahın yadına salın, əks təqdirdə elə bir gün gələcək ki, günahkarlara ünvanlanan ilahi müraciətdə deyiləcək: "Biz sizi unutduq"4. Gedin, biz sizi unutduq. Qiyamət səhnəsi belədir.
Ramazanın il ərzində və qədr gecəsinin ramazan ayında ən yaxşı fürsət olması

Bu gün Allah-Taala sizə yalvarmaq və ağlamaq icazəsi vermişdirsə, əlinizi Ona sarı uzadın, məhəbbət bildirin, sevgi dolu göz yaşlarınızı səmimi qəlblərinizdən gözlərinizə axıdın, bu fürsəti fövtə verməyin. Əks təqdirdə, elə bir gün gələcək ki, Allah-Taala günahlaklara buyuracaq: "Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir kömək yetişməz"1. Gedin, ağlayıb-yalvarmanızın faydası yoxdur. Allaha sarı qayıtmaq üçün bizə həyat fürsəti verilmişdir. İlin bəzi günləri ən yaxşı fürsətlərdir. Mübarək ramazan ayı və bu mübarək ayda olan qədr gecəsi də onlardandır.

Qədr gecəsi bu üç gecədədir. Mərhum Mühəddis Quminin nəql etdiyi bir rəvayətə görə, soruşdular ki, bu üç gecənin, yaxud 21 və 23-cü gecələrin hansı qədr gecəsidir. Cavabda deyildi ki, insanın iki, yaxud üç gecəni qədr gecəsi bilməsi çox asan işdir. Bu üç gecə arasında şəkkə düşməyin əhəmiyyəti yoxdur. Məgər üç gecə nədir ki? Elə şəxslər olub ki, bütün ramazan ayını əvvəldən axıra qədər qədr gecəsi sayıb, həmin gecənin əməllərini etmişlər. Bunun qədrini bilin.

Öz Allahı ilə əlaqəsini belə düzəldib Allahın evinə gedən, Allahdan səmimi şəkildə istəyən və sədaqətlə Ona sığınan bir xalq heç zaman bədbəxt və başıaşağı olmaz, fəsada, xarlığa düçar olmaz, düşmənin əsirinə çevrilməz və daxili ixtilaflara getməz. Xalqların başına gələn bu fəlakətlər öz səhlənkarlıqlarına, qafilliklərinə, günahlarına və fəsadlarına görədir. Allahın qapısına gedən şəxs özünü günahdan çəkinməyə və məsumluğa bir addım yaxınlaşdırır.

Allaha sığınaq, Allahdan istəyək, Allah üçün işləyək, addım ataq və qəlbləri Allaha tapşıraq. Allahı xatırlamaqla mənəvi paklığını günbəgün artıraq. Ürəklər təmiz olanda, dünyaya çəng atmayanda, dünyanın və maddiyyatın əsiri olmayanda cəmiyyət həqiqətən nurlu, səmimi və pak cəmiyyət olur. Belə insanlar yaxşı çalışırlar, yaxşı işləyirlər, öz dünyalarını da yaxşı qururlar. Şəxsi dünyaya vurğun olmamağın mənası dünyanı abadlaşdırmamaq deyil. Dünyanı abadlaşdırmaq Allah üçün görülən və axirətə aid olan işlərdəndir. Maddi həyatın abadlaşmasına səbəb olan hər bir iş Allahın bizdən istədiyi iş və bir axirət əməlidir. O da Allahı xatırlamaqla baş versə, daha yaxşı, daha asan, daha ürəkaçan və daha kamil şəkildə görüləcək.

Bu günlərin qədrini bilin. Qədr gecələrinin həqiqətən qədrini bilin. Quran açıq şəkildə buyurur ki, bu gecə min aydan yaxşıdır.2 Bu çox dəyərli məsələdir. Bu gecə mələklərin nazil olduğu, Ruhun nazil olduğu, Allah-Taalanın salamatlığa bürüdüyü bir gecədir. "Salam"ın mənası insanlara ilahi salam, həm də sağlamlıq, sülh, əmin-amanlıq, insanlar və cəmiyyətlər arasında səmimiyyətdir. Mənəvi baxımdan belə bir gecədir. Qədr gecələrinin qədrini bilin. Ölkə məsələləri, öz işləriniz, müsəlmanların və İslam ölkələrinin problemləri üçün dua edin.

İslam ölkələrinin nə qədər problemləri var. Bu problemlərin həllini Allahdan istəyin. Bütün insanlar üçün dua edin; insanların hidayəti, özünüz, həyatınız, məmurlarınız, ölkəniz, ölənləriniz və Allah-Taaladan istədiyiniz hər bir şey üçün dua edin. Bu saatların və dəqiqələrin qədrini bilin. Mən siz əziz qardaş və bacılarımın hamısından istəyirəm ki, bu mübarək qədr gecələrində dua edərkən bizi unutmayın.

Tehranın cümə namazı xütbələrindən: 1998.



Fitr bayramı – yaxşı əməl sahiblərinin mükafat aldığı və pis əməl sahiblərinin ziyan gördüyü gün

Fitr bayramı çox əzəmətli və mühüm bir gündür. Birinci xütbədə siz əziz qardaş və bacılara Əmirəlmöminindən (ə) bu gün haqda bir hədis söyləyəcəyəm. Ümidvaram ki, həm özümə, həm də sizə nəsihət olacaq.

Şeyx Səduq İmam Sadiqdən (ə) və o da babalarından nəql edir ki, fitr bayramında Əmirəlmöminin (ə) camaata buyurdu: "Ey insanlar! Bu gün yaxşı əməl sahiblərinin mükafat aldığı və pis əməl sahiblərinin ziyan gördüyü gündür".1 Ramazan ayını ibadətlə və mənəvi işlərlə keçirənlər bu gün Allah-Taaladan öz mükafatlarını alırlar. İxlaslı orucun, Quran oxumağın, gecə yarısı yuxudan oyanmağın, münacatın, duanın, maddi yardımların, ehsanın, siz əziz gənclərin və İslam həqiqətləri ilə tanış olan siz mömin xalqın mübarək ramazan ayında gördüyü bütün işlər bu gün ruhani aləmdə sizə təqdim olunur.

"Bu gün qiyamət gününə ən çox bənzəyən gündür"2. Bu gün yaxşı əməl sahiblərinin mükafat aldığı və pis əməl sahiblərinin ziyan gördüyü gün olduğundan qiyamət gününə bənzəyir. Dünya həyatını yaxşı əməllə keçirənlər qiyamətdə savab görəcək, qəlbləri və gözləri ilahi nəzərlə işıqlanacaq, lakin dünyanı qəflət içərisində, pis işlərlə, zülmkarlıqla, Allah-Taalaya itaətsizliklə, ehtiraslarla, eqoistlik və xudpəsəndliklə keçirənlər o gün ziyan görəcəklər.

Əmirəlmöminin (ə) bu bənzətmədən və bu zərif məqama toxunduqdan sonra belə tövsiyə edir: "Bayram namazı qılmaq üçün evinizdən çıxdığınızda Rəbbinizə sarı getmək üçün qəbirlərdən çıxacağınız günü yada salın; namazda ayaq üstə durduğunuzda (qiyamət günü) Rəbbiniz önündə duruşunuzu yada salın; (namazdan sonra) evinizə qayıdarkən (qiyamət günü) cənnətdəki mənzillərinizə qayıtmanızı yada salın"3. Bu gün olduğu kimi, o gün də yaxşı əməl sahibləri üçün savab və mükafat günü, günahkarlar üçün isə zərər və ziyan günü olacaq.

Ömrün hər bir anının qədrini bilin. Ömrünüzün saatlarından yaxşı işlər üçün istifadə edin, özünüzü Allaha yaxınlaşdırın. vaxtınızı Allah yolunda çalışmaqla keçirin. Həyatın saatları, illəri ildırım sürəti ilə ötür. Qiyamət günü bu anları xatırlayacaqsınız. Xoş yaxşı əməl sahiblərinin halına və yazıqlar olsun ziyankarların halına!

Fitr bayramı namazının xütbələrindən: 1998.

Ətirli və mübarək ramazan ayı – nur qazanmaq imkanı

Ramazan ayı ətirli, mübarək və əziz aydır, Allah ayıdır. Allaha şükür olsun ki, iki-üç ildir ölkədə yaxşı ənənə başlanmışdır; ramazan ayından öncədən bu aya hazırlıq üçün məscidlər abadlaşdırılır, ətirlənir, təmizlənir və bu mübarək ayın gəlişi hiss olunur. Xüsusən siz gənclər bu ayın ətrini öz pak və nurlu qəlblərinizdə bacardığınız qədər gücləndirin. Sizdə olan bu nurun parıltısı ətraf mühitinizə mütləq öz təsirini bağışlayacaq.

Ruhanilərlə görüşdə çıxışından: 1998.

Ramazan ayının gəlişi münasibəti ilə təbrik

Əvvəla mübarək ramazan ayının gəlişi münasibəti ilə namazda iştirak edən və oruc tutmuş siz mömin qardaş və bacıları, Allahın lütfü ilə etiqad, əməl və iman təməlləri müsəlman xalqlar arasında nümunəvi olan əziz xalqımızı təbrik edirəm. Ümidvaram bu ay bu ölkə, xalq və məmurlar üçün mübarək olsun! Allahın mənəvi və maddi bərəkətləri hamıya nəsib olsun! İkincisi isə bu fürsətdən istifadə edərək özümü və sizi ilahi təqvaya çağırıram.


Ramazan - Allaha yaxınlaşmaq və insani xislətləri dirçəltmək fürsəti

Mənim əzizlərim! Oruc və imsak fürsətinin, ibadət və mənəviyyat şəraitinin qədrini bilək və özümüzü bir qədər Allaha yaxınlaşdıraq. Günahlardan uzaqlaşmaq, bacardıqca yaxşı və ibadət əməlləri etmək, özündə insani əxlaqı, rəftarı, xüsusiyyət və xislətləri bacardıqca gücləndirmək bu ayda hər kəs və hər bir toplum üçün bərəkət amili olan işlərdir. Qurandan dərs götürək, dualardan dərs və hikmət öyrənək. Öz yaranışımızın məqsədi haqda, öz Allahımızın böyük nemətləri və üzərimizə düşən böyük vəzifələr haqda bir qədər düşünək, fikirləşək; ölüm, Allahın sorğusu və ixlasla olduğu təqdirdə ibadət və əməllərin dəyəri barədə fikirləşək. Bu zaman ramazan ayı həqiqətən mübarək ay olacaq. Ümidvaram bu mübarək ayda bizim hamımız üçün belə bir imkan yaransın.


İlahi vədlər

  1. Duanın qəbul olunması;

Bu gün birinci xütbədə Allahın duanın qəbul olunmasına dair vədi haqda bir qədər söhbət etmək istəyirəm. Ramazan ayında bizim vəzifələrimizdən biri dua etməkdir. Dua insanı Allaha yaxınlaşdırır, dini inancları insanın qəlbində həmişəyaşar və təsirli edir, imanı gücləndirir. Bundan əlavə, Allahdan istək dilənən duanın məzmunu qəbul və insanın istəyi təmin olunur. Yəni dua bir neçə cəhətdən böyük faydalara malikdir. Odur ki, Qurani-kərimdə dəfələrlə duadan və Allahın saleh bəndələrinin etdiyi dualardan söz açılmışdır. Onların hamısı bizə dərs verməkdən ötrüdür. Allahın peyğəmbərləri çətin anlarda Allaha dua edib kömək istəyirdilər: “Rəbbinə dua edib: “Mən məğlub olmuşam, məni qalib et!” – dedi”.1 Bu, həzrət Nuhun (ə) dilindən nəql olunmuşdur. Yaxud həzrət Musanın (ə) dilindən belə nəql olunmuşdur: “Sonra Rəbbinə belə dua etdi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”2 Musa Allaha şikayət etdi və Ona sığındı.

Allah-Taala Quranın bir neçə ayəsində duanı qəbul edəcəyinə söz vermişdir. Biri bu mübarək ayədir: “Rəbbiniz buyurdu: “Məni çağırın, sizə cavab verim!”3 Yəni sizin Rəbbiniz buyurub ki, Məni çağırın və Mən sizə cavab verim. Cavab vermək istəyi tam təmin etmək mənasında olmaya da bilər. Bəzən yaranış qanunları Allahın o istəyi tam təmin etməməsini tələb edə bilər. Bəzi qanunlar səbəbindən o istəyin təmin edilməsi, yaxud tezliklə təmin edilməsi mümkün olmaya bilər. Digər yerlərdə ümumi qayda kimi Allah-Taalanın cavabı sizin istəyinizi təmin etməkdir. Necə ki, ramazan ayının gecələrində oxunan şərafətli Əbu Həmzə Sumali duasında buna işarə vurulmuşdur. Quranda buyurmuşdur: “Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir“.4 Allah alim olsa və sizin ehtiyaclarınızı bilsə də, siz Allahdan istəyin və Ona deyin. Bu ayəni duada qeyd edir. Düzdür, şərafətli duada bir qədər fərqli göstərilmişdir. Sonra buyurur ki, ilahi, xalqı istəməyə dəvət etmək, ancaq istəklərini verməmək sənin xislətinə yaddır.5 Yəni Allahın səxavətinin, rəhmətinin və əhatəli qüdrətinin mənası budur ki, əgər istəmənizi deyirsə, istəyinizi verməyə də iradə etmişdir. Bu, Allahın sözügedən vədəsidir. Xütbənin əvvəlində oxuduğum həmin ayədə açıq-aşkar deyilir: “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm“.6 Yəni Mənim bəndələrim nə zaman səndən harada olduğumu soruşsalar, ey Peyğəmbər, de ki, yaxınam, cavab verirəm, Məndən istəyən və Məni çağıran şəxsin duasını və istəyini qəbul edirəm. Kim Allahı çağırsa, qarşısında cavabı var. İmam Rzadan (ə) nəql olunmuş hədisdə də göstərilir ki, Allahdan istənilən hər bir istəyin qarşısında qəti bir cavab vardır.1 Bu çox mühüm məsələdir və Allahın mömin bəndələri onun qədrini bilməlidirlər. İmanı olmayan şəxs təbii ki, digər çoxlu imkanlar kimi bu imkandan da istifadə etməyəcək. Bu, Allahın qəti vədəsidir. Yəni Allah-Taala hər istəyə cavab verəcək. Bu bir vədədir və əlbəttə, hər bir vədənin də şərtləri var. Mən burada ilahi vədlər haqda olan ayələri toplamışam. İndi geniş danışmaq istəmirəm, amma ixtisarla bəzi məqamlara toxunacağam.


2, 3. Yaxşı əməl sahiblərinə mükafat və pis əməl sahiblərinə cəza verilməsi

Allah-Taalanın öz bəndələrinə verdiyi çoxlu vədlərdən biri də budur. Allahın vədlərindən biri budur: "Kim saleh əməl etsə, özü üçün etmiş və kim pis iş görsə, özünə pislik etmişdir". Hər kəsin pisliyi özünə qayıdır. Allahın vədlərindən biri də budur: "Biz yaxşı əməl edənlərin mükafatını zay etmərik". Allah-Taala yaxşı iş görənlərin mükafatını yaddan çıxarmaz. Bu yalnız axirətə məxsus deyil, dünya və axirətə aiddir; ya dünyada, ya axirətdə. Başqa bir vədə budur: "Kim fani dünyanı istəsə, isədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik". Kim yaxın xeyri, yəni dünyanı məqsəd seçsə və axirətlə maraqlanmasa, biz onun məqsəd seçdiyinə kömək edərik; yəni onu məqsədinə çatdırarıq. Əlbəttə, bunun şərtləri var. Əgər çalışsa, zəhmət çəksə, o məqsədlərə çatar. Görürsünüz ki, bəzi xalqlar çalışdılar, zəhmət çəkdilər, qənaət lazım olanda qənaət etdilər və böyük yerlərə çata bildilər. Həmin ayənin ardınca buyurur: "Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar. Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik". Dünyanı qazanmaq istəyənlərə də kömək edərik, axirəti qazanmaq istəyənlərə də. Burada dünya səyi Allahın razılığını qazanmaq qarşısında qeyd olunur. Buyurur ki, onlara da kömək edərik. Bu, xilqətin qanunudur. Bu, Allahın dünya üçün yazdığı qanundur. Yəni əgər səy göstərib zəhmət çəksəniz, mütləq nəticə görərsiniz. Allah-Taala heç bir səyi nəticəsiz qoymur, ardınca mütləq bir nəticə gəlir. Bəzən insanlar o nəticəni tanıya bilir, onu məqsəd seçir və ona da çatırlar. Amma bəzən o əməldən doğan nəticəni düzgün tanımır və başqa bir nəticə ardınca gedirlər, amma o əməl öz nəticəsini verir və hər halda, nəticəni görürlər. Buna əsasən, Allah-Taala heç bir səyi mükafatsız qoymamışdır.


4. Möminlərin və saleh insanların Yer üzündə canişin olması

Allahın başqa bir vədi budur: "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə onları özlərindən əvvəlkilər kimi Yer üzünün varisləri edəcəyini söz vermişdir". Bu da qəti bir vədədir: hansı qövmün, hansı xalqın və hansı cəmiyyətin imanı və saleh əməli olsa, Allahın Yer üzündə canişini olacaq, yəni hakimiyyətə yiyələnəcək, bunun oyan-buyanı yoxdur. İmanı olanlar saleh əməli onunla yanaşı etdikləri zaman həmin hadisə baş verdi. Müsəlman İranda bu hadisə baş verdi. Bizim tariximizin hansı dövründə belə bir vəziyyət yarandısa, həmin hadisə baş verdi: "Onları özlərindən əvvəlkilər kimi Yer üzünün varisləri edəcəyini, onlar üçün Allahın Özünün bəyəndiyi dinlərini (İslamı) möhkəmləndirəcəyini söz vermişdir". Əgər iman olsa, amma saleh əməl olmasa, Allahın Yerdəki canişini olmayacaqlar. Quru, boş və əməlsiz imanın nəticəsi yoxdur, əməllə yanaşı olduqda isə, mütləq həyata keçəcək.


5. Allah yolunda cihad edənlərə yardım və hidayət

Allahın başqa bir vədi budur: "Bizim uğrumuzda çalışanları mütləq öz yollarımıza yönəldərik". Kim Allah yolunda çalışsa, Allah mütləq yolu ona göstərəcək. Biz gənclik çağında, İslam bilgiləri ilə tanışlığın əvvəllərində bunları oxuyurduq, deyirdik, etiqadımız vardı, inanırdıq, amma bizim üçün tam aydın deyildi. Bilirdik ki, Allahın sözü doğrudur, amma onu təcrübə etməmişdik. Bu gün isə təcrübə olunmuşdur. Siz gənclərin əsla yadınızda deyil, bəzi ortayaşlıların da yadında deyil, bəzilərinin isə yadındadır ki, İslam hərəkatı dövründə bu gün İslamın beşiyi və mərkəzi olan bu İranda, yaxud Tehranda kimsə yalnız özü müsəlman yaşamaq istəsəydi, həqiqətən mümkün deyildi, çətin idi. Yəni kimsə digərlərini hidayət və tərbiyə etmədən özü kamil şəkildə müsəlman yaşamaq istəsəydi, olmurdu, müxtəlif maneələr vardı. Əgər kimsə Qumda bir kişinin başladığı, bir qrup tələbənin də ətrafına toplaşdığı, fəryad qoparan kimi adamların tez tutulub zindana aparıldığı, vurulduğu, işgəncə verildiyi bu hərəkatın bir gün Allah adamlarının, həqiqət yolçularının dözümü və müqaviməti, hidayət olmuş və hidayət edən o şəxsin rəhbərliyi nəticəsində bütün ölkənin diqqətini özünə yönəldəcəyini, bütün qəlbləri cəzb edəcəyini və bütün xalqı səhnəyə gətirəcəyini desəydi, heç kəs inanmazdı. Əgər o zaman bir xalqın meydana qoşulması sayəsində hökumətin İslam hökuməti olacağını desyədilər, heç kim inanmazdı. Ancaq bu, Allahın vədi idi və şərtlərə əməl olunduğuna görə həyata keçdi.



Lazım deyil ki, dua həmişə təbii qanunları pozsun və onların ziddinə getsin. Xeyr! Dua təbii qanunlar çərçivəsində qəbul olunur və istəyiniz təmin edilir. Bu, Allahın qüdrətidir: qanunları təmin edir, bir-birinin yanına qoyur və sizin istəyiniz həyata keçir. Əlbəttə, sizin duanız başqa bir ilahi qanunla ziddiyyət təşkil etsə, qəbul olunmaz. Allahın vədi haqdır, lakin o biri vəd də düzgündür. İşsiz dayanıb, öz məqsədləri yolunda çalışmayan şəxslərin məqsədə çatmasına zəmanət verilmir. Sən dua etməyində ol, bəllidir ki, bu duanın qəbul olunmaq şansı çox deyil. Bəli, bir də gördünüz qəbul olundu, lakin buna zəmanət yoxdur. Siz təbiətin bir qanununun ziddinə dua etsəniz, qəbul olunmasına zəmanət verilməyəcək; baxmayaraq ki, bəzi yerlərdə, şübhəsiz, dua qanunları da yarıb keçir. Lakin duanın qəbul olunduğunu deyiriksə, sizin duanızın digər ilahi qanunlarla ziddiyyətdə olduğu, yanında əməlin olmadığı, yaxud duanın özünün diqqətlə edilmədiyi təqdirdə, yenə də qəbul olunacağını söyləmirik. Xeyr! Duada Allah-Taaladan həqiqətən istəmək lazımdır. Bu dua qəbul olunur. Əgər bu duanın yanında böyük məqsədlər yolunda əməl və fəaliyyət olsa, bu duanın qəbul olunmaq şansı doğrudan da çox olar. Dua davamlı olduqda onun qəbulolunma şansı çoxalır. Əgər bir dua bir neçə dəfə təkrar olunsa, amma qəbul olunmasa, məyus olmaq lazım deyil; xüsusən böyük məsələlərdə, insanın, ölkənin və xalqların taleyinə aid olan məsələlərdə. Çünki bəzən böyük işlərin həyata keçməsi uzun zaman tələb edir.
Quranda Musanın (ə) əhvalatı - ilahi vədlərin həyata keçməsinə bir nümunə

Mən söhbətimin sonunda sizə bir Quran əhvalatı danışmaq istəyirəm. Qoy həm deyilənlərə misal olsun, həm də ramazan ayının cümə günündə qəlbləriniz işıqlansın! Musa (ə) zalım və müstəbid fironun hökumətində dünyaya gəldi. Bu oğlan uşağının öldürülməsi qəti idi, ana isə çıxış yolu axtarırdı. Əgər qız olsaydı, nigaran olmazdı. Ana ürəyi uşağının eşqi ilə yanır, amma nə edəcəyini bilmir. Bu zaman ilahi vəhy, ilham anaya deyir: "Musanın anasına vəhy etdik ki, ona süd ver". Ona süd ver, qorxma, təhlükə çoxaldıqda, uşağın düşmən əlinə keçməsindən qorxduqda onu səndən almalarına izin vermə, suya at. Allah-Taala bu əhavalatı Quranın bir neçə yerində söyləmişdir; hər bir yerdə də bir gözəllik və incəliklə. Bu ana təhlükənin onu təhdid etdiyi bir şəraitə düşdü. Uşağı almaq üçün bu möhtərəm Bəni-İsrail ailsənin evinə tökülüşdülər. Musanın (ə) anası uşağın əldən çıxacağını anlayıb onu Nil çayına atdı. Çox mühüm məsələdir. Ana öz uşağını bir sandığa qoyub axar çaya necə ata bilər? Allah-Taala burada bu anaya iki vəd verdi: biri budur ki, uşağı sənə qaytaracağıq; ikincisi budur ki, onu şəriət sahibi olan mürsəl peyğəmbərlərdən edəcəyik: "Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də şəriət sahibi olan peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik". Bu uşağı təlatümlü çaya atdıqan sonra Musanın bacısına dedi ki, onun ardınca get, gör nə baş verəcək və bu uşağın taleyi necə olacaq. Nəhayət, bu uşaq Nil çayı ilə fironun evinin yaxınlığına çatdı. Fironun ailəsi onu götürdü. Allah ürəklərinə saldı ki, onu saxlasınlar. Fironun xanımı dedi ki, bu uşağı özümüz üçün saxlayaq. Uşaq heç kimdən süd əmmədi; nə qədər dayə gətirdilərsə, heç birinin döşünü əmmədi. Acdır, süd istəyir. Bu arada Musanın bacısı gəlib dedi ki, istəyirsinizsə mən bir süd verən tapım? Baxın, Allah-Taala duanı qəbul etmək və vədini həyata keçirmək istədikdə şəraiti belə hazırlayır. Bu qızın ürəyinə salır və ona cəsarət verir ki, gəlib fironun məmurlarına belə bir təklif irəli sürsün. Onlar dedilər ki, eybi yoxdur. O gedib Musanın (ə) anasını gətirdi və dedi ki, bu qadın südverən qadındır. Musanı (ə) ona verdilər. Anasının ətrini duyub süd içməyə başladı. Burada fironun adamları şübhələnib onun bu uşağın anası olduğunu bilmədilər. Allah-Taala öz vədinə əməl etmək istəyir: "Beləliklə, gözü aydın olsun, (oğlunun ayrılığına) kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə, onu anasına qaytardıq". Bu vədin düzgün olduğunu özü gördü, amma sonrakı vəd budur: "Onu şəriət sahibi olan peyğəmbərlərdən edəcəyik". Musanın (ə) illər sonrakı peyğəmbərliyinin xəbəri həmin yerdə verildi. Bütün Bəni-İsrail bilsin ki, bu uşaq peyğəmbər olacaq, Allah tərəfindən seçiləcək və sizi xilas edəcək. Elə də oldu. Əlbəttə, Allah-Taalanın bunu Musanın (ə) anasının qəlbinə ilham etməsindən onun Tur dağında peyğəmbərlik məqamına çatıb Bəni-İsraili xilas etməyə əmr olunmasına qədər otuz-qırx il zaman ötdü. Hədislərdə bəzi sözlər var, amma adam bu hədislərin sənədlərinə çox da etimad etmir, lakin ayələrdən belə nəticə çıxır ki, ən azı otuz il ötdü.
Ramazan ayının qədrini bilməyə dair tövsiyə

Mənim əzizlərim! Ramazan ayıdır. Dua edin, duanın qədrini bilin, zamanın qədrini bilin. Böyük diləkləri, İslam ümmətinin ehtiyaclarını, İslam ölkəsinin ehtiyaclarını, öz xalqınızın ehtiyaclarını, öz şəxsi ehtiyaclarınızı yada salın, onları yalvarmaqla və ciddi şəkildə Allah-Taaladan istəyin. Hər kəs etdiyi duaya lazım olan əməli yerinə yetirməyə dair öhdəlik götürsün, onun üstündə dursun və Allah yolunda çalışmağa hazır olduğunu desin. Əlbəttə, bu çalışmaq həmişə döyüşmək, cəbhəyə getmək, döyülmək və bu kimi məsələlər demək deyil, yalnız bəzi yerlərdə elədir. Lakin həmişə sədaqətli olmaq, təməl və prinsip üzərində dayanmaq, gələcəyə ümid bəsləmək, düşməni düşmən bilmək deməkdir. Dua fürsətindən istifadə edin. Allah-Taala bu duaları qəbul və istəkləri təmin edəcək. Əgər bizim cəmiyyətimiz təqvalı, dua edən və mənəviyyatlı cəmiyyət olsa, onun çoxlu maddi problemləri də, şübhəsiz, aradan qalxacaq.

Tehranın cümə namazı xütbələrindən: 1998.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin