İdeyanın iki qanunauyğunluğu haqqında
Zaman və məkan çərçivəsi fövqündə olan, fəlsəfə tarixinin həm dünəni, həm də bugünü üçün eyni əhəmiyyət kəsb edən vahid ideyanın iki əsas qanunauyğunluğu vardır. Birincisi, onun bütün varoluşun təməlində və mahiyyətində dayandığını qəbul edərək ona doğru aparan düzgün mənbələrin və vasitələrin seçilməsidir. Platonun bildirdiyinə görə, insanlar ancaq “bütün canlı varlıqları, o cümlədən, özünü də, üstəlik torpağı, səmanı, tanrıları, səmadakıları, yerin altındakıları, Aiddəkiləri (ölülər dünyasındakıları) yaradan sənətkarın” (17, 354) yaratdıqlarının kölgələrini görür və onları həqiqət zənn edirlər. Deməli, həqiqətə gedən yol bu kopiyalardan deyil, orijinal ideyaların kəşfindən keçməlidir. Yəni həm maddi, həm də qeyri-maddi şeylər tək Yaradanın vahid ideyasının çoxsaylı təzahürləri kimi geriyə – mənbəyə aparan vasitələrdir.
Bu da danılmaz faktdır ki, ifadə olunan hər fikir, hər ideya mənbənin həqiqətinin inikası olmur, hətta bəzən tamamilə əks məna daşıya bilir. Sufi mütəfəkkir Mənsur Həllac (X əsr) yazır: «Küfr və iman isim baxımından fərqlidir, həqiqət baxımından isə onlar arasında fərq yoxdur» (25, 53). Yəni eyni mənbədən qaynaqlanan sözlər, yaxud eyni ideya onu söyləyənin dilində, qazandığı formada yeni bir “həqiqət” qazanmış olur. Yanlışlığın mənbədə yox, ifadədə olduğunu anlayanlar həqiqəti öyrənmək üçün formaya deyil, onun mahiyyətinə müraciət edirlər. Digər bir sufi mütəfəkkir Əbu Yəzid Bistami (IX əsr) deyir: «Suyun rəngi qabının rənginə görədir. Su ağ qabda olarsa rəngi ağ, qara qabda olarsa qara, sarı qabda olarsa – sarı, qırmızı qabda – qırmızı və s. olar…» (26, 57). Deməli, varlıqların və ya hadisələrin məhz bilavasitə mənbəyə istinadən öyrənilən mahiyyəti həqiqətə daha yaxın olur.
İkinci qanunauyğunluq isə, bu vahid ideyanın əbədiliyi və kəsilməzliyidir. Səlahəddin Xəlilov yazır: «Sivilizasiyanın ən mühüm şərtlərindən biri məhz kəsilməz tarixdir. Belə ki, cəmiyyətin inkişafında qazanılan hər hansı bir nailiyyət sonradan davam etdirilmirsə, o, böyük müddət intervalında tarixi prosesə daxil ola bilmir» (10, 24). Filosofun bu sözlərini daha böyük miqyasda qəbul edib, onu hər hansı xalqın tarixinə deyil, ümumilikdə Mütləq İdeyanın, vahid həqiqətin əbədi sirkulyasiyasına aid etsək, sadə, eyni zamanda, daim qorunan bir qanunauyğunluğun şahidi olarıq: tarixdə yaranmış hər yeni ideya, fəlsəfi sistem özündən əvvəlkinin davamı, əvvəlki isə özündən sonrakı üçün sabit bir postament olmalıdır. Bu prinsipdən kənarda qalan hər bir ideya isə oyundan kənar vəziyyətə düşməyə məhkumdur.
İnsan əldə etdiyi məlumatı təsdiqləmək, öyrəndiklərinin mahiyyətini, həqiqətini dərk etmək üçün müxtəlif vasitələrlə onun mənbəyinə can atır və ona yaxınlaşdıqca həqiqətin daha dərin qatları açılır. Mənbənin bütünlüklə kəşfi isə Mütləq Həqiqətin dərki deməkdir. Təbii ki, onu kölgələndirən, məğzindən uzaq salan, təhrif edən təlimlər, təhlillər də olmuş, onu görünməz hala gətirən informasiya bolluğu da yaranmışdır, lakin hər dövrdə onun mahiyyətini görən və onun parlamasına xidmət edən və bununla da yer üzündə mütləq həqiqətin qorunmasına şərait yaradan şəxslər də yaşayıb-yaratmışlar. “Müxtəlif varlıq və var olma formalarında təzahürləri nə qədər fərqli olursa olsun, mahiyyətdə eyni həqiqət”, “hansı mədəni qəliblər içində şəkil qazanırsa-qazansın, mahiyyətdə eyni bilik” (8, 29) olan bu ideyanın, hikmətin qorunması naminədir ki, Allah Təala özünün seçdiyi peyğəmbərlərə, nəbilərə, filosoflara, alimlərə öz vəhyini, kəşfini, ilhamını lütf etmiş və etməkdədir. Belə şəxslərin düşüncələrinin, mənəvi dünyalarının bir qapısı xalqa – ideyanın təzahür meydanına, digəri isə bu hikmətin sahibi olan Haqqa, Yaradana açıqdır.
Filosof və mütəfəkkirlərin fərqli dünyagörüşləri, tarix boyu təşəkkül tapıb müəyyən zaman kəsiyində inkişaf edib ya tənəzzülə uğrayan, ya da hələ də mövcudluğunu davam etdirən dini, fəlsəfi, mistik cərəyanlar və təlimlər, müxtəlif sahələri əhatə edən çoxsaylı elmlər həm vahid ideyanın mənbələrinin çoxluğundan, həm də bu mənbələrə gedən yolların rəngarəngliyindən xəbər verir. Məlumdur ki, kiçik mənbələrin kəşfi daha böyük mənbəyə yol aça bilir. Bu baxımdan, müasir dövrün qloballaşma ideyalarını, yaxud elmlər arasında yaxınlaşma, sintezləşmə hallarını kiçik ölçülərdən daha geniş sahələrə keçid adlandırmaq olardı.
Vahid İdeyanın təzahürlərinin xarakterlərinin, növlərinin, malik olduqları əhəmiyyət dərəcələrinin təsnifatı belə bir nəticə çıxartmağa imkan verir ki, onun mahiyyətinin, yəni Mütləq Həqiqətin dərkinin üç mənbəyi vardır: səmavi kitab (ilahi vəhy), təbiət və insan. Hər mənbə özünə xas idrak vasitəsi tələb etdiyi kimi, vasitəyə müvafiq də mənbənin tərəfləri açıqlanır. Və bu mənbələrə yanaşma prizması, metodları, onlardan birininmi, ikisininmi və ya hər üçünün şərhi müəyyən fəlsəfi cərəyanların, məktəblərin yaranmasına səbəb olmuşdur. Təbii ki, fəlsəfə tarixi boyu bu mənbələrdən gah biri, gah digəri, gah tək, gah sintez şəklində aktual olmuş, hakim ideologiyanın təməlində dayanmışdır.
Dostları ilə paylaş: |