Adlıq cümlə. Adlıq cümlələrdə hadisə, proses və varlığın adı çəkilir, onlara aid olan hərəkət və hökm ifadə edilmir. Adlıq cümlələr qrammatik cəhətdən formalaşmır, lakin cümləyə xas olan intonasiya, həmçinin bitmiş fikir ifadə edən söz və söz birləşmələrəndən təşkil edilməsi ona cümlə deməyə əsas verir. Adlıq cümlələr adlıq halda olan isim və ismi birləşmələr, substantivləşmiş nitq hissələri ilə ifadə edilir. Əsasən, dram əsərlərinin remarkalarında, lirik və epik əsərlərdə, kino-ssenarilərdə və s. işlədilir, yığcamlıq və emosionallıq yaradır. Adlıq cümlələr çox vaxt qrammatik cəhətdən tam formalaşmış cümlələrlə paralel olaraq işlədilir ki, bu da adlıq cümlələrin cümlə kimi varlığını təsdiq edir. Adlıq cümlələr həm yalnız mübtədadan ibarət olur, yəni müxtəsər adlıq cümlə kimi formalaşır, həm də II dərəcəli üzvlərlə də işlənə bilər. Belə hallarda həmin cümlələr geniş adlıq cümlə adlanır. II dərəcəli üzvlərdən ən çox təyinlərdən, zaman və yer zərfliklərindən istifadə edilir. Adlıq cümlələrdə ifadə olunan hadisə, proses, əşya və s. qrammatik məna baxımından ayrı-ayrı növləri yaradır:
1) Əşya və yer bildirir. Məsələn, Fəxrəddin bəyin otağı. Otağın bir küncündə köhnə miz. Mizin üstündə qalaq-qalaq kitablar və qədim bir şamdan. Fəxrəddin bəy şam işığında gah kitabları vərəqləyir, gah da dərin-dərin düşüncəyə dalır.
2) Şəxs bildirir. Məsələn, Başdan ayağa qədər silahlanmış bir ordu. Ordunun on cərgələrində üz- gözündən qəzəb yağan Topal Teymur. Teymurun sol tərəfində oğlu Miranşah. Ordu Təbriz üzərinə yürüş edir.
3) Zaman bildirir. Məsələn, 18 əsr. Aylı-ulduzlu bir gecə. Qacarın çadırı. Qacar Şuşa qalasına hücum planını müzakirə edir.
4) Hadisə və proses bildirir. Məsələn, Aylı gecə. Sərin külək. Göy çəmən; Yarğan üstü.Bulaq başı. Mis səhəng. Üç gəlinin bir ağızdan gülməyi. Kəhər atın qanlı Kürü keçərək Baş sallayıb ağır-ağır gəlməyi.
Bəzən üslub yaratmaq üçün xəbərlik şəkilçiləri ixtisar edilən cüttərkibli cümlələri adlıq cümlələrlə qarışdırırlar. Məsələn, O kürsüyə sinə gərdi, danışmadı, susdu bir an . Zənci dalğın… Salon səssiz. Sükut edir başdan başa.
Adlıq cümlələrlə şəxssiz cümlələr bir-birinə çox yaxındır. “Adlıq cümlələrdə işin icraçısının, əlamətin daşıyıcısının adı çəkilir, mövcud olduğu göstərilir, predikativlik intonasiya ilə yaradılır. Zahirən belə görünür ki, şəxssiz cümlələrdə hərəkətin icraçısının , əlamətin daşıyıcısının adı çəkilmədən onun hərəkət və əlaməti barədə məlumat verilir. Əslində isə vəziyyət başqa cürdür: şəxssiz cümlələrdə hərəkətin icraçısının , əlamətin daşıyıcısının adı çəkilir və konkret morfoloji əlamətlər –dır şəkilçisi, idi, imiş köməkçi sözlərin vasitəsilə onlarda predikativlik yaradılır. Adlıq cümlələrdə isə işin icraçısının, əlamətin daşıyıcısının adı çəkilir, lakin təbii-morfoloji vasitələrlə deyil, intonasiya vasitəsilə predikativlik yaradılır. Nəticə etibariiə hər iki cümlə növündə əlamətin daşıyıcısı ilə əlamət ayrı-ayrı üzvlər şəklində deyil, “sıxılmış” halda, birlikdə verilir. Beləliklə, şəxssiz cümlələrlə adlıq cümlələr müəyyən mənada eyni tipli cümlələrdir –hər ikisində fikir predmeti və onun əlaməti vardır. Ona görə də feli xəbərli şəxssiz cümlələr istisna olmaqla, bir çox hallarda şəxssiz cümlələri adlıq cümlə, adlıq cümlələri şəxssiz cümlə kimi işlətmək mümkündür: Tikinti meydançası. Birinci pərdənin dekorasiyası. (S.Rəhman) –Tikinti meydançasıdır. Birinci pərdənin dekorasiyasıdır. İsmi xəbərli şəxssiz cümlələri əksəriyyət etibarilə adlıq cümlələrə çevirmək çevirmək olur: Gözəl may axşamı idi. Seminariyada sakitlik idi. Kiçik çillənin ortaları idi. Günün batabat zamanı idi - Gözəl may axşamı. Seminariyada sakitlik. Kiçik çillənin ortaları. Günün batabat zamanı. … Adlıq cümlələr ancaq təsdiq cümlələrdən ibarət olur. Belə cümlələrdə varlığın mövcudluğu yalnız indiki zaman anlamında təsdiq edilir.” (Q.Kazımov.Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 2000. Səh.190-191)
Cüttərkibli cümlə hər iki baş üzvün iştirakı ilə düzəlir. Ancaq baş üzvlərdən ibarətdirsə, müxtəsər, II dərəcəli üzvlərlə birlikdə cümlə yaradarsa, geniş cüttərkibli cümlə adlanır. Ola bilər ki, 2 -ci dərəcəli üzvlərdən yalnız biri ilə cümlə genişlənsin, yaxud hər üçünün (təyin, tamamlıq, zərflik) iştirakı vacib sayılsın. Məsələn, Qar yağır (mübtəda, xəbər: müxtəsər cümlə). Sakit-sakit yağan qar duyğuları qanadlandırır (təyin, mübtəda, müəyyən vasitəsiz tamamlıq, feli xəbər: geniş). Sakit-sakit yağan qar axsama yaxın yolu-izi görünməz etmişdi (təyin, mübtəda, zaman zərfliyi, vasitəsiz tamamlıq, feli xəbər: geniş).