Bəkir Nərimanoğlu
Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı sahibkarlığın inkişafı fərmanında nəzərdə tutulan məsələlərdən biri də “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatın prosedur və müddətlərinin azaldılması idi. Transparency.az İqtisadiyyat və Sənaye Nazirliyinə ötən müddət ərzində nə iş görüldüyü ilə bağlı müraciət edib. Nazirlikdən deyiblər ki, sahibkarlıq fəaliyyəti subyektlərinin elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması üçün Nazirlər Kabinetinin 8 sentyabr 2014-cü il qərarı ilə “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması qaydaları”nda dəyişiklik edilib, elektron imzanın alınması üçün maksimum müddət 2 gündən 1 günə azaldılıb.
Ancaq bu addım Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing Business” hesabatında “Biznesə başlama” indikatoru üzrə Azərbaycanın mövqeyinə müsbət təsir göstərməyib. 2015-ci ildə Azərbaycanın mövqeyi bu istiqamət üzrə 1 pillə geriləyərək 12-ci sıraya keçib. Prosedurlar 2014-cü ildəki kimi 3-dür, qeydiyyat isə 7 gündən 5 günə enib.
Vergilər Nazirliyinin məlumatına görə, “Biznesə başlama” indikatorunda Azərbaycan üçün müəyyən edilmiş “Etalon qanunvericiliyə yaxınlıq” indeksi keçmiş hesabata nisbətən 95,30%-dən 95,54%-dək yüksəlib: “Bu da ölkəmizdə qeydiyyat sisteminin kifayət qədər yüksək standartlara uyğun olduğunu göstərir”.
Nazirlikdən bildiriblər ki, qeydiyyat sisteminin təkmilləşməsi sahəsində hazırda aparılan işlər növbəti hesabatlarda qeydiyyat prosedurlarının vaxt və xərc tutumu maddələrinin daha da azalacağını şərtləndirir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, Azərbaycanda sahibkarlıq subyektlərinin dövlət qeydiyyatını 2008-ci ildən bəri Vergilər Nazirliyi “bir pəncərə” prinsipi əsasında aparır. Nazirlikdən verilən məlumata görə, həmin dövrdən 2014-cü ilin mart ayının 1-dək vergi orqanları 355 mindən artıq sahibkarlıq subyektini, o cümlədən 33 mindən artıq kommersiya hüquqi şəxsi və 321 mindən artıq fiziki şəxsi “bir pəncərə” prinsipi əsasında qeydiyyata alıb.
“E-qeydiyyat” sisteminin tətbiqi 2011-2012-ci illərdə mərhələlərlə həyata keçirilib. 2011-ci il iyulun 1-dən fərdi sahibkarlar üçün “e-qeydiyyat” sisteminin tətbiqinə başlanıb, bununla əlaqədar normativ-hüquqi aktlarda hər hansı dəyişikliyə zərurət olmayıb.
İkinci mərhələdə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər üçün qeydiyyatdan əvvəlki prosedurlara olan bir sıra tələblər tamamilə aradan qaldırılıb, onlara elektron imzadan yararlanmaqla, qeydiyyat orqanına baş çəkmədən sənədləri təqdim etmək imkanı yaradılıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatının elektron üsulla aparılması prosesinə 2012-ci il fevralın 6-dan start verilib.
İqtisadçı ekspert Kənan Aslanlı deyir ki, dünya təcrübəsindən çıxış edərək Azərbaycan üçün müəyyən nəticələr çıxarmaq olar: “Birincisi, ya elektron imza ilə bağlı tələb ümumiyyətlə ortadan qaldırılmalı, ya da burada Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında vahid e-imza ilə bağlı koordinasiya olmalıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik edilməli, adi elektron dövlət qeydiyyatı anlayışı bütün növ hüquqi şəxslər üçün sürətli elektron dövlət qeydiyyatı anlayışı ilə əvəz olunmalı və qeydiyyat müddəti 3 gündən 1 günə endirilməlidir. Belə olan halda hüquqi şəxslərin və fərdi sahibkarların “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı həm prosedurların və həm də müddətin azalmasına (5 gündən 3 günə qədər) nail olmaq mümkündür”.
Dövlət komitəsi sahibkarlıq subyektlərində bütün yoxlamaları dayandırıb
20.10.2015
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sahibkarlıq subyektlərində bütün yoxlamaları dayandırıb. Komitənin rəsmi məlumatına görə, qərar oktyabrın 19-da keçirilən kollegiya iclasında qəbul edilib.
Məlumatda deyilir ki, məhsul (iş, xidmətlərin) keyfiyyət və nəzarət sisteminin beynəlxalq təcrübəyə əsaslanaraq təşkili ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq.
Komitə sədri Ramiz Həsənov bildirib ki, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin fəaliyyətinin yenidən təşkili, bu sahədə müasir təcrübənin tətbiqi ilə bağlı da işlər davam edəcək.
15 günün ekoloji cəzaları açıqlanıb
20.10.2015
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti oktyabrın birinci yarısındakı araşdırmaları ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, araşdırma zamanı hüquqi və fiziki şəxslərin yol verdiyi ekoloji pozuntulara görə 183 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 105 müddətli məcburi göstəriş verilib.
Rəsmi açıqlamaya əsasən, ümumilikdə 27 iş üzrə 29100 manat məbləğində inzibati cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 142018 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 128 iş üzrə 20157.57 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 10, icra qurumlarına 7, məhkəmələrə isə 4 iş göndərilib.
Parlament büdcə zərfinə səs verdi
20.10.2015
Oktyabrın 20-də Milli Məclis 2016-cı ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrini qəbul edib. AZƏRTAC xəbər verir ki, zərfə büdcə qanunu ilə yanaşı bu sənədlər daxildir: “2016-cı il üçün yaşayış minimumu haqqında”, “2016-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında”, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetaları.
İlkin layihədə 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat məbləğində nəzərdə tutulub. APA-Economics-in məlumatına görə, qanun layihəsi qəbul olunmadan öncə maliyyə naziri Samir Şərifov büdcə müzakirələrində deputatların qaldırdığı məsələlərə toxunub. O deyib ki, qaçqın və məcburi köçkünlərin məskunlaşması, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflər nəzərə alınıb və həmin istiqamət üzrə xərclər 50 faiz artırılaraq 150 milyon manata çatdırılıb. Nazirin sözlərinə görə, icmal büdcənin xərclərinin yuxarı həddi 19,956 milyard manat olacaq, Dövlət Neft Fondunun gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9,948 milyard manat təşkil edəcək.
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 117 manat məbləğində müəyyən edilir.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi isə 105 manat məbləğində nəzərdə tutulur.
Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlirləri 3 milyard 78,6 milyon manat nəzərdə tutulur. Fondun xərclərinə gəlincə, gələn il üçün pensiyaçılara ödəmələr məqsədilə 2 milyard 923 milyon 588 min manat vəsait ayrılıb.
“Kütləvi informasiya vasitələri haqqında” qanuna təkziblə bağlı dəyişiklik olundu
20.10.2015
Oktyabrın 20-də Milli Məclis “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik edib. Yeniliyə görə, qanunun 44-cü maddəsinə “kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir” hissəsi əlavə edilib.
44-cü maddənin (Təkzib, düzəliş və cavab vermək hüququ) qüvvədə olan redaksiyası belədir:
- Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər.
Mərkəzi Bankın nizamnamə kapitalı 500 milyon manata qaldırıldı
20.10.2015
Milli Məclisin 20 oktyabr iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik edilib. APA-nın məlumatına görə, Dəyişiklik Mərkəzi Bankın nizamnamə kapitalının 10 milyon manatdan 500 milyon manata artırılmasını nəzərdə tutur.
Vergilər də artırıldı, cərimələr də
20.10.2015
Oktyabrın 20-də Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklər edib. Əsas yeniliklərdən birinə görə, sadələşdirilmiş vergi ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə isə 8% (dövriyyə həcmindən) müəyyənləşdirilir. Hazırda hər iki fəaliyyət üzrə sadələşdirilmiş vergi 4%-dir.
Dəyişikliklərdən biri mərc oyunları ilə bağlıdır. 2016-cı ildən idman mərc oyunlarından əldə edilən uduşlar 10% dərəcə ilə vergiyə cəlb olunacaq. Hazırda idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisindən azaddır.
Başqa bir yeniliyə görə, fiziki şəxsin muzdlu işlə əlaqədar olan aylıq gəliri 2500 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun (hazırda 140 manatdır, gələn il 146 manat olacaq) 1 misli, illik gəliri 30000 manatadək olduqda isə müvafiq göstəricinin 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olacaq.
Hazırda fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar olan aylıq gəliri 250 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 3000 manatadək olduqda isə müvafiq göstəricinin 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Parlament vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılmasına da səs verib. Təqvim ili ərzində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi hüquqpozmalarına birinci dəfə yol verəndə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. İkinci belə pozuntu 4000 manat, üçüncüsü 6000 manat cərimə nəzərdə tutur.
Qanun qəbul olundu: sahibkarlıq sahəsində yoxlamalar iki il dayandırılır
20.10.2015
APA-Economics xəbər verir ki, oktyabrın 20-də Milli Məclis “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun qəbul edib. 4 maddədən ibarət qanuna görə, yoxlamalar bu il noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə dayandırılır. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanında müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.
Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir.
Rəsmi məlumat: Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi həbs edilib
20.10.2015
Oktyabrın 20-də Baş Prokurorluq məlumat yayıb. Məlumatda deyilir:
- Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadəsi və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşının xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr etməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə həbs edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini təyin edildi
20.10.2015
General-leytenant Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib. Prezident İlham Əliyev oktyabrın 20-də belə sərəncam imzalayıb.
Mədət Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
1983-cü ildən daxili işlər orqanlarında xidmət edən Mədət Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, Baş Mühafizə İdarəsinin rəisi, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifələrində çalışıb.
2011-ci ildən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi idi.
Mədət Quliyev 1995-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı alıb.
Oktyabrın 17-də dövlət başçısı general-polkovnik Eldar Mahmudovu milli təhlükəsizlik naziri vəzifəsindən azad edib.
Oktyabrın 20-də Baş Prokurorluq məlumat yayıb ki, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadəsi və yol verilmiş digər qanun pozuntuları faktları üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşının xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr etməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə nazirliyin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə həbs edilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oktyabrın 20-də prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin strukturunda dəyişiklik edilməsi barədə fərman da imzalayıb. Qeyd edək ki, MTN-in strukturu ictimaiyyətə açıqlanmadığından dəyişikliyin nədən ibarət olduğu mediaya bəlli deyil.
Nazirliyin yardım statistikası
20.10.2015
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu ilin yanvar-sentyabr aylarında 61 nəfərə maddi, tibbi, psixoloji, hüquqi yardım göstərib. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, onların 43 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yönləndirdiyi insan alveri qurbanları, 18 nəfəri isə qurbana çevrilmək təhlükəsi olan şəxslərdir. Həmin insanlardan 17 nəfəri psixoloji, 15 nəfəri hüquqi, 7 nəfəri tibbi yardımla, 5 nəfəri sığınacaqla təmin edilib. 8 nəfərin məşğulluğunun təmin olunmasına, 12 nəfərinin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilməsinə köməklik göstərilib.
Başqa bir rəsmi açıqlamaya əsasən, nazirlik son 9 ayda sosial müdafiəyə daha çox ehtiyacı olan 400 nəfər əlilliyi olan şəxsə birdəfəlik maddi yardımlar verib. 14 nəfər əlilliyi olan şəxsin ölkədə müalicə olunmasına, Səhiyyə Nazirliyinin rəyi əsasında 39 nəfər əlilliyi olan şəxsin xaricə müalicəyə göndərilməsinə birdəfəlik maddi yardım göstərilib.
Yanvar-sentyabr aylarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsinə, 316 nəfər 20 Yanvar əlilinə, Çernobılda əlil olmuş 486 nəfərə birdəfəlik maddi yardım ödənilib.
Dərs ili ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan 1492 ailədəki 3117 uşağa görə həmin ailələrə birdəfəlik maddi yardım verilib.
MTN-in vəzifəli şəxslərinə qaldırılan maddələr
20.10.2015
Baş Prokurorluğun rəsmi məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə həbs edilib. Transparency.az/cnews Cinayət Məcəlləsinin həmin maddələrini oxucuların diqqətinə çatdırır.
Dostları ilə paylaş: |