Metal-saxsı məmulatın işlədildiyi sahələr. Hazırda toz metallurgiyası texnikada mühüm yer tutmuşdur. Təkcə onu qeyd etmək olar ki, müasir avtomobildə 100-ə yaxın metal-saxsı məmulat vardır.Toz metallurgiya üsulu ilə bunları hazırlayırlar: radio lampalarının metal detallarını; elektrik lampalarının közərmə tellərini (çətinəriyən metalların-volfram, molibden, tantal tozlarından); bərk metal-saxsı ərintiləri; məsaməli metal-saxsı yataqları (tunc-qrafitdən, dəmir-qrafitdən və s.), friksion metal-saxsı diskləri (mis, qalay, qurğuşun və qrafit tozlarından); elektrotexnika üçün lazım olan bir sıra detalları və sairə.
Son illər ərzində bərk ərintilər sənayedə çox geniş yayılmışdır. Onlardan mədən sənayesində quyu və lağım qazma, metal emalı sənayesində metalları kəsmək, ştamplamaq və dartıb məftil şəklinə salmaq, habelə tezyeyilən detalların səthini örtmək üçün istifadə edilir.
Sənayedə bərk ərintlərin geniş yayılması onunla izah edilir ki, bərk ərintilərlə təchiz edilmiş alətlər mövcud avadanlığın məhsuldarlığını dəfələrlə artırmağa və hazırlanan məmulatın maya dəyərinin aşağı salınmasına imkan verir. Bundan əlavə üzü bərk ərintilərlə örtülmüş detallar adi detallara nisbətən xeyli gec yeyilib xarab olur.
Bütün bərk ərintilərin əsas tərkibi volfram, molibden, xrom, titan, manqan və s. metalların karbidləridir. Karbidlər ərintilərə yüksək bərklik və yeyilməyə davamlılıq verir. Bərk ərintilərin tərkibinə kobalt, nikel, dəmir və s. daxildir.
Bərk ərintilər üç yerə bölünür: tökmə ərintilər, tozvari ərintilər və metal-saxsı ərintilər.
Dostları ilə paylaş: |