18.12.2015
Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ilin parlament seçkisi ilə bağlı 14 şikayət üzrə qərar çıxarıb. Vəkil Əsabəli Mustafayev məlumat yayaraq bildirib ki, bütün işlərdə Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş azad seçki hüququnun pozulması tanınıb. Azadliq.org-un xəbərinə görə, dekabrın 17-də çıxarılmış qərarla Azərbaycan dövləti 12 iş üzrə 10 min avro, 2 iş üzrə 7500 avro kompensasiya ödəməlidir.
Avropa Məhkəməsinə şikayəti Xalid Bağırov, Tural Abbaslı, Yeganə Hacıyeva, Əlayif Həsənov, Xəyyam Məmmədov, Əli Qasımlı, Təzəxan Mirələmli, Pərviz Həşimov, Natiq Cəfərov, Eyyub Ümidov, Vüqar Əliyev, Möhübbət Cabbarov, Vahid Cəfərov və Razi Abbasov udub. Yeganə Hacıyeva ilə Xəyyam Məmmədova 7 min 500 avro, qalan şəxslərə 10 min avro təzminat verilməlidir. Hökumət vəkil xərclərinə görə də təzminat ödəməli olacaq.
Bank sektorunda böhran təhlükəsi var
18.12.2015
İqtisadçı ekspert Qubad İbadoğlu bank sektorunda ixtisarları şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, noyabr ayının 1-nə bank müştərilərinin sayı ilin əvvəli ilə müqayisədə 582452 nəfər artıb, amma ilin ikinci yarısından bank sektorunda başlayan ixtisarlarda 1000 nəfərədək adam işi ilə vidalaşıb: “Hazırda banklarda 21500 nəfər çalışır. Gələn ildən işçilərin sayında azalmanın daha üstün templə davam edəcəyi gözlənir”.
Qubad İbadoğlunun fikrincə, banklardakı çətinliyin əsas səbəblərindən biri kredit qoyuluşlarının azalmasının tendensiya xarakteri almasıdır: “Bu isə yalnız iqtisadiyyatda işgüzar fəallığın azalması ilə deyil, həmçinin kredit faizlərinin hələ də yüksək olması ilə əlaqədardır. Bütün bu proseslərin nəticəsində bank fəaliyyətinin maliyyə nəticələri pisləşir, həm zərərlə işləyən bankların sayı, həm də zərərin məbləği artır”.
Ekspert qeyd edir ki, indiki tendensiya növbəti ildə bank sektorunda böhran hallarına gətirib çıxara və iş yerlərinin daha çox ixtisarını şərtləndirə bilər: “Mərkəzi Bank növbəti ilin pul-kredit siyasətinin əsas istiqaməltlərində bankların sağlamlaşdırılması və onların kapitalının təmərküzləşdirilməsi siyasətini davam etdirməlidir”.
Neftin yeni qiymətləri
18.12.2015
AZƏRTAC-ın 18 dekabr məlumatına görə, dünya birjalarında neftin qiyməti iki istiqamətdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 49 sent ucuzlaşaraq 36,18 dollar, London birjasında “Brent” markalı neftin bir barreli 10 sent bahalaşaraq 37,20 dollar olub.
“AzəriLayt” markalı neftin bir barreli isə 68 sent ucuzlaşaraq 37,76 dollara satılır.
Hərbi qulluqçumuz şəhid olub
18.12.2015
Müdafiə Nazirliyinin mətbuat xidməti cəbhə xəttində yeni itki barədə məlumat yayıb. Qeyd olunur ki, dekabrın 17-si qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrin əsgəri Kərimov Taleh Saleh oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib və səbir diləyib və bəyan edib ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Dövlət Sərhəd Xidməti əsgər ölümü ilə bağlı açıqlama yayıb
18.12.2015
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi açıqlama yayıb. Məlumatda deyilir ki, dekabrın 16-da Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında əsgər Yusifov Elnur Şövkət oğlu silahla davranış qaydalarını pozub, ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib.
Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğu birgə araşdırma aparır.
Mərhum əsgər xidmətə 2014-cü ilin oktyabr ayında Xaçmaz rayonundan çağırılmışdı.
Azərbaycana sanksiya tələbi: layihədə nələr var?
18.12.2015
Dekabrın 18-də “Azadlıq” qəzeti ABŞ Konqresinin Helsinki Komissiyasında hazırlanmış “Azərbaycan demokratiya aktı — 2015” adlı qanun layihəsinin mətnini dərc edib. Transparency.az-ın məlumatına görə, layihədə qeyd olunur ki, Azərbaycanda insan hüquq və azadlıqlarının, demokratik idarəetmə prinsiplərinin və standartlarının pozulması Birləşmiş Ştatların Azərbaycanla geniş miqyasda əməkdaşlığını ciddi şəkildə çətinləşdirib. Layihə müəlliflərinin fikrincə, Azərbaycan hökuməti söz azadlığını, medianın müstəqilliyini məhdudlaşdırmaqda davam edir, ölkədə jurnalistlər hədə-qorxu ilə üzləşir, döyülür, həbs olunur.
Layihədə seçki məsələlərinə toxunulur və qeyd olunur ki, Azərbaycan hökuməti ATƏT-ə üzv olmaqla üzərinə azad və ədalətli seçki keçirmək öhdəliyi götürüb, amma 1992-ci ildən bəri keçirilən seçkilər ATƏT-in minimal standartlarına da cavab verməyib.
ABŞ Dövlət Departamentinin hesabatına əsaslanan layihə müəllifləri qeyd edirlər ki, Azərbaycan hökuməti məhkəmə sistemindən fərqli fikirdə olan dinc etirazçıları cəzalandırmaq üçün yararlanır, bu ölkədə qanunsuz və siyasi motivli həbslərin sayı artır, həmin adamlara və onların ailə üzvlərinə qarşı qanunsuzluğa yol verən vəzifəli şəxslər isə cəzasız qalır: “Azərbaycan hakimiyyəti həmçinin siyasi müxalifət, müstəqil QHT-lər, jurnalistlərin özlərinə və ailə üzvlərinə qarşı hədə-qorxu, zorakılıq, işdən qovulma, ölkədən çıxışa qadağa qoyulma vasitəsilə qisas almaqla fərqli fikirli adamları susdurmağa çalışır”.
“Azərbaycan demokratiya aktı — 2015” qanun layihəsində təklif olunur ki, ABŞ dövlət katibi və ABŞ-ın daxili təhlükəsizlik naziri bu şəxslərə viza verməkdən imtina etsinlər:
- Azərbaycan hökumətində yüksək vəzifə tutan şəxslər və onların ailə üzvləri;
- Azərbaycanın yüksək rəhbərliyində təmsil olunanlarla əlaqələr sayəsində əhəmiyyətli maliyyə vəsaiti əldə edən şəxslər;
- seçkini saxtalaşdıranlar;
- insan haqlarını pozanlar;
- korrupsiya ilə məşğul olanlar;
- demokratik institutların fəaliyyətinə imkan verməyənlər;
- Azərbaycanın demokratiyaya keçidinə maneə yaradanlar;
- müstəqil mətbuat orqanlarına, jurnalistlərə, hüquq müdafiəçilərinə, müxalif və dini qruplara qarşı repressiyalarda əli olan hüquq mühafizə orqanlarının və məhkəmə sisteminin təmsilçilərinə.
Viza qadağası Azərbaycan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyət göstərən nümayəndələrinə aid edilmir.
Layihəyə əsasən, humanitar mallar, kənd təsərrüfatı və tibbi ləvazimatlar istisna olmaqla Azərbaycana borcların, kredit zəmanətlərinin verilməsi, sığorta və digər analoji maliyyə yardımları dayandırılmalı, ABŞ üzv olduğu maliyyə təşkilatlarında öz imkanlarından istifadə edərək Azərbaycana humanitar məqsədlər istisna olmaqla digər maliyyə yardımlarının (o cümlədən texniki yardımlar və qrantlar) dayandırılmasını təmin etməlidir.
Müəlliflər hesab edir ki, bu akt qüvvəyə minəndən sonra ABŞ prezidenti Azərbaycan hökumətində təmsil olunan yüksək vəzifəli məmurların və onların ailə üzvlərinin, ali rəhbərliklə yaxın əlaqələri olan şəxslərin, eləcə də seçki saxtakarlığında, korrupsiyada, demokratik institutların sıradan çıxarılmasında, ölkənin demokratiyaya keçidinin qarşısının alınmasında əli olan şəxslərin aktivlərinin dondurulmasını təmin etməlidir.
Qadağalar dərman preparatları, tibbi avadanlıqlar, ərzaqdan ibarət humanitar yardımlara aid edilməməlidir.
Sanksiyaların aradan qaldırılması layihədə bu şərtlərə bağlanır:
- Siyasi, dini və ya ifadə azadlığından istifadə etdiyinə görə həbsxanaya salınmış şəxslər azad edilməlidir;
- Siyasi müxalifət, dini qruplar, müstəqil QHT-lər, gənclər təşkilatları və müstəqil mətbuata qarşı təqib və repressiyaların bütün formaları dayandırılmalıdır;
- ATƏT standartlarına uyğun olaraq azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılmalıdır.
Layihəyə əsasən, bu akt qəbul ediləndən 90 gün sonra ABŞ prezidenti sənəddə nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə bağlı vəziyyəti, həmçinin aşağıdakı məsələləri əks etdirən hesabatı Konqresin müvafiq komitəsinə təqdim etməlidir:
- Azərbaycan hökumətinin ölkədə internet üzərində nəzarət və ya senzuranın tətbiqi məqsədilə başqa dövlətlərdən texniki avadanlıqlar alması, təlimlər keçməsi;
- Prezident İlham Əliyev və digər yüksək vəzifəli hökumət təmsilçilərinin şəxsi aktivləri və sərvəti.
Layihədə Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri deyəndə kimlərin nəzərdə tutulduğu da yer alır:
- Prezident, baş nazir, baş nazirin müavinləri, nazirlər, dövlət komitələrinin sədrləri, icra başçıları, dövlət şirkətlərinin rəhbərləri, Prezident Administrasiyasının üzvləri.
Azərbaycan hökumətinə aid olan digər şəxslər:
- Şəxsən və ya dolayısı ilə Azərbaycanda azadlıqların boğulmasında əli olan şəxslər, o cümlədən hakimlər, prokurorlar, peşə birlikləri və tədris müəssisələrinin rəhbərləri, korrupsiyaya bulaşmış digər şəxslər.
- Hakimiyyətin siyasətinin müəyyənləşdirilməsində və ya həyata keçirilməsində birbaşa və ya dolayısı ilə iştirak edən, bununla da beynəlxalq aləmin qəbul etdiyi insan haqları standartlarına qarşı çıxan şəxslər.
Dostları ilə paylaş: |