Xartiya konvensiya hüququna malik deyil



Yüklə 112.55 Kb.
tarix22.07.2017
ölçüsü112.55 Kb.


GƏNCLƏRİN YERLİ VƏ REGİONAL HƏYATDA İŞTİRAKI HAQQINDA

YENİDƏN İŞLƏNMİŞ AVROPA XARTİYASI

Xartiya konvensiya hüququna malik deyil



Fransız versiyası
Avropa Yerli və Regional Hakimiyyət Orqanları Konqresi qəbul edib.

(10-cu sessiya – 21 may 2003-cü il – 128-ci Tövsiyəyə Əlavə)
Xartiyanın mətni elektron versiyasında ingilis, fransız, alman, italyan və rus dillərində,

çap versiyasında isə ispan, türk, isveç, polyak və serb dillərində Konqres Katibliyindən (joan.stafford@coe.int) əldə edilə bilər.


GİRİŞ

Sonradan gənclərin yerli və regional həyatda iştirakı haqqında yenidən işlənmiş Avropa Xartiyasına çevrilən sənədin təməlini Avropa Yerli və Regional hakimiyyət Orqanları Daimi Konfransı əvvəlcə Lozannada (iyun 1988), sonra isə Lanqollendə (sentyabr 1991) keçirilən gənclər siyasətinə dair birinci və ikinci konfranslarda qoyub. Bundan bir qədər sonra - 1992-ci ilin martında Daimi Konfrans bu xartiyanın qəbulu barədə 237-ci qətnaməni və 27-ci maddəni qəbul edib.


Gənclərin Yerli və Regional həyatda iştirakı haqqında Avropa Xartiyasının on illiyini qeyd etmək məqsədilə Avropa Şurasının Avropa Yerli və Regional Hakimiyyət Orqanları Konqresi Avropa Şurasının Gənclər və İdman Direktorluğu ilə birlikdə «Gənclər öz şəhər və regionlarının aktyorlarıdır» adlı konfrans düzənləyib. 2002-ci il martın 7-8-də Krakovda keçirilən bu konfransın başlıca məqsədi Xartiyanın mövcud olduğu on il ərzində gənclərin iştirakı sahəsində əldə edilmiş nailiyyətləri dəyərləndirmək, eləcə də uğurlu təcrübələri geniş yaymaqla gənclərin iştirakının gələcəkdə daha da gücləndirilməsi yollarını müzakirə etmək olub. Konfrans iştirakçıları Krakov bəyannaməsini qəbul ediblər: həmin bəyannamədə onlar bir daha təsdiqləyiblər ki, gənclər digər yaş qruplarına mənsub insanlar kimi öz bələdiyyə və regionlarının vətəndaşlarıdır və buna görə də onlar cəmiyyət həyatında iştirakın bütün formalarına yol tapmaq imkanına malik olmalıdırlar. Gənclərin demokratik cəmiyyətin inkişafında, xüsuilə də yerli və regional ictimai həyatda rolunun təsdiq olunması və gücləndirilməsi işi müdafiə edilməli və yenidən qurulmalıdır. Bundan əlavə, konfrans Avropa Şurasının «Demokratik institutların işlək hala gətirilməsi» adlı inteqrasiya layihəsi üçün müvafiq yardım ayırıb.
İştirakçılar daha da irəli gedərək gənclərin müasir cəmiyyətdə üzləşdikləri yeni problemlərə cavab tapmağa çağırıblar. Ardınca onlar Avropa Yerli və Regional Hakimiyyət Orqanları Konqresindən və Avropa Şurasının Gənclər Məsələləri üzrə Məsləhət Şurasından, Gənclərin Yerli və Regional Həyatda İştirakı haqqında Avropa Xartiyasını iyirmi birinci əsrin yeni problemlərinə uyğunlaşdırmaq üçün ona düzəlişlər və əlavələr məqsədilə ekspertlər ayırmağı xahiş edib.
İşçi yığıncaqları 2002-ci ilin axırlarında və 2003-cü ilin əvvəllərində keçirilib. Həmin işçi yığıncaqlarının nəticələri Xartiyanın hazırkı versiyasının əsasını təşkil edir. Xartiyanın bu yeni versiyası üç hissədən ibarətdir. Birinci hissədə gənclər üçüın bir sıra sahələrdə təsirli ola biləcək siyasətlərin müəyyənləşdirillməsi barədə yerli və regional hakimiyyət orqanlarına rəhbər müddəalar təqdim olunur. İkinci hissədə gənclərin iştirakının daha da gücləndirilməsi vasitələri təqdim edilir. Nəhayət, üçüncü hissədə gənclərin iştirakı üçün institutsional şərtlərin necə təmin edilməsi barədə tövsiyələr verilir.

PREAMBULA

Yerli və regional səviyyələrdə qərarların qəbul olunmasında və digər aksiyalarda gənclərin fəal iştirakı daha demokratik, iştirakçı və zəngin cəmiyyət qurmaq istədiyimiz zaman xüsusilə əhəmiyyətli olur. İstənilən cəmiyyətin demokratik həyatında iştirak təkcə səs vermək və yaxud seçkilərdə öz namizədliyini irəli sürməklə bitmir. İştirak və fəal vətəndaşlıq qərarların qəbulunda iştirak və onlara təsir göstərə bilmək, ictimai aksiya və fəaliyyətlərlə məşğul olmaq hüququna, vasitələrinə, məkanına, imkanına və lazım gəldikdə dəstəyinə malik olmaq və bununla da daha yaxşı cəmiyyət qurulmasına xidmət etməkdir.


Yerli və regional hakimiyyət orqanları gənclərə daha yaxın hakimiyyət orqanları kimi gənclərin iştirakının gücləndirilməsində çox vacib rol oynamaq imkanına malikdirlər. Bu işi yerinə yetirdikləri təqdirdə yerli və regional hakimiyyət orqanları gənclərin təkcə demokratiya və vətəndaşlıq barədə nəsə eşidib-öyrənəcəklərinə deyil, həmçinin bu işlərlə praktik məşğul olacaqlarına əmin ola bilərlər. Bununla belə, gənclərin iştirakı məsələsi təkcə fəal vətəndaşların yetişdirilməsi və yaxud gələcək üçün demokratik cəmiyyətin qurulması ilə məhdudlaşmır. Bu o zaman həyati əhəmiyyət kəsb edir ki, iştirak gənclərin özü üçün mənalı olur, onlar məhz gənckən qərarların və aksiyaların qəbuluna və formalaşdırılmasına təsir göstərə bilirlər.
Yerli və regional hakimiyyət orqanları gənclərin iştirakını dəstəkləyərkən və gücləndirərkən həm də onların sosial inteqrasiyasına yardım göstərmiş olur və gənclərə təkcə üzləşdikləri problemləri və sıxıntıları deyil, həmçinin anonimliyin və individualizmin çox vacib üstünlük təşkil etdiyi müasir cəmiyyətin doğurduğu problemləri də dəf etməkdə kömək etmiş olurlar. Ancaq yerli və regional həyatda gənclərin iştirakının uğurlu, davamlı və mənalı olması üçün təkcə siyasi və yaxud inzibati sistemlərin inkişafı və ya yenidən qurulması kifayət etmir, daha artıq nəsnələr tələb olunur. Gənclərin iştirakının gücləndirilməsi məqsədilə düzənlənən istənilən siyasət və yaxud aksiya mədəni mühitin gənclərin fikirlərinə hörmət bəsləməsini təmin etməli, həbelə gənclərin fərqli ehtiyaclarını, şəraitlərini və həvəslərini nəzərə almalıdır. Onlar həmçinin müəyyən qədər oyun və əyləncə elementlərinə malik olmalıdır.

PRİNSİPLƏR

1. Gənclərin yerli və regional həyatda iştirakı vətəndaşların yerli ictimai həyatda iştirakı haqqında Nazirlər Komitəsinin üzv ölkələrə 19-cu Tövsiyəsində (2001) müəyyən edildiyi kimi vətəndaşların ictimai həyatda iştirakına dair qlobal siyasətin tərkib hissəsi olmalıdır.


2. Yerli və regional hakimiyyət orqanları inanırlar ki, bütün sektorlara dair siyasətlərin gənclər bölməsi olmalıdır. Buna görə də onlar bu xartiyanın müddəalarına əməl edəcəklərini və gənclərlə, onların nümayəndələri ilə məsləhətləşmələr və əməkdaşlıq şəraitində müxtəlif iştirak formalarını həyata keçirəcəklərini öhdələrinə götürürlər.
3. Bu xartiyada müdafiə olunan iştirak prinsipləri və müxtəlif iştirak formaları heç bir ayrı-seçkiliyə yol verilmədən bütün gənclərə şamil edilir. Bu məqsədə nail olmaq üçün cəmiyyətin pis vəziyyətdə yaşayan kəsimlərindən, etnik, milli, sosial, cinsi, mədəni, dini və dil azlıqlarından olan gənclərin yerli və regional həyatda iştirakının təşviqinə xüsusi diqqət yetirilməlidir.
I HİSSƏ: SEKTORLAR ÜZRƏ SİYASƏTLƏR


    1. İdman, əyləncə və assosiativ həyat siyasəti




  1. Yerli və regional hakimiyyət orqanları bələdiyyə və yaxud region daxilində sosial birliyin ailə, məktəb və iş yeri kimi əsas dayaqlarından biri olan gənclər assosiasiyaları və təşkilatları, gənclər qrupları və icma mərkəzlərinin yürütdüyü mütəşəkkil sosio-mədəni fəaliyyətləri dəstəkləyirlər; bu təşkilatlar gənclərin iştirakının gerçəkləşdirilməsi, idman, mədəniyyət, sənətkarlıq və ticarət, incəsənət və bədii yaradıcılığın digər formaları sahəsində, eləcə də sosial fəaliyyət sahəsində gənclər siyasətlərinin həyata keçirilməsi üçün ideal kanallardır.




  1. Yerli və regional hakimiyyət orqanları yerli və regional səviyyədə gənclərlə bağlı assosiativ sektoru inkişaf etdirmək üçün xüsusilə gənclər klublarının fəalları və liderlərinə təlim keçən təşkilatları, eləcə də yerli və regional səviyyədə mühüm rol oynayan gənc işçiləri müvafiq tədbirlər sayəsində kredit ayırmaqla dəstəkləyirlər.




  1. Yerli və regional hakimiyyət orqanları assosiasiyaların struktur qurumlarında gənclərin fəal iştirakını gücləndirməyə təşviq edirlər.




    1. Gənclərin məşğulluğunun atrılıması və işsizliyə qarşı mübarizə siyasəti




  1. Gənclərin məruz qaldıqları iqtisadi və sosial şərait onların yerli icmaların həyatında iştirak etmək arzusuna və qabiliyyətinə ciddi təsir göstərir. Gənclər işsiz qalanda və yaxud yoxsulluq şəraitində yaşayanda onların yerli və regional həyatda fəal vətəndaş kimi iştirak etməyə nə arzuları, nə resursları, nə də sosial dəstəkləri olur. İşsiz qalan gənclər cəmiyyətdən daha çox təcrid olunduqlarına görə yerli və regional hakimiyyət orqanları gənclər arasında işsizliyin aradan qaldırılmasına yönəlik siyasətlər işləyib hazırlayır və bu cür təşəbbüsləri təşviq edirlər.




  1. Bu səbəbdən yerli və regional hakimiyyət orqanları:

I – gənclərlə (işsiz və yaxud işsiz qalmaq riski ilə üzləşən gənclər də daxil olmaqla), yerli işəgötürənlərlə, həmkarlar ittifaqları ilə, təhsil, təlim və məşğulluq orqanlarıyla və gənclər təşkilatları ilə razılaşdırılmaqla gənclər arasında işsizlik problemlərinin həllinə dair siyasətlər və proqramlar işləyib hazırlayır, gənclər üçün iş imkanlarını təşviq edirlər;


II – işsiz qalmış gənclərə maraqlı və sabit iş tapmaqda ixtisas köməyi və dəstəyi təmin edə bilmək üçün yerli məşğulluq mərkəzləri yaradırlar. İşsiz gənclər arzu etdikləri halda bu mərkəzlərin idarəçiliyinə cəlb edilmək hüququna malik olmalıdırlar.
III – fond yardımı, bina, avadanlıq, təlim və peşə məsləhətləri kimi digər yardımları təmin etməklə gənclər və gənclərdən ibarət qruplara biznes, müəssisə və kooperativlər yaratmaqda yardım göstərirlər;
IV – sosial iqtisadiyyatda, icmadaxili özünəyardım təşəbbüslərində və yaxud kooperativlərdə gənclərin eksperimentlər aparmasını təşviq edirlər.


    1. Şəhər mühiti və yaşayışı, mənzil siyasəti, nəqliyyat.




  1. Yerli və regional hakimiyyət orqanları gənclər təşkilatlarının nümayəndələriylə birlikdə daha çox inteqrasiyalı, daha az təcrid olunmuş yaşayış mühitinə əsaslanan şəhər mühiti siyasətinin inkişafına şərait yaradırlar; bu isə sosial interaktivliyə və yüksək keyfiyyətli ictimai məkanların inkişafına səbəb olur.




  1. Yerli və regional hakimiyyət orqanları elə mənzil və şəhər mühiti siyasətləri həyata keçirirlər ki, gənclər yerli və regional səviyyədə seçilmiş nümayəndələrin, iqtisadi sahədə qərar verənlərin, assosiasiya liderlərinin və memarların bir araya gəldikləri məşvərət yığıncaqlarında yaxından iştirak edirlər. Həmin yığıncaqların məqsədi bunlardır:

I – fərdi özünüreallaşdırmaya və nəsillər arasında həqiqi həmrəyliyin inkişafına rəvac verən daha ahəngdar mühit üçün proqramlar tərtib etmək;


II – mənzil planlaşdırılmasında sakinlərin sosial və mədəniyyətlərarası reallıqlarını nəzərə alan razılaşdırılmış şəhər mühiti siyasəti işləyib hazırlamaq.



  1. Yerli və regional hakimiyyət orqanları gənclər təşkilatları, mənzil icarədarları və yaxud istehlakçıları, təşkilatçıları, sosial mənzil agentlikləri və sosial işçilərlə yaxından əməkdaşlıq əsasında aşağıdakı sosial strukturların və yaxud mövcud olanlar daxilində aşağıdakıların inkişafını təşviq edirlər:

I – gənclər üçün mənzil sahəsində yerli informasiya mərkəzləri;
II – mənzil əldə etməkdə gənclərə köməklik göstərən sosial sxemlər (yəni aşağı faizlə kreditlər, təminatlı icarə sistemləri).


  1. Gənclərin mobilliyi, onların əsas istifadəçisi olduqları ictimai nəqliyyatdan asan istifadə edə bilmələri sayəsində mümkündür. Bu mobillik sosial həyatda iştirak və tamhüquqlu vətəndaş ola bilmək üçün xüsusilə zəruridir.




  1. Buna görə də gənclər həm yerli, həm də regional səviyyələrdə ictimai nəqliyyatın təşkilinə cəlb olunmalıdırlar. Xüsusi qaydada uyğunlaşdırılmış qiymətlər daha imkansız gənclərin hərəkət imkanını genişləndirir.




  1. Kənd yerlərində mobillik və nəqliyyat həyat şəraitinin keyfiyyəti üçün fundamentall əhəmiyyət kəsb edir və təkcə iştirakı asanlaşdırmaq üçün zəruri deyil. Buna görə də yerli və regional hakimiyyət orqanları kənd yerlərində nəqliyyat xidmətlərini (ictimai və ya özəl, fərdi və ya kollektiv) təmin edən və cari nəqliyyat vasitələrinin yoxluğu ucbatından təcrid olunmuş gənclərin və bu kimi digər əhali qruplarının mobbilliyini artıran təşəbbüsləri dəstəkləyirlər.


1.4. Gənclərin iştirakını təşviq edən təhsil və təlim siyasəti


  1. Məktəb gənclərin yalnız öz həyatlarınıın xeyli hissəsini keçirdikləri və rəsmi təhsil proqramına yiyələndikləri bir institut deyil; o həm də onların həyata baxışlarının və perspektivlərinin formalaşdığı məkandır. Əhəmiyyətli olanı budur ki, gənclər iştirak və demokratiya haqqında çox şeyi məhz məktəbdə öyrənirlər və onlar demokratiya, iştirak və vətəndaşlıq haqqında təlim kurslarına burada yiyələnə bilərlər və bu kurslar möhkəm şəkildə resurslaşdırılıb. Bununla belə, məktəb həm də gənclərin demokratiyanı əməli surətdə sınaqdan keçirə bildikləri, qərar çıxarılmasında onların iştirakının dəstəkləndiyi, təşviq edildiyi və effektiv sayıldığı məkan ola bilər.

Buna görə də:
I – yerli və regional hakimiyyət orqanları fəal sürətdə gəncləri məktəb həyatında iştiraka ruhlandırırlar. Onlar gənclərin demokratik şagird assosasiyaları yarada bilmələri üçün onları maliyyə və yığıncaq imkanları kimi digər yardımlarla təmin edirlər. Bu assosiasiyalar müstəqil olmalı, özünüidarəyə əsaslanmalı və əgər istəyərlərsə, müəllimlər və məktəb rəhbərliyi ilə əməkdaşlıq şəraitində məktəbin idarəçiliyilə bağlı qərarların qəbulunda iştirak etmək hüququna malik olmalıdırlar.
II – yerli və regional hakimiyyət orqanları, tədris proqramları üçün məsul olduqları yerlərdə cari proqram əsasları və onların işlənib hazırlanması ilə bağlı şagirdlərilə və şagird assosiasiyaları ilə məsləhətləşildiyinə əmin olmalıdırlar. Onlar həmçinin vətəndaş cəmiyyəti və siyasi təhsilin tədris proqramına daxil edildiyinə, bütün şagirdlər üçün tədris proqramlarının zəruri qaydada inkişaf etdirildiyinə və resurslaşdırıldığına əmin olmalıdır.
1.5. Mobillik və mübadilə siyasətii


  1. Yerli və regional hakimiyyət orqanları mübadilə siyasətləri vasitəsilə gənclərin (gənc işçilərin, şagirdlərin və yaxud könüllülərin) mobilliyinə üstünlük verən assosiasiyaları və qrupları dəstəkləyir, Avropa vətəndaşlığına dair şəbəkə siyasəti və düşüncəsini inkişaf etdirirlər.




  1. Yerli və regional hakimiyyət orqanları gəncləri, gənclər təşkilatlarını və onların təhsil aldıqları məktəbləri ikitərəfli beynəlxalq fəaliyyətlərdə, hər cür mübadilədə və Avropa şəbəkələrində fəal iştiraka ruhlandırırlar. Həmin hakimiyyət orqanları xarici dil öyrənmək, mədəniyyətlərarası mübadilə aparmaq, eləcə də təcrübə mübadiləsi üçün onlara maliyyə dəstəyi göstərməyə hazır olmalıdırlar.



  1. Hakimiyyət orqanları gəncləri və yaxud onların nümayəndələrini bu mübadilələrin həyata keçirilməsi üçün məsuliyyət daşıyan ikitərəfli komitələrin və digər orqanların tərkibinə daxil edirlər.


1.6. Sağlamlıq siyasəti


  1. Yerli və regional hakimiyyət orqanları gənclərdən gələn və həm ümumi sağlamlıq konsepsiyasının, həm də cəmiyyət həyatının hərəkətverici qüvvələrinin inkişafını nəzərdə tutan layihələrin təhlükəsizliyini və həyata keçirilməsini gücləndirmək üçün gənclər təşkilatları, seçilmiş nümayəndələr, sosial rifah və sağlamlığın tərəqqisi ilə məşğul olan bütün sosial və peşə qrupları arasında məsləhətləşmələrin institutsional mexanizmlərini yaradır və inkişaf etdirirlər.




  1. Gənclər arasında tütün, alkoqol və narkotik maddələrdən istifadə bəlası ilə üzləşən yerli və regional hakimiyyət orqanları gənclər təşkilatlarının və sağlamlıq xidmətlərinin nümayəndələri ilə birlikdə bu problemlərə məruz qalan gənclər üçün yerli informasiya siyasətləri və məsləhət imkanları, eləcə də gənc sosial işçilər, könüllülər və bu xəstəliklərin qarşısının alınması və onlara yoluxmuş gənclərin reabilitasiyası ilə məşğul olan təşkilatların liderləri üçün xüsusi trenninq siyasətləri təqdim edir, inkişaf etdirir və ya onları daha da yaxşılaşdırır.




  1. Yerli və regional hakimiyyət orqanları cinsi əlaqələr vasitəsilə yoluxan xəstəkliklərin cari artımını nəzərə alaraq gənclərə yönəldilən informasiya kampaniyalarını və önləyici tədbirləri intensivləşdirir, bu yolla cəmiyyətdə elə bir həmrəylik ruhu inkişaf etdirməyə çalışırlar ki, həmin həmrəyliyini doğurduğu sosial münasibətlərdə heç bir mənəvi təzyiqə və ayrı-seçkiliyə yer qalmasın. Gənclər, yerli gənclər təşkilatlarının və sağlamlıq xidmətlərinin nümayəndələri bu informasiyaların və fəaliyyət proqramlarının tərtib edilməsində və həyata keçirilməsində yaxından iştirak edirlər.


1.7. Gender bərabərliyi siyasəti


  1. Yerli və regional hakimiyyət orqanları qadınlarla kişilərin yerli və regional məsələlərdə bərabər iştirakına optimal şərait yaratmaq üçün gənc kişi və qadınların peşə həyatında, assosiasiyalarda, siyasətlərdə, yerli və regional hakimiyyət orqanlarında məsul vəzifələrə yol tapmaqda dəstəklənməsi sahəsində təsdiqedici fəaliyyət göstərirlər.




  1. Yerli və regional hakimiyyət orqanları öz səlahiyyətləri daxilində körpəlik dövründən başlayaraq qadınlarla kişilər arasında bərabərliyə dair təhsil siyasətini yaxşılaşdırırlar.




  1. Qadınlarla kişilər arasında bərabərlik siyasətini yaxşılaşdırmaq üçün yerli və regional hakimiyyət orqanları:

I – gənc kişi və qadınlar arasında bərabərsizliklərin aradan qaldırılması məqsədini güdən orta müddətli plan işləyib hazırlayırlar.


II – qızlarla gənc qadınlar üçün bərabər imkanlar yaradan tədbirlər həyata keçirir və onları qiymətləndirirlər.


  1. Həmin məqsədə çatmaq üçün xüsusilə də aşağıdakı siyasətlər qızların və gənc qadınların:

I – peşə ixtisaslarına dair təlim kursları haqqında spesifik məlumat almalarına;


II – ənənəvi olaraq kişilərin çalışdığı peşələr də daxil olmaqla peşə təlimində qrantlar və spesifik kurslar təklif edilməklə məşğulluq vərdişlərini öyrənmələrinə;
III – qadınlar üçün ayrılan iş yerləri kvotası əsasında yüksək səviyyəli vəzifə məsuliyyətləri onlara etibar edilməklə ictimai işləri idarə etməyi öyrənmələrinə;
VI – qızlara və gənc qadınlara yardım göstərən sosial xidmətlər üçün maliyyə tədbirlərilə tanış olmalarına imkan verir.
1.8. Kənd yerləri üçün spesifik siyasət


  1. Yerli və regional hakimiyyət orqanları gənclərin iştirakını genişləndirmək məqsədilə aksiya və fəaliyyətlər inkişaf etdirərkən və yaxud yaradarkən kənd ərazilərində gənclərin müxtəlif ehtiyaclarını nəzərə almaq məcburiyyətindədirlər. Buna görə də onlar:

I – təhsil, məşğulluq, mənzil, nəqliyyat və digər sektor siyasətlərinin kənd yerlərində yaşayan gənclərin xüsusi ehtiyaclarına uyğun gəldiyinə və cavab verdiyinə əmin olmalıdırlar. Bu siyasətlər kənd yerlərində yaşamaq istəyən gənclərə bu istəklərində yardımçı olmalıdır. Kənd yerlərində yaşayan gənclər şəhər yerlərində yaşayan gənclərə nisbətən aşağı səviyyəli sosial xidmət və təminata dözməyəcəklər və yaxud bunu gözləmirlər;


II – kənd yerlərində fəaliyyət göstərən gənclər təşkilatlarını və yaxud icma təşkilatlarını maliyyə dəstəyi və digər yardımlarla təmin etməlidirlər. Bu təşkilatlar kənd icmalarında sosial və mədəni həyatı stimullaşdıra və gənclər üçün mühüm sosial vəsilə ola bilərlər. Gənclər və digər icma təşkilatları təkcə gənclərin iştiraka təşviq edilməsində mühüm rol oynamırlar; onlar həmçinin həyat səviyyəsini və kənd yerlərinin təcridi kimii problemlərə qarşı mübarizəni yaxşılaşdıra bilərlər.


    1. Mədəniyyətə yol tapmaq siyasəti




  1. İncəsənət və mədəniyyətin mövcud olduğu formalar həm çoxcəhətlidir, həm də zövqə, yerə və zamana görə davamlı olaraq dəyişkəndir. Bununla belə, onlar fərdi və kollektiv irsin keçimişinin, bu gününün və gələcəyinin bir hissəsidir və sonrakı nəsillər onlara öz töhfələrini verirlər. Mədəniyyət və incəsənət müəyyən mənada hər bir cəmiyyətin inikasıdır. Gənclər öz mədəniyyət təcrübələri, təşəbbüskarlıq, tədqiq etmək və yenilikçilik qabiliyyətləri sayəsində bu mədəniyyətin yaradılmasında və inkişafında mühüm rol oynayırlar. Buna görə də gənclərin mədəniyyət və incəsənətin bütün formalarına yol tapmalarına imkan verilməsi və yeni sahələrdə çalışmaq da daxil olmaqla yaradıcı fəaliyyət sahəsində öz imkanlarını inkişaf etdirmələrinə şərait yaradılması çox vacibdir.




  1. Buna görə də yerli və regional hakimiyyət orqanları gənclərlə və gənclər təşkilatları ilə birlikdə gənclərin mədəniyyətin yaradıcılarına çevrilməsinə imkan yaratmaq məqsədilə tərtib olunmuş siyasətlər qəbul edirlər; bu zaman gənclərin mədəniyyət haqqında biliklərə və təcrübələrə, eləcə də yaradıcılıq fəaliyyətlərinə yol tapmalarına şərait yaradılır.




    1. Davamlı inkişaf və ətraf mühit siyasəti




  1. Ətraf mühitin açıq-aşkar getdikcə daha da korlanması ilə üzləşən yerli və regional hakimiyyət orqanları ətraf mühit problemləri düşüncəsini gücləndirmək məqsədilə məktəblərdə və assosiasiyalarda təhsil layihələrinə maliyyə yardımı göstərirlər.




  1. Ətraf mühit problemlərinin ilk növbədə gənclərə təsir etdiyini, keçmişdə buraxılan səhvlərin nəticələri ilə gələcəkdə məhz onların mübarizə aparmalı olacaqlarını dərk edərək yerli və regional hakimiyyət orqanları davamlı inkişaf və ətraf mühitin qorunması işini daha da yaxşılaşdırmağa yönəldilən, gənclərin və gənclər təşkilatlarının cəlb olunduğu fəaliyyətləri və layihələri dəstəkləyirlər.




    1. Zorakılığa və cinayətkarlığa qarşı mübarizə siyasəti




  1. Cinayətkarlığın və zorakılığın qurbanlarının adətən gənclər olduğunu nəzərə alaraq və müasir cəmiyyətdə cinayətkarlığa və zorakılığa adekvat cavablar tapmağın, eləcə də gənclərin bu problemlərlə mübarizəyə birbaşa cəlb olunması ehtiyacının zəruriliyini qəbul edərək;




  1. Yerli və regional hakimiyyət orqanları:

I – cinayətkarlığın qarşısının alınması şuralarının mövcud olduğu yerlərdə gəncləri bu şuraların tərkibinə daxil edirlər;


II – cinayətkarlığa cəlb olunma riskinə malik olan və yaxud artıq cinayətkarlığa cəlb olunmuş gənclərlə xüsusi qaydada işləyirlər;
III – bütün mümkün vasitələrlə irqçi zorakılığa qarşı mübarizə aparırlar;
IV – məktəblərdə bütün zorakılıq formalarına qarşı mübarizə aparırlar. Bu mübarizə təhsil və polis orqanları, müəllimlər, valideynlər və gənclərin özləri kimi bütün müvafiq şəxslərlə əməkdaşlıq şəraitində aparılmalıdır;
V – həm məktəbdə, həm də məktəbdən kənarda qeyri-zorakılığa dair layihələri və tolerantlığı təşviq edən assosiaysiya şəbəkələrinin və layihələrinin yaradılmasına yardım göstərirlər;
VI – gəncləri seksual istismardan, sui-istifadədən və yaxud pis rəftarın digər formalarından qorumaq üçün əllərindən gələni edirlər, bu cür zorakılıq qurbanlarına psixoloji və maddi yardım göstərən, onlara məxfi məsləhətlər verən strukturlar yaradırlar.


  1. Yerli və regional hakimiyyət orqanları yuxarıdakıları həyata keçirmək üçün gənclərlə polis kimi ictimai orqanlar arasında qarşılıqlı inam və etimad yaradılmasına çalışırlar.




    1. Ayrı-seçkilik əleyhinə mübarizə siyasəti




  1. Yerli və regional hakimiyyət orqanları insan hüquqlarını və azlıqlara (onların gənc üzvləri də daxil olmaqla) qarşı və yaxud əlil gənclərə və ayrı-seçkiliyə məruz qala bilən digər əhali qruplarına qarşı ayrı-seçkiliyin önlənməsini nəzərdə tutan tədbirləri təşviq edirlər, fərqli ehtiyacları və adətləri, mədəniyyətləri və həyat tərzləri nəzərə alınmaqla azlıqların inteqrasiya edilməsi yolu ilə çoxmədəniyyətli icmaların inkişafına rəvac verirlər.




  1. Bununla əlaqədar olaraq yerli və regional hakimiyyət orqanları:

I – bütün vətəndaşların ictimai yerlərə, tətil trenninqlərinə, təhsil, mənzil təminatına, mədəni fəaliyyətlərə və həyatın digər sahələrinə bərabər şəkildə yol tapmalarını təmin etmək üçün ayrı-seçkilik əleyhinə qanunlar qəbul edir və ya onları gücləndirirlər. Tərkibinə yerli hökumət nümayəndələri, azlıqların nümayəndələri və gənclərin özlərinin daxil edildiyi birgə qurumların bunlara riayət etməsinə nəzarət edilir və zəmanət verilir;


II – məktəblərdə tədris proqramlarının tərkib hissəsi kimi dinlərarası dialoqu, çoxmədəniyyətliliyi, irqçilik əleyhinə və ayrı-seçkilik əleyhinə təhsili genişləndirirlər.


    1. Seksual münasibətlər siyasəti




  1. Ailədən, məktəbdən, dini icmadan və yaxud digər «qurumlardan» asılı olan uşaqlıq dövründən müstəqil həyata keçid dövrü ərzində gənclər öz fərdi əlaqələri (ailə və yaxud yaxın çevrə daxilində, öz yaşıdları, dostları və ya partnyorları ilə) bağlı məsələlərdə cürbəcür problemlərlə üzləşə bilərlər. Onların seksual təhlükəsizliyi və təcrübəsi - özləri bunu qəbul etməyə hazır olmasalar belə - heç də həmişə asan olmur. Bundan əlavə, seksual sağlamlıq məsələləri inadkarcasına danılır və müəyyən seksual davranışların riskli olması ilə bağlı rəsmi mövqelərə yanlış münasibət bəslənir.

34. Bu sahədə sağlam və dolğun emosional həyata yol tapa bilmələrində gənclərə köməklik göstərmək üçün yerli və regional hakimiyyət orqanları valideyinlər, məktəblər, ixtisaslaşmış təşkilatlarla birlikdə aşağıdakıları təşviq edir və dəstəkləyirlər:
I – məktəblərdə qeyri-direktiv seks təlimini;
II – münasibətlər, seksual metodlar və ailə planlarşdırılmasına dair informasiyalar təklif edən təşkilatları və xidmətləri;
III – bu sahədə həmyaşıdlar arasında qrup işini.
35. Gənclər bu sahədə onlara yönəldilən planlaşdırma, tətbiq, informasiyaların dəyərləndirilməsi və digər xidmətlərin işində birgə çalışırlır.
1.14 Hüquqlara və qanunlara yol tapma siyasəti.
36. Birgə yaşamaq naminə cəmiyyətlər hamının nəzarət etməli olduğu qanunlara əsaslanırlar. Demokratik cəmiyyətlərdə bu qanunları vətəndaşların seçdiyi nümayəndələr müzakirə edərək qəbul edir və onlar xüsusilə də bütün fərdlərə hüquqlar və öhdəliklər bəxş edən qanunvericilik mətnlərində öz konkret ifadəsini tapırlar.
37. Bu cür mətnlərin sayı artıdıqca fərd üçün onların hamısını bilmək, onlara hörmət və müraciət etmək çox çətin olur; beləliklə, vətəndaşlar arasında qeyri-bərabərlik yaranır. Təbii ki, gənclər bu fenomenə daha çox məruz qalırlar.
38. Buna görə də yerli və regional hakimiyyət orqanları gənclərin öz hüquqlarına yol tapa bilmələrini aşağıdakı vasitələrlə asanlaşdırırlar:
I – xüsusilə də məktəblərdə, həmyaşıd qruplarında və informasiya xidmətlərində informasiyaları geniş yayaraq gəncəlrin biliklərini artırmaqla;
II – gənclərin arzusuna uyğun olaraq onlarla birlikdə işləmək üçün yaradılmış xidmətləri dəkstəkləyərək gənclərin hüquqlarına müraciət etməklə;
III – yeni qanunların tərtib edilməsində gənclərin iştirakına imkan verməklə.

II hissə: Gəncəlrin iştirakı üçün vasitələr

39. Gənclərin real iştirakına nail olmaq üçün onların ixtiyarına müəyyən vasitələr verilməlidir. Bu vasitələrə gənclərin iştirakına dair trenninqlərin inkişaf etdirilməsi, onların daim məlumatlandırılması, onların kommunikasiya vasitələrilə təmin edilməsi, layihələrinin dəstəklənməsi, özlərini icma məsələlərinə və könüllülük işinə həsr etmələrinə müsbət yanaşılması və buna geniş yer verilməsi daxildir. İştirak o zaman tam mənasında gerçəkləmiş olur ki, gənclərin siyasi partiyalarda, həmkarlar ittifaqlarında və assosiasiyalarda rolunu hamı qəbul edir, bütün bunlardan əlavə gənclər assosiasiyaları yaradılması işinin təşviqi üçün geniş səy göstərilir.



II.1. Gənclərin iştirakı treyninqi

40. Yerli və regional hakimiyyət orqanları gənclərin həyatında məktəbin daha böyük rol oynadığını dərk edərək məktəb mühitində gənclərin iştirakını, məktəblərdə insan hüquqları təhsilini və qeyri-formal təlimi dəstəkləyir və buna müvafiq trenninqlər keçirirlər. Onlar həmçinin gənclərin assosiativ həyatda və öz yerli icmalarının həyatında iştirakını aşağıdakıları təşviq etməklə trenninqləşdiriır və dəstəkləyirlər:


I – gənclərin iştirakı təcrübəsi sahəsində müəllimlər və gənc işçilər üçün tətil trenninqi;

II – məktəblərdə şagirdlərin iştirakının bütün formaları;


III – məktəblərdə vətəndaş cəmiyyəti təhsili proqramları;

IV – zəruri məkan və vasitələr ayırmaqla və qabaqçıl təcrübələrin mübadiləsini dəstəkləməklə həmyaşıd qrup təhsili.




II. 2. Gənclərin məlumatlandırılması

41. İnformasiya çox vaxt iştirak üçün açar rolunu oynayır və gənclərin özlərilə bağlı imkanlar və məsələlər barədə informasiyalara yol tapmaq hüququna malik olmaları Avropa sənədlərində və beynəlxalq sənədlərdə rəsmən təsdiq olunub. Özü də bu hüquqlar təkcə yerli və regional həyat kontekstini əhatə etməklə kifayətlənmir.


42. Fəaliyyətlərdə və öz icmalarının həyatında iştirak etmək və yaxud onlara yönəldilən xidmətlərdən və imkanlardan faydalana bilmək üçün gənclərin həmin şeylər barədə bilgiyə ehtiyacları var. Gənclərin maraqlı və özlərinin təşkil etdikləri fəaliyyətlərdə və layihələrdə iştirakı çox vaxt onların siyasət də daxil olmaqla cəmiyyət həyatına daha dərindən cəlb olunmalarına ruhlandırılması prossesində müəyyən mərhələ təşkil edir.
43. Buna görə də yerli və regional hakimiyyət orqanları gənclər üçün mövcud informasiya və məsləhət mərkəzlərini onların təqdim etdikləri xidmətlərin gənclərin ehtiyaclarını keyfiyyətli şəkildə ödədiyinə əmin olmaq üçün dəstəkləyir və onların işini yaxşılaşdırırlar. Belə mərkəzlərin mövcud olmadığı yerlərdə yerli və regional hakimiyyət orqanları və digər müvafiq qurumlar, məktəblər, gənclik xidməti və kitabxanalar kimi mövcud strukturlar vasitəsilə gəncələr üçün adekvat informasiya xidmətlərinin yaradılmasını təşviq edir və bu işə yardım göstərirlər. İnformasiyalara yol tapmaqda çətinlik çəkən (dil əngəlləri, internetə qatılmaq imkanının olmaması və s.) gənc əhali qruplarının informasiya ehtiyaclarının ödənilməsi üçün spesifik tədbirlər görülməlidir.
44. Gənclər üçün informasiya mərkəzləri müəyyən peşə prinsipləri və standartlarına uyğun gəlməlidir. İctimai orqanlar bu standartlara təminat verməyə və mümkün olduğu yerlərdə onların milli və ya regional miqyasda razılaşdırılmış ölçü və standartlara uyğun olaraq davamlı şəkildə yaxşılaşdırılmasını təşviq etməyə ruhlandırılırlar. Gənclər belə informasiya mərkəzlərinin - xidmətlərinin fəaliyyətlərində və məhsullarının hazırlanmasında, tətbiq edilməsində və qiymətləndirilməsində iştirak etmək imkanına malik olmalı və onların idarəedici qurumlarında təmsil edilməlidirlər.
II. 3. İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə gənclərin iştirakının təşviq olunması
45. İnformasiya və kommunikasiya texnologiyaları gənclərin məlumatlandırılması və iştirakına şərait yaradılması üçün yeni imkanlar təklif edə bilər. İnformasiyaların geniş səpkidə mübadilə edilməsində və gənclərin iştirakının öz interaktivlikləri sayəsində daha da genişləndirilməsində onlardan istifadə oluna bilər. Buna görə də yerli və regional hakimiyyət orqanları bu texnologiyalardan öz informasiya və iştirak siyasətlərində istifadə edirlər; bu zaman bütün gənclərin həmin yeni vasitələrə yol tapa və onlardan yararlana bilmələrinə zəmanət verilir.
II. 4. Gənclərin iştirakının mediada təşviq olunması
46. Medianın ən geniş istehlakçısı gənclər olduğu üçün onlar həm də bu sahənin fəalları ola bilərlər; bunun üçün onlara öz fikirlərini ifadə etmək və medianın təqdim etdiyi informasiyaların hazırlanmasında iştirak etmək imkanı verilməlidir. Müəyyən mövzuları özlərinə məxsus tərzdə şərh etməklə onlar öz həmyaşıdlarına fərqli və daha asan qavranılan informasiyalar verirlər. Bu cür iştirak həmçinin gənclərə informasiyaların quruluşunu başa düşməyə və tənqidi yanaşmanın zəruriliyini inkişaf etdirməyə imkan verir.

47. Buna görə də yerli və regional hakimiyyət orqanları gənclərin yaratdığı və gənclər üçün yaradılan media vasitələrinin (radio, televiziya, yazılı və elektron mətbuat və s.), eləcə də müvafiq trenninq proqramlarının yaradılmasını dəstəkləyirlər.


II. 5. Gənclərin könüllük işinə qoşulmağa və özlərini icma məsələlərinə həsr etməyə ruhlandırılması
48. Gənclərin könüllük fəaliyyətinə qoşulması dəstəklənməlidir və onlar bu işə ruhlandırılmalıdır. Gənclərin ayrı-ayrı fərdlər kimi təhsildə və iş sahəsində çalışmalarına və uğur qazanmalarına ciddi yanaşıldığı kimi onların könülülük fəaliyyətinə qoşulmalarının da təşviq olunması və qəbul edilməsi də çox vacibdir. Buna görə də yerli və regional hakimiyyət orqanları:
I – könüllü mərkəzlərinin yaradılmasını dəstəkləyir və gənclərin informasiya və tətbiqedici kampaniyalar kimi könüllü fəaliyyətlərdə iştiraka cəlb olunmalarının dəstəklənməsi və təşviq olunmasına yönəlik təşəbbüsləri inkişaf etdirirlər;
II – gənclərə könüllü təşkilatları, təhsil orqanları və işəgötürənlərlə əməkdaşlıq şəraitində rəsmi təhsil sistemində və məşqulluq sahəsində könüllülük fəaliyyətini tanıyan və qanuniləşdirən sistemlər işləyib hazırlayırlar. ı
II. 6. Gənclərin layihə və təşəbbüslərinin dəstəklənməsi
49. Öz ümid və arzularına uyğun şəkildə gənclər elə ideyalara malikdirlər ki, onlar hamı üçün faydalı olan layihələrə və yerli fəaliyyətlərə çevrilə bilər. Tam şəkildə dəstəkləndikləri halda bu layihələr və onların uğurlu, eləcə də uğursuz nəticələri həm də gənclərin öz məsuliyyət hisslərini və müstəqilliklərini inkişaf etdirmələrinə kömək edir və beləliklə, onları sosial həyatın fəallarına çevirir. Bu səbəbdən yerli və regional hakimiyyət orqanları böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq bu layihələrin yerinə yetirilməsini peşəkarların müşayiət etməsinə və maliyyə, material və texniki yardım almasına şərait yaratmaqla onların həyata keçirilməsini asanlaşdırırlar.
II. 7. Gənclər təşkilatlarının təşviq olunması
50. Gənclər təşkilatları öz fəaliyyətlərini başlıca olaraq gənclərin görüşlərinin ifadə olunmasına və onların ehtiyac və maraqlarına xidmət edilməsinə yönəltmək baxımından unikal qurumlardır. Onlar həmçinin qərar qəbul edilməsində və digər aksiyalarda başqa gənclərlə birlikdə iştirak etmək imkanlarını və problemlərini öyrənə və sınaqdan keçirə bilmələri üçün gəncləri lazımi məkanla təmin edir. Bu da vacibdir ki, gənclər istədikləri halda öz seçimlərinə uyğun olaraq öz icmaları daxilindəki gənclər təşkilatlarından birinə qoşulmaq imkanına malikdirlər. Gənclər həmçinin öz təşkilatlarını qurmaq hüququna malikdirlər və bu təşkilatların işi dəstəklənməlidir. Buna görə də:
I – yerli və regional hakimiyyət orqanları cəmiyyətdə gənclərin ruporu kimi fəaliyyət göstərən ya onlara xidmət edən və onların mənafelərini müdafiə edən gənclər təşkilatlarının dəstəklənməsi üçün ayrılan spesifik büdcəyə malik olurlar. Bu zaman gənclərin idarə etdiyi və yaxud onlar üçün çalışan və yaxud gənclərin iştirakının daha fəallaşdırılmasına yönəlik siyasətlərə və sistemlərə malik olan təşkilatlara üstünlük verilir;
II – yerli və regional hakimiyyət orqanları Avropa Şurasının gənclərlə əlaqədar siyasət sahələrində gənclər və gənclər təşkilatları ilə əməkdaşlıq əsasında qərar qəbul edilməsinə dair birgə prinsipi və sistemi inkişaf etdirirlər. Bu da vacibdir ki, bu cür birgə idarəçilik strukturlarının yaradıldığı yerlərdə gənclərə və gənclər təşkilatlarına tam hüquqlu partnyorlar kimi hörmət edilir və onlar həmçinin istədikləri halda iştirak etməmək seçiminə malikdirlər.
II. 8. Gənclərin qeyri-hökümət təşkilatlarında (QHT-lərdə) və siyasi partiyalarda iştirakı
51. Çevik, müstəqil və fəal qeyri-hökümət sektoru həqiqi demokratik cəmiyyətin ən əhəmiyyətli elementlərindən biridir. Bu da vacibdir ki, vətəndaş cəmiyyətinin siyasi partiyalar kimi digər sektorları da yerli və regional səviyyəlrdə möhkəm və fəaldırlar. İstənilən ölkənin, regionun və ya yaşayış məskəninin demokratik həyatında iştirakı heç də bir neçə ildən bir səs verməklə məhdudlaşmır. Məhz buna görə də QHT-lərdə və siyasi partiyalarda iştirak bu qədər vacibdir; çünki bu qurumlar vətəndaşların cari məsələlərə dair qərarların qəbl edilməsinə və fəaliyyətlərə cəlb olunmalarına, onlara təsir göstərmələrinə kömək edir. Buna görə də gənclərin öz icmalarının assosiativ həyatında iştiraka ruhlandırılması və bu iştirakın dəstəklənməsi həlledici əhəmiyyət kəsb edir.
52. Yerli və regional hakimiyyət orqanları öz fəaliyyətlərində demokratik yolla qərar qəbul etmə strukturlarında və prosedurlarında gənclərin iştirakını fəal sürətdə təşviq edən QHT-lərə maliyyə yardımı göstərir və onları digər resurslarla təmin edir.
53. Yerli və regional hakimiyyət orqanları siyasi partiyalarla əməkdaşlıq şəraitində və qanuni tərzdə gənclərin ümumən siyasi partiya sisteminə cəlb olunmasını təşviq edir, trenninq kimi spesifik fəaliyyətləri dəstəkləyirlər.
III Hissə: Gənclərin yerli və regional məsələlərdə institusional iştirakı
54. Birinci hissədə sadalanan sektor siyasətlərini yerinə yetirmək üçün yerli və regional hakimiyyət orqanları gənclərin, onlara təsir edən qərarların qəbulunda və müzakirələrdə iştirakını mümkün edən müvafiq strukturları və mexanizmləri yaratmağı öz öhdələrinə götürürlər.
55. Bu strukturlar, kənd, qəsəbə, şəhərdaxili rayon və ya hətta regional strukturlar olmaqla qurulduqları səviyyəyə uyğun müxtəlif formalar alır. Onlar gənclərlə yerli və regional hakimiyyət orqanları arasında həqiqi dialoq və partnyorluq üçün şərait yaradır, gənclərin və onların nümayəndələrinin gənclərə təsir edən siyasətlərin tamhüquqlu aktyorlarına çevrilmələrini mümkün edir. Bu strukturlar normal halda təmsilçiliyə əsaslanmalı və daimi olmalı, gənclərin maraq göstərdikləri məsələlərlə məşğul olmalıdır. Bundan əlavə, spesifik məsələlərlə bağlı müzakirələr aparmaq və fəaliyyət göstərmək üçün xüsusi struktur da yaradıla bilər. Yeri gəldikdə həmin struktur müxtəlif formaların qarışığından ibarət ola bilər.
III. 1. Gənclər şurası, gənclər parlamenti, gənclər forumu
56. Gənclərin yerli və regional məsələlərdə effektiv iştirakı onların öz icmaları daxilində baş verən sosial və mədəni dəyişikliklərə maraqlarına əsaslanır və gənclər şurası, gənclər parlamenti və yaxud gənclər forumu kimi daimi, təmsilçi struktur tələb edir.
57. Belə bir struktur seçki yolu ilə və ya gənclər təşkilatlarının təyinatı ilə və yaxud könüllülük əsasında təşkil edilə bilər. Onun üzvləri icmanın sosioloji tərkibini əks etdirir.
58. Gənclər layihələr üçün məsuliyyəti birbaşa öz üzərlərinə götürürlər və müvafiq siyasətlərin həyata keçirilməsində fəal rol oynayırlar. Bu məqsədlə yerli və regional hakimiyyət orqanları fəal iştirak üçün lazımi strukturlar yaradır və onları dəstəkləyirlər.


  1. Bu strukturlar gənclərin öz qayğılarını sərbəst ifadə etmələri, xüsusilə də həmin qayğılarını rəsmi orqanlar qarşısında qaldıra və müvafiq təkliflər irəli sürə bilmələri üçün maddi çərçivə və imkanlar təmin edir. Qaldırılan məsələlər hazırkı Xartiyanın birinci hissəsində sadalananları əks etdirməlidir.




  1. Belə bir strukturun vəzifələrinə aşağıdakılar daxil edilə bilər:

I – hakimiyyət orqanlarının təklifləri və siyasətləri ilə əlaqədar gənclərin öz narahatlıqlarını azad ifadə edə bilmələri üçün forum təşkil etmək;


II – yerli və regional hakimiyyət orqanlarına təkliflər verə bilmək üçün gənclərə imkan yaratmaq;
III – hakimiyyət orqanlarının spesifik məsələlərdə gənclərlə məsləhətləşməsini təmin etmək;
IV – gənclərin cəlb olunduğu layihələri işləyib hazırlayan, onlara nəzarət edən və qiymətləndirən forumlar təşkil etmək;
V – gənclər assosiaysiyaları və təşkilatları ilə məsləhətləşmələri asanlaşdıran forumlar təşkil etmək;
VI – yerli və regional hakimiyyət orqanlarının digər məşvərətçi qurumlarında gənclərin iştirakını asanlaşdırmaq.


  1. Gənclərə özlərinə aid problemlər barədə danışmaq və bu problemlər üzərində işləmək imkanı yaratmaqla belə strukturlar demokratik həyatda və ictimai məsələlərin idarə olunmasında gəncləri müəyyən təcrübə ilə təmin edirlər.




  1. Buna görə də gənclər belə strukturlarda və onların çərçivəsində həyata keçirilən fəaliyyətlərdə iştiraka ruhlandırılmalıdırlar. Bunda məqsəd gənclərin demokratik vətəndaşlıq prinsiplərini praktik şəkildə mənimsəmə qabiliyyətlərini inkişaf etdirməkdir. Belə strukturlar həm də layihələrin və hakimiyyət orqanları ilə dialoqun təşəbbüskarları olan gənclər üçün demokratik liderlik təcrübəsi qazanmaq praktikasını təmin edir.




  1. Yerli və regional hakimiyyət orqanları və gənclərin özləri gənc insanların belə strukturlarda iştirakı aktının doğura biləcəyi çoxaldıcı təsir effektindən də faydalanacaqlar; bu faydalanma xüsusilə də seçkilərdə və referendum da daxil olmaqla digər səsvermələrdə iştirak istiqamətində gənclərin öz vətəndaş hüquqlarını həyata keçirməyə cəsarətləndirilməsi baxımından əhəmiyyətlidir.




  1. 2. Gənclərin iştirakı ilə məşğul olan strukturların dəstəklənməsi




  1. Gənclərin iştirakı ilə məşğul olan institutsonal strukturların (istər rəsmi, istərsə də qeyri-rəsmi) səmərəli fəaliyyət göstərə bilməsi üçün resurs və dəstək tələb olunur. Bu səbəbdən yerli və regional hakimiyyət orqanları belə strukturları onların dolğun və səmərəli işləməsi üçün zəruri olan yer, maliyyə vəsaiti və texniki yardımla təmin edirlər. Bu vəsaitlərin təmin edilməsi həmin strukturların özəl fondlar və şirkətlər kimi digər mənbələrdən əlavə maliyyə və texniki yardım aramalarına maneçilik törətmir.




  1. Yerli və regional hakimiyyət orqanları gənclərin iştirakı ilə məşğul olan strukturlara bu cür yardımların göstərildiyinə əmin olmalıdırlar. Bu məqsədlə onlar yardım tədbirlərinin həyata keçirilməsini nəzarətdə saxlayan bir və ya bir neçə nəfərdən ibarət qarant təyin edirlər; həmin strukturlar ehtiyac duyduqları haldda bu qarantlara müraciət edə bilərlər.




  1. Qarant təyin edilən şəxs və şəxslər siyasi strukturlardan və gənclərin iştirakı ilə məşğul olan strukturlardan asılı olmadan fəaliyyət göstərməlidirlər və onların təyin edilməsi adı çəkilən strukturların hər ikisi ilə razılaşdırılmalıdır.




  1. Yuxarıda adı çəkilən yardımların gerçəkləşməsini təmin etməklə yanaşı qarant şəxsin (şəxslərin) funksiyalarına aşağıdakılar daxil edilə bilər:

I – gənclərlə seçilmiş yerli və regional nümayəndələr arasında onların hər hansı birinin qaldırdığı istənilən məsələdə əlaqə vasitəsi kimi çıxış etmək:


II – gənclərlə yerli və regional hakimiyyət orqanları arasında gərginlik yarandığı situasiyalarda gənclərin mənafeyinin müdafiəçisi kimi çıxış etmək;
III – yerli və regional hakimiyyət orqanlarının gənclərlə ünsiyyət kanalı kimi çıxış etmək;
IV – gənclərin yerli və regional həyatda iştirak səviyyəsini, məsələn, layihələrin həyata keçirilməsi və yaxud gənclərin iştirakı ilə məşğul olan strukturlara cəlb olunma və bu iştirakın nəticələri baxımından doğru-düzgün qiymətləndirə bilmələri üçün gənclərin, yerli və regional hakimiyyət orqanlarının diqqətinə müntəzəm olaraq hesabatlar hazırlayıb təqdim etmək.
Qeydlər:

  1. Məsələn, bax: Avropa Şurası Nazirlər Komitəsinin 21 fevral 1990-cı ildə qəbul edilən Avropada gənclər üçün informasiya və məsləhətlərə dair R (90)7 saylı Tövsiyələri.

  2. Məsələn, bax: Avropa Gənclər İnformasiya və Məsləhət Agentliyinin (ERYİCA) qəbul etdtyi Avropa Gənclər üçün İnformasiya və Məsləhət Xartiyası.



Òÿrcöìÿ åòäè: Òehran Âÿëèéåâ («İnam» Plüralizm Mərkəzi)






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə