“Nizamiyyə” mədrəsəsini bitirənlər alim rütbəsi ilə islam dünyasının hər tərəfinə yayılaraq islamı təbliğ edirdilər. “Nizamiyyə” mədrəsəsində dərslər sadədən mürəkkəbə, asandan çətinə, ümumidən xüsusiyə prinsipi əsasında qurulmuşdur. Müəllimlərə təlim üsulu seçməkdə, mühazirə oxumaqda tam sərbəstlik verilmişdi. Bununla bərabər onlar ümumi pedaqoki qaydalardan və mədrəsənin ümumi qanunlarından kənara çıxa bilməzdilər. Müəllimlər yalnız öz ixtisasları üzrə mühazirələr oxuya bilərdilər ki, hər bir mühazirənin də müddəti iki saatdan ibarət olurdu. Onlar əksər hallarda tələbələrindən öz kitablarından dərs verirdilər. Mədrəsənin tələbələri keçilən ixtisas üzrə müzakirələr aparmaq, bu sahədə müəllimlərə suallar vermək, yaxud keçilən hər hansı mövzunu yenidən aydınlaşdırmağı müəllimdən tələb etmək hüququna malik idilər. “Nizamiyyə” mədrəsəsinə əksər hallarda yaşı iyirmiyə qədər olan gəncləri qəbul edirdilər. Təhsil müddəti əsasən 4 il idi. Lakin tələbələr istədikdə bu müddət qurtarandan sonra da dinləyici kimi mühazirələrdə iştirak edə bilərdilər. Mədrəsəyə tutduğu ictimai mövqedən asılı olmayaraq hər kəs daxil ola bilərdi. Lakin bu, müəyyənləşdirilmiş normanı keçməməli idi. Tələbələrə yemək, paltar və gecələmələri üçün yataqxana verilirdi. Mədrəsənin hamamı və həkimi vardı. Mədrəsənin müəllimləri də xüsusi paltar geyinir, başqalarından fərqlənirdilər. “Nizamiyyə” mədrəsəsi üçün Nizam-əl-Mülk ildə 600 min dinar ayırırdı. Nizamiyəyə yardım vəqfləri isə ildə 15 min dinar vəsait ayırırdı. Həmin dövrdə xilafətin tərkibində olan Azərbaycanda da elmi kitabxanaların və mədrəsələrin təskilinə xüsusi yer verilirdi, XIII əsrin əvvəllərində Azərbaycanın Təbriz, Marağa, Xoy, Səlmas, Urmiyə, Mərənd, Ərdəbil, Bərdə, Gəncə, Beyləqan, Naxçıvan, Bakı və Şəki şəhərlərində mədrəsələr fəaliyyət göstərirdi. XI-XIII əsrlərdə “Nizamiyyə” məktəbləri bütün müsəlman dünyasını əhatə etmiş, sayı 238-ə çatmışdı.