Taksi sürücüsü çıxır. Sabir yerdə oturub Nahidə baxır. Aytac da ondan cavab gözləyir. Nahid ona baxdıqlarını görüb səhnənin önünə gəlir. Uzanıb mahnı oxumağa başlayır.
Sabir: Vaxtilə Nahiddən acığı gələn rəqibi müsahibə verib Nahidin itmədiyini, gecə klublarında içki içib əyyaş kimi yaşadığını dedi. İndi də düşmənləri bütün gecə klublarında onu axtarırlar.
Aytac: İlahi, bu necə işdir? Sən burdan getməlisən Nahid!
Nahid: Yox! Getməyəcəyəm. Mənə burda yaxşıdır. Axı niyə gedim hə? Mən qorxağam məgər?
Sabir: Onda get, çıx onların önünə, qoy bir gülləylə canını alsınlar sənin. Niyə eləmirsən? Çünki sən yolunu gözləyən yazıq atandan və anandan nigaransan. Qorxursan ki, birdən onlara da nəsə edərlər. Elə ona görə də onlardan uzaqlaşdın. Bax, elə onlara görə çıxıb getməlisən burdan.
Nahid: Mənim burda xatirəm var. Mənim sevgilim bu torpaqda yatır. Sabircan, sən anlamazsan! Bəlkə də sən hələ bakirsən?! Amma mənim qadınlarım var. Onları qoyub gedə bilmərəm.