55 partiyadan 44-ü MSK-ya maliyyə hesabatı verib
31.03.2016
Aprelin 1-də siyasi partiyaların 2015-ci illə bağlı maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün nəzərdə tutulmuş müddət başa çatır. MSK sədrinin müavini Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, martın 31-nə qədər 55 rəsmi siyasi partiyadan 44-ü MSK-ya hesabat təqdim edib.
Natiq Məmmədov deyib ki, keçən illə müqayisədə siyasi partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi sahəsində irəliləyiş hiss olunur: “2015-ci illə müqayisə etsək, siyasi partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi sahəsində 90 faizə qədər irəliləyiş var. Təşkilatçılıq, tərtib etmə baxımından açıq irəliləyişlər hiss olunur. MSK-nın təşkil etdiyi seminarlar, maarifləndirmə xarakterli tədbirlər öz nəticələrini verir”.
2014-cü ildə Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Dəyişikliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. MSK bu barədə məlumatları internet saytında yerləşdirməli və ictimaiyyət məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var.
Dostları ilə paylaş: |