I Həm müstəqil nitq hissəsi kimi, həm də ədat kimi işlənənlər: Buraya elə, belə, artıq, tək, təkcə, bir, bircə, nə, gəl, qoy, qoyun, gəlin, gör, görün, görək, necə, və s. sözləri daxildir. Məs.: ədat kimi işlənənlər:
1. Bir buna bax, bir bunun danışığına bax. 2. Bircə mənə de görüm, Mahmud bəyin bu evdə nə işi var? 3. Keçmişdə kəndlər bir yana, rayonun özündə bir həkim belə yox idi.
4. Qoy gedim, Gözəlimi görüm, qollarıma qüvvət, dizimə taqət gəlsin. 5. Ay ağalar, gəlin sizə söyləyim, Bilin, bu dünyanı pul dolandırır. 6. Ax, bu uşaqlar necə bədzatdılar.
7. Nə gözəl yaraşır Muğana ceyran. (S. Vurğun)
Əsas nitq hissəsi kimi işlənənlər:
Məs.: 1. Bir tikə çörəklə, bir qurtum suyla, Boş ciblə, ürək dolusu arzuyla Yüyürdüm sabahıma. (N. K.) 2. Evin bircə qızıdır, elçilərin biri gedir, beşi gəlir. 3. Belə adama nə deyəsən. 4. Kitabı stolun üstünə qoy. 5. Axşamda-sabahda bizə gəlin, oturaq söhbət edək. 6. Onların hərəsini bir zindana salın görüm, necə görüşəcəklər?
II Həm bağlayıcı, həm də ədat kimi işlənənlər: ki, da (də), ancaq.
Mən ki (ədat) səndən doymamışdım, Quş qonmağa qoymamışdım, Bir almanı da (bağlayıcı) yolmamışdım, Kim sənə gəc baxdı, bağlar?! (Ə. C.) Mən bayaqdan onu deyirəm də (ədat). (S. R.) Deməynən ki (bağlayıcı), Aşıq Alı qocalıb, Gen tuman, çəpgəni dar istər könlüm. (A. Alı)
Ancaq (ədat) sən onu getmək sevdasından döndərə bilərsən. Əsgər çox oxuyur, ancaq (bağlayıcı) fikrini çatdıra bilmir.
III Sabitləşmiş – xalis ədatlar: məgər, di, ha, bəs (bə), kaş (ki) mağıl, lap, ən, axı, məhz, daha və s.
Ey dünyadan bixəbər, söylə görüm məgər sən, Yatıb qəflət içində bir şey eşitməmişsən? (M. F. A.) Məndən təzə şeir xəbər alan dost, Bəs yazın gəlməsi şeir deyilmi? (H. A.) Ələm ha gözlədi, onun səsinə səs verən olmadı. (İ. M.)
IV Şəkilçiləşməyə doğru gedən ədatlar: Buraya -ca (-cə), -sana (-sənə), -mı,-mi,-mu,-mü ədatları daxildir: Kimdir günahkar? Şərqin bu günahsız yavrusumu, dahi Şillerin özümü?(C.C.) Mənmi qocalmışam, ya zəmanəmi? (“Koroğlu) Gəlsənə, qocalara baş çəkək. (danışıqdan)
Dostları ilə paylaş: |