İnanclı fəallar niyə əfvə düşmür?
29.03.2016
Azərbaycanın bəzi hüquq müdafiəçiləri və ictimai fəallarının tərtib etdiyi siyasi məhbus siyahısında xeyli inanclı fəal var: jurnalistlər Nicat Əliyev, Araz Quliyev, bloqçu Rəşad Ramazanov, İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov və digərləri.
İnanclı fəalların çoxu ağır ittihamlarla uzun müddətə məhkum olunub. Məsələn, 2012-ci ildə tutulan Nicat Əliyev 10 il, Araz Quliyev 8 il, 2013-cü ildə tutulan Rəşad Ramazanov 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə tutulmuş Mövsüm Səmədov 12 il, Abgül Süleymanov 11 il həbs cəzası alıb. Uzaq 2007-ci ildən həbsdə olan inanclı fəallar da az deyil.
Son əfv sərəncamları inanclı kəsimdən heç kimə şamil olunmayıb. Transparency.az vəkil Yalçın İmanov və İslam Partiyasının məsul nümayəndəsi Akif Heydərlini bu mövzuda danışdırıb.
Yalçın İmanov deyib ki, inanclı məhbuslara laqeydliyin kompleks səbəbləri var: “Əfv qərarlarının inanclılara şamil edilməməsi narahatlıq doğurur. Onların əksəriyyətinə qurama ittiham verilib. Məhkəmələrin çoxsaylı, kobud pozuntularla müşayiət olunması da dini kəsim nümayəndələrinin qeyri-obyektiv şəkildə, baxışlarına görə həbs edildiyini düşünməyə əsas verir.
Dindar təbəqənin həbsdə qalmasında hüquqi deyil, siyasi məqamlar rol oynayır. Aydın görünür ki, əfv edilən siyasi məhbuslar əsasən beynəlxalq təşkilatların israrla azadlığını tələb etdiyi şəxslərdir”.
Akif Heydərli bildirir ki, inanclı kəsimə laqeydlik ilk növbədə yerli hüquq müdafiəçilərindən gəlir: “Biz inanclı şəxslərin siyasi məhbus kateqoriyasına aid edilməsi üçün yerli hüquq müdafiəçilərinə çox müraciət etmişik, Avropa qurumlarına da üz tutmuşuq, amma neqativ cavab alınıb. Bu məsələləri idarə edən mərkəzlərin dindar təbəqəyə münasibəti ikili standartlara uyğundur. Hər bir müraciətimizin cavabında qərəzli mövqe və ikili standartın şahidi oluruq. Azərbaycanda 100-ə qədər inanclı şəxs siyasi məqsədlərlə həbs edilib. Əfv üçün müraciətlər etsələr də, azadlığa qovuşa bilmirlər.
Məsələ təkcə hakimiyyətlə bitmir. Beynəlxalq aləmdə islamçı ibadət əhlinə münasibət Azərbaycan hakimiyyətini də sığortalayır. Yəni dini kəsimə hədsiz təzyiqin səbəbləri ölkənin sərhədlərindən kənara çıxır. Hakimiyyət beynəlxalq təşkilatların dindarlara münasibətindən sui-istifadə edir. Əslində isə bu, cəmiyyət üçün zərərlidir”.
Dostları ilə paylaş: |