Anahtar kelimeler: enformasyon, bilgi toplumu, bilgi kaynakları, bilgi alış verişi, bilgilendirme.
Elmşünaslıq
Elmlərin təsnifatı və institutlaşma problemi
Səlahəddin Xəlilov
Elmlərin təsnifatı və onun təşkilatlanması prosesi sıx surətdə əlaqədardır. Belə ki, elm vahid, bütöv koqnitiv sistem kimi formalaşmadığına və bir çox xüsusi elmləri, fənləri, ixtisasları? tədqiqat istiqamətlərini özündə birləşdirdiyinə görə və bu sahələr arasında hələ kifayət dərəcədə məsafə olduğuna görə, əvvəlcə onların hər birinin ayrılıqda strukturlaşmasına və institutlaşmasına ehtiyac olur. Təbii ki, bir kimyaçının ədəbiyyatçıların və ya astronomların işindən xəbər tutmasına ehtiyac olmaya da bilər. Amma onun kimyaçıların hazırda nə ilə məşğul olduğunu, hansı problemlərin gündəmdə olduğunu bilməsi tələb olunur. Xüsusən, özünün tədqiqat apardığı dar ixtisas sahəsində bütün dünya miqyasında görülən işlərdən xəbərdar olması şərtdir. Yəni o, virtual şəkildə də olsa həmin ixtisas üzrə alimlər birliyinin üzvü olmalıdır. Hər bir yeni elmi nəticə müvafiq sahədəki biliklər sisteminə daxil edilməli və bu birlik daxilində hamının ümumi sərvətinə çevrilməlidir. Əslində söhbət elmlərin və ya fənlərin, ixtisasların koqnitiv institutlaşması prosesindən gedir. Lakin bu proses gec-tez müvafiq sosial institutlaşma ilə tamamlanmalıdır. Çünki elmi məzmun müstəvisində kommunikasiyanın təmin edilməsi üçün hər hansı problem və ya ixtisas üzrə mütəxəssisləri formal surətdə birləşdirən və onların əlaqəsini təmin edən sosial vasitələr olmalıdır. Alimlər adətən müəyyən bir jurnal ətrafında birləşir. Dünya miqyasında eyni ixtisas üzrə bir neçə jurnal çap olunursa, onların hamısı birləşdirici amil kimi çıxış edir. Bundan başqa, elm və ixtisas sahələri üzrə assosiasiyalar, ictimai təşkilatlar, dərnəklər, seminarlar da bu funksiyaya xidmət edir. Amma ən vacib olan və daha sıx birliyin təmin olunmasına xidmət edən müvafiq ixtisas üzrə fakültələr, kafedralar, laboratoriyalardır. Keçmiş SSRİ-dən qalan ənənəni davam etdirən bəzi ölkələrdə Elmlər Akademiyaları və müvafiq institutlar, bölmələr fəaliyyət göstərir ki, əslində bunlar müvafiq ixtisas sahələri üzrə alimlərin daha sıx surətdə təmərküzləşməsinə imkan yaradır. Amma bir ölkə daxilində sıx birləşmək yetərli olmur. Ona görə də elmi institutlaşma beynəlxalq miqyasda həyata keçməli, bütün dünyadakı müvafiq institutlar, fakültələr və kafedralarla əlaqə yaradılmalıdır. Bu problemə təhlil edən R.Uitli diqqəti koqnitiv institutlaşma ilə sosial institutlaşma arasında əlaqəyə yönəldir. Onun fikrinə görə, sosial təşkilatlanma olmasa alimlər öz aralarında elmi informasiya mübadiləsi apara bilməsələr elmin koqnitiv müstəvidə institutlaşması və müstəqil fənlərin yaranması da mümkün deyil (8, s. 69-95). Uitli belə hesab edir ki, Kun hər bir elmdə vahid bir paradiqmanın olduğunu iddia etsə də, əslində fərqli koqnitiv strukturlar mövcud olur və onlar arasında eninə və dərininə əlaqələr yaranır. Yəni müxtəlif struktur səviyyələrindən danışmaq mümkündür (8, s. 71).
Lakin elmin fənlərə ayrılması və hər fənnin öz daxili bölgüsü çox şərti və bəzən mübahisəli olduğu kimi, sosial institutlaşma və təşkilati forma məsələlərində də uyğun problemlər yaranır. Əslində vahid dəyişməz təsnifat aparıla bilməz, çünki elmin daxili dinamikası buna imkan vermir. Zaman keçdikcə bəzi ixtisas sahələri arxa plana keçir və yeniləri yaranır. Bu proses müxtəlif bilik sahələrinin yaxınlaşması və kəsişmə bölgəsində yeni problemlərin üzə çıxması sayəsində həyata keçə bildiyi kimi, eyni bir sahənin nəzəri və tətbiqi səviyyələri arasında körpü atılması sayəsində də həyata keçə bilər. Məsələn, psixiatriyanın nisbi müstəqil şəkildə institutlaşmasını M.Fuko belə təsvir edir: “Qərarlaşdığı dövrdə, yəni XVIII əsrin sonu – XIX əsrin əvvəllərində psixiatriya ümumi təbabətin ixtisaslaşmış sahəsi deyildi. XIX əsrin əvvəllərində, elə sonralar da, bəlkə lap XX əsrin ortalarınadək psixiatriya tibbi biliyin və ya nəzəriyyənin xüsusi bir sahəsindən çox, ictimai gigiyena sahəsi kimi fəaliyyət göstərirdi. Təbabətin bir bölməsinə çevrilməzdən əvvəl, psixiatriya sosial müdafiə, xəstəlik və ya xəstəliklə birbaşa, ya da dolayı surətdə bağlı olan hadisələr üzündən cəmiyyətin qarşılaşa biləcəyi hər hansı bir təhlükədən müdafiə sahəsi kimi institutlaşmışdır. Psixiatriya bir növ sosial profilaktika, bütövlükdə ictimai bədənin gigiyenası kimi institutlaşırdı” (24, s. 149). M.Fuko psixiatriyanın elm kimi formalaşmaq yolunda bu sahədə elmi jurnal nəşr olunmasını mühüm bir mərhələ kimi qeyd edir. O, yazır ki, psixiatriyanın əsaslı tibbi bilik sahəsi kimi formalaşması və elmi instituta çevrilməsi üçün bir tərəfdən onun predmetinin, yəni əqli xəstəliklərin müəyyənləşdirilməsi, digər tərəfdən də, müvafiq sosial təşkilatlanma tələb olunur (24, s. 149-150).
Eyni bir predmetin müxtəlif elmlərin tədqiqat obyektinə çevrilməsi düyün nöqtəsində sıxlığın artmasına gətirir. Sanki bir mənzərə fərqli dillərdə və ya müxtəlif sənət vasitələri ilə təsvir olunur. Rəssamın, bəstəkarın və şairin təsvirində təqdim olunan bir predmet haqqında yaranmalı olan daha mükəmməl təsəvvür əslində eklektik bir təsəvvürdür; yəni onun vahid ahəngi yoxdur. ona görə də qarşıda duran vəzifə hər üç təsvir üslubunu və ya hər üç dili ehtiva edən universal bir modelin yaradılmasından ibarət olur. İnsanın idrak fəaliyyəti eyni vaxtda psixologiyanın, qnoseologiyanın və neyrofiziologiyanın predmeti olmaqla bərabər, sanki onun kənardakı bir modelini, süni intellekti öyrənən informatika və kibernetikanın da predmeti olur. Bu fərqli elm sahələri nəinki vahid bir elmdə birləşmir, əksinə, birləşmə yerində, düyün nöqtəsində yeni bir elm sahəsinin yaranma tendensiyası hiss olunur. Pensilvaniya Universitetinin professoru Gary Hatfield bunu “beyin haqqında yeni elm” (3), Dr. Brian L.Keeley isə neyroetologiya (6) adlandırır. V.F.Venda isə təbii və süni intellekti bir müstəvidə öyrənən elmin predmetini “hibrid intellekt” termini ilə ifadə edir (12). Bir sözlə, intellekt özü intellektin predmeti kimi, çoxşaxəli bir problem kimi çoxlu müxtəlif fənlərin kəsişmə nöqtəsində dayanaraq elmin düyünlərindən birinə çevrilmişdir. İndi bu düyündən haçalanan yeni fənlərin kontekstində müvafiq olaraq intellektin intensivliyini ölçmək üçün İQ, emosional intellektin səviyyəsini ölçmək üçün EQ və yaradıcı intellektuallığın qiymətləndirilməsi üçün CQ testləri hazırlanır (9, 17). Yəni intellekt hər dəfə bir rakursda və ya fərqli kəsişmə nöqtələrində nəzərdən keçirilir. Kibernetikanın əsasını qoyan N.Viner elə kitabının adındaca həm maşınların, həm də canlıların idarə olunması sistemini əhatə edir (13). Kibernetikanın digər elmlərlə əlaqələri və əlaqədən yaranan yeni tədqiqat istiqamətləri indi də geniş planda tədqiq olunmaqdadır.1
Ənənəvi elmlərin: fizika, kimya, biologiya və s.-in predmeti çox geniş sahələri əhatə edir. Amma zaman keçdikcə, elmlər diferensiallaşır, budaqlar şaxələnir, sahələr daralır. Müəyyən problemlər aktuallaşır və onların tədqiqi üçün kifayət qədər alimlər qrupu cəmləşir, müvafiq institutlaşma, sosial təşkilatlanmalar gedir. Digər tərəfdən də, elmlərin kəsişmə nöqtələrində problemlər üzrə tədqiqat mərkəzləri yaranır. Biz yuxarıda “intellekt” mövzusunu belə fənlərarası bir problem kimi nəzərdən keçirdik. Eləcə də, “insan” bir bütöv obyekt kimi müxtəlif elmlərin predmetinə daxil olur, insanşünaslıq mərkəzləri yaranır. İnsan fenomenini bir küll halında öyrənmək cəhdləri göstərilir.2 Lakin insan haqqında biliklərin bir yerə cəmlənməsi hələ bütöv fənnin formalaşması deyil. Bu cür məcmuələr olsa-olsa kollektiv monoqrafiya3, toplu4, lüğət və ya ensiklopediya5 halında olur. İnsanın ayrı-ayrı rakurslarda deyil, bütövlükdə, vahid funksional bir sistem kimi nəzərdən keçirilməsi nəticə etibarilə yeni bir fənnin yaranmasına gətirə bilərdi. V.A.Lektorski yazır: “Elmlər sistemi içərisində insan problemindən danışarkən etiraf etmək lazımdır ki, insan haqqında vahid termin hələ yoxdur; olsa-olsa mozaik, bir-birilə heç də həmişə əlaqələnməyən tədqiqatlardan söhbət gedə bilər. Biz hələ indi-indi üzərində insan haqqında gələcək elmi qurmaq üçün vahid ümumi əsaslar yaratmağa cəhd göstəririk”.1 Doğrudan da, bu sahədəki elmi tədqiqatların inkişaf dinamikasının izlənməsi göstərir ki, sistem bütövləşmədən parçalanır. “Şəxsiyyət” problemi ayrılaraq fəlsəfə, sosiologiya və psixologiyanın kəsişmə xəttində nisbi müstəqillik kəsb edir.2 Amma bu sahə də bütövləşmədən parçalanır və bəzi istiqamətlər, məsələn, “şəxsiyyətin psixologiyası”, nisbi müstəqil fənn, yaxud Lakatosun termini ilə desək, tədqiqat proqramı kimi formalaşır.3
Antropologiya artıq çoxdandır ki, müstəqil bir fənnə çevrilmiş və hətta onun öz daxili tədqiqat istiqamətləri də nisbi müstəqillik əldə etmişdir. Düzdür, indi insanı cəmiyyət və mədəniyyət rakurslarında nəzərdən keçirən sahələr sosial-kulturoloji antropologiya fənnində birləşir. İnsanı fiziki varlıq kimi öyrənən sahələr fiziki antropologiyada, daha geniş planda, ruh və bədənin vəhdəti kimi öyrənən sahə isə fəlsəfi antropologiya adlanır. Amma bu sahələr özü də bir tərəfdən, təmərküzləşərək vahid antropologiya elmini təşkil etsə də, bu düyündən daha geniş şəbəkəli budaqlanma gedir və çoxlu sayda konkret antropoloji fənlər yaranır: linqvistik, koqnitiv, tarixi, iqtisadi, siyasi, hüquqi və s. antropologiyalar (7). Düzdür, Azərbaycanda və azərbaycanlı oxucuların bələd olduğu Rusiya mətbuatında sosial (kulturoloji) antropologiyaya aid məsələlər əsasən “kulturologiya” adı altında araşdırılır, amma son vaxtlarda dünyada qəbul olunmuş təsnifata uyğun olaraq antropologiya terminindən də istifadə olunur və bu adda kitabda kitablar yazılır.4
Yaxud təhsil sisteminin cəmiyyətdə yerinin və özünəməxsus funksiyalarının öyrənilməsi sosial fəlsəfənin və sosiologiyanın predmetinə aiddir. Təhsil sistemində idarəetmə məsələləri menecmentin sahələrindən biridir. Təhsilin maddi-texniki baza ilə təmin olunması, təhsil müəssisələrinin infrastrukturunun formalaşdırılması, təhsilin maliyyələşdirilməsi və s. bu kimi problemlər də əslində iqtisadiyyatın predmetinə daxildir.
Beləliklə, təhsilin fəlsəfəsi, təhsilin sosiologiyası, təhsil menecmenti, təhsilin iqtisadiyyatı və s. bu kimi nisbi müstəqil tədqiqat sahələri formalaşır ki, bunlar da müstəqil bir elm olmayaraq fəlsəfə, sosiologiya, menecment və iqtisadiyyat fənlərinin strukturuna daxildir. Lakin bütün bu tədqiqatlar başqa bir en kəsiyində, məhz təhsil ön plana çəkildiyi təqdirdə, nisbi müstəqil bir fənnin – təhsilşünaslığın tərkib hissələri kimi də nəzərdən keçirilə bilər.
Elmşünaslığın özü də müxtəlif fənlərin, tədqiqat istiqamətlərinin kəsişmə sahəsindəki düyünlərdən biridir. Elmin tarixi, sosiologiyası, iqtisadiyyatı, metodologiyası, fəlsəfi və epistemoloji rakursları, hətta məhz elmin tədqiqi ilə əlaqədar yaranmış yeni sahələr – hamısı belə bir düyündən budaqlanır.
Müasir kimyada maddənin quruluşu ilə bağlı müxtəlif struktur səviyyələrinin hər birində fizika tətbiq olunmağa başlamışdır. Yəni kimya problemlərinin araşdırılmasında riyazi və fiziki biliklərin və qanunauyğunluqların tətbiq olunması əvvəlcə fiziki kimyanın, daha sonra riyazi kimyanın və nəhayət kvant kimyasının nisbi müstəqil fənlər kimi formalaşmasına gətirib çıxarmışdır. Ənənəvi kimya məsələlərinin daha dərindən və dəqiq tətbiq olunması onların fiziki problemlər müstəvisinə keçirilməsi ilə nəticələnir. Amma XIX əsrdə O.Kont kimyəvi və fiziki problemlər arasında həmişə bir sərhəd olduğu qənaətində idi və kimya məsələlərinin fizikalaşdırılmasının əleyhinə çıxış edirdi. Hətta XX əsrdə akademik B.M.Kedrov da ona haqq qazandıraraq fizika ilə kimya arasında fərqlərin guya obyektiv təbiətə malik olduğunu iddia edir. Amma zaman keçdikcə tarixən kimyaya aid olan məsələlər getdikcə daha çox dərəcədə fizikanın predmetinə daxil olur. Başqa sözlə desək, fiziklər kimyanın ərazisinə daxil olaraq, sanki onu özününküləşdirməyə çalışırlar. Amma elmlərin bir-birinə nüfuz etməsi qaçılmaz prosesdir və ortaq sahələrdə yeni-yeni fənlər və ixtisaslar yaranır (23, s. 71). T.Kun belə hesab edir ki, hər bir yeni fənnin yaranması ancaq müvafiq paradiqmanın yaranması sayəsində mümkündür (18, s. 226-227). Amma fizikada elə nəzəriyyələr var ki, onlar bir fənnin çərçivəsindən kənara çıxaraq bir çox fənlərə təsir göstərirlər. Doğrudan da, hər bir normal elm sanki bir paradiqmanın ətrafında yaranır. Yeni paradiqmaya keçid Kuna görə, elmdə inqilab kimi dəyərləndirilir. Halbuki, yeni paradiqma həm də yeni fənn üçün başlanğıc rolu oynaya bilər. Yəni nəyi isə inkar etmədən, elmi əvvəlki inkişaf trayektoriyasından döndərmədən, başqa bir səmtdə də inkişafın təməlinin qoyulması prosesi gedir. Bu mənada düyün nöqtələri iki cür olur. Birincisi, əvvəlki inkişaf xəttinin tamamlanması və yeni inkişaf xəttinə keçid. İkincisi, düyün nöqtəsindən haçalanma və yeni budaqların ayrılması. Bax, bu ikinci yol Kun təlimində nəzərə alınmamışdır. Bizim təklif etdiyimiz düyün nöqtələri və haçalanmalar təlimi daha universal modeldir.
Müxtəlif elm sahələri nə zaman eyni düyün nöqtəsində birləşir? Bu suala cavab vermək üçün öncə pozitiv və neqativ təbiətli düyünlərin fərqləndirilməsi lazımdır. Neqativ düyünlər adətən metod çatışmazlığında və ya dilin məhdudluğunda özünü göstərir. Müxtəlif elmlər çox vaxt eyni metodlardan, eyni riyazi aparatdan və modellərdən istifadə etdikləri üçün hələ kəşf olunmamış bir universal əlaqə, qanun, düstur və ya metodun çatışmazlığı, boşluğu özünü fərqli vaxtlarda da olsa, bu elmlərin hamısında göstərir. Yəni hər bir fənn, elmi tədqiqat istiqaməti gec-tez bu çatışmazlığı, boşluğu hiss edərək onu doldurmağa, yeni metodu öz imkanları daxilində axtarıb-tapmağa çalışır. Düzdür, burada bir vaxt sürüşməsi, asinxronluq da olur, amma məsələnin həllini tapa bilməyən hər bir fənn gözləmə mövqeyi tutur, ta o vaxta qədər ki, başqa fənlər də gəlib burada ilişirlər. Nəhayət, günlərin bir günü, hansı elminsə kontekstində problemin həll metodu tapılanda, gözləmədə olan digər elmlər də inkişaf üçün yeni impuls almış olurlar. Kun təlimində bu mənzərənin təsviri problem-bilməcə (puzzle-solving) termini vasitəsilə verilir. Amma bu termin elmin inkişafında daha universal prosesləri ifadə eləmək üçün nəinki yetərli deyil, hətta əsas konseptdən kənara çıxmaqla terminoloji sistemə daxil ola bilmir. Digər tərəfdən də, yuxarıda göstərdiyimiz kimi, Kunun işlətdiyi problem-bilməcə (puzzle-solving) ifadəsi düyün termininin daşıdığı ikinci mənanı, yəni yeni haçalanmalar üçün təməl olmaq funksiyasını ehtiva edə bilmir.
Bir tərəfdən, haçalanma, genişlənmə və yeni dar ixtisas sahələrinin yaranması baş verirsə, digər tərəfdən, inteqrativ proseslər gedir. Amma hər halda min illər boyu əsasən sabit qalan fundamental bölgülər vardır. Söhbət makrostrukturdan gedir. Məsələn, alimlərin böyük əksəriyyəti hələ Platon və Aristotel dövründən qalan bir bölgünü indi də davam etdirirlər. Belə ki, məntiq-riyaziyyat sahəsi, təbiət elmləri və ictimai elmlər indi də təsnifatların əsas sütunlarını təşkil edir.
Əlbəttə, elmin inkişafının müasir mərhələsində olduqca müxtəlif və sayca olduqca çox ixtisasların olması təsnifatı xeyli çətinləşdirir. Və belə düşünmək olardı ki, qədimdə – elmlərin sayı az olanda təsnifat daha rahat aparıla bilərdi. Amma tərsinə: ancaq elmin ən yüksək inkişaf səviyyəsindən baxdıqda dərin qatdakı əlaqələr üzə çıxır və ənənəvi olaraq formalaşmış müxtəlif fənləri vahid prinsiplər əsasında qruplaşdırmaq imkanı yaranır. Ona görə də, hər iki amili nəzərə alan universal bir yanaşma tələb olunur. Bu amillərdən biri ənənəvilik, o biri inkişafın son mərhələsində üzə çıxan genetik əlaqələrdir. Məsələn, əgər Fərabi metod yaxınlığından çıxış edərək optikanı və göy cisimləri haqqında elmləri, habelə musiqini riyaziyyatla bir qrupa salırdısa, müasir dövrdə tamamilə fərqli meyarlar tətbiq olunur. Məntiq və riyaziyyat bütün elmlər üçün universal vasitə və metod kimi dəyərləndirildiyindən onları başqa elmlərdən fərqləndirmək lazım gəlir. Zatən Platon məhz belə bir mövqedən çıxış edirdi. Riyaziyyatın çox və ya az tətbiq olunması elmilik şərtini müəyyənləşdirmək üçün meyar olsa da, bölgü – təsnifat üçün meyar ola bilməz. Təəssüf ki, lap bu yaxınlara qədər, keçmiş SSRİ-də və daha sonra MDB ölkələrində fizika və riyaziyyat eyni elm blokuna daxil edilir və elmi dərəcə verilərkən fiziklərə və riyaziyyatçılara vahid bir ad verilirdi: fizika-riyaziyyat elmləri doktoru. Bu, əlbəttə mahiyyətdən yox, zahiri əlamətlərdən çıxış etməyin nəticəsi idi. Digər tərəfdən, görünür, ənənələrdən yaxa qurtarmaq elə də asan məsələ deyil. Maraqlı burasıdır ki, bəzi müstəqil fənlər isə əksinə, bütöv elm sahəsi kimi dəyərləndirilirdi. Məsələn, kulturologiya kimi fənlərarası və inteqrativ bir fənnin ayrıca elmi istiqamət kimi götürülməsi elmşünaslığın tələbləri ilə heç cür uzlaşmır. Belə ki, mədəniyyətin tarixi öyrənilirsə, bu – tarix elmlərinə, nəzəriyyəsi öyrənilirsə, bu – fəlsəfi elmlərə aiddir.
Digər tərəfdən, onda gərək kibernetika, sinergetika, biokimya, biofizika, fiziki kimya və s. fənlərarası ixtisas sahələri də riyaziyyatdan, fizikadan, kimyadan və s. ayrılsın və kimə isə “biokimya elmləri doktoru”, “kibernetika elmləri doktoru” və s. adı verilsin. Belə pərakəndəliyə yol verməmək üçün elmlərin fundamental təsnifatından çıxış edilməlidir.
Əgər elmlərin təsnifat tarixini nəzərdən keçirsək, hər şey fəlsəfənin daxili bölgüsündən başlanır. Çünki qədim dövrdə elmlər hələ fəlsəfədən ayrılmamışdı. Təsadüfi deyil ki, Aristotel də elmlərin təsnifatını fəlsəfənin daxili hissələri kimi vermişdi. O, fəlsəfəni üç yerə ayırırdı: nəzəri, praktiki və yaradıcı. Nəzəri fəlsəfəyə məntiqi, riyaziyyatı, fizika və metafizikanı aid edirdi. Praktik fəlsəfəyə etikanı, iqtisadiyyatı və siyasəti aid edirdi. Bundan başqa o, sənət sahələrini də elmin (fəlsəfinin) bölmələri kimi göstərir poeziyanı, ritorikanı və incəsənəti buraya aid edirdi. Maraqlıdır ki, bütün bu sahələr üzrə Aristotel ayrıca əsərlər yazmış, və elmin bütün sahələrini ehtiva etməyə çalışmışdır.
Orta əsrlərdə də elm fəlsəfədən hələ tamamilə ayrılmamışdı və filosoflar müxtəlif elm sahələri ilə də məşğul olurdular. Amma artıq ayrılma tendensiyası da hiss olunurdu. Məsələn, Əbu Nəsr Fərabi öz təsnifatında elmləri fəlsəfədən ayrı, müstəqil surətdə nəzərdən keçirirdi. O hətta “Elmlərin təsnifatı haqqında” ayrıca bir əsər də yazmışdı. Maraqlıdır ki, birinci bölməyə Fərabi dil haqqında elmləri daxil edirdi. Dilə belə yüksək qiymət verilməsi ilə biz bir də düz min il sonra, linqvistik analiz və analitik fəlsəfə nümayəndələrinin timsalında rastlaşırıq. Fərabi yazır: “Dil haqqında elm iki hissədən ibarətdir. Birinci hissə – sözlərin yadda saxlanması və onların mənalarını bilmək. İkinci – bu sözləri idarə edən qanunları bilmək(yəni qrammatika – S.X.)” (10, s. 109). Daha sonra Fərabi dilçiliyin öz daxili təsnifatını verir, nitq hissələrindən, söz birləşmələrindən, yazı qaydalarından bəhs edir. Maraqlıdır ki o, poetikanı, şeirin daxili qaydalarını və formalarını da dilşünaslığın tərkibində nəzərdən keçirir.
Daha sonra Fərabi məntiq bölməsini açıqlayarkən bir daha qrammatika və poetika məsələlərinə qayıdır, mühakimələrin təsnifatında poetik mühakiməyə ayrıca yer verir. Sofistika, dialektika, ritorika və s. ilə yanaşı, poetikanın da geniş tədqiqinə, habelə kateqoriyalara da ayrıca kitab həsr etməsi Fərabinin Aristotel təsnifatına sadiq olduğunu göstərir. Riyaziyyatı Fərabi çox geniş mənada başa düşür və bir növ o dövrdə bəlli olan bütün dəqiq elmləri bura daxil edir. Görünür o, riyaziyyatı dəqiqliyin göstəricisi kimi qəbul edirdi. Bununla yanaşı, Fərabi burada da bölgü aparır və fizikanı müstəqil bir bölmə kimi nəzərdən keçirir. O, fizikanı səkkiz sahəyə ayırır, birinci sahədə “təbiətin harmoniyasına” aid məsələlər toplanır. İkinci sahəyə aid problemlər “səma və kainat” adı altında toplanır. “Yaranma və məhvolma” bölməsində o, maddələrin əmələ gəlməsi və elementlərinə parçalanmasından bəhs edir ki, bu da əslində kimya elminə işarədir. Daha sonra Fərabi “mineralogiya”, “bitkilər haqqında”, “heyvanlar haqqında” və nəhayət, “nəfs haqqında” elmlərdən bəhs edir. Düzdür, Fərabi bu təsnifatı guya Aristotelin kitablarının adına uyğun olaraq aparır, amma əslində Aristotelin real tədqiqat sferasından xeyli kənara çıxır. Daha sonra Fərabi insan haqqında elmdən (bu sahədə Fərabi əslində mədəniyyətşünaslıq və antropologiyaya dair bilikləri toplayır) bəhs edir. Daha sonra Fərabi hüquq və ilahiyyatı da öz təsnifatına daxil etməklə o dövr üçün ən mükəmməl bir təsnifat sistemi təqdim edir (10, s. 107-192).
İbn Sina isə xeyli dərəcədə fərqli bir təsnifat irəli sürür:
-
Əməli elmlər: a) ölkənin idarə olunması; b) evin idarə olunması; c) insanın özünün idarə olunması.
-
Nəzəri elmlər: a) ilahiyyat; b ) riyaziyyat (hesab, həndəsə, astronomiya, musiqi) c) xalis fizika.
-
Tətbiqi elmlər: a) hesablama-ölçmə; b) mexanika; c) təbabət; d) əlkimya. (Bax: 15, s. 44).
İbn Sina təsnifatında əlamətdar cəhətlərdən biri əməli elmlərlə tətbiqi elmlərin fərqləndirilməsidir. Belə ki, “tətbiq” dedikdə məhz elmi biliklərin tətbiqi nəzərdə tutulur. “Əməli elmlər” isə əslində nəzəri elmi biliklərin tətbiqi yox, elməqədərki mərhələ kimi götürülür.
İbn Sina öz yaradıcılığında bütün elmləri ehtiva etməyə çalışmışdır. Buna tam nail ola bilməsə də onun yazdığı əsərlərdən çıxış edərək onun elmləri necə qruplaşdırdığını təsəvvür etmək olar. Türkiyədə çap olunan Şəfa külliyatında İbn Sinanın aşağıdakı əsərləri ehtiva olunur1:
-
Məntiq elmləri
-
Dostları ilə paylaş: |