Ascomycota şöbəsinə daxil olan unlu şeh göbələkləri yalnız angiosperm bitkilərin obliqat, biotrof
parazitləri olub, kənd təsərrüfatına, dekorativ bitkiçiliyə, eləcə də meşəçiliyə böyük iqtisadi ziyan
vurur. Onların törətdiyi xəstəliklər geniş yayılıb və asanlıqla tanınır. Lakin hər bir unlu şeh göbələk
növü sahib bitkilərin səciyyəvi və məhdud diapazonunu əhatə edir.
Sahib bitki kimi ağaclar üzərində saprofit və parazit halda külli miqdarda müxtəlif göbələklər
məskunlaşır ki, onların bir qrupunu unlu şeh göbələkləri təşkil edir. Son məlumatlara görə respublika
ərazisində bitən ağac və kol bitkiləri 72 fəsilə və yarım-fəsilə, 185 cinsə aid 715 növdən artıqdır. Meşə
ağaclarından əsasən fıstıq (Fagus L.), palıd (Quercus L.), vələs (Carpinus L.), göyrüş (Fraxinus L.),
ağcaqayın (Acer Linn.), qızılağac (Alnus Mill.), şabalıd (Castanea Mill.), çinar (Platanus L.), söyüd
(Salix L.) və qarağac (Ulmus Mirb.) cinslərinə aid növlərə respublika ərazisində rast gəlinir.
Respublika ərazisinin mikobiotasının öyrənilməsi tarixinə nəzər saldıqda meşə ağaclarının unlu şeh
göbələklərinə dair məlumatlara rast gəlirik. Quba-Xaçmaz massivinin öyrənilməsində böyük
xidmətləri olan N. Mehtiyeva bu bölgə üçün 1956-cı ildə nəşr olunan məqaləsində Acer laetum C.A.
Mey. – Oidium aceris Rabenh. və Quercus longipes Stev. - O. alphitoides Griff. & Maubl.
kombinasiyası haqqında məlumat vermişdir [11]. Həmin əraziyə aid 1959-cu ildə dərc edilən digər
məqaləsində o, Acer campestre Linn., Salix sp. L. və Carpinus sp. L. üzərində yayılan üç unlu şeh
göbələk növünü: Sawadaeae bicornis (Wallr.: Fr.) Homma (Syn: Uncinula aceris Sacc.), Erysiphe adunca (Wallr.) Fr.var. adunca (Syn: U. salicis f. salicis Jacz.), Phyllactinia carpini (Rabenh.) Fuss.
(Syn: Ph. suffulta f. carpini betuli Jacz.) göstərmişdir [12].
S. Cəfərov 1958-ci ildə Microsphaera Lev. cinsinə aid dərc etdirdiyi məqaləsində Talışda bitən
palıdın bütün növləri üzərində yayılan Erysiphe alphitoides (Griff. & Maubl.) U.Braun & S.Takam.
(Syn: Microsphaera alphitoides Griffon et. Mauble.) haqqında ətraflı məlumat vermişdir [7]. O, 1959-
cu ildə həmin ərazidə Ulmus foliaceae Gilib. üzərində ilk dəfə olaraq aşkar etdiyi Uncinula clandestina Schr. f. ulmi-foliaceae Dzhaf. (hazırda E. ulmi Castagne var. ulmi-foliaceae) göbələyinin
təsvirini vermişdir və sonralar Azərbaycanın digər bölgələrində bu takson qeyd edilmişdir [9]. Talışda
yayılan unlu şeh göbələklərinə həsr olunmuş digər məqalədə meşə ağaclarından Salix caprea L.
üzərində E. adunca var. adunca, Ulmus foliaceae Gilib. üzərində E. ulmi var. ulmi-foliaceae və Acer campestre Linn. üzərində Sawadaea bicornis taksonları haqqında məlumat vermişdir [8].
Dağlıq Qarabağın mikoflorasının tədqiqatçısı B. Hüseynova 1961-ci ilin eyni adlı məqaləsində
meşə ağaclarından palıd üzərində E. alphitoides, Ph. angulata (E.S. Salmon) S.Blumer var. angulata (Syn: Ph. suffulta Sacc. var. angulata Salm.), vələsdə Ph. carpini, göyrüşdə Ph. fraxini (DC.) Fuss.
(Syn: Ph. suffulta f. fraxini DC.) və qarağacda E. ulmi var. ulmi-foliaceae, Ph. angulata var. ulmi U.
Braun (Syn: Ph. suffulta f. ulmi Jacz.) növ və növdaxili taksonlarını qeyd etmişdir [4].
T. Axundov 1965-ci ildə dərc olunan məqaləsində Naxçıvan ərazisində bitən meşə ağaclarından
qarağac və göyrüş üzərində Phyllactinia Lév. cinsinə aid bir növ və bir növdaxili takson (Ph. angulata f. ulmi, Ph. fraxini), eyni ildə nəşr olunan, ilkin məqalənin davamı olan digər məqaləsində isə söyüd