Elmi tədqiqat və işləmələrin növləri. Elmi fəaliyyət zamana görə yığımlı (kumulyativ) prosesdir. Yəni zamana görə elmin (informasiyanın, məlumatın, biliyin) həcmi artır. Ona görə onu növlərə ayıraraq öyrənilməsi mümkündür. Müxtəlif yanaşmaları nəzərə alaraq tədqiqat və işləmələr aşağıdakı növlərə bölünür:
1. Fundamental tədqiqatlar yeni biliklərin əldə edilməsinə (istehsalına) istiqamətləndirilmiş (konkret məqsəd olmadan) eksperimental və yaxud nəzəri tədqiqatlardır. Fundamental tədqiqatlarda müsbət nəticələrin əldə edilməsi ehtimalı aşağıdır (5-10%). Məsələnin nəzəri həllinə istiqamətlənir, axtarış xarakterli olur, fundamental tədqiqatın təcrübəyə tətbiqi yolları və sferasını müəyyən edir.
2. Tətbiqi tədqiqatlar - praktiki məsələlərin həlli məqsədilə yeni biliklərin əldə edilməsinə yönəldilmiş orjinal işlər hesab olunur. Tətbiqi tədqiqatlar fundamental tədqiqatların nəticələrinin istifadəsini müəyyən edir. Əvvəllər formalaşmış problemlərin həllinin yeni metodunu aşkar edir. Tətbiqi tədqiqatların nəticəsi ixtiralar, metodikalar, elmi tövsiyələr, təlimatlar, maketlər və s. olur. Bu mərhələdə müsbət nəticənin əldə edilməsi ehtimalı 80 % olur. Hətta fundamental xarakterli nəticələr də əldə oluna bilər.
3. İşləmələr dedikdə, mövcud biliyə əsaslanan sistematik işlər başa düşülür. İşləmələr tədqiqat, yaxud praktiki təcrübə nəticəsində alınır. Mövcud materialların, məhsul və qurğuların, proses, xidmət, sistem və metodların təkmilləşdirilməsi işləmələrə aid edilir. Bu qrupa aşağıdakı fəaliyyət növləri daxildir:
- texniki obyekt və sistemlərin hazırlanması (konstruktor işləri);
- yeni obyektlərin sxem və layihələrinin hazırlanması (layihə işləri);
- texnoloji proseslərin hazırlanması, yəni fiziki, kimyəvi, mexaniki və digər proseslərin əmək prosesi ilə birləşdirilərək faydalı nəticələrin istehsalı üsullarının hazırlanması (texnoloji işlər).
Tədqiqat və işləmələrin tərkibinə aşağıdakı fəaliyyət növləri daxil deyildir:
- təhsil və kadrların hazırlanması;
- digər növ elmi-texniki fəaliyyət (elmi-texniki xidmətlər, o cümlədən marketinq fəaliyyəti, ictimai məlumatların toplanması və işlənməsi (əgər bunlar konkret tədqiqat işlərinə aid deyilsə), sınaqlar və standartlaşma, layihəqabağı işlər, xüsusiləşmiş tibbi xidmət, mövcud proqram təminatını müşayiət etmək və uyğunlaşdırma);
- istehsal fəaliyyəti (yeniliyin tətbiqi daxil olmaqla);
- idarəetmə və digər köməkçi fəaliyyət (tədqiqat və işləmələr üzrə idarəetmə orqanlarının, onların maliyyə xidmətinin və s. fəaliyyəti).
İşlərin bu və ya digər fəaliyyət növünə aid edilməsi üçün öncə onun tədqiqat və ya işləmə olması müəyyən edilməlidir. Bu zaman aşağıdakı meyarlardan istifadə edilir. Yəni tədqiqat fəaliyyəti (fundamental və ya tətbiqi) elmi biliyin artırılmasına yönəldilir, işləmələr üzrə fəaliyyət isə yeni materialların, texnika və texnologiyaların və s. hazırlanmasına yönəldilir. O cümlədən də fundamental tədqiqatların tətbiqi tədqiqatlardan birbaşa istifadəsinə, hadisənin mahiyyətinə nüfuz etməsinə və elmi nailiyyətin əhəmiyyətinə görə fərqlənir.
Dostları ilə paylaş: |