"Xalq qəzeti". 2015. 31 mart. N 65. S. 2-3



Yüklə 114.33 Kb.
Pdf просмотр
tarix10.07.2017
ölçüsü114.33 Kb.

“Xalq qəzeti”.-2015.-31 mart.-N 65.-S.2-3. 

Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri 

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi 

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən 

etnik  təmizləmə,  soyqırımı  və  təcavüzkarlıq  siyasəti  Azərbaycan  tarixinin  faciələrlə,  o  cümlədən 

qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi 

azərbaycanlıları  öz  tarixi  torpaqlarından  qovmaqla  əzəli  Azərbaycan  ərazilərində  ermənilərin 

uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. 

 

Tarixi  faktlar  göstərir  ki,  strateji  baxımdan  mühüm  əhəmiyyətə  malik  olan  Azərbaycanın  Qarabağ 



bölgəsinin  dağlıq  hissəsinə  İrandan  və  Türkiyədən  çoxlu  sayda  erməni  əhalisinin  köçürülməsinə  XIX 

əsrin  əvvəllərində  başlanmışdır.  Bu  dövrdə    regionun  zəngin  təbii  sərvətləri  üzərində  nəzarəti  ələ 

keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə 

apararkən “erməni amili”ndən  siyasi alət kimi istifadə etmişdir. 

XIX əsrin əvvəllərində Qafqazdakı rus qoşunlarının baş komandanı P.D.Sisianov Gəncəni tutduqdan 

sonra,  1805-ci  il  22  may  tarixli,  19  nömrəli  raportunda  yazırdı  ki,  Qarabağ  özünün  coğrafi  mövqeyinə 

görə  Azərbaycanın,  eləcə  də  İranın  qapısı  hesab  edilir,  buna  görə  də  onu  itaətdə  saxlamalı  və  burada 

mövqeyimizi möhkəmlətməyə daha çox cəhd göstərməliyik. 

Belə bir məqsəd tezliklə həyata keçirildi. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla general 

Sisianov arasında müqavilə imzalandı.Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi P.D.Sisianov 

dərhal  Qarabağda  çarizmin  mövqeyini  möhkəmlətmək  üçün  Cənubi  Qafqazın  digər  əyalətlərindən 

erməniləri bura köçürməyə başladı. 

Qarabağ  əhalisinin  sayı  və  etnik  tərkibi  haqqında  ətraflı  məlumat  verən  mühüm  sənəd  olan  və  çar 

məmurları Yermolov və Mogilyovski tərəfindən tərtib edilən “Qarabağ əyalətinin təsviri”nə görə, 1823-

cü ildə Qarabağ əyalətində 20  min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4  min 366 erməni 

ailəsi olmuşdur. Yəni, hələ 1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə erməni 

ailələrinin sayı artıb 4 min 366-ya çatmışdır. 

Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX  əsrin 20-ci illərində, 

xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü, 1826-

1828-ci  illər  Rusiya-İran  və  1828-1829-cu  illər  Rusiya-Türkiyə  müharibələrinin  gedişində,  həm  də 

sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən 

Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı. 

Çar  Rusiyasının  Qafqazı işğal  etməsini  N.N.Şavrov  açıq  söyləyir  və  bu  məqsədlə  həmin  əraziyə  ilk 

dəfə başqa millətlərin köçürülməsini yazırdı: “Biz müstəmləkəçilik fəaliyyətimizə Qafqaza rus əhalisinin 

deyil,  xaricilərin  köçürülməsindən  başladıq.  Vətəndə  arzuedilməz  ünsürlər  sayılan  bu  kolonistlərdən 

Tiflis və Yelizavetpol (Gəncə) quberniyalarında koloniyalar yaratdıq. Onlara ən yaxşı torpaqlar ayrıldı və 

müxtəlif imtiyazlar verildi”. 

Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni 

köçürülmüşdür.  Ümumiyyətlə,  1828-1830-cu  illər  ərzində  Qarabağın  dağlıq  hissəsinə  200  mindən  çox 

erməni  köçürülmüşdür.  Bu  faktları  N.N.Şavrov  belə  təsvir  edir:  “1828-1830-cu  illər  müharibəsi 

qurtarıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb onları, demək olar ki, 

ermənilər  yaşamayan  Yelizavetpol    və  İrəvan  quberniyalarında,  Tiflis,  Borçalı,  Axalsix,  Axalkələk  

qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200.000 desyatindən 

çox  xəzinə torpağı  ayrılmış  və  habelə  bu  məqsədlə  müsəlmanlardan 2  milyon  manatlıqdan  çox  xüsusi 

sahibkar torpağı satın alınmışdı. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın 

dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahillərində məkunlaşdırıldılar. Bunu da nəzərə almaq 

lazımdır  ki,  rəsmi  olaraq  köçürülən  124  min  ermənidən  başqa,  buraya  qeyri-rəsmi  köçənlərlə  birlikdə 

onların sayı 200 min nəfərdən çoxdur”. 

Bu  fakt  onu  göstərir  ki,  köçürülən  ermənilər,  əsasən ermənilər  yaşamayan  və  ya  az  erməni  yaşayan 

ərazilərdə  yerləşdirildilər.  Buradan  belə  məlum  olur  ki,  XIX  əsrin  əvvəllərinə,  xüsusilə  Türkmənçay 

müqaviləsinə qədər Azərbaycanın Gəncə və İrəvan quberniyalarında ermənilərin sayı çox az olmuşdur. 

 


Beləliklə,  Türkmənçay  müqaviləsindən  sonrakı  iki  ildə  çar  Rusiyasının  himayədarlığı  nəticəsində 

ermənilər  Azərbaycanın  müxtəlif  yerlərində,  o  cümlədən  Qarabağın  dağlıq  hissəsində  məskunlaşmağa 

nail oldular. Çarizmin ermənilərə olan bu himayədarlığı sonrakı illərdə də özünü göstərirdi. 

XIX  əsrin  sonu  —  XX  əsrin  əvvələrində  Cənubi  Qafqaza  ermənilərin  köçürülməsi  davam  etdirildi. 

Təkcə 1896-cı ildən 1908-ci ilədək — 13 ildə Zaqafqaziyaya 400 min erməni köçürülmüşdü. Bu barədə 

N.N.Şavrov yazır: “1896-cı ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında 

məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 

300  min  nəfərə  çatmışdır,  yəni  bu  müddət  ərzində  ermənilər  400  min  nəfərdən  artıq  çoxalmışlar.  Hal-

hazırda  Zaqafqaziyada  yaşayan  1  milyon  300  min  ermənidən  1  milyon  nəfəri  diyarın  köklü  sakinləri 

deyil. Onları buraya biz köçürmüşük”. 

Ümumiyyətlə,  Qarabağın  dağlıq  hissəsinə  ermənilərin  köçürülməsi  bölgədə  demoqrafik  vəziyyətə 

ciddi  təsir  göstərdi.  1897-ci  ildə  əhalinin  siyahıya  alınması  zamanı  Qarabağda  yaşayan  54  min  841 

ailədən 29 min 350-sinin azərbaycanlı, 18 min 616-sının isə erməni ailəsi olduğu bildirilir. 1917-ci ildə 

isə Qarabağda ermənilərin sayı gəlmələrin hesabına artaraq ümumi əhalinin 46 faizini, azərbaycanlılar isə 

51 faizini təşkil etmişdir. 

1917-ci  ilin  “Kavkazski  kalendar”  məcmuəsinin  yazdığına  görə,  Qarabağda  199  min  azərbaycanlı 

(58,3 faiz) və 142 min erməni (41,7 faiz) yaşayırdı. Göründüyü kimi, çar Rusiyasının himayəsi sayəsində 

süni  surətdə  ermənilərin  mərhələ-mərhələ  köçürülüb  Qarabağda  yerləşdirilməsinə  baxmayaraq, 

azərbaycanlılar həmin torpaqların  əzəli sakinləri olmaqla yanaşı, bütün dövrlərdə çoxluq təşkil etmişlər. 

“Kavkazski  kalendar”ın  salnamələrində  verilən  statistik  məlumatlar  sübut  edir  ki,  Ermənistanın  indiki 

ərazisində  də  əvvəllər  azərbaycanlılar  ermənilərdən  xeyli  çox  olmuşdur.  Məsələn,  1886-cı  ildə  Gəncə 

(Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7 faiz), 

91-i kürd kəndi (27,8 faiz) və yalnız 81-i erməni kəndi (24,8 faiz) olmuşdur. 

1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox olmuşdur. 1897-ci 

ildə isə Zəngəzurun əhalisi 142 min nəfər olmuşdur ki, onlardan 71,2 mini (50,1 faiz) azərbaycanlı, 63,6 

min  nəfəri  isə  (44,8  faiz)  erməni  olmuşdur.  Ermənistan  Mərkəzi  Statistika  İdarəsinin  1962-ci  ildə  nəşr 

olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 

min  992  nəfəri,  1866-cı  ildə  isə  27  min  246  nəfərdən  23  min  627  nəfəri  azərbaycanlı  olmuşdur  (yəni 

əhalinin 85,2 faizi). 

Z.Kirokodyanın  1932-ci  ildə  İrəvanda  nəşr  olunmuş  “Sovet  Ermənistanının  əhalisi  1831-1931" 

kitabında  da  qeyd  edilir  ki,  İrəvan  quberniyasının  İrəvan,  Eçmiədzin,  Yeni  Bəyazid,  Aleksandropol 

qəzalarında,  Yelizavetpol  (Gəncə)  quberniyasının  Zəngəzur  və  Qazax-Dilican  qəzalarında,  Tiflis 

quberniyasının  Lori-Pəmbək  (Borçalı  mahalı)  qəzasında  2310  yaşayış  məntəqəsindən  2000-i 

azərbaycanlılara  məxsus  olmuşdur.  İrəvanda  yaşayan  10  min  nəfər  əhalinin  7  min  nəfəri  azərbaycanlı 

olmaqla yanaşı, eləcə də xanlığı idarə edən 40 nəfərin hamısı azərbaycanlılar olmuşdur. 

İrəvan  quberniyasının  1920-ci  ilədək  Azərbaycanın  tərkibində  olan  qəzalarında,  xüsusilə  İrəvan 

qəzasında  azərbaycanlı  əhalinin  sayı  xeyli  çox  olmuşdur.  Məsələn,  qəzada  olan  99  min  nəfərdən  62,6 

mini azərbaycanlı (66 faiz), 36,4 min nəfəri erməni (34 faiz) olmuşdur. 

İrəvan quberniyasının Eçmiədzin, Yeni Bəyazid, Sürməli qəzalarında isə azərbaycanlılar əhalinin üçdə 

birini  təşkil  etmişdir.  1916-cı  il  yanvarın  1-nə  olan  məlumata  görə,  bu  ölkələrdə  əhalinin  etnik  tərkibi 

yenə  azərbaycanlıların  xeyrinə  çoxluq  təşkil  edirdi.  İrəvan  qəzasında  74,2  min  nəfər  və  ya  48  faiz, 

Zəngəzur  qəzasında  119,5  min  və  ya  53,3  faiz,  Yeni  Bəyazid  qəzasında  50,7  min  nəfər,  Sürməli 

qəzasında  45  min  nəfər  azərbaycanlı  olmuşdur.  Bu  rəqəmlər  əyani  surətdə  sübut  edir  ki,  XIX  və  XX 

əsrlərin  əvvəllərində  indiki  Ermənistanın  ərazisində  yerli  əhali  olan  azərbaycanlılar  əksəriyyət  təşkil 

etmişlər. 

Erməni  millətçiləri  XIX  əsrin  sonlarında  –  1885-ci  ildə  Marseldə  “Armenakan”,  1887-ci  ildə 

Cenevrədə  “Qnçaq”,  1890-cı  ildə  isə  Tiflisdə  “Daşnaksütyun”  partiyalarını  yaratdılar.  Bundan  sonra, 

ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu.  

 

XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti 

 

“Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların 



köməyi  ilə  müxtəlif  vaxtlarda    azərbaycanlılara  və  türklərə  qarşı  dəhşətli  terror  və  soyqırımı  həyata 

keçirməklə  etnik  təmizləmə  siyasəti  aparmışlar.  Belə  ki,  Azərbaycan  xalqı  son  200  il  ərzində  erməni 

millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq,  öz 

tarixi  torpaqlarından  didərgin  salınmış,  qaçqın  və  məcburi  köçkünə  çevrilmişlər.  Çar  Rusiyasının 

müstəmləkəçilik  siyasətinin  tərkib  hissəsi  olan  köçürülmə  prosesi  bütün  XIX  əsr  boyunca  davam 


etdirilmiş  və  nəticədə  regionda  demoqrafik  vəziyyətə  təsir  göstərmişdir.  Ermənilərin  bu  bölgədə  süni 

surətdə  çoxaldılması  onların  XX  əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycana  qarşı  ərazi  iddiaları  və 

təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur. 

XX  əsrin  əvvəllərində  erməni  millətçiləri  “Daşnaksütyun”  partiyasının  proqramında  irəli  sürülən 

“Böyük  Ermənistan”  ideyasını  reallaşdırmaq  istiqamətində  fəaliyyətini  genişləndirərək  öz  tarixi 

torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və 

soyqırımı  siyasətini  həyata  keçirməyə  başladılar.  Belə  ki,  1905-1906-ci  illərdə  ermənilər  Bakıda, 

Gəncədə,  Qarabağda,  İrəvanda,  Naxçıvanda,  Ordubadda,  Şərur-Dərələyəzdə,  Tiflisdə,  Zəngəzurda, 

Qazaxda  və  başqa  yerlərdə  dinc  azərbaycanlılara  qarşı  qırğınlar  törətmiş,  əhali  amansızlıqla  qətlə 

yetirilmiş,  şəhər  və  kəndlər  yandırılmış  və  dağıdılmışdır.  Erməni  silahlı  dəstələri  Şuşa,  Zəngəzur  və 

Cəbrayıl  qəzalarında,  İrəvan  və  Gəncə  quberniyalarında  azərbaycanlılar  yaşayan  200-dən  artıq  yaşayış 

məntəqəsini  viran  qoymuş,  on  minlərlə  soydaşımız  öz  doğma  yurdlarından  qaçqın  və  məcburi  köçkün 

düşmüşlər.  Ermənilər  200  mindən  artıq  azərbaycanlını  (uşaq,  qadın,  qoca)  fərq  qoymadan  qətlə 

yetirməklə həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik 

təmizləmə  aparmışlar.  Belə  ki,  Birinci  Dünya  müharibəsi  illərində  də    çarizmin  himayəsinə  sığınan 

ermənilər azərbaycanlılara qarşı qırğınları davam etdirməyə başladılar. 

1917-ci  ildə  Rusiyada  baş verən  fevral  və  oktyabr  hadisələrindən sonra “Daşnaksütyun”  partiyası  və 

Erməni  Milli  Konqresi  daha  geniş  fəaliyyətə  başladılar.  Eyni  zamanda,  V.Lenin  tərəfindən  1917-ci  ilin 

dekabrında  Qafqaz  işləri  üzrə  müvəqqəti  fövqəladə  komissar  təyin  edilən  S.Şaumyan  azərbaycanlıların 

kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi. 

Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvələrindən 1918-ci ilin mart ayına qədər olan dövrdə 

İrəvan  quberniyasında  197  kənd,  Zəngəzur  qəzasında  109,  Qarabağda  157  kənd  dağıdılmış,  digər 

bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur. 

1918-ci  ilin  əvvələrində  yəni  mart  qırğını  ərəfəsində  bilavasitə  Şaumyana  tabe  olan  erməni  silahlı 

qüvvələrinin sayı 20 minə yaxın idi. Bolşeviklərin, o cümlədən Leninin himayəsi altında Şaumyan Bakı 

Kommunasının  rəhbəri  oldu.  Həmin  il  martın  30-da  erməni-bolşevik  birləşmələri  Bakı  şəhərini 

gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum 

edərək  amansız  qətllər  törətdilər.  Martın  31-də  və  aprelin  ilk  günlərində  qırğınlar  kütləvi  xarakter  aldı. 

Minlərlə  dinc  azərbaycanlı  yalnız  milli  mənsubiyyətinə  görə  məhv  edildi.  Həmin  günlərdə  erməni-

bolşevik  birləşmələri  Bakıda  12  min  dinc  azərbaycanlını  qətlə  yetirdilər.  Bu  qanlı  hadisələr  zamanı 

insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdür. 

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox 

insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud deyil. 

Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar 

edilmiş  faktlar  son  vaxtlar  bir  daha  sübuta  yetirilmişdir.  Belə  ki,  2007-ci  ildə  Quba  şəhərində  kütləvi 

məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 1918-

ci ildə erməni silahlı birləşmələrinin Qubaya hücumu zamanı insanların hər cür zorakılığa məruz qalaraq 

qəddarlıqla  qətlə  yetirilməsi  və  həmin  məzarlığın  sonradan  kütləvi  şəkildə  basdırılmış  yerli  sakinlərə 

məxsus  olduğu  müəyyən  edilmişdir.  Onu  da  qeyd  emək  lazımdır  ki,  Amazaspın  rəhbərliyi  ilə  erməni 

hərbi  birləşmələri  Qubada  türk-müsəlman  əhalisi  ilə  yanaşı,  yəhudilərə  qarşı  da  qırğınlar  törətmişlər. 

Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 

min nəfərə qədər yəhudi qətlə yetirilmişdir. 

Bundan  əlavə,  Azərbaycanın  yüzlərlə  yaşayış  məntəqəsi,  o  cümlədən  Qarabağda  150-dən  çox  kənd 

dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir. 

Erməni  daşnakları  tərəfindən  1918-ci  ilin  mart-aprel  aylarında    Bakıda  və  digər  Azərbaycan 

ərazilərində 50 minə  yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir. Zəngəzur qəzasında 10 mindən 

çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə  18 min  270 nəfər azərbaycanlı amansızlıqla 

öldürülmüşdür. 

1918-1920-ci  illərdə  indiki  Ermənistan  ərazisində  yaşamış  575  min  azərbaycanlının  565  min  nəfəri 

öldürülmüş  və  doğma  torpağından  didərgin  salınmışdır.  Bu  rəqəmi  Z.Kirokodyan  özünün  “Sovet 

Ermənistanının əhalisi 1831-1931" adlı kitabında təsdiq edərək yazır ki, ”1920-ci ildə sovet hökumətinə 

daşnaklardan  cəmi  10  min  nəfərdən  bir  qədər  artıq  türk  (azərbaycanlı)  əhali  qalmışdır.  1922-ci  ildə  60 

min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 

nəfər olmuşdur". 

1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan 

qəzasının  isə  bütün  kəndləri  məhv  edilmiş,  İrəvan  quberniyasında  132  min  azərbaycanlı  qətlə 

yetirilmişdir. 


Ümumilikdə,  1918-1920-ci  illərdə  ermənilər  tərəfindən  törədilmiş  kütləvi  qırğınların  Bakı,  Quba, 

Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası  ərazisində, Zəngəzurda, Naxçıvanda, 

Şərurda,  Ordubadda,  Qarsda  və  başqa  bölgələrdə  amansız  şəkildə  davam  etdirilməsi  nəticəsində  on 

minlərlə  azərbaycanlı  ən  qəddar  üsullarla  qətlə  yetirilmiş,  bir  milyondan  çox  əhali  öz  doğma 

torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər 

törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir. 

1918-ci  il  mayın  28-də  Azərbaycan  Xalq  Cümhuriyyəti  qurulduqdan  sonra  Fövqəladə  Təhqiqat 

Komissiyası  yaradılmış  və  ermənilərin  törətdikləri  cinayətlər  araşdırılmağa  başlanmışdır.  Hökumətin 

qərarı  ilə  hər  il  (1919  və  1920-ci  il  martın  31-də  Ümummilli  Matəm  Günü  kimi  qeyd  edilmişdir)  mart 

ayının  31-nin  Matəm  Günü  kimi  qeyd  edilməsi  qərara  alınmışdı.  Lakin  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  süqutu  bu  işi  başa  çatdırmağa  imkan  vermədi.  Azərbaycan  Xalq  Cümhuriyyəti 

yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə 

siyasi  mərkəz  kimi  verilməsinə  səbəb  oldu.  Beləliklə,  1918-ci  ildə  Azərbaycan  torpaqlarında  –  keçmiş 

İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı. 

Çar  Rusiyasının  müstəmləkəçilik  siyasətinin  tərkib  hissəsi  olan  və  bütün  XIX  əsr  boyunca  davam 

etdirilmiş  köçürülmə  prosesi  nəticəsində  ermənilərin  Qarabağın  dağlıq  hissəsində  süni  surətdə 

çoxaldılması  onların  XX  əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycana  qarşı  ərazi  iddiaları  və 

təcavüzkarlıq  siyasətinin  baş  qaldırmasına  səbəb  olmuşdur.  Ermənilərin  ən  böyük  iddiası  Qarabağı  və 

Zəngəzuru  ələ  keçirmək  idi.  Ermənistan  hökuməti  işğal  planlarını  həyata  keçirmək  məqsədilə  oraya 

silahlı qüvvələr göndərdi.  Nəticədə, Qarabağ torpaqlarını ələ keçirməyə can atan erməni silahlı qüvvələri 

yüzlərlə yaşayış məntəqəsini dağıtdı, minlərlə dinc azərbaycanlı əhalisini qəddarcasına məhv etdi. 

1919-cu  ilin  yanvarında  daşnak  Ermənistan  hökuməti  Qarabağla    əlaqədar  Azərbaycana  qarşı  ərazi 

iddiası  irəli  sürdü.  Bununla  da,  Qarabağın  dağlıq  hissəsinin  Ermənistana  birləşdirilməsi  üçün  ilk  rəsmi 

cəhd edildi. Problemi dinc vasitələrlə həll etmək üçün Azərbaycan hökuməti dəfələrlə təkliflərlə çıxış etsə 

də, daşnakların tutduğu mövqe bu təkliflərin həyata keçməsinə mane oldu. 

Ərazi  bütövlüyünü  qoruyub  saxlamağı  və  öz  vətəndaşlarının  təhlükəsizliyini  təmin  etməyi  özünün 

başlıca vəzifəsi hesab edən Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Respublikasının ərazi iddialarını 

qəti  şəkildə  rədd  etdi.  Azərbaycan  parlamenti  “Qarabağ”  məsələsini  müzakirə  edərək  separatçılıq 

hərəkatının  qarşısını  almaq  üçün  əməli  tədbirlər  həyata  keçirməyə  başladı.  Bu  məqsədlə  Azərbaycan 

hökuməti  1919-cu  il  yanvarın  15-də  Şuşa,  Cəbrayıl,  Cavanşir  və  Zəngəzur  qəzalarını  Gəncə 

quberniyasından  ayırıb,  mərkəzi  Şuşa  şəhəri  olmaqla  həmin  qəzalardan  ibarət  Qarabağ  general-

qubernatorluğunu yaratdı və Xosrov bəy Sultanov general-qubernator təyin edildi. Azərbaycan hökuməti 

ona tapşırdı ki, orada qayda-qanun yaratsın və yerli hakimiyyəti təşkil etsin. 

Azərbaycan  hökumətinin  gərgin  səyi  nəticəsində  1919-cu  il  noyabrın  23-də  Tiflisdə  ABŞ 

nümayəndəliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan respublikaları arasında müqavilə imzalandı. 

İmzalanan  müqaviləyə  görə,  toqquşmalar  dayandırılmalı,  mübahisəli  məsələlər,  o  cümlədən  də  sərhəd 

məsələləri danışıqlar yolu ilə həll edilməli idi. Lakin Ermənistan tərəfi bu sazişi kobud surətdə pozmuş və 

Azərbaycan  ərazilərinə  öz  qoşunlarını  göndərərək  azərbaycanlılara  qarşı  dəhşətli  qırğınlar  törətmişdir. 

Bütün  bunlara  baxmayaraq,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  mövcud  olduğu  dövrdə  Ermənistanın 

Qarabağı  diplomatik  və  hərbi  vasitələrlə  ələ  keçirmək  cəhdlərinin  qarşısı  qətiyyətlə  alındı.  Lakin  Xalq 

Cümhuriyyətinin süqutunda da az rol oynamayan daşnakların bu ərazi iddiaları Azərbaycan sovetləşəndən 

sonra yenidən ortaya atıldı. 

Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru 

və  Azərbaycanın  bir  sıra  torpaqlarını  Ermənistan  SSR-in  ərazisi  elan  etdilər.  Sonrakı  dövrlərdə  isə  bu 

ərazilərdə tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. 

Bunun  davamı  olaraq  Azərbaycanın  Qarabağ  bölgəsinin  dağlıq  hissəsinə  XIX  əsrdə  köçürülən 

ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi və 

iştirakı ilə həyata keçirildi. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm 

də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu. 

Sovet  dövründə  Azərbaycanın  Qarabağ  bölgəsinin  dağlıq  hissəsində  yaşayan  erməni  icması  bütün 

siyasi, iqtisadi, sosial və  mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi 

iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir.Lakin, bunun əvəzində 1947-ci 

il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin 

Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına  köçürülməsi  haqqında”  qərarına  əsasən  1948-53-cü  illərdə 

azərbaycanlıların  tarixi  torpaqlarından,  xüsusilə  də  İrəvan  və  onun  ətraf  rayonlarından  kütləvi  şəkildə 

deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına 

köçürülmüşdür. 


XX əsrin sonlarında ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü 

 

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının 



köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək 

yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. 

Hər  dəfə  Qarabağa  dair  ərazi  iddiaları  kənardan,  məhz  Ermənistanın  təbliği,  təhriki  və  təzyiqi  ilə 

ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda və Qərbdə olan 

himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə, eləcə də hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet 

dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə 

təbliğat kampaniyası aparılmış və nəticədə, neqativ ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və 

onların  ilhamvericiləri    Azərbaycanın  tarixi,  sosial-iqtisadi  inkişafı  haqqında  faktları  açıq-aşkar 

saxtalaşdıraraq bütün İttifaq miqyasında yaymışdılar. 

1988-ci  il  hadisələri  başlananda  ilk  vaxtlar  vəziyyəti  son  dərəcə  gərginləşdirməyə,  ictimai  rəyi  öz 

tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların Mərkəzdəki himayədarları tərəfindən vilayətin 

iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri 

hazırlanmış  plan  üzrə  Xankəndidə  və  Yerevanda  davamlı  tətillər  keçirilir,  müəssisələr  dayandırılır  və 

kütləvi mitinqlər təşkil edilirdi. 

Lakin  baş  verən  sonrakı  hadisələr  DQMV-nin  sosial-iqtisadi  geriliyi  barədə  erməni  siyasətçiləri  və 

onların  Mərkəzdəki  himayədarlarının  irəli  sürdükləri  bu  saxta  tezisin  yalnız  bəhanə,  əsas  məqsədin  isə 

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu göstərdi. 

Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı 

silahlı  təcavüz  oldu.  Belə  ki,  avqustun  axırı  və  sentyabrın  əvvəllərində  Kərkicahan  və  Xocalı  üzərinə 

ermənilərin  kütləvi  hücumu  baş  verdi.  Sentyabrın  18-də  ermənilər  Xankəndidə  yaşayan  15  minə  qədər 

azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı. 

Dağlıq Qarabağda vəziyyətin belə bir gərgin anında Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-

də  Azərbaycanın  suverenliyini  kobud  surətdə  pozaraq  DQMV-nin  Ermənistan  SSR-ə  birləşdirilməsi 

haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və 

idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin  fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı 

sayəsində  DQMV  iqtisadiyyatının  və  digər  sahələrinin,  faktiki  olaraq,  Azərbaycandan  ayrılması  və 

Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil 

edildi. DQMV ərazisində Ermənistanın bayrağı qaldırıldı. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz 

səhvləri  və  ermənipərəst  siyasəti  1990-cı  ilin  sonu  -  1991-ci  ilin  əvvəllərində  vəziyyətin  getdikcə 

kəskinləşməsinə  gətirib  çıxardı,  DQMV  və  Azərbaycanın  Ermənistanla  həmsərhəd  bölgələrində  erməni 

təcavüzü daha geniş miqyas aldı. 

 Bu  illərdə  Moskva-Bakı  sərnişin  qatarlarında,  Tbilisi-Bakı,  Tbilisi-Ağdam,  Ağdam-Şuşa,  Ağdam-

Xocalı  marşrutları  üzrə  avtomobillərdə  törədilən  terror  aktları  nəticəsində  yüzlərlə  azərbaycanlının 

həyatına  son  qoyuldu.  Minlərlə  azərbaycanlı  Moskvanın  hakim  dairələri  tərəfindən  himayə  edilən 

ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. 

 Təəssüf ki, hadisələrin başlanğıcında erməni separatçılarının qarşısının alınmaması vəziyyəti get-gedə 

kəskinləşdirirdi.  Nəticədə,  ermənilər  Azərbaycan  hökuməti  tərəfindən  nəzarət  olunmayan  vilayətdə 

Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı 

cinayətlər törətdilər ki, bu da münaqişənin böyüyüb irimiqyaslı müharibəyə çevrilməsinə səbəb oldu. 

1991-ci  ildən  Qarabağın  dağlıq  hissəsində  baş  verən  hadisələrin  gərginliyi  get-gedə  artırdı.  Artıq 

ictimai-siyasi vəziyyət böyük fəlakətin yaxınlaşmasından xəbər verirdi.1991-ci ilin iyun-dekabr aylarında 

erməni  silahlı  qüvvələrinin  Xocavəndin  Qaradağlı  və  Əsgəran  rayonunun  Meşəli  kəndinə  hücumu 

nəticəsində  12  nəfər  öldürüldü,  15  nəfər  isə  yaralandı.  Həmin  ilin  avqust  və  sentyabr  aylarında  Şuşa-

Cəmilli,  Ağdam-Xocavənd  və  Ağdam-Qaradağlı  avtobuslarının  erməni  silahlı  dəstələri  tərəfindən  atəşə 

tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. 

1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış 

məntəqəsi,  o  cümlədən  Tuğ,  İmarət-Qərvənd,  Sırxavənd,  Meşəli,  Cəmilli,  Umudlu,  Qaradağlı, 

Kərkicahan  və  s.  bu  kimi  digər  strateji  əhəmiyyətə  malik  kəndlərimiz  ermənilər  tərəfindən  yandırıldı, 

dağıdıldı və talan edildi. 

 

Ümumiyyətlə,  1988-1991-ci  illərdə,  yəni  hadisələrin  başlanğıcından  SSRİ-nin  süqutuna  qədər  olan 



dövrdə  İttifaqın  hakim  dairələri  tərəfindən  himayə  edilən  Ermənistan  Azərbaycana  qarşı  açıq-aşkar 

təcavüzkarlıq  siyasəti  yeritmiş,  nəticədə  dinc  sakinlər  qətlə  yetirilmiş,  yaşayış  məntəqələri  dağıdılmış, 

talan edilmiş və yandırılmışdır. Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq 


Ermənistanla  birləşməyin  zəruriliyinə  nail  olmaq  ideyasını  süni  surətdə  qəbul  etdirən  təcavüzkar  dövlət 

buna nail olmaq üçün  Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımına və təcavüzə məruz  qoyub 

didərgin  salmışdır.  Bu  illər  ərzində  Dağlıq  Qarabağda  ermənilər  tərəfindən  törədilmiş  2559  toqquşma, 

315 silahlı basqın, 1388 atəşə tutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak 

olmuş, 1318 nəfər yaralanmışdır. 

Eyni  zamanda,  bu  dövrdə  etnik  təmizləmə  nəticəsində  Ermənistandakı  185  azərbaycanlı  kəndindən 

250  min  nəfərə  qədər  azərbaycanlı  təcavüzə  məruz  qalaraq  zorakılıqla  doğma  yurdlarından  qovuldu. 

Nəticədə,  Ermənistanı  azərbaycanlılardan  təmizləmək  aksiyası  həyata  keçirilərək  216  azərbaycanlı 

vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı 

qarət olunmuşdur. 

1992-ci  ilin  əvvəllərindən  başlayaraq  Ermənistan  ordusu  bir-birinin  ardınca  yuxarı  Qarabağda 

azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 12-də Şuşanın 

Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-

dək  Xocavənd  rayonunun  Qaradağlı  kəndinə  silahlı  hücum  zamanı  118  nəfər  (uşaq,  qadın,  qoca)  əsir 

götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları 

bir  yerdə  təsərrüfat  quyusuna  tökərək  basdırmışlar.  Əsir  götürülənlərdən  68  nəfəri  amansızlıqla 

öldürülmüş,  50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri aldıqları 

sağalmaz yaralardan sonra vəfat etmişdir. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə 

davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxarılması, ac-susuz 

saxlanılması,  işgəncə  verilərək  öldürülməsi  insanlığa  qarşı  törədilmiş  ən  ağır  cinayət  hadisəsi  idi. 

Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a  yaxın 

uşaq yetim qalmışdır. Ümumilikdə, əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 

91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. 

1992-ci il fevralın 25-dən 26-na  keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən Sovet 

ordusundan  qalmış  366-cı  motoatıcı  alayın  180  nəfər  hərbi  mütəxəssisi  və  ağır  texnikasının  iştirakı  ilə 

Xocalı  şəhərinə  hücum  edərək  şəhəri  yerlə-yeksan  etdilər.  Çoxsaylı  ağır  texnika  ilə  şəhər  tamamilə 

dağıdıldı,  yandırıldı  və  insanlar  xüsusi  qəddarlıqla  qətlə  yetirildi.    Bu  soyqırımı  nəticəsində    rəsmi 

rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca 

idi.  8  ailə  tamamilə  məhv  edilmişdi.  487  nəfər  şikəst  olmuşdu  ki,  onlardan  da  76-sı  uşaqdır.  Bundan 

əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. 

Xocalıya  hücum  zamanı  366-cı  motoatıcı  alayın  3-cü  batalyonunda  onlarca  erməni  zabiti  və  giziri 

iştirak etmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də sovetlərdən qalma 366-cı 

motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürüldü, martın 10-da isə həmin alay ləğv edilərək, şəxsi 

heyəti və hərbi texnikası başqa hərbi hissələrə paylandı. 

1992-ci  il  mayın  8-də  İranın  təşəbbüsü  ilə  Tehranda  Azərbaycan  və  Ermənistan  rəhbərləri  arasında 

üçtərəfli  görüş  keçirildi.  Elə  həmin  gün  Şuşa  işğal  edildi.  Sonralar  aydın  oldu  ki,  görüş  zamanı 

Azərbaycan-Ermənistan  sərhədi  boyu  və  Qarabağın  dağlıq  hissəsində  atəşin  dayandırılmasından  erməni 

tərəfi,  əslində,  başqa  məqsəd  güdürmüş.  Məhz  bu  görüş  Ermənistana  beynəlxalq  ictimaiyyətdən  öz 

niyyətlərini  gizlətmək  üçün  lazım  idi.  Şübhəsiz  ki,  Ermənistan  rəhbərliyi  hazırlanmış  hücum 

əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki Şuşanın işğalı Ermənistan rəhbərliyinin Tehranda 

danışıqlar  apardığı  vaxtla  üst-üstə  düşür  və  bağlanan  sülh  müqaviləsi  mürəkkəbin  quruduğu  ana  qədər 

qüvvədə  qalmışdır.  Bununla  yanaşı,  ermənilər,  həmişə  olduğu  kimi,  hücum  ərəfəsində  bütün  dünyaya 

Şuşadan Xankəndiyə güclü hücumlar edilməsi barədə dezinformasiya yaymışdılar. 

Beləliklə, ən müasir texnika hesabına 289 kvadratkilometr ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 

kənddən  ibarət  olan  Şuşa  rayonu  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  işğal  edildi.  Şuşa  uğrunda 

döyüşlərdə  195  nəfər  şəhid  oldu,  165  nəfər  isə  yaralandı,  58  nəfər  itkin  düşdü.  Bu  hadisə  mütəmadi 

şəkildə BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsini 

zorla Ermənistana ilhaq etməyə çalışan Ermənistan hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya 

sığmayan  təcavüzkar  siyasət  yeritdiyini  bir  daha  təsdiq  etdi.  Şuşanın  işğalı  sonralar  digər  Azərbaycan 

ərazilərinin  itirilməsində  əsas  rol  oynadı.  Azərbaycanın  qədim  musiqi  və  mədəniyyət  mərkəzi  Şuşa 

şəhərinin  işğalından  sonra,  erməni  hərbi  qüvvələri  Şuşa-Laçın  yolunu  bağlayaraq  birbaşa  Ermənistan 

Respublikası  ərazisindən  Laçın  şəhərini  güclü  top  atəşinə  tutdular.  Erməni  hərbi  qüvvələrinin  məqsədi 

işğal  etdikləri  Azərbaycan  torpaqlarında  möhkəmlənmək,  Qarabağın  dağlıq  hissəsini  Ermənistan 

Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi. 

 Şuşa  işğal  edildikdən  az  sonra,  ermənilər  qısa  müddət  ərzində,  yəni  mayın  18-də  iki  respublikanın 

arasında  yerləşən    qədim  Azərbaycan  şəhəri    Laçını    da  zəbt  etdilər.  Nəticədə,  1385  kvadratkilometr 

ərazisi, 71 000 nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal 


olundu.  Heç  şübhəsiz  ki,  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  bölgəsinin  erməni  icması,  hətta 

istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi.  Beləliklə, 

“öz  müqəddəratını  təyin  etmək”  ideyasını  reallaşdırmaq  adı  altında  Azərbaycanın  Dağlıq  Qarabağ 

bölgəsınin Ermənistanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin Dağlıq 

Qarabağ  hüdudlarından  çıxdığını  və  Ermənistanın  hərbi  işğalçılıq  niyyətinin  böyük  olduğunu  göstərdi. 

Ermənilərin  “humanitar  dəhliz”  adlandırdığı  bu  yol  ilə  Dağlıq  Qarabağa  külli  miqdarda  silah,  döyüş 

sursatı və hərbi qüvvə gətirildi. 

Nəticədə, mono-etnik dövlət yaratmağa nail olan Ermənistan silahlı qüvvələri ona himayədarlıq edən 

dövlətlərin  köməyindən  istifadə  edərək  Dağlıq  Qarabağ  bölgəsinin  (4,4  min  kvadratkilometr) 

hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, 

Cəbrayıl,  Qubadlı  və  Zəngilan  bölgələrini  işğal  etdi.  Bütün  bu  ərazilər  ermənilər  tərəfindən  etnik 

təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın 120 min 

nəfərlik  erməni  icmasının  öz  müqəddəratını  təyin  etmək  cəhdi  kimi  qələmə  verdiyi  bu  proses 

Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan  çox   azərbaycanlı əhalinin öz torpağında qaçqın 

vəziyyətinə düşməsinə gətirib çıxardı. 

Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.  

İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 

saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan 

edilmiş və yandırılmışdır.  Bundan əlavə,  927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar 

məhv edilmişdir. 

Eyni  zamanda,  dövlət    terrorizmi  və  soyqırımı    siyasəti  yeridən  Ermənistan  və  işğal  olunmuş 

ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və 

yük  qatarlarında,  Bakı  Metropolitenində,  hava  nəqliyyatında,  sərnişin  daşıyan  dəniz  bərəsində,  yaşayış 

məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak 

olmuş, 1705 nəfər yaralanmışdır. 

Bütün  dövrlərdə  olduğu  kimi,  ermənilərin  həyata  keçirdiyi  bu  işğalçılıq  siyasəti  kütləvi  qırğınlarla 

müşayiət  olunmuşdur.      Belə  ki,  1988-1993-cü  illərdə  Ermənistanın  hərbi  təcavüzü  nəticəsində  20  000 

nəfərdən  çox  azərbaycanlı  həlak  olmuş,  100  000  nəfərdən  çoxu  yaralanmış,  50  000  nəfər  isə  müxtəlif 

dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri 

əsirlikdən  azad  edilmiş,  783  nəfəri  isə  hələ  də  Ermənistanda  əsirlikdədir.  Beynəlxalq  Qırmızı  Xaç 

Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülmüşdür. 

XX  əsrin  sonunda  ermənilərin  Xocalıda  törətdikləri  soyqırımı  bütün  insanlığa  və  bəşəriyyətə  qarşı 

yönəldilmiş  ən  ağır  cinayətlərdən  biri  kimi  qiymətləndirilir.  Dünya  tarixində  Xocalı  faciəsi  tarixi 

yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost 

kimi  dəhşətli  faciələrdən  heç  də  geri  qalmır.  Adıçəkilən  hadisələr  müharibələr  tarixinə  dinc  əhalinin 

soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. 

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli 

lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin 

fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. 

Bundan  əlavə,  ermənilərin  azərbaycanlılara  qarşı  zaman-zaman  törətdikləri  soyqırımı  ilə  əlaqədar  

ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların 

Soyqırımı Günü elan edilmişdir. 

Ümummilli liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik 

torpaqlarından  kütləvi  surətdə  deportasiyası  haqqında”  1997-ci  il  18  dekabr  tarixli  fərmanı  Ermənistan 

SSR  ərazisindən  azərbaycanlıların  deportasiyasının  hərtərəfli  tədqiq  edilməsi,  bu  cinayətə  hüquqi-siyasi 

qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Bu  fərmanlar  təkcə  tariximizin  qanlı  səhifələrinin  öyrənilməsi  baxımından  deyil,  eləcə  də  erməni 

şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.  

Hazırda  bu  proses  Azərbaycanın  xarici  siyasətinin  əsas  istiqamətlərindən  biri  kimi 

müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir 

sıra  beynəlxalq  təşkilatların  qəbul  etdiyi  sənədlərin  bir  çoxunda  Ermənistan  işğalçı  dövlət  kimi 

göstərilmişdir. 

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab 

edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş 

və 1961-ci ildən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 

Konvensiyada  soyqırımı  cinayətinin  hüquqi  əsası  təsbit  olunmuşdur.  Ermənistanın  Azərbaycana  qarşı 



təcavüzü  zamanı  həmin  konvensiyada  təsbit  edilmiş  soyqırımı  cinayətini  təşkil  edən  bütün  əməllər 

azərbaycanlılara qarşı tətbiq olunmuşdur. 

Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX 

əsrdə  azərbaycanlılar  4  dəfə  —  1905-1907-ci,  1918-1920-ci,  1948-1953-cü  və  nəhayət,  1988-1993-cü 

illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır. 

Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır  ki, dünya ictimaiyyətinin gözü 

qarşısında baş verir. Ona görə də dövlətimiz  bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına 

qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. 

Münaqişənin  nizama  salınması  prosesində  Azərbaycan  Prezidenti  İlham  Əliyev,  ilk  növbədə,  sülh 

variantına üstünlük verir. Lakin dövlət başçısı Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə 

siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz 

torpaqlarımızı azad etmək üçün bütün vasitələrdən istifadə olunacağını qətiyyətlə vurğulamışdır. 



 

Əli HƏSƏNOV, 

 Azərbaycan Respublikası Prezidentinin 

 ictimai-siyasi məsələlər üzrə köməkçisi, 

 tarix elmləri doktoru, professor 

 

 

Каталог: docs -> qazet
qazet -> “Xalq qəzeti”. 2013. 31 mart. N 66. S ermənilərin 1905-1906-cı illərdə Zəngəzur qəzasında törətdikləri qırğınlar XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar
qazet -> Nitqin gücü onun səmimiyyətindədir Azərbaycan nitq mədəniyyətinin təşəkkülündə əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin nitq və
qazet -> Bakı xəbər. 2016. 17 noyabr.№208. S. 15. Multikulturalizmlə azərbaycançılığın vəhdəti Kiş məbədi İradə sariyeva
qazet -> “Xalqımızın müstəqil yaşaya biləcəyinə inanırıq ” Əli Mərdan bəy Topçubaşovun Parisdən göndərdiyi məktubundan götürülmüş bu sətirlər XX
qazet -> “Mədəniyyət”. 2010. 28 may. N. 35. S xalq Cümhuriyyətinin mədəniyyətimizə verdiyi töhfələr
qazet -> 1906-cı ildə Zəngəzurun türk-müsəlman əhalisinə qarşı erməni təcavüzü Tofiq Həsənov
qazet -> “Palitra”. 2010. 8 yanvar. N s vidadi Salahov
qazet -> S. Azərbaycan səhiyyəsi bu gün
qazet -> C o m İ Kİ s a h I l h t t p : / / w w w I k I s a h I l
qazet -> Ötən IL nayo uğurlu olub Ramil Əliyev: ”2010-cu ildə 28 böyük layihə həyata keçirməklə yenidən göstərdik ki, nayo norveçdə Azərbaycanı və azərbaycanlıları layiqincə təmsil və təbliğ edir”


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə