5. Məlikliklərlə mübarizə.
Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların - məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi.
Xaçın istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər. Gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra kiçicik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman isə bir-birilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər. Xaçın istisna edilməklə XVII yüzildən əvvəlki dövrdə onların Qarabağda kökü yoxdur. Məliklər Qarabağda feodal dağınıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər.
Məliklərin separatçı-mərkəzdənqaçma fəaliyyəti xanlıqda və bütün ölkədə gedən mərkəzləşdirmə işinə mane olurdu. Onların yadelli qüvvələrin Qarabağa hücumunun həyata keçirilməsində iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərbə vururdu. Buna görə də məlikliklərin separatçılıq meyillərini aradan qaldırmaq üçün görülən tədbirlər etnik konflikt olmayıb, Qarabağ xanlığının müstəqilliyinə yönəlmiş qəsdlərə qarşı mübarizə idi.
Xəmsə məliklərindən Pənah xanın hakimiyyətini birinci olaraq tanıyan Məlik Şahnəzər oldu. Bu, İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə nizama salındı.
Xaçın məliyi Ulubab Ballıqayada məğlub edildikdən sonra Pənah xanın hakimiyyətini tanıdı. Dizaq, Çiləbörd, Talış məliklərinin düşmənçilik siyasəti isə bir neçə il sürdü.
Pənah xanın məlikləri tabe etmək yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi. Qarabağ məliklərindən dizaqlı Yesay, çiləbördlü Məcnun və gülüstanlı Bəyləryan İbrahim xana tabe olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçınlı Mirzə xan isə İbrahim xanın hakimiyyətini qəbul edərək onun yaratdığı vətənsevər qüvvələr birliyinə qoşuldular.
Müttəfiqlər 1781-ci ildə Tuğ qalasını mühasirəyə aldılar. Məlik Yesay təslim oldu, burada hakimiyyət Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük çıxdı.
İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada - Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə «xristian dövləti», daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. Bu zaman İbrahim xan özünün yüksək diplomatik bacarığı sayəsində düşmənçilik edən məlikləri Şuşaya toplaya bildi. Sənədlər əsasında onların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı.
Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına görə Ərdəbil xanına verildi. Məliklərin müttəfiqi Gəncəsər monastırının katolikosu İohannes qardaşı ilə birlikdə tutulub cəzalandırıldı.
Lakin Şuşa həbsxanasındakı məliklər qaça bildilər. Onlar Tiflisə gələrək burada Qarabağ xanlığına qarşı hazırlanmış qəsdi gürcü çarı II İrakli (1744-1798) və rus polkovniki Burnaşovun köməyilə yerinə yetirməyə girişdilər. Qarabağ xanlığına qarşı «xaç yürüşü»nə başlayan düşmənlər Gəncəyə yaxınlaşdılar. Lakin 1787-1791-ci illər Rusiya-Türkiyə müharibəsinin başlanması nəticəsində bu «xaç yürüşü» baş tutmadı. İbrahim xan müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.
ƏDƏBİYYAT:
1. Azərbaycan tarixi. M. Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2014.
2. Azərbaycan tarixi. İ.Məmmədovun redaktorluğu ilə. Bakı, 2005.
3. İ.Nuriyeva. Azərbaycan tarixi. Ən qədim zamanlardan XXI əsrin əvvəlinədək. Bakı, 2015.
4. Q.Cəbiyev,S.Allahverdiyev. Azərbaycan tarixi. Bakı, 2017.
5. Y. Yusufov, Z.Bünyadov. Azərbaycan tarixi. Ən qədim zamanlardan XX əsrədək. Bakı, 2007.
Dostları ilə paylaş: |