Qeyd. O, elə, belə əvəzlikləri “Kitabi-Dədə Qorqud” da, klassik ədəbiyyatımızda ol, şol, şöylə, böylə fonetik tərkibdə işlənmişdir. Məsələn: Ol gövdəndə canın varsa, oğul, xəbər mana! Böylə degəc oğlanın qulağına səs toxundu”. (KDQ) Ol səbəbdən bidil oldum, dilbərü dildar məst. (Ş.İ.X.) Yarəb, zəmanə həqqinə mən neylədm ki, Ol məndən cəfavü cövr ilə ayırdı yarımı? (İ.N.) Xətai, can fəda şol yarə qıl ki, Cahanü cümlə cismü can onundur. (Ş.İ.X.) Ruzigarım böyləmi keçsin, gözəl xanım... (M.F.)
Sifətlə işarə əvəzliyinin oxşar cəhətləri:
* Hər ikisi isimdən əvvəl gəlib hansı sualına cavab verir;
* Hər ikisi cümlədə təyin olur: Bu yerdə doğuldu qəhrəman Babək, Köksündə dağ boyda böyük bir ürək. (A. Mirzə)
* Hər ikisi substantivləşir: Əzəldən belədir çünki kainat, Cahan daimidir, ömür amanat. (S.V.) Doğruya azacıq bənzəyən yalan, Yaxşıdır yalana bənzər doğrudan. (N.G.)
Fərqləri: * İşarə əvəzliyi işarə, sifət isə əlamət və keyfiyyət mənasında işlədilir;
* Sifətdən fərqli olaraq, işarə əvəzliyi üçün hansı? sualı daha səciyyəvidir;
* İşarə əvəzliyi dərəcə əlaməti qəbul etmir.
O, bu, həmin işarə əvəzlikləri sifəti (həmin işarə əvəzliyi sıra sayını da əvəz edə bilir: beşinci parta – həmin parta), elə, belə işarə əvəzlikləri isimlə bağlı olduqda sifəti, hərəkətlə bağlı olduqda zərfi əvəz edir.
Elə, belə işarə əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul edərək cəmlənir və hallanır: belələri, elələri (-nin, -nə, -ni, -ndə, -ndən).
Həmin, həmən işarə əvəzlikləri o, bu əvəzliklərinin sinonimi kimi işlənir, onlarla birlikdə işləndikdə müəyyənliyi daha da qüvvətləndirir: həmin o qız, həmən bu dağ və s.
Sual əvəzliyi.Sual əvəzliyi cümlə daxilində hər hansı bir nitq hissəsini əvəz edir. Onların ifadə etdikləri konkret anlayış müsahibin verdiyi cavabda, yəni 2-ci cümlədə özünü göstərir. Azərbaycan dilində ən çox işlənən sual əvəzlikləri bunlardır: kim, nə, hara, nə vaxt, nə, niyə, nə üçün, harada, nə qədər, neçə, hansı, kimlə, nə səbəbə, nədən ötrü və s.