“Xalqımızın müstəqil yaşaya biləcəyinə inanırıq ” Əli Mərdan bəy Topçubaşovun Parisdən göndərdiyi məktubundan götürülmüş bu sətirlər XX



Yüklə 74.65 Kb.
PDF просмотр
tarix10.06.2017
ölçüsü74.65 Kb.

Azərbaycan”.-2015.-14 yanvar.-N 9.-S.8. 

 “Xalqımızın müstəqil yaşaya biləcəyinə inanırıq...” 

Əli  Mərdan  bəy  Topçubaşovun  Parisdən  göndərdiyi  məktubundan  götürülmüş  bu  sətirlər  XX 

əsr  Azərbaycan  tarixinin  ən  mühüm  hadisələrindən  biri  ilə  əlaqədar  yazılmışdır.  1920-ci  il 

Azərbaycan  xalqı  və  Azərbaycan  dövlətçiliyi  üçün  çox  əlamətdar  hadisə  ilə  başladı.  1920-ci  il 

yanvar ayının 11-də Paris Sülh Konfransı Ali Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 

müstəqilliyi de-fakto - faktiki olaraq tanındı. 

Bununla  da  Azərbaycan  Xalq  Cümhuriyyətinin  istiqlaliyyətinin  elan  edildiyi  ilk  günlərdən 

Azərbaycan  hökumətinin  dünya  dövlətləri  tərəfindən  tanınmaq,  Avropanın  qabaqcıl  dövlətləri  və 

sivil  xalqları  sırasına  daxil  olmaq,  beynəlxalq  birliklərin  bərabərhüquqlu  üzvü  olmaq  yolunda 

yürütdüyü məqsədyönlü siyasəti və uzun, gərgin səyləri öz nəticələrini verdi. 

 

Təbii ki, azərbaycanlılar üçün bu böyük hadisəni şərtləndirən bir sıra digər mühüm, obyektiv amillər 

də  var  idi  və  burada  ilk  növbədə  1919-cu  ilin  sonlarından  başlayaraq  beynəlxalq  siyasi  iqlimin  əsaslı 

surətdə  Rusiya  imperiyasının  ərazisində  yaranmış  müstəqil  milli  respublikaların  xeyrinə  dəyişməsi  əsas 

rol oyanayırdı. Lakin Azərbaycan Respublikasının gənc diplomatiyasının bu yeni yaranan siyasi şəraitdə 

qarşıya çıxan mühüm tələblərə cavab  vermək  üçün  nə kimi işlər  gördüyü və nə qədər hazırlıqlı  olduğu 

dövrün  sənədləri  ilə  təsdiq  olunur.  Bu  baxımdan  Paris  Sülh  Konfransında  Azərbaycan  nümayəndə 

heyətinin  arxivində  olan  sənədlər  xüsusi  əhəmiyyət  kəsb  edir.  Hazırda  Parisdə,  Sosial  Elmlərin  Tədqiqi 

Ali  Məktəbi,  Rusiya,  Qafqaz  və  Mərkəzi  Avropa  Tədqiqatları  Mərkəzində  saxlanılan  bu  arxiv  ədalətli 

olaraq  Azərbaycan  nümayəndə  heyətinin  rəhbəri  Əli  Mərdan  bəy  Topçubaçovun  adı  ilə  -  “Topçubaşi 

arxivi” kimi saxlanılır. Belə ki, XX əsr Azərbaycan tarixinin böyük hadisələrlə zəngin tarixinin mühüm 

səhifələrini özündə əks  etdirən  bu sənədlər, qiymətli tarixi fotoşəkillər Azərbaycanın görkəmli siyasi və 

dövlət  xadimi  Əli  Mərdan  bəyin  müstəsna  xidməti  sayəsində  qorunub  saxlanılmışdır  (1920-ci  il  aprel 

çevrilişindən  sonra  mühacirət  həyatı  yaşayan  Əli  Mərdan  bəy  böyük  maddi  sıxıntı  keçirmiş,  Parisdə  6 

dəfə  ünvanını  dəyişərək  şəhərin  mərkəzindən  uzaqlaşmış,  amma  hər  dəfə  sənədlər  saxlanılan  dəmir 

çamadanları özü ilə aparmış, öz işıqlı ömrünü ağır xəstə, ehtiyac içində, şəhərin kənarında, darısqal bir 

otaqda, lakin şəkillər və sənədlərlə dolu qutular arasında başa vurmuşdur).  

Ötən  ilin  dekabr  ayında  Parisdə  -  Topçubaşovun  arxivində  işləmək  imkanı  yarandı  və  sayı  minlərlə 

ölçülən  bu  qiymətli,  orijinal  sənədlərin,  o  cümlədən  fotoşəkillərin,  Azərbaycanda  olmadığı  halda  neçə 

illər sonra Əli Mərdan bəyin fədakarlığı sayəsində xalqımıza necə çatdırıldığının şahidi oldum.  

“Topçubaşi  arxivində”  Əli  Mərdan  bəyin  özünün  XX  əsrin  əvvəllərindən  başlayaraq  geniş  ictimai-

siyasi  fəaliyyətindən  tutmuş  1930-cu  illərdə  Azərbaycan  siyasi  mühacirətinin  çoxşaxəli  fəaliyyətini  əks 

etdirən  bir  çox  mövzulara  dair  sənədlər  saxlanılır.  Lakin  onların  arasında  Azərbaycan  hökumətinin  və 

Paris  Sülh  Konfransında  Azərbaycan  nümayəndə  heyətinin  1919-1920-ci  illər  siyasi-diplomatik 

fəaliyyətini və onun yekunu kimi Azərbaycanın müstəqilliyinin tanınmasına dair sənədlər təbii ki, xüsusi 

yer tutur. 

Suverenliyini  və  ərazi  bütövlüyünü  təmin  etmək  baxımından  Azərbaycanın  müstəqilliyinin  dünyanın 

qabaqcıl dövlətləri tərəfindən tanınmasının əhəmiyyətini yaxşı anlayan Azərbaycan hökuməti hələ 1918-

ci  ilin  avqustunda,  Bakının  azad  edilməsi  uğrunda  qızğın  döyüşlər  getdiyi  vaxtda  Əli  Mərdan  bəy 

Topçubaşovu  Azərbaycan  Xalq  Cümhuriyyətinin  (AXC)  fövqəladə  elçisi  və  səlahiyyətli  naziri  kimi 

İstanbula  göndərmişdi.  Topçubaşovun  missiyasına  Osmanlı  dövləti  ilə  diplomatik  əlaqələrin  bərqərar 

edilməsi və həmin vaxt İstanbulda çağırılması nəzərdə tutulan beynəlxalq konfransda iştirak etmək daxil 

idi.  Birinci  Dünya  müharibəsinin  hələ  davam  etdiyi  bir  zamanda  İstanbul  konfransında  Antanta 

dövlətlərinə  qarşı  müharibə  aparan  Almaniya,  Türkiyə,  Avstriya-Macarıstan,  Bolqarıstan,  Azərbaycan, 

Gürcüstan,  Ermənistan  nümayəndələri  iştirak  etməli  idilər.  Sentyabr ayının sonlarında  İstanbula yetişən 

Topçubaşov  burada  qızğın  diplomatik  fəaliyyət  göstərmiş,  cəmi  3  ay  ərzində  müxtəlif  xarici  ölkələrin 

səlahiyyətli nümayəndələri ilə Azərbaycan tərəfi üçün faydalı olan 36 rəsmi görüş keçirmiş, Azərbaycan 

Mətbuat  Bürosu  yaradaraq  Azərbaycanı  xaricdə  tanıtmaq  sahəsində  mühüm  işlər  görmüşdür.  İstanbulda 

olduğu zaman yaranmış vəziyyəti düzgün qiymətləndirən Ə.M.Topçubaşov Bakıya, baş nazir Fətəli xan 

Xoyskiyə  yazdığı  məktublarda  Paris  Sülh  Konfransında  iştirak  etməyin  əhəmiyyətini  vurğulayırdı.  Belə 

ki,  Birinci  Dünya  müharibəsində  Almaniya-Osmanlı  ittifaqının  məğlubiyyətindən  sonra  dünyanın  yeni 

siyasi  düzümünü  qalib  dövlətlər  həll  edirdi  və  Paris  Sülh  Konfransı  (1919-1920)  da  bu  məqsədlə 

çağırılırdı.  


Cümhuriyyət  rəhbərliyi  dövrün  bu  çağırışına  dərhal  cavab  verir.  1918-ci  il  dekabrın  7-də  təşkil 

olunmuş Azərbaycan Parlamentində qiyabi surətdə parlamentin sədri seçilən Ə.M.Topçubaşov dekabrın 

27-də  formalaşan  yeni  hökumət  kabinetinin  qərarı  ilə  həm  də  Paris  Sülh  Konfransında  Azərbaycan 

nümayəndə  heyətinin  başçısı  təyin  olunur.  Nümayəndə  heyətinə  Məmməd  Həsən  Hacınski  (müavin), 

müxtəlif  partiya  və  parlament  fraksiyalarını  təmsil  edən  şəxslər  -  Əhməd  bəy  Ağayev,  Əkbərağa 

Şeyxzamanov,  Miryaqub  Mehdiyev,  Məmməd  Məhərrəmov  və  “Azərbaycan”  qəzetinin  redaktoru 

Ceyhun bəy Hacıbəyov daxil idilər.  

Keçmiş Rusiya imperiyası ərazilərində yaradılan yeni dövlətlər kimi, Azərbaycan Respublikasının da 

adı  Paris  Sülh  Konfransına  dəvət  edilən  dövlətlərin  siyahısında  yox  idi  və  Azərbaycan  hökuməti 

Qafqazdakı müttəfiq qoşunların komandanı general Tomson vasitəsilə Azərbaycan nümayəndə heyətinin 

konfransda  iştirakına  təminat  almışdı.  Lakin  İstanbula  gələn  və  burada  Əli  Mərdan  bəylə  görüşən 

Azərbaycan  nümayəndə  heyəti  Parisə  getmək  yolunda  elə  ilk  gündən  ciddi  çətinliklərlə  üzləşdi, 

İstanbulda ekspertlər kimi nümayəndə heyətinə daxil edilən Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev 

müttəfiq qoşunlar tərəfindən həbs edildilər, nümayəndə heyəti isə Parisə viza almaq üçün 3 ay İstanbulda 

gözləməli oldu.  

Yalnız  may  ayının  9-da  Parisə  gəlib  çıxan  Azərbaycan  nümayəndə  heyəti  burada  da  olduqca 

mürəkkəb,  yeni  yaranan  dövlətlər  üçün  isə  xüsusilə  əlverişsiz  bir  şəraitlə  üzləşdi.  Antantanın  Birinci 

Dünya müharibəsində məğlub dövlətlərə qarşı irəli sürdüyü ağır sülh şərtləri bir sıra Avropa dövlətlərində 

bu  siyasətə  və  Sülh  Konfransının  özünə  qarşı  böyük  narazılıq  oyatmış,  aparıcı  Avropa  ölkələrini  tətil 

hərəkatı  bürümüş,  siyasi-iqtisadi  böhran  isə  dərinləşməkdə  davam  etmişdir.  Yaranmış  vəziyyəti 

qiymətləndirən  Topçubaşov  ilkin  müşahidələrinin  nəticəsi  kimi  Bakıya  göndərdiyi  raportlarında 

vurğulayırdı  ki,  Antanta  dövlətləri  ilk  növbədə  rus  məsələsinin  həllində,  özü  də  “vahid  və  bölünməz 

Rusiya” ideyası əsasında maraqlıdırlar və bu səbəbdən də Azərbaycan kimi yeni yaranmış respublikaların 

maraqları  böyük  dövlətlərin  diqqət  mərkəzində  dayana  bilməz.  Bununla  belə  Parisə  yetişdikdən  sonra 

Azərbaycan  nümayəndə  heyəti  ilk  olaraq  “Qafqaz  Azərbaycanı  Respublikasının  Paris  Sülh  Konfransına 

memorandumu”  adlı  sənədi  konfransın keçirildiyi  ingilis  və  fransız  dillərində  Sülh  Konfransına  təqdim 

edir. 50 səhifədən və 14 bölmədən ibarət olan bu sənəddə Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı, 

mədəniyyəti,  müasir  durumu  haqqında  ümumi  məlumatlarla  yanaşı  gənc  respublikanın  Sülh 

Konfransından istəkləri öz əksini tapmışdı. 

1919-cu  ilin  may  ayında  Amerika  Prezidenti  Vudro  Vilsonun  təşəbbüsü  ilə  ilk  dəfə  Azərbaycan  da 

daxil  olmaqla  Qafqaz  məsələsi  ABŞ,  İngiltərə,  Fransa  və  İtaliya  hökumət  başçılarından  ibarət  olan 

Dördlər Şurasının iclasında müzakirə olunmuş, İstanbul və Ermənistan üzərində Amerika mandatı qəbul 

edilmiş, Qafqaz üzərindəki mandatlar məsələsi ilə bağlı yeni yaradılmış respublikaların fikrini öyrənmək 

işi  ortaya  çıxmışdı.  Məhz  bu  məqsədlə  may  ayının  28-də,  Azərbaycan  istiqlalının  1-ci  ildönümü  günü 

Amerika  prezidenti  V.Vilson  Ə.M.Topçubaşov  başda  olmaqla  Azərbaycan  nümayəndə  heyətini  qəbul 

etdi.  Bu  görüş  zamanı  Azərbaycan  Respublikasının  müstəqilliyinin  tanınması,  Vilson  prinsiplərinin 

Azərbaycana şamil edilərək yardım göstərilməsi, Azərbaycan nümayəndələrinin Sülh Konfransına qəbul 

edilməsi,  Azərbaycanın  Millətlər  Cəmiyyətinə  qəbulu  və  digər  tələbləri  Amerika  prezidentinin  nəzərinə 

çatdırdı.  “Böyük  hadisə”  adlandırdığı  bu  görüşdə  Azərbaycan  nümayəndə  heyətinin  başçısı  birmənalı 

şəkildə  Azərbaycan  Respublikasının  “nə  Kolçakın,  nə  Denikinin,  nə  də  köhnə  Rusiya  imperiyasının 

hüdudlarında  hakimiyyəti  bərpa  etmək  niyyətində  olan  qeyri-birisini”  tanımayacağını  bildirərək  açıq 

bəyan  etdi  ki,  “Biz  Azərbaycan  üçün  yalnız  öz  parlamentimizi  və  öz  hökumətimizi  tanıyırıq  və 

tanıyacağıq”.  

Ə.M.Topçubaşovun  belə  bir  bəyanatla  çıxış  etməyinə  ciddi  bir  səbəb  var  idi.  Belə  ki,  Azərbaycan 

nümayəndələrinə öz hörmətini və “Azərbaycan haqqında xeyli məlumatlar aldığına” görə təşəkkürlərini 

bildirən  ABŞ  Prezidenti  eyni  zamanda  Azərbaycanın  müstəqilliyinin  tanınması  məsələsini  açıq 

saxlayaraq,  Azərbaycan  məsələsinin  “rus  məsələsindən”  əvvəl  həll  edilməyəcəyini  və  Amerikanın, 

ümumiyyətlə, “dünyanın kiçik hissələrə bölünməsinin” tərəfdarı olmadığını vurğulamışdı.  

Qeyd edilməlidir ki, həmin dövr Rusiyanın çoxsaylı xadimləri, tanınmış rus mühacirləri, bolşeviklərlə 

müharibə  aparan  ağqvardiyaçı  hökumətlərin,  ayrı-ayrı  siyasi  partiyaların  təmsilçiləri,  eləcə  də  Rusiya 

imperiyasının Avropanın müxtəlif ölkələrində olan bütün səfirləri Parisə yığışmışdılar. Onların arasında 

bir  çox  məsələlərdə  ziddiyyətlər  olsa  da,  Rusiyanın  gələcəyi  barədə  bu  qüvvələrin  hamısı  yalnız  bir  - 

“Vahid  və  bölünməz  Rusiya”  şüarı  ilə  çıxış  edirdilər  və  bu  məsələdə  vaxtilə  çar  Rusiyasının  da  daxil 

olduğu  Antanta  dövlətlərinin  tam  dəstəyini  hiss  edirdilər.  Rus  siyasətçiləri  imperiyadan  aralanmış  yeni 

respublikaları,  o  cümlədən  Azərbaycanı  “Rusiyanın  ögey  övladları”,  “köhnə  duz-çörəyi  unutmuş”  “yad 

xalqlar” adlandırır və onların müstəqilliyinin tanınmasına qarşı çıxırdılar. 



Parisdə Azərbaycan əleyhinə daha bir nümayəndə heyəti - ermənilər güclü siyasi mübarizə aparırdılar. 

Əslində, ermənilərin Parisdə iki nümayəndəliyi fəaliyyət göstərirdi: Qərbin və xüsusilə Fransanın siyasi 

dairələrinin yaxından tanıdığı Poqos Nubar Paşanın (Nubaryan) başçılığı ilə erməni milli diasporunun və 

Ermənistan  Respublikasının  nümayəndə  heyətləri.  Avropada  güclü  dayaqları  və  himayəçiləri  olan 

ermənilər “Böyük Ermənistan” planı ilə Azərbaycan da daxil olmaqla qonşu dövlətlərə ərazi iddiaları irəli 

sürməklə  yanaşı,  Azərbaycan  hökumətini  Bakının  azad  edildiyi  günlər  -  1918-ci  ilin  sentyabr  ayında 

şəhərdə  erməni  qırğınları  törətməkdə  ittiham  edərək  Azərbaycan  xalqı  haqqında  mənfi  rəy  yaratmaq 

sahəsində geniş informasiya kampaniyası aparırdılar.  

Bax,  belə  bir  şəraitdə  fəaliyyətə  başlayan  Azərbaycan  nümayəndə  heyəti  çox  çevik  və  kifayət  qədər 

cəsarətli  diplomatik  addımlar  atmaqla  Sülh  Konfransına  bir-birinin  ardınca  Azərbaycan  Respublikasının 

istək  və  tələblərini  əks  etdirən  memorandumlar,  Azərbaycan  haqqında  tarixi-siyasi-iqtisadi-mədəni 

məlumatlar  daşıyan  sənədlər,  xəritələr,  rus  və  erməni  nümayəndə  heyətlərinin  fəaliyyətinə  qarşı 

əsaslandırılmış etiraz notaları və s. təqdim edirdilər.  

Digər  tərəfdən,  Əli  Mərdan  bəy  Topçubaşov  Parisdə  olan  Antanta  dövlətlərinin  nüfuzlu  siyasi 

xadimləri  və  digər  ölkələrin  nümayəndə  heyətləri  ilə  saysız  görüşlər  keçirir,  Azərbaycanın  maraqlarını 

müdafiə edəcək qüvvələri müəyyənləşdirir və onlarla lazımi əlaqələr yaratmağa nail olurdu. Paralel olaraq 

Avropa  və  Amerikada  Azərbaycanın  tanınması  və  onun  müsbət  imicinin  yaradılması,  Azərbaycan 

haqqında  düzgün  ictimai  rəy  formalaşdırılması  sahəsində  geniş  təbliğati  işlər  görülür,  Avropa 

mətbuatında Azərbaycan haqqında məqalələr dərc edilməsinə xüsusi fikir verilirdi. Bu zaman Azərbaycan 

nümayəndə  heyətinin  Rusiyanın  tərkibindən  çıxmış  və  öz  dövlətçiliyini  yaratmış  xalqlarının  -  Baltik 

ölkələri,  Finlandiya,  Polşa,  Ukrayna,  xüsusilə  Gürcüstan  və  Dağlı  respublikaları  ilə  birgə  fəaliyyət 

göstərməsi və bir çox məsələlərdə təşəbbüskar kimi çıxış etməsi öz müsbət nəticələrini verirdi. Məsələn, 

Sülh  Konfransının  Ali  Şurası  Rusiyada  Kolçak  hökumətini  rəsmən  tanımasına  ilk  olaraq  Azərbaycan 

nümayəndə heyəti  etiraz etmiş,  həmin  sənəddə növbəti  dəfə  Azərbaycanın müstəqilliyinin  tanınmasının 

“rus məsələsindən” asılı olmayaraq həll edilməsi, respublikamızın Millətlər Cəmiyyətinə qəbul edilməsi 

məsələlərini irəli sürmüşdü. 

Ermənilərin  Sülh  Konfransına  təqdim  etdiyi  və  ucsuz-bucaqsız  ərazilərlə  yanaşı  böyük  məbləğdə 

təzminatlar  ödənilməsini  nəzərdə  tutan  tələbləri  ilə  bağlı  Azərbaycan  nümayəndə  heyəti  xüsusi 

bəyanatlar,  etiraz  notaları  ilə  çıxış  edir  və  bir  çox  hallarda  bu  addımlarını  gürcü  nümayəndə  heyəti  ilə 

birlikdə  atırdılar.  Azərbaycan  nümayəndələri  azərbaycanlıların  Ermənistan  əhalisinin  yarısını  təşkil 

etdikləri  halda  adi  insan  hüquqlarından  məhrum  olduqları  haqda  həqiqətləri,  İrəvan  Müsəlman  Milli 

Şurasının  İrəvan  quberniyasında  azərbaycanlıların  dözülməz  vəziyyətinə  dair  məlumatları,  1919-cu  ilin 

yayında  Azərbaycan  hökumətinin  Qarabağda  öz  suveren  hüquqlarını  bərpa  etdikdən  sonra  erməni 

əhalisinin  Azərbaycan  hökumətinə  tabe  olması  barədə  qəbul  etdiyi  qətnamə  və  s.  bu  kimi  sənədləri 

mütəmadi olaraq Avropa və Amerikanın nümayəndəliklərinə çatdırırdılar. 

Topçubaşov Qərb dövlətlərinin Azərbaycana marağını artırmaq üçün bu hökumətlərin dəyər verdikləri 

bütün  məsələlərə  son  dərəcə  həssaslıqla  yanaşır  və  onlardan  yararlanmağa  çalışırdı.  Məsələn,  Bakıya 

göndərdiyi  məktublarda  Azərbaycan  Parlamentində  respublikada  yaşayan  qeyri-müsəlman  xalqların 

nümayəndələrinin  təmsil  olunması,  seçkilərin  xalqın  iştirakı  ilə  keçirilməsinin  vacibliyi  vurğulanırdısa, 

əksinə, hökumət kabinetinin üzvlərinin “yerli azərbaycanlılardan” ibarət olmasının “Azərbaycanın bütün 

sahələrdə rəhbər mütəxəssislər irəli sürməyə və ölkəsini idarə etməyə qadir olmasının sübutu” kimi qəbul 

ediləcəyini  nəzərə  çatdırırdı.  Başqa  bir  nümunə:  böyük  dövlətlərin,  xüsusilə  Fransanın  Rusiyanın 

bölünməsinin  əleyhinə  olmasını  şərtləndirən  amillər  arasında  Rusiyanın  bu  ölkələrə  olan  borclarının 

qaytarılması  məsələsi  durduğunu  əsas  götürən  Ə.M.Topçubaşov  V.Vilsonla  görüşdən  tutmuş,  aparıcı 

Avropa  dövlətlərinin  rəsmiləri  ilə  apardığı  danışıqlarda  respublikamızın  müstəqilliyinin  tanınacağı 

təqdirdə  geniş  iqtisadi  resurslara  malik  olan  Azərbaycanın  keçmişdə  tərkibində  olduğu  çar  Rusiyasının 

borclarından öz payına düşəni tədricən ödəyəcəyinə təminat verirdi.  

Azərbaycan  nümayəndə  heyətinin  bu  ardıcıl  və  çevik  fəaliyyəti  qarşısında  Qərb  dövlətlərində 

Azərbaycana qarşı maraq artır, Azərbaycan barədə həqiqətləri yerində öyrənmək üçün Amerika, İngiltərə, 

Fransa  nümayəndələri  bir-birinin  ardınca  Bakıya  gəlir  və  aldıqları  müsbət  təəssüratları  öz  ölkələrinin 

siyasi rəhbərliyinə çatdırırdılar.  

Təsadüfi  deyil  ki,  1919-cu  ilin  payızında  Rusiyada  Kolçakın,  daha  sonra  Denikinin  qoşunlarının 

məğlubiyyəti faktları, Qızıl ordunun Cənubi Qafqaza hücumu, bolşevizm ideyalarının İrana və Türkiyəyə 

yayılması təhlükəsi qarşısında  böyük dövlətlərin yeni yaranmış respublikalara münasibəti əsaslı  surətdə 

dəyişəndə,  Paris  Sülh  Konfransında  Azərbaycan  haqqında,  Əli  Mərdan  bəyin  təbirincə  deyilərsə,  artıq 

“müstəqil həyata qadir bir xalq” təsəvvürü tam şəkildə formalaşmışdı.  



1920-ci  il  yanvar  ayının  10-da  Böyük  Britaniyanın  təşəbbüsü  ilə  çağırılan  Paris  Sülh  Konfransı  Ali 

Şurasının  sessiyasında  Qafqazdakı  vəziyyət  geniş  müzakirə  edildi.  Qızıl  ordu,  Denikin  qoşunları  və 

həmin dövr bolşeviklərlə müttəfiq olan Mustafa Kamalın hərbi birləşmələrinin 3 tərəfdən Cənubi Qafqaz 

respublikalarına  təcavüz  edəcəyi  ehtimalı  qarşısında  bu  gənc  dövlətlərə  siyasi,  iqtisadi-hərbi  yardım 

etmək  üçün  onların  müstəqilliyinin  tanınması  qərara  alındı.  Bu  zaman  Azərbaycan  və  Gürcüstan 

dövlətlərinin həmin yardım üçün Antantaya müraciət etməsi əsas götürüldü. Bir gün sonra, yanvarın 11-

də  Azərbaycan  cə  Gürcüstan  dövlətləri  müttəfiq  və  birlik  ölkələri  tərəfindən  de-fakto  tanındı.  Yanvarın 

15-də Fransa Xarici İşlər Nazirliyində həmin qərar Əli Mərdan bəy Topçubaşova təqdim edildi. Yanvarın 

17-də  bu  qərar  həmçinin  İtaliya  Xarici  İşlər  Nazirliyində  İtaliyada  olan  Azərbaycan  hərbi  missiyasının 

başçısı  İbrahim  ağa  Usubova  təqdim  edildi.  Elə  həmin  gün  Parisdə  Azərbaycan  nümayəndə  heyətinin 

iştirakı  ilə  hərbi  ekspertlərin  müşavirəsi  keçirildi,  yanvarın  19-da  isə  Ali  Şuranın  iclasında  Avropanın 

aparıcı  dövlət  başçıları  -  Lloyd  Corc,  Klemanso,  Nitti,  Kerzon,  Çörçill  və  digər  tanınmış  dövlət 

xadimlərinin və Azərbaycan nümayəndə heyətinin tam tərkibdə iştirakı ilə müşavirəsi oldu və bu mötəbər 

toplantıda Əli Mərdan bəy Azərbaycanla bağlı verilən bütün sualları cavablandırdı.  

Azərbaycanın  müstəqilliyinin  tanınması  xəbərini  Bakıya,  Azərbaycan  hökumətinə  ilk  olaraq 

İngiltərənin Qafqaz üzrə baş komissarı Oliver Uordrop yanvarın 12-də bildirmişdi. Daha sonra elə həmin 

gün Əli Mərdan bəy Topçubaşovun Baş nazir Nəsib bəy Usubbəyova göndərdiyi təcili teleqram Bakıya 

yetişmişdi.  Yanvarın  14-də  Əli  Mərdan  bəy  Məhəmməd  Əmin  Rəsulzadəyə  də  teleqram  vuraraq  bu 

böyük hadisə münasibəti ilə onu təbrik etmişdi. Həmin günlər Bakıda Musavat Partiyasının II qurultayı 

keçirilirdi və Əli Mərdan  bəy bu qurultayın iştirakçılarına təbrik teleqramı göndərmişdi.  Topçubaşovun 

arxivində bütün bu teleqramların Əli Mərdan bəyin öz xətti ilə yazdığı mətnlər saxlanılır və Azərbaycan 

xalqının bu iki görkəmli siyasi xadimi üçün həmin günün nə qədər əlamətdar olduğu bu sənədlərdə çox 

aydın  nəzərə  çarpır:  “Müstəqil  Azərbaycanı  görmək  məqsədi  xalqımızın  bütün  partiyalarını,  bütün 

elementlərini  birləşdirməlidir  və  o  zaman  siz  orada,  biz  burada  birgə  səylərimizlə  böyük  uğurlara  nail 

olarıq...Qoy bu əlamətdar hadisə öz gənc respublikamızın inkişafına xidmət etmək kimi müqəddəs işdə 

bizim hamımız üçün həyati qüvvə mənbəyi olsun...” 

Həmin  günlər  Parisə,  Əli  Mərdan  bəyin  ünvanına  istər  Bakıdan,  istərsə  xaricdəki  siyasi  xadimlərdən 

onlarca  təbrik  teleqramları  gəlirdi.  Baş  nazir  Nəsib  bəy  Yusifbəyli  bu  münasibətlə  Azərbaycan 

nümayəndə  heyətinin  bütün  üzvlərini  təbrik  etməklə  yanaşı,  “çoxdan  gözlənilən  uğurlu  nəticələrin  əldə 

olunmasında  mühüm  rol  oynamış  əməyinə  görə”  Əli  Mərdan  bəyə  şəxsən  öz  təşəkkürünü  bildirirdi. 

General  İbrahim  Usubovun  İtaliyadan  Əli  Mərdan  bəyə  ünvanlandığı  teleqramda  isə  deyilirdi:  “Tarixi 

hadisə baş verdi və Azərbaycanın siyasi həyatında yeni era yarandı... Ölkə onun həyatındakı bu  nəhəng 

nailiyyətin iştirakçısı kimi Sizə borcludur...”  

Təbiidir  ki,  Bakıda  da  Azərbaycanın  müstəqilliyinin  tanınması  xəbəri  böyük  əks-səda  doğurmuş, 

Azərbaycan  hökuməti  dərhal  bu  münasibətlə  Bakıda,  Gəncədə  və  bölgələrdə  təntənəli  bayram 

mərasimləri  keçirilməsi  məqsədilə  xüsusi  tədbirlər  planı  müəyyənləşdirmişdi.  1920-ci  il  yanvarın  14-ü 

bütün Azərbaycanda əməkhaqqı saxlanılmaqla qeyri-iş günü elan edildi. Həmin gün bayram təntənələri 

saat  11-də  Təzəpir  məscidində  dualar  oxunmaqla  başladı.  Hökumət  başçısı  və  nazirlərin,  parlament 

üzvləri,  dini  xadimlərinin  və  geniş  xalq  kütlələrinin  iştirak  etdiyi  bu  tədbirdə  Şeyxülislam  bayram 

xütbəsini oxuduqdan sonra “Camaat, bu gün şərəfli və böyük gündür. İslamın əziz günüdür. Bayramdır!” 

deyə  öz  təbriklərini  bildirdi.  Bayram  tədbirləri  saat  12-də  parlamentin  təntənəli  iclası  ilə  davam  etdi. 

Xarici  İşlər  naziri  Fətəli  Xan  Xoyski  öz  qısa  nitqində  bunları  vurğuladı:  “1918-ci  il  may  ayının  28-də 

Azərbaycan  xalqı  öz  istiqlalını  bəyan  etdi.  Lakin  bunu  elan  etmək  az  idi.  Bütün  dünyaya  sübut  etmək 

lazım idi ki, biz müstəqil həyata layiqik. Və ötən il-yarımda Azərbaycan xalqı Avropaya sübut etdi ki, o, 

müstəqil yaşaya bilər, müstəqil idarə edə bilər. Azərbaycan xalqının həyat qabiliyyətinə inanan Avropa 

bizim  müstəqilliyimizi  tanımağı  lazım  bildi.  Birinci  Azərbaycan  hökuməti  təşkil  olunduğu  vaxt  onun 

başında  mən  dururdum.  İndi  isə  bizim  respublikamızın  müstəqilliyinin  tanınması  haqqında  xəbəri  sizə 

çatdırmağı özüm üçün böyük xoşbəxtlik hesab edirəm”.  

Parlament  iclasında  ona  sədrlik  edən  Həsən  bəy  Ağayev,  M.Ə.Rəsulzadə,  A.Səfikürdski, 

S.Ağamalıoğlu,  Azırbaycanda  yaşayan  digər  xalqların,  həmçinin  Gürcüstan,  Ermənistan,  Norveç, 

Qafqazda  Alman  Mərkəzinin  nümayəndələri  və  digər  şəxslər  təbrik  nitqləri  söylədilər.  (Parisdəki 

Azərbaycan  nümayəndələri  M.Ə.Rəsulzadənin  parlamentin  bu  tarixi  iclasındakı  parlaq  nitqinin  tam 

mətnini  fransız  dilində  İnformasiya  bülletenində  dərc  etmişdilər).  Həsən  bəy  Ağayev  öz  nitqində  bu 

hadisənin  bütün  türk  dünyası  üçün  əlamətdar  olduğunu  vurğuladı.  Həqiqətən,  Azərbaycan  Respublikası 

müstəqilliyi Avropa dövlətləri tərəfindən tanınan ilk türk və müsəlman ölkəsi idi. Parlamentin bu tarixi 

iclasının  sonunda  ədliyyə  naziri  Xəlil  bəy  Xasməmmədov  Azərbaycanın  müstəqilliyinin  tanınması 

münasibətilə amnistiya elan etmək haqqında hökumətin qərarını oxudu.  


Daha sonra dənizkənarı bulvarda “Hürriyyət” (indiki Azadlıq) meydanından başlayaraq Milli Ordunun 

rəsmi paradı keçirildi. Paraddan sonra Xarici İşlər Nazirliyinin binasında təntənəli qəbul mərasimi oldu. 

Hökumət  və  parlament  üzvləri,  Azərbaycandakı  bütün  xarici  nümayəndəliklərin  başçıları  və  üzvləri, 

xarici qonaqlar, nüfuzlu ziyalıların iştirak etdiyi qəbulda da Azərbaycanın həyatında baş vermiş bu tarixi 

hadisə ilə bağlı təbrik nitqləri söylənildi. 

Həmin gün bütün şəhərdə yüksək bayram əhval-ruhiyyəsi hökm sürürdü. Bütün şəhər Azərbaycanın 3 

rəngli  bayraqları  və  xalçalarla  bəzədilmiş,  bayraqlar  dalğalanan  avtomobillər  küçələrdən  şütüyür,  ətrafı 

bürüyən  milli  musiqi  sədaları  altında  aktyorlar  milli  geyimlərdə  Azərbaycan  tarixinə  dair  tamaşalardan 

səhnələr göstərirdi. Şəhərətrafı qatarlar xalq bayramında iştirak edən insanları gün ərzində pulsuz daşımış, 

axşam  və  gecə  isə  bütün  paytaxt  Bakı  tam  çıraqban  edilmişdir.  Bu  hadisə  insanlar  arasında  elə  bir  ruh 

yüksəkliyi  qaldırmışdı  ki,  onlar  Təzəpir  məscidindən  çıxan  Nəsib  bəy  Yusifbəylini  parlamentə 

çiyinlərində  aparmışdılar.  Parlamentin  qarşısında  yığılan  və  Məhəmməd  Əmin  Rəsulzadəni  tələb  edən 

insanlar  da  onu  əlləriüstə  parlamentin  eyvanına  çıxarmışdılar.  Küçədə  yığışan  izdiham  qarşısında  atəşin 

nitq söyləyən Məhəmməd Əmin Rəsulzadə özünün məşhur “Bir kərə yüksələn bayraq bir daha enməz” 

şüarını təkrar edərək “öz istiqlalını dünyaya qəbul etdirmiş” Azərbaycan xalqını təbrik etmişdi.  

Eyni bayram təntənələri Gəncədə də keçirilmiş, Gəncə valisi Xudadat bəy Rəfibəyli, görkəmli ziyalılar 

Firidun  bəy  Köçərli,  Vəli  Xuluflu,  Ağalar  bəy  Səfikürdski,  Cavad  Axundzadə  və  başqaları  şəhər 

ictimaiyyəti qarşısında cıxış edərək təbrik nitqləri söyləmişlər. 

Həmin  tarixi  günləri  yaşayan  Azərbaycan  xalqının  və  onun  liderlərinin  əhval-ruhiyyəsi,  keçirilən 

mərasimlərdə  söylədiyi  nitqlər  Azərbaycan  Xalq  Cümhuriyyətinin  sənədlərində,  dövrün  mətbuatında  və 

bir neçə fotoşəkillərdə öz əksini tapıb. Təəssüf ki, bu fotoşəkillərin çoxu Azərbaycanda qalmayıb. Lakin 

Bakıdakı  mərasimləri  əks  etdirən  4  fotoşəkil  XİN-in  müavini  M.Təkinskinin  imzası  ilə  təsdiq  olunan 

məktubla  birgə  Parisə,  Azərbaycan  hökumətinin  və  diplomatiyasının  bu  böyük  qələbəsini  Parisdə  qeyd 

edən nümayəndə heyətinə göndərilib. Bu şəkillərdə Təzəpir məscidindəki mitinq, Azərbaycan parlamenti 

qarşısındakı  qələbəlik,  Dənizkənarı  bulvardakı  parad  və  Azərbaycan  parlamentində  xarici  işlər  naziri 

Fətəli xan Xoyskinin Azərbaycanın müstəqilliyinin tanınması barədə aktı oxuduğu anlar öz əksini tapıb.  

Çox  əlamətdardır  ki,  Azərbaycanın  müstəqilliyinin  beynəlxalq  aləmdə  tanınmasının  təntənələrini 

təcəssüm etdirən və indiyədək əlimizdə olmayan həmin şəkillər bu “nəhəng nailiyyətin” əldə edilməsində 

mühüm  rol  oynamış  məhz  Əli  Mərdan  bəy  Topçubaşov  tərəfindən  Parisdə  “Topçubaşi  arxivində” 

xalqımız üçün qorunaraq saxlanılıb və həmin tarixi hadisənin 95-ci ildönümündə Vətənə qayıdıb. 



 

Solmaz RÜSTƏMOVA-TOHİDİ, 

tarix elmləri doktoru, professor 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə