Nazir: “Avrasiya İttifaqına üzv olmaq məsələsi Azərbaycanın gündəliyində deyil”
25.12.2015
Xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a və bir sıra digər informasiya agentliyinə 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. “Qazaxıstan və Belarus Azərbaycanı Avrasiya İttifaqında görmək istədiklərini bəyan ediblər. Azərbaycan hansı halda bu ittifaqa üzv ola bilər” sualını nazir belə cavablandırıb: “Hazırda Avrasiya İqtisadi İttifaqı adlanan təşkilata üzv olmaq məsələsi Azərbaycanın gündəliyində deyil, təşkilat və ya üzv dövlətlərdən də Azərbaycana bununla bağlı hər hansı rəsmi müraciət edilməyib. Bu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Məclisinin 70-ci sessiyası çərçivəsində Rusiya media nümayəndələrinin bənzər sualını cavablandıraraq mənim tərəfimdən “never say never” (“heç zaman heç vaxt demə”) ifadə istifadə edilmiş və bunun mənası izah olunmuşdu. Belə ki, Azərbaycan əraziləri Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan tərəfindən işğal edildiyi və məlum səbəblərə görə bu iki dövlət arasında hər hansı əlaqələrin olmadığı şəraitdə Azərbaycanın Ermənistanla iqtisadi və gömrük birliyini nəzərdə tutan bu qurumda iştirakı necə mümkün ola bilər?
Hazırkı şəraitdə Ermənistan Avrasiya İqtisadi İttifaqı ölkələrinin heç biri ilə sərhədə malik deyil. Azərbaycanın qoşulub-qoşulmaması kimi gələcəyə aid sualdan asılı olmayaraq Ermənistanın heç olmasa digər üzv dövlətlərlə səmərəli nəqliyyat dəhlizi imkanları olmalıdır. Digər üzv ölkələrlə Ermənistanı birləşdirən əsas və optimal nəqliyyat arteriyaları, o cümlədən dəmir yol xətti tarixən Azərbaycan ərazisindən keçirdi. Ona görə də ilk növbədə bütün region üçün təhlükə olan və ümumilikdə regional əməkdaşlığa mane olan Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır. Nəticə etibarilə Ermənistan və Azərbaycan arasında qurulacaq əlaqələrin tərkib hissəsi kimi Avrasiya İqtisadi İttifaqı ölkələri Ermənistana çıxış üçün əlverişli nəqliyyat tranziti imkanları əldə bilərlər. Lakin bu, hələ Azərbaycanın həmin təşkilata üzvlüyü demək deyil.
Onu əlavə edə bilərəm ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının digər üzv dövlətləri ilə ikitərəfli əsasda intensiv və qarşılıqlı faydalı siyasi, iqtisadi, ticarət və humanitar əlaqələri mövcuddur. Birgə və davamlı səylər vasitəsilə bu əlaqələrin daha da inkişafı üçün böyük perspektivlər var”.
Dostları ilə paylaş: |