Prezident İlham Əliyevin
nitqi
-Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün yubiley tədbirində iştirak etmək üçün
Azərbaycana gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz.
Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi. Onun 90 illik yubileyini dövlət səviyyəsində
qeyd etmək üçün mən Prezident kimi müvafiq Sərəncam imzalamışdım. Sərəncam əsasında müxtəlif
tədbirlər keçirilmişdir. Bu tədbirlərin çox böyük mənası var idi. Çünki bu tədbirlərdə, elmi
simpoziumlarda oftalmologiya elmində gedən proseslər bir daha təhlil edilmiş, çox dəyərli fikirlər
səslənmiş və bu tədbirlər oftalmologiya sənətinə, oftalmologiya elminə yeni bir töhfə olmuşdur.
Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz
dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni
zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları
fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri
öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir.
Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları
bu gün də öz aktuallığını itirmir. Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü
seçilmişdir, eyni zamanda, Sovet İttifaqının oftalmologiya elmində ən yüksək mükafat olan Averbax
mükafatına layiq görülmüşdür.
Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim,
eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar
olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın
bu məsələlərlə bağlı da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun çox dəyərli
fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas olmalıdır.
Zərifə xanım böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona
dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər
əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq.
Əlbəttə, 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər
Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım
çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır.
Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar
idi.
Bir daha demək istəyirəm ki, heç vaxt heç bir sözü, addımı ilə göstərmirdi ki, onun cəmiyyətdə
hansısa xüsusi statusu vardır və bu da təbiidir, əslində belə də olmalıdır. Ancaq biz bilirik ki, bir çox
hallarda belə deyil və müəyyən statusa malik olan insanlar, yaxud da ki, onların yaxınları özləri üçün
xüsusi imtiyazlar tələb edirlər. Zərifə xanımın bu sahədəki hərəkətləri, davranışı da nümunə olmalıdır.
Zərifə xanım çox yüksək mədəniyyətə malik olan, çox istedadlı, bilikli insan idi. Nəinki öz peşəsində,
eyni zamanda, hərtərəfli istedadlı bir insan idi və bəziləri üçün o, necə deyərlər, son ümid yeri, ümid
ünvanı idi. Hətta tanımadığı adamlar belə müxtəlif xahişlərlə, müxtəlif şikayətlərlə onun iş yerinə
gəlirdilər. O, çalışırdı ki, hər kəsə kömək göstərsin. Tanımadığı adamların xahişlərini gəlib atama
çatdırırdı və o məsələlərin böyük əksəriyyəti öz həllini tapırdı. Yəni, daim insanlara xidmət etmək, kömək
göstərmək arzuları, amalları ilə yaşayırdı.
Əlbəttə ki, onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Eyni zamanda,
Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni
zamanda, yüksək mədəniyyət, alicənablıq – bütün bu gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl
ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları
təcəssüm
etdirirdi.
Bununla bərabər, çox istedadlı insan idi, hərtərəfli istedadlı idi, musiqini çox sevirdi, istənilən
melodiyanı, istənilən mahnını notlarsız çox böyük məharətlə, ustalıqla pianoda ifa edə bilirdi. Teatrı çox
sevirdi və yadımdadır ki, 1970-ci illərdə onunla bərabər dəfələrlə Azərbaycan teatrlarında olmuşam,
bütün tamaşalara baxmışam. Elə tamaşalar var idi ki, biz o tamaşalara bir neçə dəfə bir yerdə baxırdıq.
Bu teatrı da çox sevirdi. O vaxt bu teatrın adı Musiqili Komediya Teatrı idi və demək olar ki, hər həftə bu
teatra gəlirdik. Elə bir tamaşa yox idi ki, biz onu görməyək. Elə tamaşalar da var idi ki, o tamaşaları bir
neçə dəfə seyr edirdik. Bəlkə də bu gün Zərifə xanımın yubileyinin məhz bu teatrda, yenidən əsaslı
təmirdən çıxmış teatrda keçirilməsi də rəmzi xarakter daşıyır.
Hər bir insan üçün onun valideynləri, onun anası əzizdir, müqəddəsdir. Bu da təbiidir. Hər bir
insan doğmalarını öz qəlbində yaşadır. Zərifə xanımın adı əbədiləşdirilib, onun adına küçə vardır. Onun
yaşadığı küçə onun adını daşıyır. Onun böyük töhfəsi olan Oftalmologiya Mərkəzi onun adını daşıyır və
Mərkəzlə üzbəüz onun abidəsi ucaldılıbdır. Əlbəttə ki, onun xatirəsi, onun obrazı onu tanıyanların
qəlbində yaşayır. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Ancaq əfsuslar olsun ki, biz
onu tez itirdik. Vaxtından əvvəl həyatdan getdi, hələ çox iş görə bilərdi.
Ancaq həyat belədir ki, heç kim deyə bilməz nə vaxt nə baş verəcəkdir.Biz bu gün yubiley
tədbirlərini keçirməklə bərabər, eyni zamanda, ölkəmizdə səhiyyə sahəsində aparılan işlərə bir daha nəzər
salırıq. Xüsusilə nəzərə almalıyıq ki, bu gün bizim qonaqlarımızın arasında görkəmli alimlər, həkimlər
iştirak edirlər. Son illər ərzində Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi üçün böyük işlər
görülmüşdür,
islahatlar
aparılmışdır.
Səhiyyənin
maddi-texniki
bazası
böyük
dərəcədə
möhkəmləndirilmişdir. Təkcə onu demək kifayətdir ki, son 10 ildə Azərbaycanda 500-dən çox tibb
müəssisəsi tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Həm Bakıda, həm bütün bölgələrdə indi lazımi
tibb xidməti almaq üçün bütün şərait vardır. Bakıda bizim demək olar ki, bütün əsas tibb ocaqları ya
yenidən
tikilmiş,
ya
da
orada
təmir-bərpa
işləri
aparılmışdır.
Oftalmologiya Mərkəzi yenidən tikilmişdir və dünya miqyaslı bir mərkəzdir. Onkologiya Mərkəzinin
yeni korpusları tikilmişdir. Uroloji xəstəxana yenidən qurulmuşdur - neyrocərrahiyyə, cərrahiyyə
mərkəzləri, Perinatal Mərkəz, Talassemiya Mərkəzi, keçmiş “Semaşko” xəstəxanası, indi kliniki
xəstəxana adlandırılır. Mərkəzi Kliniki Xəstəxana yenidən bərpa edilmişdir. Bu xəstəxananın yeni böyük
korpusu tikilməkdədir. Uşaq xəstəxanaları əsaslı şəkildə təmir olunubdur. Yəni, Bakıda son illər ərzində
görülmüş işlər səhiyyənin maddi-texniki bazasını böyük dərəcədə gücləndirmişdir. Hazırda tikilməkdə
olan Bakı Sağlamlıq Mərkəzi bir neçə böyük xəstəxananı birləşdirəcəkdir. Biz ilin sonuna qədər Bakı
Sağlamlıq
Mərkəzinin
açılışını
qeyd
edəcəyik.
Eyni zamanda, bölgələrdə səhiyyə müəssisələrinin yaradılması, tikilməsi prosesi gedir. Hər bir şəhərdə ya
diaqnostika mərkəzi, ya mərkəzi rayon xəstəxanası tikilib, yaxud da ki, təmir edilibdir. Hazırda yeddi
şəhərdə təmir işləri gedir. Qarşıya vəzifə qoyulmuşdur ki, biz bir-iki il ərzində Azərbaycanda hər bir
yaşayış məntəqəsində, hər bir şəhərdə, hər bir rayonda ən yüksək tibbi xidmətə nail olmalıyıq.
Azərbaycana ən müasir avadanlıq gətirilir. Yəni, dövlət öz tərəfindən lazımi işləri görür. Təkcə onu
demək kifayətdir ki, son on il ərzində səhiyyə xərclərinə ayrılan vəsait 11 dəfə artmışdır. Həkimlərin
maaşı 6 dəfə artmışdır. Halbuki bu gün də o maaşların səviyyəsi bizi qane edə bilməz. Bu məsələlərin
gələcəkdə daha da səmərəli şəkildə həlli üçün indi hökumət işləyir. Yəni, maaşlar daim qaldırılacaqdır.
Ancaq biz bu dinamikanı görürük. Çox müsbət dinamikadır. Azərbaycanın ümumi inkişafına uyğun olan
dinamikadır. Eyni zamanda, biz burada dövlət siyasətinin təzahürlərini də əyani şəkildə görürük. Çünki
bizim siyasətimizin mərkəzində, - bunu mən dəfələrlə demişəm, - insan amili, Azərbaycan vətəndaşı
dayanır. Azərbaycan vətəndaşı sağlam olmalıdır. Gənc nəsil sağlam böyüməlidir. Bunu etmək üçün ilk
növbədə
yüksək
səviyyəli
tibbi
xidmət
olmalıdır.
Biz indi iqtisadi cəhətdən güclənmişik. Yenə də deyirəm, siyasətimizin əsasında, mərkəzində Azərbaycan
vətəndaşı dayandığı üçün biz maliyyə resursları cəlb etmişik. Ancaq təkcə maliyyə resurslarının cəlb
edilməsi ilə iş bitmir. Eyni zamanda, peşəkarlıq artmalıdır. Kadrların hazırlanması sahəsində daha da
böyük işlər görülməlidir. Hazırda bu işlər inkişafdadır. Azərbaycan həkimlərinin bir qrupu xaricdə təlim
keçir. Xaricdən gələn görkəmli mütəxəssislər, alimlər Azərbaycanda fəaliyyət göstərirlər. Yəni, biz
gələcəkdə bu işlərə daha da çox vəsait ayıracağıq ki, peşəkarlıq artsın, Azərbaycanda səhiyyənin nəinki
maddi-texniki bazası, eyni zamanda, səviyyəsi, ümumiyyətlə, dünya standartlarına cavab versin.
Hesab edirəm ki, buna nail olmaq üçün bizim bütün imkanlarımız vardır. Yenə də deyirəm, son
illər ərzində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşmüşdür. Statistik göstəricilər də, onların
dinamikası da çox müsbətdir. Həkimlər yaxşı bilir, əfsuslar olsun ki, bütün dövrlərdə Azərbaycanda körpə
ölümü yüksək idi, Sovet İttifaqı dövründə digər respublikalarla müqayisədə həmişə yüksək idi. İndi uşaq
ölümü kəskin şəkildə azalmışdır. İnsanların ömrünün uzunluğu artır, bu da hər bir ölkənin ümumi
inkişafını şərtləndirən bir amildir. Çox sevindirici haldır ki, bu proses də müsbət istiqamətdə gedir.
Azərbaycanda əhali artır. Son on il ərzində Azərbaycanda əhalinin sayı bir milyondan çox artmışdır.
Azərbaycanda əhalinin artım templəri Avropa qitəsində ən yüksəkdir.
Əlbəttə, bütün bu amillər tələb edir ki, səhiyyə sahəsində daha da ciddi islahatlar aparılmalıdır.
Həm struktur islahatları aparılmalı, eyni zamanda, ilk növbədə peşəkarlıq artmalıdır. Əminəm ki, əgər biz
bundan sonra da bu templərlə inkişaf etsək, bu məsələlər də öz həllini tapacaqdır.
Azərbaycanda bu sahədə görülən işləri beynəlxalq təşkilatlar da qiymətləndirir. Bir müddət
bundan əvvəl Bakıda Dünya Səhiyyə Təşkilatı Avropa Komitəsinin konfransı keçirilmişdir və orada qeyd
edilmişdir ki, Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsində çox böyük inkişaf və tərəqqi vardır.
Yəni bu, reallıqdır. Ancaq o da reallıqdır ki, hələ bəzi hallarda tibbi xidmət lazımi səviyyədə deyildir.
Bəzi həkimlərin peşəkarlığı bizi qane edə bilməz və elə tibb müəssisələri var ki, orada əsaslı təmirə
ehtiyac vardır. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda bütün bu məsələlər ardıcıllıqla və
yüksək templə öz həllini tapır. Bu məsələlərin həlli, bir daha demək istəyirəm ki, dövlət siyasətimizin
əlamətidir. Sosial məsələlərin həlli bizim üçün prioritetdir və həmişə prioritet olaraq qalacaqdır.
Bu gözəl yubiley bir daha imkan verir ki, biz bu məsələlərə toxunaq, fikirlərimizi bildirək və
böyük ümidlərlə gələcəyə baxaq. Çünki gələcəkdə Azərbaycan hər bir istiqamət üzrə inkişaf etmiş ölkəyə
çevrilməlidir.
Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar və tanımayanlar,
haqqında kitablarda, məqalələrdə oxuyanlar da hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində
saxlayır. Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların
qəlbində daim yaşayacaqdır. Sağ olun.