“Xalq qəzeti”. 2012. 10 yanvar. N s azərbaycanda üzümçülüyün inkişafının yeni mərhələsi Azərbaycan üzümün yetişdirilməsi və onun emalı ilə məşğul olan qədim diyarlardan biridir. Ədəbi



Yüklə 166.5 Kb.
Pdf просмотр
tarix26.07.2017
ölçüsü166.5 Kb.

“Xalq qəzeti”.-2012.-10 yanvar.-N 5.-S.4.

Azərbaycanda üzümçülüyün inkişafının yeni mərhələsi

Azərbaycan  üzümün  yetişdirilməsi  və  onun  emalı  ilə  məşğul  olan  qədim  diyarlardan  biridir.  Ədəbi

məlumatlara  görə,  hələ  eramızdan  əvvəl  X  əsrdə  Azərbaycanın  bir  çox  bölgələrində  geniş  üzüm  bağları

mövcud  idi.  Üzümdən  şərab,  doşab, abqora,  mövüc,  sirkə  və  s.  məhsullar  hazırlanırdı.  Üzümçülük  indi  də

ölkəmizdə aqrar-sənaye kompleksinin ən gəlirli sahələrindəndir. 

Vaxtilə Azərbaycanda kənd təsərrüfatından əldə edilən ümumi mənfəətin 30 faizi üzümçülüyün payına düşürdü.

Keçən  əsrin  80-ci  illərində  üzümçülük  iqtisadiyyatın  aparıcı sahəsi  olan  neft  sənayesi  ilə  rəqabət  apararaq  dövlət

büdcəsinin formalaşmasında mühüm yer tuturdu. Şamaxı, Cəlilabad, Ağdam, Füzuli, Xanlar, Qazax, Tovuz, Şəmkir

rayonlarının hər birində ildə 100 min tona qədər üzüm tədarük edilirdi. Üzümçülüyün respublika iqtisadiyyatı üçün

böyük  əhəmiyyətə  malik  olduğunu  yüksək  qiymətləndirən  ulu  öndər  Heydər  Əliyev  1970-ci  ildən  başlayaraq  bu

sahənin  inkişafına  xüsusi  diqqət  və  qayğı  göstərirdi.  Ümummilli  liderimizin  şəxsi  göstərişi  ilə  respublikada

üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1970-ci ildə respublika Dövlət

Üzümçülük  və  Şərabçılıq  Komitəsi,  respublika  Nazirlər  Sovetinin  12  avqust  1976-cı  il  tarixli  sərəncamı  ilə  isə

Azərbaycan  Elmi-Tədqiqat  Üzümçülük  və  Şərabçılıq  İnstitutu  yaradıldı.  1977-ci  ilin  mart  ayından  fəaliyyətə

başlayan bu elmi-tədqiqat müəssisəsi üzümçülüyün və  şərabçılığın  elmi  əsaslarla  inkişaf  etdirilməsində  böyük  rol

oynamışdır. 

1984-cü ildə Azərbaycanda üzümlüklərin ümumi sahəsi 280 min hektara çatdırılmış, həmin il ilk dəfə olaraq 2,1

milyon  ton  üzüm  istehsal  edilmiş,  hər  hektardan  məhsuldarlıq  100  sentner  olmuşdur.  Hər  il  respublikada  ticarət

təşkilatlarına 30 min ton, o cümlədən Bakı şəhərinə 15-16 min ton süfrə üzümü göndərilirdi. Respublikadan kənara

isə daha çox - 230-240 min ton süfrə üzümü ixrac edilirdi. Əhalinin qış aylarında təzə üzümlə təmin edilməsi üçün

üzümçülük təsərrüfatlarında hər birinin tutumu 6 min ton olan 17 üzüm saxlayan soyuducu istifadəyə verilmişdi.

Həmin  dövrdə  şərabçılıq  sənayesinin  inkişaf  etdirilməsinə,  istehsal  olunan  şərab  məhsullarının  keyfiyyətinin

yüksəldilməsinə və çeşidinin genişləndirilməsinə dövlət tərəfindən böyük diqqət yetirilirdi. Azərbaycanın şərab və

konyakları  Macarıstana,  Almaniyaya,  Bolqarıstana,  Polşaya,  Çexoslovakiyaya,  Kuba  və  Monqolustana  ixrac

olunurdu.  Həmin  illərdə  Azərbaycanda  istehsal  olunan  şərablar  yüksək  keyfiyyət  göstəricilərinə  görə  beynəlxalq

sərgilərdə 97 qızıl medala layiq görülmüşdü. 

Ümumiyyətlə,  80-ci  illərdə  ulu  öndər  Heydər  Əliyevin  rəhbərliyi  altında  həyata  keçirilən  məqsədyönlü  siyasi,

iqtisadi  və  təşkilatı  tədbirlər  sayəsində  üzümçülük  sahəsinin  yüksək  templə  inkişafına  nail  olunmuş,  emal

müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, güclü kadr potensialı yaradılmışdır. Lakin keçmiş İttifaq

rəhbərliyinin  alkoqolizm  və  sərxoşluğa  qarşı  mübarizə  tədbirləri  haqqında  1985-ci  ildə  qəbul  etdiyi  qərar

respublikamızda üzümçülüyün inkişafına ciddi zərbə vurmuşdu. Bu qərəzli qərardan sonra Azərbaycanda 130 min

hektardan  çox  məhsuldar  üzüm  bağı  məhv  edilmiş  və  uzun  illər  böyük  zəhmət  hesabına  yaradılan  infrastruktur

dağıdılmışdır.  Respublika iqtisadiyyatına o vaxtkı qiymətlərlə 630 milyon manat dəyərində ziyan dəymişdir. Digər

tərəfdən, 90-cı illərin əvvəllərində ölkədə yaranmış bu sahənin inkişafına öz mənfi təsirini göstərmiş, istehsalçılarla

istehlakçılar  arasında  ənənəvi  münasibətlərin  pozulmasına  və  nəticədə  bir  sıra  üzümçülük-şərabçılıq

müəssisələrinin fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur.

1993-cü  ildə  Heydər  Əliyevin  ölkə  rəhbərliyinə  qayıdışından  sonra  üzümçülük-şərabçılıq  sahəsinə  diqqət

yenidən  artmağa  başladı.  Ulu  öndərin  məqsədyönlü  siyasəti  sayəsində  ölkədə  üzümçülük  tədricən  dirçəlməyə

başladı. Azərbaycanın qədim üzümçülük zonaları olan Şamaxı, Cəlilabad rayonlarında və bir sıra başqa bölgələrdə

yerli üzüm sortlarından ibarət yeni üzüm bağları salındı. Ümummilli lider Heydər Əliyev üzümçülük və şərabçılığı

müstəqil  Azərbaycan  Respublikasında  yeni  bazar  münasibətləri  şəraitində  inkişaf  etdirmək  üçün  onun  hüquqi

bazasının  yaradılması  məqsədilə  2002-ci  ildə  "Üzümçülük  və  şərabçılıq  haqqında"  Azərbaycan  Respublikası

Qanununun  tətbiq  edilməsi  barədə  fərman  imzaladı.  Fərmanın qüvvəyə  minməsindən  sonra  respublikada  çoxsaylı

özəl üzümçülük təsərrüfatları formalaşdı, yeni üzümlüklər salındı. 

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  imzaladığı  "Azərbaycan  Respublikası

regionlarının  sosial-iqtisadi  inkişafın  (2004-2008-ci  illər)  Dövlət  Proqramı"  aqrar  sahənin,  o  cümlədən

üzümçülüyün  inkişafı  üçün  geniş  perspektivlər  açmışdır.  Üzümçülüyün  inkişafı  üzrə  tədbirlərin  də  nəzərdə

tutulduğu "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və

"2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması və  davamlı inkişaf  Dövlət  Proqramı"

kimi  mühüm  sənədlər  təsdiq  edilmişdir.  Bununla  yanaşı, ölkə  Prezidenti  bölgələrə  etdiyi  səfərlərdə  üzümçülüyün

prioritet  sahə  olduğunu  dəfələrlə  qeyd  etmiş  və  bu  sahənin  inkişafına  xüsusi  diqqət  yetirmək  zərurətini

vurğulamışdır. 

Ölkəmizdə  aqrar  sahə,  o  cümlədən  üzümçülüklə  bağlı  qəbul  edilən  qanun  və  proqramlar  artıq  öz  nəticəsini

verməkdədir.  Belə  ki,  2010-cu  ilin  statistik  məlumatlarına  əsasən,  Azərbaycanda  üzümün  əkin  sahəsi  ötən  illərə

nisbətən xeyli artaraq 15,4 min hektar, istehsal həcmi isə 129,5 min ton olmuşdur. Hər il 100 hektarlarla müasir tipli

üzüm bağları salınır.



Yeni  qəbul  olunmuş  "2012-2020-ci  illərdə  Azərbaycan  Respublikasında  üzümçülüyün  inkişafına  dair  Dövlət

Proqramı"  respublikamızda  üzümçülük  sahəsində  dövlət  siyasətini  və  strategiyasını  formalaşdıracaq,  tədbirlərin

uğurla  həyata  keçirilməsini,  müvafiq  təşkilatların  bu  sahədəki  işlərinin  koordinasiyasını  və  sürətləndirilməsini

təmin  edəcəkdir.  Qəbul  olunmuş  Dövlət  Proqramı  üzümçü  mütəxəssislərin  və  üzümçülüklə  məşğul  olan

sahibkarların sevincinə səbəb olmuş, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına əhəmiyyətli təsir etmişdir.

Dövlət Proqramında respublikamızda müasir bazar tələbləri səviyyəsində üzümçülük və onun emal sənayesinin

inkişafını təmin  etmək  məqsədilə  yeni  üzümlüklərin  salınması, süfrə  və  texniki  üzüm  sortlarının  əkin  sahələrinin

genişləndirilməsi,  tinglik  təsərrüfatlarının  yaradılmasının  və  üzümçülük  təsərrüfatları  üçün  əsas  və  köməkçi

materialların istehsalının dəstəklənməsi, üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması, üzümçülüyün və

şərabçılığın  elmi  təminatının  və  kadr  potensialının  gücləndirilməsi,  üzüm  istehsalı  və  emalı sahəsində  innovativ

texnologiyaların  tətbiqinin  dəstəklənməsi,  üzüm  və  şərabçılıq  məhsullarının  emalı  müəssisələrinin  fəaliyyətinin

bərpası və yeni belə müəssisələrin yaradılmasının və üzüm məhsullarının "plantasiya-istehlakçı" sxemi ilə satışının

stimullaşdırılması, mövsümlərarası dövrlərdə  əhalinin  fasiləsiz  olaraq  süfrə  üzümü  ilə  təmin  edilməsi  məqsədi  ilə

anbar şəbəkələrinin və saxlama kameralarının tikintisinin dəstəklənməsi, üzüm və şərabçılıq məhsullarının rəqabət

qabiliyyətinin artırılması və ixracının stimullaşdırılması, üzüm və  şərabçılıq məhsulları üzrə  daxili  bazarın haqsız

rəqabətdən  qorunması,  üzüm  və  şərabçılıq  məhsulları  üzrə  idxalın  əvəzlənməsi  səviyyəsinin  yüksəldilməsi  və

onların  istehsalı  ilə  bağlı  sahələrin  inkişafının  dəstəklənməsi  kimi  vəzifələr  müəyyənləşdirilmişdir.  Bizcə,

Azərbaycanda  üzümçülük  və  şərabçılığın  inkişafı  sahəsində  qarşıya  qoyulmuş  məqsədlərə  nail  olmaq  və  Dövlət

Proqramını uğurla həyata keçirmək üçün əsas diqqəti aşağıdakı məsələlərə yönəltmək vacibdir.

Yeni  üzümlüklərin  salınması  zamanı  torpaqların  düzgün  seçilməsinə,  üzüm  sortlarının  ərazinin  torpaq-iqlim

şəraitinə  uyğun  olub-olmamasına,  tənəklərin  su  və  qida  maddələri  ilə  tam  həcmdə  təmin  olunmasına  diqqət

yetirmək, üzümlüklərdə intensiv becərmə texnologiyalarını tətbiq etmək lazımdır. Üzümlüklərdə sort qarışığına yol

verilməməsinə,  bitkinin  böyümə  gücünə  və  məhsuldarlığına  görə  dayaq  sisteminin  seçilməsinə,  kolun  gücündən

səmərəli  istifadə  edilməsinə  də  diqqət  yetirilməlidir.  Üzüm  bağları  salınarkən  əkin  materialının  keyfiyyətini

yoxlamaq  lazımdir.  Son  zamanlar  Fransa,  İtaliya,  Gürsüstan  və  digər  ölkələrdən  respublikamıza  calaq  üzüm  əkin

materialı  (əsasən  tinglər)  gətirilir.  Bu  tinglərin  bizim  şəraitə  uyğunlaşma  prosesi  çox  ləng  gedir,  gözlənilən

məhsuldarlığı əldə etmək mümkün olmur. Bundan başqa, üzümlüklərdə karantin xəstəliklərinin yayılması təhlükəsi

yaranır.  Gəncə-Qazax  zonasında  yayılmış  bakterial  xərçəng  xəstəliyi  buna  misaldır.  Odur  ki,  xaricdən  gətirilən

tinglər xüsusi laboratoriyalarda yoxlamadan keçirilməlidir. Bu işlər ciddi mütəxəssis nəzarəti altında olmalıdır. 

Xaricdən  ting  gətirmək  sahibkarlara  olduqca  baha  başa  gəlir.  Respublikaya  ilbəil  xarici  mənşəli  tinglərin

gətirilməsi yerli sortların sıxışdırılması ilə nəticələnir. Digər tərəfdən, çox vaxt virus xəstəliklərinin daşıyıcısı olan

xarici əkin materialı yerli sortların həmin xəstəliklərə yoluxmasına təhlükə yaradır. Yaranmış problemi həll etmək

üçün  müasir  texnologiyaların  tətbiqini  təmin  edən  avadanlıqla  təchiz  olunmuş  calaq  emalatxanalarının  və  əsasən

rayonlaşdırılmış  yerli  üzüm  sortlarından  ibarət  tinglik  təsərrüfatlarının  təşkil  edilməsi  vacibdir.  Respublikanın

torpaq-iqlim  şəraitinə  uyğun  olan  yerli  üzüm  sortlarından  calaq  edilmiş  tinglərin  istehsalını  genişləndirmək  və

xarici mənşəli üzüm tinglərinin idxalının azalmasına və sort probleminin tənzimlənməsinə nail olmaq mümkündür.

Hazırda  Azərbaycan  üzümçüləri  bir  sıra  problemlərlə  üzləşirlər.  Bunlardan  başlıcası  əkin  materialıdır.  Yeni

üzümlüklərin  salındığı bir  vaxtda  respublikada  ixtisaslaşmış  tinglik  təsərrüfatlarının olması vacibdir.  "Üzümçülük

və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin  1-ci  bəndində  göstərildiyi  kimi,

"calaqaltı  və  calaqüstü  anaclıqların  yaradılması  üçün  xəstəliklərə  və  zərərvericilərə  davamlı  əkin  materialları

müvafiq  elmi-tədqiqat  müəssisələrində  və  ya  müqavilə  şərtləri  ilə  elmi-tədqiqat  müəssisələrinin  nəzarəti  altında

ixtisaslaşdırılmış  tingçilik  təsərrüfatlarında  istehsal  olunur".  Qanunun  bu  tələbinə  riayət  edərək,  özəl  üzümçülük

təsərrüfatlarını  yerli  şəraitə  uyğun  olan,  yüksək  keyfiyyətli  calaq  üzüm  əkin  materialı  ilə  təmin  etmək  üçün

AzETÜŞİ-nin  əməkdaşları  Abşeron  rayonu  ərazisindəki  kolleksiya  bağında  tingçilik  işinə  başlamışlar.  İnstitut

alimlərinin  müxtəlif  calaqaltıların  öyrənilməsi  üzrə  apardıqları tədqiqatlar  nəticəsində  Azərbaycanın  torpaq-iqlim

şəraitinə  uyğun  calaqaltı istehsal  etmək  üçün  fillokseraya  davamlı altı  Amerika  sortu  seçilmişdir.  Bu  sortlardan

calaqaltı  anaclıqlar  salmaqla  yaxın  iki-üç  il  müddətində  calaq  olunmuş  əkin  materialı  istehsalına  nail  olmaq

mümkündür.

Yeni salınacaq üzüm bağı üçün tələb olunan dəmir-beton və sinklənmiş məftilə olan tələbatın ödənilməsi də çox

vacibdir. Üzümçülüyün inkişaf  etdirildiyi illərdə dəmir-beton dirəklər istehsal edən çoxsaylı müəssisələr  fəaliyyət

göstərirdi.  Hazırda  dəmir-beton  dayaqlara  olan  tələbatı  nəzərə  alaraq  həmin  müəssisələrin  fəaliyyəti  bərpa

edilməlidir.

Ölkədə üzümçülüyün məqsədyönlü inkişafının təmin edilməsində üzüm sortlarından ibarət genofondun olduqca

böyük  əhəmiyyəti  vardır.  Üzümçülükdə  genofond  kolleksiyalar  formasında  yaradılır.  Vaxtilə  ölkəmizin  müxtəlif

regionlarında  ampeloqrafik  kolleksiya  bağları  mövcud  idi.  Hazırda  kolleksiyaların  əksəriyyəti  baxımsızlıq

ucbatından  yox  olmaq  həddindədir.  Vəziyyəti  nəzərə  alaraq  institumuzun  əməkdaşları Abşeron  rayonu  şəraitində

Azərbaycanın  müxtəlif  bölgələrindən  gətirilmiş  üzüm  sortlarından  15  hektar  sahədə  kolleksiya  bağı  salmışlar.

Kolleksiya bağında respublikanın üzüm genofondunun əsasını təşkil edən 320 yerli və introduksiya olunmuş  süfrə

və  texniki  istiqamətli  üzüm  sortları, fillokseraya  davamlı Amerika  mənşəli  calaqaltılar,  həmçinin  yabanı üzümün

xəstəlik-zərərvericilərə qarşı davamlı formaları becərilir.



Respublikada üzümün mildiu,  oidium,  salxım yarpaqbükəni,  tor  gənəciyi  kimi  xəstəlik  və  zərərvericiləri  hər  il

üzümlüklərə  külli  miqdarda  ziyan  vurur.  Mübarizə  tədbirlərinin  vaxtında  aparılmaması məhsulun  80-90  faizinin

məhv  olması ilə  nəticələnir.  Ona  görə  də  xəstəlik  və  zərərvericilərə  qarşı  mübarizə  tədbirlərinin  aparılmasına  və

mübarizə üçün ən səmərəli kimyəvi preparatların seçilməsinə xüsusi diqqət yetirilməlidir. Yaxşı olardı ki, bu işdə

Azərbaycan  Elmi-Tədqiqat  Üzümçülük  və  Şərabçılıq  İnstitutunun  alimlərinin  və  mütəxəssislərin  tövsiyələrindən

istifadə  edilsin.  Zəhərli  kimyəvi  maddələrin  tətbiqini  azaltmaq  üçün  davamlı  yeni  seleksiya  sortlarının

yaradılmasına  xüsusi  diqqət  verilməlidir.  Azərbaycan  Elmi-Tədqiqat  Üzümçülük  və  Şərabçılıq  İnstitutunda

alimlərin səyi nəticəsində üzümün xəstəlik və zərərvericilərinə qarşı davamlı yeni seleksiya sortları yaradılmışdır.

Bunlardan beynəlxalq prizlərə layiq görülmüş Azəri və Göygöl üzüm sortları xəstəlik və zərərvericilərə davamlı ən

qiymətli sortlar kimi təsdiq edilmiş və rayonlaşdırılmışdır. 

Aparılan  elmi-tədqiqat  işləri  nəticəsində  məlum  olmuşdur  ki,  Azərbaycan  şəraitində  1  hektardan  yığılan  80

sentner üzüm məhsulu ilə torpaqdan 100 kq azot, 30 kq fosfor, 100 kq kalium, 100 kq kalsium, 60 kq maqnezium

xaric  olunur.  Üzümün  yaşıl orqanları da  torpaqdan  müəyyən  qədər  mineral  maddələr  çıxarırlar.  Nəzərdə  tutulan

kimyəvi  maddələrlə  yanaşı  yeni  tərtib  olunmuş  torpaq  texnoloji  xəritələri  əsasında  üzvi  gübrələrin  və  yaşıl

sidratların verilməsi vacibdir. 

Respublikaya mineral gübrələrin gətirilməsi üçün Aqrolizinqlərin fəaliyyəti daha da gücləndirilməlidir. Mövcud

üzümlüklər  və  başqa  kənd  təsərrüfatı  sahələrini  üzvi  və  mineral  gübrələrlə  təmin  etmək  üçün  istehsal

müəssisələrinin bərpa edilməsinə və yeni texnologiya ilə təchiz olunmasına diqqət yetirilməlidir. 

Üzümçülüyün  yüksək  səviyyədə  inkişafına  nail  olmaq  üçün  onun  ayrılmaz  hissəsi  olan  şərabçılığın  inkişaf

etdirilməsinə xüsusi diqqət yetirmək lazımdır.

Respublika iqtisadiyyatının inkişafı üçün ekoloji cəhətdən təmiz və dünya bazarında rəqabətə cavab verə bilən

keyfiyyətli  şərab,  konyak,  şampan  istehsalı xüsusi  əhəmiyyət  kəsb  edir.  Azərbaycanda  istehsal  olunan  şərabçılıq

məhsullarının keyfiyyətini beynəlxalq standartlara çatdırmaq, onların dünya bazarında layiqli yer tutmasına zəmin

yaratmaq  üçün  zavodlar  yeni  texnoloji  avadanlıqla  təchiz  olunmalıdır.  Son  illər  qırmızı  və  ağ  süfrə  şərablarının

istehsalına daxili və xarici bazarın tələbatı çox böyükdür. AzET Üzümçülük və Şərabçılıq İnstitutunda bu məqsədlə

geniş tədqiqatlar aparılır. Aparılan hesablamalardan aydın olmuşdur ki, şərabın xammal kimi yox, son məhsul kimi

satışı respublikaya iki dəfədən çox gəlir gətirir. 

İstehsalatda  tələb  olunan  spirt  rektifikatın, köməkçi  materialların  və  yeni  avadanlıqların alınması və  alkoqollu

içkilərin  ixracını  artırmaq  üçün  xarici  investorların  bu  işə  cəlb  olunması  vacibdir.  Artıq  bir  neçə  ildir  ki,

Azərbaycanın  şərabçılıq  məhsulları  bazarında  bəzi  neqativ  hallar  müşahidə  edilir.  Bunlardan  başlıcası  ölkəyə

xaricdən keyfiyyətsiz  alkoqollu  içkilərin  idxal  edilməsidir.  Daxili  bazara  yol  tapmış mənşəyi  məlum  olmayan  etil

spirtindən  hazırlanan  araq  və  digər  surroqatlar  əhalinin  sağlamlığı  üçün  ciddi  təhlükə  yaradır.  Belə  bir  şəraitdə

daxili  bazarın  yerli  istehsalçıların  dəstəklənməsi  yolu  ilə  tənzimlənməsi  dövlətin  bir  nömrəli  vəzifəsinə

çevrilmişdir. Bununla əlaqədar olaraq ölkədə məqsədyönlü dövlət  proqramları işlənib hazırlanmalı, qiymətqoyma,

kreditvermə  və  vergiödəmə  sistemləri  təkmilləşdirilməli,  lisenziya  və  sertifikatlaşdırma  qaydalarına  yenidən

baxılmalıdır.

Xalqımızın  milli  sərvəti  olan  üzümçülük  və  şərabçılığın  inkişaf  etdirilməsi  üzümçülük  və  şərabçılıq  üzrə  elmi

kadrların  hazırlanması  və  onların  ixtisaslarının  artırılması  ümumdövlət  və  xalq  mənafeyi  baxımından  mühüm

əhəmiyyətli məsələlərdən biridir.

Azərbaycanın  təbii-iqlim  şəraiti  üzümçülüyün  daha  da  inkişaf  etdirilərək  istehsalın  artırılmasına,  əhalinin

müxtəlif  çeşidli,  yüksək  keyfiyyətli  süfrə  üzümünə,  şərabçılıq  və  digər  emal  müəssisələrinin  isə  xammala  olan

tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bu isə öz növbəsində üzüm və şərabçılıq məhsullarının

ixracının artırılmasına, idxalın əvəzləşdirilməsinə şərait yarada bilər. 

Üzümçülük və şərabçılıq sahəsinin yüksək səviyyədə inkişaf  etdirilməsinə nail olmaq üçün aşağıdakı məsələlər

tezliklə öz həllini tapmalıdır: 

-  Xaricdən  gətirilən  tinglər,  calaqaltı  və  calaqüstü  materiallar  sanitariya  ekspertizasından  keçirilməli,  yerli

şəraitə uyğunlaşması elmi əsaslarla öyrənilməlirdir. Gələcəkdə müxtəlif xəstəlik mənbələri olan əkin materiallarının

respublika  ərazisinə  daxil  olmasının  qarşısını  almaq  məqsədilə  alim  və  mütəxəssislərin  bu  işə  cəlb  edilməsi

məqsədəuyğundur; 

-  laboratoriya  şəraitində  aparılmış  tədqiqatların  nəticəsi  yarımistehsal  qurğularında  sınaqdan  keçirilməli  və

müxtəlif  texnoloji  təlimatlar,  normativ  sənədlər  və  texniki  şərtlərin  parametrləri  müəyyən  olunmalıdır.  Qeyd

olunanları  nəzərə  alaraq  elmi-tədqiqat  işlərinin  genişləndirilməsi  üçün  AzETÜŞİ-nin  nəzdində  eksperitmental

təcrübə zavodunun yaradılması məqsədəmüvafiq olardı;

- respublikada peşəkarlardan ibarət  müstəqil dequstasiya komissiyasının yaradılması və neytral laboratoriyanın

təşkili,  Azərbaycana  idxal  olunan,  eləcə  də  ölkədə  istehsal  olunan  şərabçılıq  məhsullarının  obyektiv

qiymətləndirilməsi  üçün  çox  vacibdir.  Azərbaycan  Respublikası Nazirlər  Kabinetinin  24  dekabr  2002-ci  il  tarixli

199  saylı  qərarına  əsasən  şərabçılıq  məhsullarının  dequstasiyadan  keçirilməsi  və  sənədləşdirilməsi  qaydaları

müəyyən olunmuşdur;

-AzETÜŞİ-də  aparılan  elmi-tədqiqat  işlərini  genişləndirmək  üçün  institutun  laboratoriyaları  qabaqcıl

texnologiyaların  tətbiq  edilməsinə  imkan  verən  müasir  texnoloji  avadanlıqla  təchiz  olunmalıdır.  Laboratoriyalar



yenidən qurulmalı, yüksək effektli foto və elektron kompyuter cihazları, reaktiv və avadanlıqlarla təchiz edilməlidir.

Bakıda və Azərbaycanın digər şəhərlərində şərab muzeylərinin yaradılması, üzümçülük və şərabçılığın tarixinə

dair mühazirələrin oxunması, dequstasiya və sərgilərin təşkil olunması məqsədəuyğundur. Təbii üzüm şərablarının

insan orqanizmi üçün faydası barədə təbliğat işlərinin aparılması, reklam kampaniyasının gücləndirilməsi də ölkədə

şərab istehsalının artırılmasını sürətləndirərdi.

Üzümçülüyün  və  onun  emal  sənayesinin  inkişaf  etdirilməsi  üçün  özəl  fermer  təsərrüfatlarının  və  emal

müəssisələrinin  kreditləşməsinə  köməklik  etmək,  aqrar  bölmədə  təhsil,  elm  və  məsləhət,  məhsulun  keyfiyyətinə

nəzarət və onların təhlükəsizliyi məsələləri həll olunmalıdır.

Respublikada  üzümçülük  və  şərabçılığın  müasir  səviyyədə  elmi  əsaslarla  inkişaf  etdirilərək  vahid  pəncərə

sisteminə keçirilməsi, daxili bazarın qorunması, xarici bazarın tələbatının öyrənilməsi, üzümçülük təsərrüfatları ilə

emal müəssisələri arasında əlaqələrin qurulması üçün Kənd Təsərrüfatı Nazirliyininin tabeçiliyində departamentin

yaradılması  və  Azərbaycan  şərablarının  reklamı  və  satışı  ilə  məşğul  olan  assosiasiya  və  şirkətlərin  yaradılması

məqsədəuyğundur.  Azərbaycanda  üzümçülük  və  şərabçılığı  dirçəltmək  üçün  bir  neçə  siyasi  xarakterli  məsələlər

dövlət  səviyyəsində  həll  edilməlidir.  Məlumdur  ki,  sovet  dövründə  Rusiyanın  Moskva,  Sankt-Peterburq,  Şaxta,

Kemerovo,  İrkutsk,  Bratsk,  Rostov,  Kazan  və  digər  şəhərlərdə  Azərbaycanın  tabeliyində  olan  şərab  zavodları

Azərbaycanın  vəsaiti  hesabına  tikilmişdi  və  respublikadan  göndərilən  xammal  hesabına  fəaliyyət  göstərirdi.

Xammal çatışmadığına görə həmin zavodlar bu gün demək olar ki, fəaliyyətsizdir. Dövlətlərarası saziş  bağlayaraq

bu  zavodların  hüquqi  statusunu  müəyyənləşdirməklə  müştərək  müəssisələr  yaradıb  xarici  ölkələrdə  Azərbaycan

şərablarının sərbəst satışını təşkil etmək çox vacibdir.

Bazar  iqtisadiyyatı  şəraitində  yüksək  keyfiyyətli  şərabların  istehsalı  ilə  yanaşı,  alkoqolsuz  məhsulların

istehsalına  xüsusi  əhəmiyyət  verilməlidir.  Respublikada  qurudulmuş  üzüm  istehsalı  üçün  bütün  imkan  və  şərait

vardır.  Özəl  təsərrüfatlarda  yüksək  gəlir  əldə  etmək  üçün  kişmiş, mövüc,  şirə,  şərbət,  bəhməz,  mürəbbə,  kompot,

abqora,  marinad  və  s.  məhsulların  istehsalı  xalqımızın  milli  mentalitetinə  uyğun  olaraq  istehlak  tələbatının

ödənilməsinə şərait yaradar. Əhalinin təzə üzümə olan tələbatını ödəmək məqsədilə ən tez və ən gec yetişən üzüm

sortlarından  ibarət  yeni  üzüm  bağlarının  salınması,  saxlama  kameralarının  tikilməsi  məqsədə  müvafiqdir.  Ətraf

mühitin ekstremal şəraitinə davamlı və yüksək keyfiyyətli sabit məhsul alınmasını təmin edən yeni texniki və süfrə

üzüm sortları yaradılmalı və  istehsalata  tətbiq  edilməlidir.  Sortun  bioloji  xüsusiyyətləri  və  zonaların  torpaq-iqlim

şəraiti  nəzərə  alınmaqla  üzümün  optimal  becərmə  texnologiyası  xəstəlik  və  zərərvericilərdən  səmərəli  mühafizə

sistemi işlənib hazırlanmalıdır;

Dünya bazarının tələbatına cavab verən yeni markalı yüksək keyfiyyətli şampan, konyak, kaqor, nektar tipli və

qırmızı süfrə  şərablarının texnologiyası işlənib  hazırlanmalı, zonalar  üzrə  üzümün  üzvi  və  mineral  gübrələrə  olan

tələbatı müəyyənləşdirilməlidir.

Üzümün uzun müddət səmərəli saxlanması və qurudulması texnologiyası işlənib hazırlanmalıdır. Yuxarıda qeyd

edilən  məsələlərin  əksəriyyəti  Dövlət  Proqramında  əksini  tapmışdır.  Dövlət  Proqramının  məqsəd  və  vəzifələri

üzümçülük və onun emal sənayesinin qarşısında duran elmi, təcrübi, iqtisadi, institusional və təşkilatı problem və

istiqamətləri tam əhatə etdiyindən heç şübhəsiz, ölkədə üzümçülüyün inkişafını stimullaşdıracaqdır.

Ümidvarıq  ki,  Dövlət  Proqramı  üzümçülük  və  şərabçılıq  sahəsinin  sürətli  inkişafına  təkan  verəcək,  üzümün

genetik ehtiyatlarının qorunması, toplanılması, səmərəli  istifadəsi  və  əsasən  qiymətli  yerli  üzüm  sortlarından  əkin

materialı istehsal  edən  tinglik  təsərrüfatlarının yaradılması kimi  təxirəsalınmaz  tədbirləri  də  ön  plana  çəkəcəkdir.

Bununla  yanaşı, Dövlət  Proqramının uğurlu  icrasının  nəticəsində  əhalinin  təzə  və  quru  üzümə,  o  cümlədən  digər

üzüm və şərabçılıq məhsullarına  olan tələbatı yerli istehsal hesabına ödəniləcək, yeni üzümçülük təsərrüfatlarının,

üzümün emalı, o cümlədən əsas və köməkçi materiallar istehsal edən müəssisələrin yaradılması nəticəsində yeni iş

yerləri  açılacaq,  respublika  əhalisinin,  xüsusilə  də  kənd  əhalisinin  iqtisadi  vəziyyəti  daha  da  yaxşılaşacaqdır.

Proqramda nəzərdə tutulan "tingçilik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi" vəzifəsinin həyata keçirilməsi

nəticəsində  yerli  ting  istehsalına  nail  olunması  milli  valyutanın  xaricə  axınının  qarşısını  alacaq,  ekoloji

üzümçülüyün  inkişafına  təkan  verəcək  və  yerli  üzüm  genofondunun  artırılmasına  şərait  yaradacaq.  Ümumiyyətlə,

"2012-2020-ci  illərdə  Azərbaycan  Respublikasında  üzümçülüyün  inkişafına  dair  Dövlət  Proqramı" Azərbaycanda

üzümçülüyün və şərabçılığın inkişafında mühüm mərhələ olacaqdır.



Tariyel PƏNAHOV, 

Azərbaycan Elmi-Tədqiqat 

Üzümçülük və Şərabçılıq 

İnstitutunun direktoru, texnika 

elmləri üzrə fəlsəfə doktoru,

 Beynəlxalq Üzümçülük və 

Şərabçılıq Akademiyasının

 həqiqi üzvü

Каталог: docs -> QAZET
QAZET -> “Xalq qəzeti”. 2013. 31 mart. N 66. S ermənilərin 1905-1906-cı illərdə Zəngəzur qəzasında törətdikləri qırğınlar XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar
QAZET -> Nitqin gücü onun səmimiyyətindədir Azərbaycan nitq mədəniyyətinin təşəkkülündə əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin nitq və
QAZET -> Bakı xəbər. 2016. 17 noyabr.№208. S. 15. Multikulturalizmlə azərbaycançılığın vəhdəti Kiş məbədi İradə sariyeva
QAZET -> “Xalqımızın müstəqil yaşaya biləcəyinə inanırıq ” Əli Mərdan bəy Topçubaşovun Parisdən göndərdiyi məktubundan götürülmüş bu sətirlər XX
QAZET -> “Mədəniyyət”. 2010. 28 may. N. 35. S xalq Cümhuriyyətinin mədəniyyətimizə verdiyi töhfələr
QAZET -> 1906-cı ildə Zəngəzurun türk-müsəlman əhalisinə qarşı erməni təcavüzü Tofiq Həsənov
QAZET -> “Palitra”. 2010. 8 yanvar. N s vidadi Salahov
QAZET -> S. Azərbaycan səhiyyəsi bu gün
QAZET -> "Xalq qəzeti". 2015. 31 mart. N 65. S. 2-3
QAZET -> C o m İ Kİ s a h I l h t t p : / / w w w I k I s a h I l


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə