Praqmatika sahəsində tədqiqatlarda əsas diqqət mətni göndərən şəxsin üzərinə istiqamətlənir. O, öz maraq və niyyətini dil vasitələrindən (əvəzliklər, zərflər, ədatlar, artikllər, söz sırası və s.) istifadə edərək diskursun informasiya strukturu şəklində formalaşdırır (Asher, Lascarides, 1994 və digər əsərlər). İnformasiya strukturu hələ Praqa dilçilik məktəbinin gətirdiyi tema və rema (Матезиус, 1967 və digər əsərlər), daha sonralar isə köhnə və yeni informasiya (Halliday, 1968 və digər əsərlər), vurğulu və vurğusuz (Halliday, Matthiessen, 2004) eləcə də digər terminlərdən (Givon, 1990 və digər əsərlər) istifadə olunaraq adlandırılan iki qütbün qarşılaşdırılmasına (oppozisiya) əsaslanır. Beləliklə, mətni göndərən şəxsin diskursda informasiyanı dil vasitəsilə bölüşdürməsi prosesinə və deməli diskursun özünün formalaşmasına və inkişafına bilavasitə təsir edən bu qarşılaşdırma iki cür başa düşülür: yeni və köhnə informasiya; vurğulu və vurğusuz informasiya.
Burada digər maraqlı cəhət mətni göndərən şəxsin niyə bu və yaxud digər linqvistik vasitədən istifadə etməsidir. Belə ki, mətni göndərən dilin ən azı üç səviyyəsində linqvistik seçim qarşısındadır. O, ilk növbədə, lüğət tərkibindən lazımi sözləri seçməli, sonra sintaktik səviyyədə söz birləşməsi və cümlə quruculuğu ilə məşğul olmalı və, nəhayət, hər iki səviyyənin mətndə necə işlədilə bilməsini müəyyənləşdirməlidir. Bir çox linqvistik, psixoloji, sosial, mədəni və digər amillər həmin seçimə təsir edir (Кузнецов, 1990 və digər əsərlər).
Yuxarıda qeyd etdiyimiz kimi, söz sırası və onun pozulması (inversiya) diskursun informasiya strukturunun formalaşmasında mühüm rol oynayan dil vasitələrindəndir. Əlbəttə ki, söz sırasının nisbətən ciddi olduğu dillərdə bu cür vasitə çox səmərəlidir. Nəzərdən keçirdiyimiz aşağıdakı ingilis dilindəki qəzet mətni bu mənada səciyyəvidir:
(9) Davydenko, the Russian, dusted off Roddick in straight sets and then came Murray to play Blake, to whom he had lost in their only previous meeting, on clay in Hamburg in the spring of 2006. Less than an hour later, it was job done having completed a 6 - 2, 6 - 2 victory, the quality of which even Murray by surprise. Today he plays Federer, a reprise of his penultimate match of 2008, when they met in a glorious round-robin match in the Masters Cup in Shanghai. Murray, who had already assured himself of a place in the semi-finals, dredged every last ounce of courage to win on his eight match points after more than three hours of spellbinding competition (The Times, January 2, 2009, p.7).
Dostları ilə paylaş: |